Məhkəmə qərarları › İş №1(022)-93/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-93/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-93/2023 20.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1994-cü il tarixdə Biləsuvar rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olan, Biləsuvar rayonu, Ağayrı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -0,797 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 09 aprel 2023-cü il tarixdə saat 13:05-də Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən Nəzərov Sakit Mirəş oğluna məxsus ərzaq mağazasının yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Biləsuvar rayonu, Ağayrı kəndində ailəsi ilə birgə yaşayır, evlidir və bir azyaşlı uşağı var. O, heç bir yerdə rəsmi olaraq işləməsə də, mal-qara alveri ilə məşğul olaraq, ailəsini dolandırır. 09 aprel 2023-cü il tarixdə qonşusu onu evlərinin darvazasına çağırmış və ona mal-qara almağa getməyi təklif etmişdir. O da təkliflə razılaşmış və birlikdə heyvan almağa getmək üçün həmkəndlisi Nəzərov Sakit Mirəş oğluna məxsus ərzaq mağazasının yaxınlığına gəlmişdir. O, həmin ərzaq mağazasının arxa tərəfində, yolun kənarında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları onu öz yanlarına çağırmış və heç bir səbəb demədən Biləsuvar rayon polis şöbəsinə aparmışlar. O, polis əməkdaşlarının tələblərinə tabe olaraq, şöbəyə getmişdir. Biləsuvar rayon polis şöbəsində Biləsuvar rayon polis şöbəsinin rəis müavini Elnur Əzizov onu yanına çağıraq, oğurluq etdiyini bildirmiş, o isə sonuncunun ittihamını rədd edərək, belə bir əməl törətmədiyini bildirmişdir. Bundan sonra Aqşin adlı polis əməkdaşı şöbənin inzibati binasında başqa bir otaqda ona narkotik vasitə verərək götürməsini və istehlak etməsinə dair izahat verməsini tələb etmiş, o, polis əməkdaşının təklifini qəbul etməsə, bir kiloqram çəkidə narkotik vasitənin onun evinə qoyulacağı onu hədələmişdir. O isə Aqşin adlı polis nəfərinin dediklərini inkar edərək, həmin narkotik vasitənin ona məxsus olmadığını və onun narkoloji müayinəyə göndərilməsini tələb etmişdir. Bundan sonra Elnur Əzizov Aqşin adlı polis əməkdaşına onun evinə getməsini və narkotik vasitəni onun yaşadığı evə qoymasını tapşırmışdır. O, evdə hamilə arvadı olmasından və belə bir hadisə baş verərsə, sonuncunun səhhəti ilə bağlı problemlər yarana bilməsi ehtimalına görə polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Onun uzərinə keçirilən ilkin baxış hərəkətində vəkilin iştirakı təmin edilməmiş və o, baxış keçirilməsi zamanı narkotik vasitənin ona məxsus olmasını inkar etmişdir, lakin ikinci çəkilişdə həmin narkotik vasitənin ona məxsus olmasını qəbul etmək məcburiyyətində qalmışdır. Bundan sonra Vüsal adlı müstəntiq 5.000 manat pul qarşılığında onun barədə başlanılmış cinayət işinə xitam verə biləcəyini bildirmiş və ondan həmin pul məbləği verməsini istəmişdir. O isə həmin şəxsə 2.000 manat verə biləcəyini bildirmişdir, lakin sonuncu ona kömək etməkdən imtina etmişdir. Daha sonra o, baş verənlər barəsində bacısı Şahid3 məlumat vermişdir. Bundan başqa o bildirdi ki, 2021-ci ildə onun qohumu – anasının dayısı oğlu Babayev Eldar Murtuz oğlu ona ilk dəfə narkotik vasitə təklif etmiş, o da dadına baxmaq məqsədi ilə sonuncunun təklifini qəbul etmişdir. Zamanla onda narkotik vasitələrə qarşı aludəçilik yaranmış və pulla E.M.Babayevdən narkotik vasitə almağa başlamışdır. O, vəziyyətinin pisləşdiyini görüb başına gələnlər barədə bacısına bildirmişdir, bundan sonra bacısı Şahid3 Almaniyadan onun yanina gəlmişdir. Şahid3 E.M.Babayev barədə polis əməkdaşlarına dəfələrlə şikayət etsə də, sonuncular E.M.Babayev barədə heç bir tədbir görməmişlər. Daha sonra bacısı Biləsuvar rayon polis şöbəsinin əməkdaşları, xüsusilə də Elnur Əzizov barədə yuxarı orqanlara şikayətlər ünvanlamışdır. Nəticədə, Lənkəran Regional Baş Narkotiklərlə Mübarizə İdarəsi məsələyə reaksiya vermiş və E.M.Babayev həbs edilmişdir. O da E.M.Babayevlə birgə şübhəli şəxs kimi tutulsa da, 1.600 manat pul qarşılığında onun barəsində cinayət işi başlanmamışdır. Onun bacısının şikayətləri nəticəsində Elnur Əzizov da töhmət almış və hal-hazırda onun üzərinə böhtan atmaqla, ondan intiqam almaq istəyir. Baş verənlərdən sonra o, bacısı Şahid3lə birgə Türkiyəyə müalicə almaq məqsədilə getmiş və narkotik vasitə asılılığından tamamilə sağalmışdır. Həmçinin o qeyd etdi ki, Biləsuvar rayon polis şöbəsində polis əməkdaşları tərəfindən ona təzyiq və işgəncə edilməmiş, o yalnız ailəsinə görə qorxduğu üçün polis nəfərlərinin ona etdikləri təklifi qəbul etmiş, vəkilin işitirakı ilə, videoçəkilişlə etiraf edici ifadələr vermişdir. Polis şöbəsinin müvəqqəti saxlama yerində 48 saat saxlandıqdan sonra o, azad edilsə də, ibtidai istintaq müddətində, polis tərəfindən ona tətbiq edilmiş qanunsuzluqlar barədə hər hansı yuxarı dövlət orqanına, prokurorluğa və ya məhkəməyə şikayətlər etməmişdir. Sonda, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 09 aprel 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 13 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Yuxarı Ağalı kəndi ərazisində, yolun kənarında yerləşən ərzaq mağazasının yaxınlığında piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən beş dəqiqə sonra Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən həmin ərzaq mağazasının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış və Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 0,92 qram olmuşdur. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Şahid1 həmçinin məhkəmədə bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs 09 aprel 2023-cü il tarixdə saat 13:05-də Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən Nəzərov Sakit Mirəş oğluna məxsus ərzaq mağazasının yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroinin bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdil. Həmçinin Şahid2 bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs bacısıdır və hazırda Almaniyada yaşayır. O, əvvəllər Azərbaycan Respublikasında hüquqşünas kimi fəaliyyət göstərmiş və bir sıra dövlət idarələrində xidmət etmişdir. Onun qardaşı Təqsirləndirilən şəxs evlidir və yeni doğulmuş övladı var. Təqsirləndirilən şəxs heç bir yerdə işləməsə də, maldarlıqla məşğul olur və sonuncuda heç bir pis vərdiş yoxdur, buna görə də hazırda Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının sonuncuya qarşı tərtib etdiyi ittiham aktı böhtandan başqa bir şey deyildir və qisas məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ona 2021-ci ildə zəng vuraraq uzaq qohumları E.M.Babayevin ona narkotik vasitə satdığını və nəticədə onda narkotik vasitələrə qarşı aludəçiliyin formalaşdığını bildirmişdir. Bundan sonra o, azyaşlı övladı ilə birlikdə, Azərbaycan Respublikasına gəlmiş və polis əməkdaşlarına E.M.Babayevin Biləsuvar rayonu ərazisində narkotik vasitə alveri ilə məşğul olması barədə məlumat vermişdir, lakin onun şikayəti barədə həmin əməkdaşlar tərəfindən heç bir tədbir görülməmişdir. O, isə bundan sonra Lənkəran Regional Baş Narkotiklərlə Mübarizə İdarəsinə Biləsuvar rayon polis şöbəsinin bir neçə əməkdaşının narkobizneslə məşğul olması və narkotik vasitə satıcılarını tutmaq əvəzinə, sonuncuları qorumaları barədə məlumat vermiş və nəticə olaraq, həmin şöbənin bir neçə əməkdaşı töhmət almışlar, həmçinin E.M.Babayev həbs edilmişdir. Hal-hazırda E.M.Babayev azadlıqdan məhrumetmə müəssisəndə məhkumdur. Həmin şikayət əsasında töhmət almış əməkdaşlar sırasında hazırda Biləsuvar rayon polis şöbəsinin əməliyyat işləri üzrə müavini Elnur Əzizov adlı şəxs də olmuşdur. Həmçinin o, Biləsuvar rayon polis şöbəsinin rəisi Nəsib Məmmədovun qəbulunda da olmuş və sonuncu ona baş verənlərdən xəbərdar olmadığını, onun şikayətləri barədə ona məlumat verilmədiyini bildirmişdir. Bundan sonra, o, qardaşı Təqsirləndirilən şəxs özü ilə Türkiyə Respublikasına aparmış və sonuncu orada narkomaniya xəstəliyindən müalicə almışdır. Onun 2021-ci ildə E.Əzizov barədə şikayət etməsinə görə hazırda sonuncu ondan qisas almaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs belə bir böhtan atmışdır. Bundan başqa, onun qisasını qardaşından almaları ilə bağlı Elnur və Aqşin adlı polis əməkdaşları Təqsirləndirilən şəxs da bildirmişlər və sonuncuya hədə-qorxu gələrək, boynuna belə bir cinayət əməlini qoymuşlar. Onun qardaşı Təqsirləndirilən şəxs da qorxuduğuna görə törətmədiyi əməli törətdiyini bildirmişdir. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 09 aprel 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitə heroindir, onun özünə məxsusdur və o, həmin narkotik vasitə heroini 09 aprel 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evə getdiyi zaman Biləsuvar rayonu, Ağayrı kəndi ərazisində yerləşən avtomobil ehtiyyat hissələrinin satıldığı mağazanın yaxınlığında yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 0,92 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 10 aprel 2023-cü il tarixli, 19/443 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,797 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -0,797 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,747 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 13 aprel 2023-cü il tarixli 434 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdən istifadə halları olmuş, lakin onda opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən fiziki və ya psixi zora məruz qalması və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı qanunsuzluğa yol verilməsi barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ilkin ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində 1 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 aprel 2023-cü il tarixdə saat 13:05-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə saat 11:50-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 09 aprel 2023-cü il tarixdən 11 aprel 2023-cü il tarixədək faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 aprel 2023-cü il tarixli 434 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,747 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,747 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar