Məhkəmə qərarları › İş №1(022)-99/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-99/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-99/2024 11.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən 51 nömrəli evdə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 5,331 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 fevral 2024cü il tarixdə, saat 02:05-də «Toyota Corolla» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 103-cü kilometrliyində yerləşən ərzaq mağazasının yaxınlığıda hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuana, gümüşü rəngli falqa kəsiyində olmaqla, əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən 51 nömrəli evdə qeydiyyatda olsa da, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və iki uşağı var. O, əvvəllər bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana istehlak etsə də, həmin əməlinə görə məhkum edilməmişdir. Sonuncu dəfə o, 08 fevral 2024-cü il tarixdə, Bakı şəhəri, Əhmədli qəsəbəsində, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında tanımadığı şəxsdən bir bükümdə bir dəfəlik istifadə üçün az miqdarda, təxminən bir siqaretin yarısından da az çəkidə, qurudulmuş marixuana almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, həmin narkotik vasitəni sonradan istehlak etmək məqsədi ilə üzərində olan gödəkçənin cibində gizlətmişdir. O, həmin bükümü üzərində saxlasa da, narkotik vasitədən istifadə etməyə onun imkanı olmamışdır. Belə ki, 10 fevral 2024-cü il tarixdə, saat 14 radələrində onunla eyni məhəllədə yaşayan X4 ona telefon vasitəsi ilə zəng edərək, Salyan rayonuna getməsi üçün ona avtomaşın tapmasını və onunla birlikdə getməyi təklif etmişdir. O, Ş.F.Cəfərovun təklifi ilə razılaşmışdır. Buna görə də o, eyni məhəllədə yaşayan taksi sürücüsü X6 ilə onu və Ş.F.Cəfərovu Salyan rayonuna aparıb-gətirməsi üçün 100 manat zəhmət haqqı müqabilində razılaşmışdır. Bundan sonra həmin gün o və Ş.F.Cəfərov Q.M.Nəbiyevin idarə etdiyi «Toyota Corolla» markalı, **-GC- *** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonuna getmək məqsədi ilə yola çıxmışlar. Həmçinin Q.M.Nəbiyev onların yaşadığı məhəllədən əvvəllər tanımadığı X2 da sərnişin qismində avtomaşına əyləşdirmişdir. Onlar bir neçə saat sonra Salyan rayonuna çatmışlar. Onlar Salyan rayonu ərazisində, Bakı-Astara yolunun kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin yanında saxladıqdan sonra, X4 tanışı X5 ilə birlikdə, görüşəcəkləri şəxsi gözləmək məqsədilə yol kənarında piyada gəzişmişlər. O isə X6 ilə birlikdə çay içmək üçün yanacaqdoldurma məntəqəsinin yanında yerləşən çayxanada oturmuşlar. Onlar Ş.F.Cəfərovu və P.F.Quliyevi təxminən 1 saat gözlədikdən sonra o, Ş.F.Cəfərova zəng etmiş, lakin həmin şəxs mobil telefon zənginə cavab verməmişdir. Bundan sonra 1 ədəd yol patrul xidməti avtomaşınında onların olduğu yerə gəlmiş dövlət yol polisi əməkdaşları ona və Q.M.Nəbiyevə yaxınlaşmış və onları Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Orada əməliyyat müvəkkili ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmamasını soruşmuşdur. O da əynindəki gödəkçənin sol yan cibindən həmin bükümü çıxarıb təqdim etmiş və həmin bükülünü 08 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Əhmədli qəsəbəsində, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını və sonradan istehlak etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin əməliyyat müvəkkili onun valideynlərinin telefon nömrəsini soruşaraq, onlara zəng edib danışmışdır. Daha sonra həmin əməliyyat müvəkkili onun yanına qayıdaraq, ona daha böyük bükümdə narkotik vasitə təqdim edərək, həmin vasitəni cibinə qoymasını və baxış zamanı təqdim etməsini, əks halda daha ağır cinayətə görə 8 il müddətinə həbsə göndərəcəyini bildirmişdir. Buna görə də o, həmin polis əməkdaşının hədəsindən qorxaraq, sonuncunun təqdim etdiyi bükümü cibinə qoymuşdur. Bundan sonra Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, həmin narkotik vasitəsini təqdim edərək, etirafedici izahat vermişdir. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokollar ona ucadan oxunmuş, protokollar və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan əlavə, o bildirdi ki, onun üzərində narkotik vasitə qurudulmuş marixuana olduğundan Ş.F.Cəfərovun, P.F.Quliyevin və Q.M.Nəbiyevin xəbərləri olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində 2 azyaşlı uşağının olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, əvvəllər tanımadığı X1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında onun tərəfindən 10 fevral 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, 11 fevral 2024-cü il tarixdə, saat 02 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və P.F.Quliyevin içərisində olduğu ehtimal edilən, Q.M.Nəbiyevin idarə etdiyi «Toyota Corolla» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən 5 dəqiqə sonra həmin nəqliyyat vasitəsi Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 103-cü kilometrliyində yerləşən ərzaq mağazasının yaxınlığıda yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlatdırılmış və P.F.Quliyev və avtomobildə olan digər şəxslər, o cümlədən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən bir ədəd yapışqanlı lentə sarılmış gümüşü rəngli falqa kəsiyi bükümünü çıxarıb təqdim etmiş və həmin bükülünü 08 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını və sonradan istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 7,76 qram olmuş və həmin şəxsdən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokollar tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin Şahid1 bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, həmin şəxsin üzərinə baxış keçirilməsindən əvvəl və sonra Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayətprosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 5,331 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində 11 fevral 2024-cü il tarixdə, saat 02:05-də «Toyota Corolla» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 103-cü kilometrliyində hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuananın bir ədəd gümüşü rəngli falqa kəsiyində olmaqla, əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. Həmçinin Şahid2 bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, həmin şəxsin üzərinə baxış keçirilməsindən əvvəl və sonra Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 11 fevral 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçəninın sol yan cibindən bir ədəd yapışqanlı lentə sarılmış gümüşü rəngli falqa kəsiyi bükümün çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana vardır və o, həmin bükülünü 08 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 7,76 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi və götürülməsi barədə 11 fevral 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, X3 idarə etdiyi «Toyota Corolla» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 fevral 2024-cü il tarixli, 19/126 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 5,331 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Qurudulmuş marixuananın təmiz çəkisi -5,331 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 5,281 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 14 fevral 2024-cü il tarixli, 140 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə kannabinoidlərdən istifadə halları olmuşdur. Asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdu. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona qarşı qanunsuzluğa yol verilməsi, Təqsirləndirilən şəxs üzərində faktiki daşıdığı narkotik vasitənin çəkisinin daha az miqdarda olması və baxış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin baxış keçirilməsindən az əvvəl polis əməkdaşları tərəfindən ona verilməsi barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər məhkum edilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 fevral 2024-cü il tarixdə, saat 02:05-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə, saat 13:50-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 fevral 2024-cü il tarixli, 140 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 5,281 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və həmin şəxsin məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 5,281 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar