Məhkəmə qərarları › İş №1(022)-92/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-92/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-92/2023 31.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1990-cı il tarixdə Cəlilabad rayonu, Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, H.Cavid küçəsində yerləşən 67 nömrəli evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə, saat 07:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin 1-ci bəndinin və həmin Qanunun və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai Sonata» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə köhnə Ələt-Astara-İran sərhəd yolunun Biləsuvar rayonu ərazisindən keçən 98,9-cu kilometrliyində Ələt qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hisəsinin 3-cü bəndinin və və həmin Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələblərinə əməl etməli, nəqliyyat vasitəsini saatda 90 kilometrdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqlliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, hərəkət təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun sağa döngəli olan hissəsində avtomobilin idarəetməsini itirdiyinə görə həmin nəqliyyat vasitəsi yolun sol ehtiyyat hissəsinə çıxmaqla aşmış və nəticədə maşında olan sərnişin Zərərçəkmiş şəxs “qarının və döş qəfəsinin küt travması, dalağın cırılması, daxili qanitirmə, soldan 10, 11 və 12-ci qabırğaların yerdəyişmiş sınıqları, tarvamatik şok İİ-İİ dərəcə”, ümumilikdə dərəcəsinə görə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, H.Cavid küçəsində yerləşən 67 nömrəli evdə ailə üzvləri ilə birgə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. «Hyundai Sonata» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tanışı X1 məxsus olsa da, o, hərdənbir həmin nəqliyyat vasitəsini sonuncudan icazə alaraq idarə etmişdir. Həmin avtomobili idarə etmək üçün onun sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. Hadisə baş verməzdən iki gün əvvəl, yəni 05 mart 2023-cü il tarixdə o, R.Ə.Abdullayevin evinə gedərək, anasını Bakı şəhərində yerləşən xəstəxanaya aparmaq üçün sonuncudan avtomobilini iki gün ərzində qaytarmaq şərti ilə istəmişdir. R.Ə.Abdullayev onun xahişini yerinə yetirərək, avtomaşını ona vermişdir. 06 mart 2023-cü il tarixdə o, anasını Bakı şəhərinə müalicəyə apardıqdan sonra ev şəraitində müalicəsini davam etdirməsi üçün sonuncunu təkrarən Cəlilabad rayonu, Üçtəpə kəndinə gətirmişdir. O, R.Ə.Abdullayevin ona müvəqqəti istifadə üçün verdiyi avtomobillə təkrarən 07 mart 2023-cü il tarixdə saat 06:30 radələrində Bakı şəhərinə getmək üçün yola düşmüşdür. Həmin vaxt avtomaşında tanışı Şahid da olmuş və həmin şəxs nəqliyyat vasitəsinin ön oturacağında əyləşmişdir. O, Biləsuvar rayonunun çıxışında, Ələt-Astra yolunun sağ kənarında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun kənarında dayanmış Zərərçəkmiş şəxs adlı şəxsi görmüş və hava yağışlı olduğuna görə həmin şəxsə kömək etmək qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs hara getməsi barədə xəbər aldıqdan sonra sonuncuya onu getmək istədiyi yerə yəni, Lökbatan dairəsi adlı ünvana apara biləcəyini bildirmişdir. Bundan sonra onlar yola düşmüşlər. Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 98,9-cu kilometrliyində, yolun sağa döngəli olan hissəsində onun üzərinə yük maşının gəldiyini və həmin nəqliyyat vasitəsi ilə toqquşacaqlarını güman edərək, o, idarə etdiyi avtomobili yolun sol hissəsinə istiqamətləndirmiş, lakin yol yaş olduğuna görə avtomobil yolun ehtiyat hissəsində, təxminən, 50-60 metr məsafə qət etdikdən sonra 2-3 dəfə aşmışdır. Hadisə zamanı o da daxil olmaqla, maşında olan sərnişin Zərərçəkmiş şəxs da xəsarət almışdır, lakin o, maşın dayandıqdan sonra dərhal çölə çıxmış və nəqliyyat vasitəsində olan digər sərnişinlərə kömək etmişdir. Bundan sonra onlar hadisə yerinə gəlmiş təcili tibbi yardım xidmətinin avtomobili ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılmışlar. Bundan əlavə, o qeyd etdi ki, hadisə zamanı o, sərxoş vəziyyətdə olmamış və qəza onun idarə etdiyi avtomobilin hər hansı maşınla toqquşduğu üçün yox, onun qorxduğuna görə həmin nəqliyyat vasitəsini yolun əks hərərkət zolağına çıxardığına görə baş vermişdir. O, avtomaşını həmin yolda yol verilən sürət həddini aşmaqla, yəni saatda 110 kilometr sürətlə idarə etmişdir. Hazırda o, əməlindən peşmançılıq hissi keçirir. O, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin ailə üzvlərindən üzr istəyib, dəymiş maddi zərəri ödəmişdir. Sonda, Təqsirləndirilən şəxs ailəsini dolandıran yeganə şəxs olduğunu, himayəsində bir uşağı olduğunu, əməlindən peşmançılıq hissi keçirdiyini və buna görə zərərçəkmiş şəxsə zərərin azaldılmasına yönəlmiş hərəkətlər etdiyini, həmin şəxsə vurulmuş maddi zərəri ödədiyini bildirirək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onunla barışıq əldə etdiyini, onun sonuncuya qarşı iddiası, tələbi və şikayəti olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan 07 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri yol patrul xidmətinin inspektoru X2 tərəfindən göstərilib təqdim edilmişdir. Hadisə Ələt-Astara-İran sərhəd yolunun Biləsuvar rayonu ərazisindən keçən 98,9-cu kilometrliyində yolun Ələt qəsəbəsi istiqamətində sağdan sərt döngə hissəsində baş vermişdir. Hadisə baş verən yerdə yol asfalt-beton örtüklüdür və yaşdır. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti Ələt qəsəbəsi istiqamətində olmuşdur. Görmə məsafəsi gün işığında 200-250 metrdir. Hadisənin baş verdiyi yolun eni 7,3 metr, iki istiqamət üçün nəzərədə tutulmuş, soldan və sağdan 2,5 metr enində ehtiyyat hissə, daha sonra açıq ərazidir, yolun hərəkət hissəsinin eni 3,5 metrdir. Yolun hərəkət hissəsində hərəkət istiqamətlərini ortadan ayıran ağ bütöv düz xətt və yolun sağ kənarındakı obyektə dönmək üçün ortadan qırıq-qırıq xətt vardır. Hadisə yerində maksimal sürət həddinin saatda 90 kilometr olduğunu və hər iki istiqamətdə təhlükəli döngə olduğunu göstərən yol nişanları vardır. Hadisə zamanı toqquşan nəqliyyat vasitələrinin sayı birdir. Hadisə yerində «Hyundai Sonata» markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid tormoz izləri aşkar edilməmişdir. Yolnəqliyyat hadisəsi yerində «Hyundai Sonata» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əzilmiş və deformasiyaya uğramış vəziyyətdə dayanmışdır. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə 66,7 metr uzunluğunda şin izləri vardır. Hadisə yerində tormoz izləri yoxdur. «Hyundai Sonata» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşdığı yerdə həmin nəqliyyat vasitəsinə aid şüşə və plastmas qırıntıları ətrafa səpələnmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisələri ekspertizasının 30 mart 2023-cü il tarixli, 8/765 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Hyundai Sonata» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluğu olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağa nişanı ilə saatda 90 kilometrə qədər məhdudlaşdırılmış yol sahəsində «Hyundai Sonata» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 110 kilometr sürətlə idarə etdiyinə görə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması”) tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan canlı şəxsin ekspertizasının 05 aprel 2023-cü il tarixli, 113 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş sağ əlin, sol baldır və sağ baldır nahiyələrinin yumşaq toxumalarının əziyi bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti 07 mart 2023-cü il tarixə uyğun gəlir və avtoqəza nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri yətin olunmur. Cinayət işi materiallarına əlavə edilmiş canlı şəxsin ekspertizasının 06 aprel 2023cü il tarixli, 112 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş qarının və döş qəfəsinin küt travması, dalağın cırılması, daxili qanitirmə, soldan 10, 11 və 12-ci qabırğaların yerdəyişmiş sınıqları, İİ-İİ dərəcəli tarvamatik şok bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti 07 mart 2023-cü il tarixə uyğun gəlir və avtoqəza nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin 06 aprel 2023-cü il tarixli, 3-13-16/2-41795/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində sürücülük vəsiqəsi verilməmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayət nəticəsində dəymiş maddi zərəri könüllü olaraq aradan qaldırmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 1 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin məqsədlərini təmin etdiyini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar