Məhkəmə qərarları › İş №1(022)-92/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-92/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-92/2024 08.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə saat 19 radələrində nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsus olan, BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi VAZ-21074 markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsində Biləsuvar şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən qadağan nişanlarının tələblərinə riayət etməli, yəni yaşayış məntəqəsində maksimum icazə verilən 60 km\saat sürət həddini aşmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, sürətini azaltmalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib avtomobili 77 km\saat sürətlə hərəkət etdirməklə əks istiqamətli hərəkət zolağına çıxarmaqla ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq tərəfi ilə yolun sağ tərəfində yerləşən ikinci dərəcəli yoldan baş yola doğru hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21051” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfini vuraraq sonuncunun posttravmatik onurğanın oma-bel şöbəsinin kapsul-bağ aparatının gərilməsi və zədələnməsi ilə əlaqədar hərəkət funksiyasının pozulması, başın sol təpə nahiyəsində əzilmiş yara, sol bel nahiyəsində geniş ölçülü şişkinlik və qançır, bel-oma nahiyəsində, sol bazu və sol qoltuqaltı nahiyədə sıyrıqlarla nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “VAZ-21074” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun özünə məxsusdur. Avtomobil idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır və avtomobili sərbəst idarə etməyi bacarır. 04 avqust 2023-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ-21074” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırmandalı kəndindən Biləsuvar şəhəri istiqamətində Biləsuvar rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsində hərəkətdə olan zaman gözləmədiyi bir anda asfalt yolun sağ tərəfində olan ikinci dərəcəli yoldan yolun kənarında Biləsuvar şəhəri istiqamətində dayanmış “Qazel” markalı yük avtomobilin qabaq tərəfindən “VAZ-2105” markalı avtomobilin onun hərəkət yoluna doğru hərəkət etməsini görmüşdür. Lakin, aralarında təxminən 3 metr məsafə olduğundan tormoz vura bilməmiş və idarə etdiyi avtomobilin qabaq tərəfi ilə “VAZ-2105” markalı avtomobilin sol yan tərəfi arasında toqquşma baş vermişdir. Buna görə də avtomobilin idarə etməsini itirmiş və həmin avtomobil yolun kənarına yuvarlanmış, o, avtomobili çətinliklə saxlamışdır. Digər avtomobil isə yolun sol hərəkət zolağında, Xırmandalı kəndi istiqamətində dayanmışdır. Toqquşma nəticəsində o, sol əlindən və sol dizindən xəsarət almışdır. Həmçinin, digər avtomobilin sürücüsü də xəsarət aldığına görə hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomobili ilə Biləsuvar RMX-na aparılmışdır. O isə hadisə yerində qalmış, təxminən 10-15 dəqiqə sonra Biləsuvar RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək onun iştirakı ilə baxış keçirmişlər. Həmin yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl “QAZEL” markalı avtomobilin yolun kənarında dayanması “VAZ-2105” markalı avtomobilin görünməsini məhdudlaşdırmış və buna görə də həmin avtomobili görməmişdir. Qeyd olunan avtomobil anidən onun hərəkət zolağına doğru hərəkət etmişdir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində ona dəymiş ziyanı tam olaraq ödədiyini, hazırda zərəçəkmiş şəxslə münasibətlərinin normal olduğunu və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “VAZ- 21051” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən əmisi X2 məxsus olmuş, lakin həmin avtomobili etibarnamə əsasında alıb idarə etmişdir. Avtomobil idarə etmək üçün BD423148 nömrəli, Bl, B, Cl, C dərəcəli sürücülük vəsiqəsi vardır və avtomobili sərbəst idarə etməyi bacarır. Təqsirləndirilən şəxs əvvəllər görməmiş, heç bir tanışlığı, ədavət və ya düşmənçiliyi, mübahisə və münaqişələri olmamışdır. 04 avqust 2023-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ-21051” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Bəydili kəndi, M.Adışov küçəsindən Bəydili kəndi, M.Hüseyn küçəsində yerləşən yaşadığı evə getməyə başlamış, M.Adışov küçəsindən M.F.Axundov küçəsinə çıxan dar yolla hərəkət edib M.Axundov küçəsinə çıxışda avtomobili saxlamış, Xırmandalı kəndi və Biləsuvar şəhəri istiqamətində yaxın məsafədə avtomobilin gəlməməsinə əmin olduqdan sonra yenidən avtomobili M.F.Axundov küçəsinə doğru hərəkət etdirmişdir. Həmin vaxt Xırmandalı kəndindən Biləsuvar şəhəri istiqamətində mikroavtobusun gəlməsini görsə də, buna baxmayaraq aralarında məsafə çox olmuşdur. Lakin, idarə etdiyi avtomobillə Xırmandalı kəndi istiqamətində yarı dönmüş vəziyyətdə olduqdan sonra hansı hadisələrin baş verməsini xatırlamır. O, yalnız bir neçə saatdan sonra Biləsuvar RMX-da ayılmış və atası Rasim Adışov onun idarə etdiyi avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində xəsarət aldığını və buna görə də xəstəxanaya apardıqlarını bildirmişdir. Sonradan xəsarət alması ilə bağlı polis şöbəsində aparılan araşdırma zamanı 04 avqust 2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsində idarə etdiyi “VAZ-21051” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırmandalı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomibilin toqquşmasını və buna görə də xəsarət aldığını bilmişdir. Lakin, həmin yol-nəqliyyat hadisəsinin necə baş verməsini xatırlamır. Həmçinin, o, ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsi Biləsuvar şəhərindən Xırmandalı kəndi istiqamətində baxdıqda yolun sağ hərəkət zolağında baş vermiş, yəni həmin hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə öz hərəkət zolağında deyil, əks hərəkət zolağında olmuşdur. Hadisə gündüz vaxtı baş vermiş, hadisədən əvvəl o, Xırmandalı kəndindən Biuləsuvar şəhəri istiqamətində uzaqdan mikroavtobusun gəlməsini görsə də, lakin Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş, hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə qarşısında Biləsuvar şəhəri istiqamətində hərəkətdə olan mikroavtobusu ötüb keçmək istəmiş və buna görə də əks istiqamətli hərəkət zolağına çıxmışdır. O, hadisə vaxtı ayıq vəziyyətdə olmuş, heç bir spirtli içki qəbul etməmiş, hadisə baş verməzdən əvvəl avtomobili təxminən 10-15 km/saat sürətlə idarə etmişdir. Həmin yol-nəqliyyat hadisəsi “VAZ-21074” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs təqsiri ucbatından baş vermişdir. Belə ki, hadisədən əvvəl o, idarə etdiyi avtomobillə M.Adışov küçəsindən M.F.Axundov küçəsinə doğru hərəkət edərkən avtomobili saxlayıb Biləsuvar şəhəri və Xırmandalı kəndi istiqamətinə baxıb yaxınlıqdan hər hansı avtomobilin hərəkət etməməsinə əmim olduqdan sonra avtomobili M.F.Axundov küçəsinə doğru hərəkət etdirmiş və Xırmandalı kəndi istiqamətinə dönmək istəmişdir. Lakin, Təqsirləndirilən şəxs qarşısında Biləsuvar şəhəri istiqamətində hərəkətdə olan mikroavtobusu ötüb keçmək üçün avtomobili əks hərəkət zolağına çıxarmış və avtomobili yüksək sürətlə hərəkət etdirdiyinə görə həmin avtomobilin qabaq tərəfi ilə onun idarə etdiyi avtomobilin sol arxa tərəfi arasında toqquşma baş vermişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla barışığa nail olduğunu, ona vurduğu zərəri tam olaraq ödədiyini, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığnı bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, heç bir qohumluq əlaqələri, ədavət və ya düşmənçiliyi, mübahisə və münaqişələri olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər görməmiş, heç bir tanışlığı, ədavət və ya düşmənçiliyi, mübahisə və münaqişələri olmamışdır. 04 avqust 2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsində yolun kənarında özlərinə məxsus olan qoyunları otaran zaman Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21051” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.Adışov küçəsi ilə M.F.Axundov küçəsini birləşdirən küçə ilə hərəkət edib M.F.Axundov küçəsinə doğru hərəkət etmək üçün avtomobili əvvəlcə saxlamılşdır. Həmin vaxt Xırmandah kəndindən Biləsuvar şəhəri istiqamətində hərəkətdə olan mikroavtobus və “Qazel” markalı avtomobillərin arxasınca ağ rəngli VAZ-2107 markalı avtomobillə “Mercedes” markalı avtomobil yüksək sürətlə ötüşmüşdür. Bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə M.F.Axundov küçəsinə doğru hərəkət etmiş, daha sonra isə avtomobili Xırmandah kəndi istiqamətində döndərmək istəmşdir. Həmin vaxt Mercedes markalı avtomobillə ötüşən VAZ-2107 markalı avtomobil öz hərəkət zolağından çıxdığına görə əks istiqamətli hərəkət zolağında olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21051 markalı avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur. Toqquşmadan sonra VAZ-2107 markalı avtomobilin sürücüsü avtomobili Biləsuvar şəhəri istiqamətində baxdıqda yolun sağ kənarında çətinliklə dayandıra bilmişdir. O da dərhal toqquşma baş verdiyi yerə yaxınlaşmış, Zərərçəkmiş şəxs xəsarət almasını və asfalt yola yıxılmasını görmüşdür. Həmin vaxt hal-hazırda xatırlamadığı şəxslərdən biri təcili tibbi yardıma zəng edərək hadisə yerinə çağırmış, təxminən 10-15 dəqiqə sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. İş materiallarında olan Ədliyyə Nazirliyinin MEM-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 8\2414 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində göstərilmişdir ki, hadisə baş verən sahədə icazə verilən hərəkət sürətinə uyğun nəqliyyat vasitəsinin tormoz izi toqquşma yerinə kimi qalmış faktiki tormoz izindən kiçik olduğundan nəqliyyat vasitəsinin hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkətdə olması ilə, yəni VAZ-21074 markah, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbi əlaqə olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış hesabata əsasən hadisə yerində qalmış tormoz izinə uyğun nəqliyyat vasitəsinin, yəni Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət sürəti mövcud yol şəraitində 77 km\saatdır. Bu isə onu izah edir ki, həmin nəqliyyat vasitəsinin hərəkət sürətinin 60 km\saat olması real deyildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. İş materiallarında olan Ədliyyə Nazirliyinin MEM-dən daxil olmuş yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16\2-8\3131 nömrəli əlavə ekspert rəyi ilə xx.xx.2023-cü il tarixli 8\2414 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində göstərilən xüsusatlar təsdiq olunmuş və həmin rəydə göstərilmişdir ki, “VAZ-21074” markah, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Cəlilabad MTE-nin xx.xx.2023-cü il tarixli 797 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs posttravmatik onurğanın oma-bel şöbəsinin kapsul-bağ aparatının gərilməsi və zədələnməsi ilə əlaqədar hərəkət funksiyasının pozulması, başın sol-təpə nahiyəsində əzilmiş cırılmış yara, sol bel nahiyəsində geniş ölçülü şişkinlik və qançır, bel-oma nahiyəsində, sol bazu və sol qoltuqaltı nahiyədə sıyrıqlar olunmuşdur, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞdən daxil olmuş xx.xx.2024-cü il tarixli, T24\2024 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs onurğanın oma-bel şöbəsinin kapsul-bağ aparatının posttravmatik gərilməsi və zədələnməsi ilə əlaqədar hərəkət funksiyasının pozulması, sol-təpə nahiyəsində əzilmiş cırılmış yara, sol bel nahiyəsində geniş ölçülü şişkinlik və qançır, beloma nahiyəsində, sol bazu və sol qoltuqaltı nahiyədə sıyrıqlar olunmuşdur, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. CM-nin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. CM-nin 263-cü maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatət təqdim edərək bildirmişdir ki, hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs onu bağışlamışdır. Ona görə də Təqsirləndirilən şəxs onun barəsində bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəsatət verərək bildirmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ona ödəmiş və onunla barışığa nail olmuşdur. Onunla hazırda münasibətləri normaldır. Ona görə də Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Lakin hal-hazırda o, zərərçəkmişə vurduğu ziyanı tam olaraq ona ödəmiş və onunla barışığa nail olmuşdur. Təqsirləndirilən şəxs vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına və ona vurduğu ziyanı tam olaraq ödədiyinə görə onun barəsində CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci qismində 256 (iki yüz əlli altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmaması məsələsinin aydınlaşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar