Məhkəmə qərarları › İş №1(022)-9/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-9/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-9/2023 25.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Qubadov Xəyal Böyükxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi ev 79-da qeydiyyatda olmaqla yaşayan, barəsində 12 avqust 2022-ci il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda -5,588 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib, özündə saxlayaraq daşımış, DİNnin BNMİ-nin CBRŞ-nin və Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 15:55-də Biləsuvar rayon Bəydili kənd orta məktəbinin yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd kibrit qutusunda 5,588 qram çəkidə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Bəydili kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir ki, belində olan ağrılarla əlaqədar narkoik vasitə istifadə edir. Hadisədən 4-5 ay əvvəl həkimlər ona sol böyrəyin xərçəngi diaqnozu qoymuşlar. Şüa müalicəsi aparılsa da xəstəliyi 4-cü mərhələdədir. xx.xx.2022-ci il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən bazarın yaxınlığından bir ədəd kibrit qutusunun içərisində olmaqla narkotik vasitə marixuana tapmışdır. O, həmin narkotik vasitəni daha sonra istifadə etmək məqsidi ilə cibinə qoymuşdur. Təxminən 30 dəqiqə sonra Biləsuvar rayonu Bəydili kənd orta məktəbinin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu Biləsuvar RPŞ-nə gətirmişdirlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün X4 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa çıxarıb təqdim etsin. O da əynindəki şalvarın sol yan cibində gizlətdiyi və içərisində narkotik vasitə olan bir ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmiş və sorğu zamanı bildirmişdir ki, həmin kibrit qutusunun içərisində özünün istifadə etməyi üçün narkotik vasitə vardır, ona məxsusdur və həmin narkotik vasitəni Biləsuvar rayonu ərazisindən tapmışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra açılıb baxılmış, polis əməkdaşları həmin qutunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olduğunu bildirmişlər. Sonra həmin narkotik vasitə qutu ilə birlikdə zərfə qoyulmuş və zərf möhürlənilmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Daha sonra üzərində keçirilən şəxsi axtarış barədə protokol tərtib olunmuş, protokolu bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandir. Narkotik vasitədən xəstəliyi ilə əlaqədar ağrıları olduğu üçün istifadə etmişdir. Ağır xərçəng xəstəsi olmasını nəzərə alıb onun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Hazırda Masallı RPŞ-nin Təhqiqat bölməsində təhqiqatçı işləyir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 10 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun cinayət əməlinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2, BNMİ-nin CBRŞ-nin sürücü polis nəfəri, polis baş serjantı X3 və polis nəfəri, polis serjantı X1 və onun da tərkibində olduğu əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə saat 15:50 radələrində Biləsuvar rayonu Bəydili kənd orta məktəbinin yaxınlığında piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs təxminən 5 dəqiqə sonra Biləsuvar rayonu Bəydili kənd orta məktəbinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb RPŞ-nə gətirilmişdir. Toplanmış materialın icrası RPŞ-nin TB-nin baş təhqiqatçısı Nahid Hüseynova həvalə edilmişdir. Həmin andan RPŞnin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, ona vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs da vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X4 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzədən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya və yaxud predmet varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu çıxardıb təqdim etmişdir. Təqdim etdiyi həmin kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Biləsuvar rayonu ərazisində yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş kibrit qutusu açılıb baxıldqa içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Təqdim olunmuş narkotik vasitə qutu ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 7,65 qram olduğu görünmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə müvafiq qayadada qablaşdırılmış və üzəri möhürlənilmişdir. Qablaşdırılmış bağlamanın üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs da imza etmişdir. Baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla digər iştirakçılar kimi o, da tanış olub imzalamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, həmin vaxt narkotik vasitə qurudulmuş marixuananı qutu ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olubdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində və Avropa Konvensiyasında nəzərədə tutulan hüquqlarının ona məlum olduğunu, məhkəmə iclasına gəlməyən digər şahidin (Şahid2) dindirilməsini tələb etmədiyini, çünki elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, məhkəmə istintaqının yekunlaşmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edildi. İşdə olan “Şəxsi axtarış keçirilməsi haqqında” 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəsi yarandığından onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyindəki şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunun içərisində olmaqla 7,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Biləsuvar rayonu ərazisindən tapdığını və özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X2 xx.xx.2022-ci il tarixli 19/841 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "... “Təqsirləndirilən şəxs Balqardaş oğlundan aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi : 5,588 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 5,588 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 5,568 qram. Narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 5,568 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 962 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nin təqdim etdiyi **********5 nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə saat 16:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 avqust 2022-ci il saat 12:50-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli Ambulator kartadan arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs sol böyrəyin xərçəngi, pT4N2M0 mərhələ lV. Sol tərəfli nefrektomiya, paraaortal və parakaval limfodisseksiya cərrahi əməliyyatdan və şüa terapiyadan s.v. Aparılan müayinələrdə residiv və mts aşkar olunmur. Xəstəyə dinamik müşahidə məsləhətdir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması və xərçəng xəstəliyindən əziyyət çəkməsidır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 5,568 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç il) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixindən 12 avqust 2022-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 2 (il) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 5,568 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar