Məhkəmə qərarları › İş №1(022)-90/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-90/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-90/2025 23.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X5 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 20 aprel 1985-ci ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 20 may 2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımışdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -8,242 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, 18 may 2025-ci il tarixdə saat 12:39-da Biləsuvar şəhəri Şəhid P.Əliyev küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərinə keçirilmiş yoxlama zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd üzəri yapışqan lentlə sarılmış mavi rəngli sellofona bükülmüş xeyli miqdarda, təmiz çəkisi --8,242 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək vermiş olduğu ifadəsində göstərmişdir ki, o əvvəllər “nəşə” adlandırdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 17 may 2025-ci il tarixdə işə gedərkən piyada hərəkətdə olan zaman yerdə sellofana bükülmüş yumru bağlama görmüşdür. O, həmin bağlamanı götürmüş, lakin sonra içərisində əvvəllər də istifadə etdiyi, “nəşə” adlandırdığı narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Bu səbəbdən həmin bükülünü cibinə qoymuşdur ki, lazım olsa istifadə edər və ya atar. 18 may 2025-ci il tarixdə piyada gedirdi. Biləsuvar şəhəri Təyyarə meydanı adlanan ərazidə hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Yoxlama keçirilməzdən əvvəl polis əməkdaşı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd üzəri yapışqan lentlə sarılmış, mavi rəngli sellofona bükülmüş narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Bundan sonra üstünü yoxlasalar da üstündən qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Daha sonra onu rayon polis şöbəsinə gətirmişlər. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 18 may 2025-ci il tarixdə Biləsuvar şəhəri P.Əliyev küçəsində yol kənarı ilə piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bükülünü və bir qutu kibriti, şalvarının sağ yan cibindən isə bir qutu siqaret çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs onun suallarına verdiyi cavablarında narkotik vasitə qurudulmuş marixuananı bir gün əvvəl Biləsuvar şəhəri Püşkin küçəsində yerdən tapmasını, öz istifadəsi məqsədilə üzərində saxlamasını, əvvəllər “nəşə” adlandırdığı narkotik vasitə qurudulmuş marixuana istifadə etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılsa da üstündən qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Sonra tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüyə açılıb baxılmış, bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisinin bükülü ilə birlikdə 10,66 (on tam yüzdə altmış altı) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə tərəfindən qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şahid qismində dindirilmiş X2 və Şahid3 cinayət işinin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İ̇ş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 18 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 18 may 2025-ci il tarixdə saat 12:39-da Biləsuvar şəhəri P.Əliyev küçəsində piyada hərəkətdə olan zaman əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. İlk olaraq üstünü yoxlama aparılmasından əvvəl polis kapitanı Şahid1 tərəfindən barəsində əməliyyat- axtarış tədbiri keçirilən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd üzəri yapışqan lentlə sarılmış, mavi rəngli sellofana bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bükülünü və bir qutu kibriti, şalvarının sağ yan cibindən isə bir qutu “Bakı” markalı siqareti çıxarıb təqdim etmişdir. Bundan sonra polis baş leytenantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılsa da üstündən qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Sonra polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüyə açılıb baxılmış, bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 10,66 (on tam yüzdə altmış altı) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmışdır. (i.v. 11-12) "Şübhəli şəxsin tutulması haqqında” 18 may 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 18 may 2025-ci il tarixdə, saat 14.30-dan tutulmuş hesab edilmişdir. (i.v.27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin materialların məhkəmə ekspertizasının 19 may 2025-ci il tarixli 19/205 nömrəli rəyində göstərilmişdir ki; tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -8,242 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi -8,242 qram, tədqiqata sərf edildi -0,01 qram, qalıq -- 8,142 qram. (i.v. 42-44) “Həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” 20 may 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal saxlanıldığı yerdən azad edilməsi qərara alınmışdır. (i.v.81- 83) “Şəxsin müvəqqəti saxlama yerindən saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 20 may 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.84-85) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X7 ekspertizasının 30 iyun 2025-ci il tarixli 367 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabionidlərdən istifadə halları olub. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.113) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 03 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v. 99) "Sübutların qiymətləndirilməsi haqqında” 02 iyul 2025-cui il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, Məhkəmə Ekspertiza X3 Bölməsinin 19 may 2025-ci il tarixli 19/205 nömrəli, Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının 30 iyun 2025-ci il tarixli 367 nömrəli rəyləri, eləcə də, işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs aşkar edilərək narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi -10,66 qram göstərilsə də,məhkəmə-bioloji ekspertizasının rəyi ilə həmin narkotik vasitə qurudulmuş marixuananin çəkisinin dəqiqləşdirilərək -8,242 qram olması əsas götürülməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş –8,242 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı-8,142 qram qalığının cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü rayon polis şöbəsinin saxlancına təhvil verilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilməsi, ilkin araşdırma zamanı 18 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla keçirilmiş şəxsi yoxlamanın əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi qərara alınmışdır. (i.v.119-125) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının tələblərini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahid ifadəsi, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 109.1-ci bəndinin tələbinə görə qurudulmuş halda marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir (Cinayət Prosessual Məcəlləsi 144- 146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən) cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsi) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlandığı (iş materiallarında görünür ki, 18 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 may 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir) müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsi), cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsi), Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs razi narkoloji ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut xalis çəkisi -8.142 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsi), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsi). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar Rayon Polis şöbəsində saxlanılan, xalis çəkisi -8.142 qram olan narkotik vasitə marixuana məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar