Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-9/2025 15.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR, Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, rəsmi olaraq heç bir yerdə işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ayrınc kəndində qeydiyyatda olan və Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Şıxmahmud kəndində yaşayan, 29 avqust 2024-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 avqust 2024-cü ilədək olan müddət ərzində İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş mənbədən əldə etdiyi, üzərində "Tramadol Extended release 100" yazısı olan 1 konvolyutda tərkibindəki tramadol güclü təsir edən maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən 8 həbi üzərində “PHİLİPP PLEİN” yazısı olan qara rəngli əl çantasının arxa cibinə qoyaraq İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələrkən 28 avqust 2024-cü il tarixdə saat 04 radələrində Biləsuvar rayonu ərazisində yerləşən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük nəzarəti qaydasında əl yüklərinə keçirilmiş gömrük yoxlaması zamanı güclü təsir edən maddə tərkibli həmin həblər saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək dolanışığını təmin edir. Son vaxtlar Naxçıvan Muxtar Respublikasında yaşayır. Lakin əvvəllər, yəni hərbi xidmətdən gəldikdən sonra Bakı şəhərində yaşamış, Bakı şəhərində yaşayan vaxtlar səyyar qaydada mebel ustası kimi işləmişdir. Həmin vaxtlarda, yəni təxminən 2011-2012-ci illərdə bir müddət marixuana narkotik vasitəsindən istifadə etmiş, bununla yanaşı güclü təsir edən dərmanlardan da istifadə etmişdir. Əsasən “tramadol” tərkibli dərman preparatlarından istifadə etmişdir. Həmin vaxtlar bir müddət, yəni təxminən 15-20 gün tramadol tərkibli dərman preparatlarından istifadə etmiş, bir müddətdən sonra artıq marağını çəkmədiyi üçün tramadol tərkibli dərman preparatlarından istifadə etməmiş, ancaq marixuana çəkmişdir. Bundan bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılmış və üzərindən marixuana narkotik vasitəsi aşkar edilmişdir. Bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 1 il 11 ay cəza çəkdikdən sonra azadlığa buraxılmışdır. Bundan sonra işləmək üçün müxtəlif vaxtlarda Türkiyə Respublikasına getmişdir. Bir müddət orada işləmiş, bundan sonra Azərbaycana qayıtmış və bir müddət Sumqayıt şəhərində işləmiş və orada yaşamışdır. 2023-cü ilin sentyabr ayında işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Orada bir neçə ay işlədikdən sonra yenidən Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra ailəsinin yanına Naxçıvan Muxtar Respublikasına getmişdir. Bir müddət Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində yaşamış, həmçinin orada dondurma şirkətində satış mütəxəssisi olaraq işləmişdir. Yay fəslinin sonlarına yaxın artıq dondurma satışı azalmış və satışlar da aşağı düşdüyü üçün maaşı da azalmışdır. Buna görə də yenidən Bakıya gəlib burada işləmək qərarına gəlmişdir. Buna görə də dost-tanışa xəbər etmişdir ki, kimin bildiyi iş yeri var. Emin adlı dostu ona zəng edərək özünün işğaldan azad olunan Ağdam rayonunda işlədiyini, əlavə işçi lazım olduğunu bildirərək, işləmək üçün də onu da dəvət etmişdir. O da bu təkliflə razılaşmış və xx.xx.2024-cü il tarixdə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusuna bilet almışdır. Həmin avtobusla saat 17:30 radələrində Naxçıvan Şəhər Avtovağzalından Bakı istiqamətində yola düşmüşdür. Təxminən saat 19:00 radələrində Culfa gömrük postundan keçərək İran İslam Respublikasının Culfa şəhərinə daxil olmuşdur. Culfa şəhərində olarkən şiddətli baş ağrısı olduğu üçün orada yerləşən apteklərin birinə daxil olaraq orada işləyən şəxsə ağrıkəsici almaq istədiyini demiş, aptek işçisi də ona 1 konvolyut dərman vermişdir. Həmin dərmanı 2 manata almışdır. Ödənişi də Azərbaycan manatı ilə etmişdir. Dərmanı alıb aptekdən çıxdıqdan sonra, həmin konvolyutdan 2 ədəd həb götürərək qəbul etmiş və həmin konvolyutu belinə bağladığı üzərində “PHİLİPP PLEİN” yazısı olan qara rəngli əl çantasının arxa cibinə qoymuşdur. Daha sonra avtobusa əyləşərək İran-Azərbaycan dövlət sərhəddi istiqamətində yola düşmüşdür. xx.xx.2024-cü il tarixdə təxminən saat 04 radələrində İran İslam Respublikası tərəfdə gömrük postuna çatmışdır. Burada gömrük nəzarətindən keçdikdən sonra Azərbaycan Respublikasına gəlmək üçün Azərbaycan Respublikası tərəfdə Biləsuvar gömrük postuna daxil olmuşdur. Pasport nəzarətindən keçdikdən sonra idxal piyada keçid xəttinə daxil olmuşdur. Xəttə daxil olduqdan sonra, gömrük nəzarəti zamanı gömrük əməkdaşı onunla şifahi sorğu-sual aparmış və ona üzərində və əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin olub-olmaması barədə sual verilmişdir. O isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetlərin olmadığını bildirmişdir. Gömrük nəzarətini həyata keçirən gömrük əməkdaşı onun əl yüklərini yoxlamağa başlamışdır. Yoxlama zamanı, İran İslam Respublikasının Culfa şəhərində yerləşən aptekdən aldığı və belinə bağladığı əl çantasının arxa cibinə qoyduğu 1 konvolyutda dərman preparatları aşkar edilmişdir. Bundan sonra gömrük əməkdaşı həmin konvolyuta baxış keçirtmiş və konvolyutun arxa tərəfində "Tramadol Extended release 100" yazıları olmuşdur. O, həmin konvolyutu aptekdən alan zaman içərisində 10 həb olmuş, 2 həb istifadə etdiyi üçün, konvolyutda 8 həb qalmışdır. Daha sonra üzərində şəxsi yoxlama aparılmış və şəxsi yoxlama zamanı da üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, hal-hazırda narkotik vasitə, psixotrop və ya güclü təsir edən maddələrin heç birindən istifadə etmir. Lakin əvvəllər marixuana və tramadol istifadə etmişdir. Sözügedən dərman preparatını aptekdən alan zaman aptekdə işləyən satıcı həmin dərman preparatının tərkibində güclü təsir edən maddə olduğunu deməmiş, o da bu barədə heç nə soruşmamışdır. Həmin dərman preparatlarının tərkibində “tramadol” güclü təsir edən maddəsinin olduğunu bilməmiş, tərkibində “tramadol” güclü təsir edən maddəsinin olduğunu gömrük yoxlaması zamanı gömrük əməkdaşı tərəfindən aşkar ediləndə bilmişdir. Qeyd olunan dərmanı alan zaman konvolyutun üzərinə və arxa tərəfindəki yazılara baxmamış, kəskin baş ağrısı olduğu üçün aptekdən çıxan kimi həmin dərmanlardan 2 həbi eyni vaxtda qəbul etmişdir. Həmin dərmanı yalnız öz şəxsi istifadəsi üçün almışdır. Sözügedən dərman preparatını şəxsi istifadəsi üçün aldığına görə, həm də adi ağrıkəsici dərman olduğunu düşündüyü üçün bəyan etməmişdir. Yekunda törətdiyi əmələ görə özünü təqsirli bilmiş, çünki o, həmin dərman preparatını İranda aptekdən alan zaman üzərindəki yazılara baxmalı olduğunu, həmçinin aptekdəki satıcıdan ona hansı dərman preparatını satdığını soruşmalı olduğunu, bundan başqa gömrük sərhəddindən keçməzdən əvvəl də həmin dərmanın üzərində nə yazıldığına, nə dərmanı olduğuna baxmalı olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş gömrük əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 17 may 2018-ci il tarixdən gömrük orqanlarında xidmət edir, hazırda Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin böyük inspektoru vəzifəsində çalışır. Adətən bölmənin sərnişin idxal gömrük nəzarəti xəttində növbəyə çıxır və 12 saatlıq iş rejimində işləyir. Xidməti vəzifəsi İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn və ya əks istiqamətdə gedən sərnişinlərin əl yüklərinə gömrük yoxlaması, zərurət olduğu halda isə üzərilərində şəxsi yoxlama gömrük nəzarəti formasını həyata keçirməkdən ibarətdir. 28 avqust 2024-cü il tarixdə saat 04 radələrində idxal sərnişin gömrük nəzarəti xəttinə daxil olan və İran İslam Respublikasından keçməklə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində və əl yüklərində olan əşyalar, xüsusən də narkotik vasitələr, psixotrop və ya güclü təsir edən maddələr, dərman preparatlarının olub-olmaması ilə bağlı sorğu-sual edərək, bəyan etməsini təklif etmişdir. O da üzərində və əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmayan hər hansı əşya, predmet olmadığını bildirmişdir. Bundan sonra 2 nəfər hal şahidi dəvət edərək əvvəlcə onun əl yüklərinə yoxlama keçirtmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus üzərində “PHİLİPP PLEİN” yazısı olan qara rəngli əl çantasının arxa cibindən gömrük orqanına bəyan olunmayan, üzərində "Tramadol Extended release 100" yazısı olan 1 konvolyutda 8 həb aşkar etmişdir. Konvolyutun üzərindəki yazıya görə “Tramadol” təsir edici maddəsinin adını 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”nda axtarmış və həmin siyahıda qeyd edildiyini görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində də narkotik vasitə, psixotrop və ya güclü təsir edən maddələr olmasından şübhələndiyi üçün onun üzərində şəxsi yoxlama keçirilməsi üçün rəhbərliyə məruzə etmişdir. Bununla bağlı rəhbərlik tərəfindən qərar verildikdən sonra Təqsirləndirilən şəxs hal şahidləri ilə birlikdə şəxsi yoxlama otağına dəvət edərək, hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi yoxlama keçirtmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş, gömrük orqanına bəyan olunmayan və ya gizlədilmiş hər hansı bir əşya, predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus əl çantasından aşkar etdiyi üzərində "Tramadol Extended release 100" yazısı olan 1 konvolyutda 8 həbin təkibində güclü təsir edən maddə olan həblər olmasını ehtimal etdiyi üçün müvafiq ekspertiza təyin edilərək həblərin tərkibinin müəyyənləşdirilməsi və araşdırma aparılmasından ötrü protokol tərtib edərək götürmüşdür. Həmçinin şəxsi yoxlama ilə bağlı da protokol tərtib etmiş və hər iki protokolda iştirakçılara imzalar etdirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş hal şahidi Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Biləsuvar şəhərində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, ailəsinin dolanışığını təmin etmək məqsədi ilə “Biləsuvar” gömrük postunda fəhləlik edir. Gömrük postunda yükləmə və boşaltma işləri günün 24 saatı həyata keçirildiyi üçün növbəli şəkildə işləyir. 28 avqust 2024-cü il tarixdə, saat 04 radələrində Bəhruz adlı gömrük əməkdaşı ona və onun kimi postda fəhləlik edən Şahid2 yaxınlaşıb özünü təqdim edərək gömrük postunda Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə keçiriləcək gömrük yoxlamasında hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Onlar da gömrük əməkdaşına etiraz etməmiş və onunla birlikdə gömrük postunun idxal sərnişin gömrük nəzarəti xəttinə getmişlər. Oraya çatdıqdan sonra adı ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs əl yüklərinə keçirilən gömrük yoxlamasında iştirak etmişdir. Yoxlama zamanı vətəndaş Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli əl çantasının arxa cibindən 1 konvolyutda 8 həb aşkar edildiyinin və gömrük əməkdaşı tərəfindən götürüldüyünün şahidi olmuşdur. Bundan sonra gömrük əməkdaşı konvolyutun üzərindəki yazılara görə konvolyutdakı həblərin güclü təsir edən maddə tərkibli həblər olmasını ehtimal etdiyini bildirmişdir. Bundan sonra gömrük əməkdaşı onları və Təqsirləndirilən şəxs şəxsi yoxlama otağına dəvət edərək, orada onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirmişlər. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra gömrük əməkdaşı tərəfindən aşkar olunmuş həblərlə və şəxsi yoxlama ilə bağlı protokollar tərtib edilmiş və o da həmin protokollarla tanış olub, müvafiq yerlərində imzalar etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər hal şahidi Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 28 avqust 2024-cü il tarixli “malların yoxlanılması haqqında” protokoldan görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd üzərində “PHİLİPP PLEİN” yazısı olan qara rəngli əl çantasının arxa cibindən şəxsi əşyalarının yanından gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd üzərində "Tramadol Extended release 100" yazısı olan konvolyutda 8 ədəd ağ rəngli həb aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli, 6/4367 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində "Tramadol 100" yazısı olan konvolyutda 8 ədəd ağ rəngli həb tramadol tərkibli həblərdir. Təqdim edilmiş 8 ədəd həbdən ibarət tramadol təsiredici maddəsinin ümumi miqdarı 0,8 qramdır. Tarmadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Qeyd: 8 həbdən 1 həb tədqiqata sərf edildi, qalıq 7 həb. İş materiallarına əlavə edilmiş 09 sentyabr 2024-cü il tarixli raport və aktdan görünür ki, ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən qablaşdırılmış ekspertiza tədqiqatlarından sonra qalıq qalmış tramadol tərkibli 7 həb maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 6038 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən, psixostimulyatorlardan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan preqabalin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 8 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində "Tramadol Extended release 100" yazısı olan 1 konvolyutda olan 8 həbin tərkibində “tramadol” güclü təsir edən maddəsinin olduğunu bilmədiyini, ağrıkəsici olaraq aldığını və həmin həblərin adi ağrıkəsici olduğunu düşündüyünü, eləcə də şəxsi istifadəsi üçün aldığına görə bəyan etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsi əvvəllər narkotik vasitə marixuanadan və tərkibində tramadol güclü təsir edən maddəsi olan həblərdən istifadə etdiyini bildirməsi, keçirilmiş ambulator məcburi narkoloji tibbi yoxlama nəticəsində kannabinoidlərdən, psixostimulyatorlardan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan preqabalin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMUNUN (NARKOMANİYA XƏSTƏLİYİNİN) aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, həmçinin iş üzrə toplanmış digər mötəbər sübutlarla təkzib edilmişdir. Ona görə də məhkəmə onun ifadəsini özünü müdafiə xarekterli olmaqla cinayət məsuliyyətindən yaxa qurtamaq məqsədi ilə verilməsi kimi qiymətləndirir. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 29 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən Baş Prokurorluğa daxil olmuş vəsətətin müdafiə edilməsindən imtina edilmiş, 29 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndində göstərilir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 №-li qərarının 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-in 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-in 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq güclü təsir edən maddələri əldə etmiş, saxlamış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də həmin cinayəti törədilmə hallarını, cinayətin predmeti olan güclü təsir edən maddələri və onun miqdarını, onun hərəkətlərində CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 93 və 94-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Gömkük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan güclü təsir edən maddə tramadol tərkibli 7 həblər məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 194 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdən 29 avqust 2024-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 194 (yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Gömkük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 7 (yeddi) ədəd tramadol tərkibli həblər məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №1(022)-9/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-9/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver