Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-98/2023 08.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1989-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Amankənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə saat 03 radələrində Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni sərxoş olmasına görə aralarında baş vermiş mübahisə zamanı yumruq və təpik ilə vuraraq Zərərçəkmiş şəxs başın sağ təpə-ənsə nahiyyəsinin dərialtı hematoması, sifətin sağ yarısının, sol bazu oynağı nahiyyəsinin, sol dirsək oynağı və sağ baldır nahiyyələrinin qançırları və sol said nahiyyəsinin sıyrığı ilə nəticələnmiş xəsarətlər yetirmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birgə Biləsuvar rayonu Amankənd kəndində yerləşən atasına məxsus fərdi yaşayış evində yaşayır, rəsmi iş yeri olmasa da, taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onun arvadıdır, onlar artıq 8 ildir ki, evlidirlər və onların birgə nikahından 3 azyaşlı övladları vardır. O, spirtli içkilər içdiyinə görə bu zəmində son dövrlər arvadı ilə onun arasında tez-tez mübahisələr baş verməyə başlamışdır. 28 aprel 2023-cü il tarixdə, saat 01 radələrində, o, yaşadıqları evə sərxoş vəziyyətdə gəldiyinə görə onunla arvadı arasında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı o, sərxoş olduğuna görə, arvadı Zərərçəkmiş şəxs itələmiş və sonuncunun baş və sifət nahiyyələrindən, habelə bədəninin müxtəlif nahiyyələrindən vuraraq, xəsarətlər yetirmişdir. Həmin vaxt sərxoş olduğuna görə o, hadisə zamanı baş verənləri tam təfərruatı ilə xatırlamır. Daha sonra sonra o, yatmış və növbəti gün səhər tezdən arvadı Zərərçəkmiş şəxs uşaqları da götürərək yaşadıqları evdən öz valideynlərinin evinə getdiyini bilmişdir. Bundan sonra o, bir neçə dəfə Zərərçəkmiş şəxs ilə barışıq əldə etmək üçün, sonuncunun valideynlərinin evinə getmiş və törətdiyi əməldən peşman olduğunu, arvadı ilə barışmaq istədiyni bildirmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs onun barədə artıq Biləsuvar rayon polis şöbəsinə şikayət etdiyini öyrənmişdir. Onunla arvadı Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə, evin içində, təxminən beş dəqiqə çəkmişdir. O, hadisə zamanı sərxoş olduğuna görə nə etdiyinin tam olaraq fərqində olmamışdır. O, əvvəllər də Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarətlər yetirsə də, sonuncu ilə barışdığına və ona vurulmuş zərəri tamamilə aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Artıq o, spirtli içkilər içməyi tərgitmişdir və zərərçəkmiş şəxslə ailə münasibətlərini bərpa etmişdir. Sonda, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışaraq, həmin şəxsə vurduğu ziyanı ödədiyini, habelə himayəsində 3 azyaşlı uşağın olmasını əsas tutaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir və onların birgə nikahdan 3 uşaqları var. Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içkilər qəbul etdiyinə görə tez-tez onlar arasında dava-dalaş baş vermişdir. Sərxoş olduğu zaman əri Təqsirləndirilən şəxs bir neçə dəfə onu səbəbsiz yerə döymüş və nalayiq ifadələrlə təhqir etmişdir. Sonuncu dəfə, 28 aprel 2023-cü il tarixdə, saat 01 radələrində, Təqsirləndirilən şəxs sərxoş halda evə gəldiyi zaman o, sonuncudan harada olmasını xəbər almış və bundan sonra əri onu söymüş və döyməyə başlamışdır. Təqsirləndirilən şəxs ilk öncə onun saçından tutub yerə yıxmış, daha sonra yumruqla onun baş və sifət nahiyyələrindən, təpiklə qarın nahiyyəsindən, qollarından və ayaqlarından vuraraq, xəsarətlər yetirmişdir. Həmin gün səhər o, uşaqlarını da götürərək, valideynlərinin yanına getmək üçün evdən çıxmışdır. Daha sonra isə o, qardaşının təkidi ilə baş vermiş hadisə barədə Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs spirtli içkiləri içməyi tövbə etmişdir və onlar barışaraq ailə münasibətləri bərpa etmişlər. Sonda, Zərərçəkmiş şəxs əri ilə barışdığını və sonuncunun ona dəymiş zərəri ödədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəzadan azad edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 01 may 2023-cü il tarixli, 201 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində “başın sağ təpə-ənsə nahiyyəsinin dərialtı hematoması, sifətin sağ yarısının, sol bazu oynağı nahiyyəsinin, sol dirsək oynağı və sağ baldır nahiyyələrinin qançırları və sol said nahiyyəsinin sıyrığı” xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddəti 28 aprel 2023-cü il tarixə uyğun gəlir və əllə, təpiklə vurulma nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə görə şəxs həmin Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Adışov Vüsal Balabəy oğlunun 18 noyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, 26 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində arvadı Yəhyəyayeva Fəridə Mail qızına yüngül xəsarətlər yetirmiş, lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona vurulmuş zərəri tamamilə aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı V.B.Adışovun 18 noyabr 2020-ci il tarixli qərarı ilə həmin Məcəllənin 73-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər 1 dəfə azad olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və həmin şəxsə dəymiş ziyanı tamamilə ödəməsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edən hal deyil, iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını, himayəsində 3 azyaşı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsə vurulmuş zərəri aradan qaldırmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə islah işləri növündə cəza təyin edildiyi təqdirdə də təmin edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 10 (on) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-98/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-98/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver