Məhkəmə qərarları › İş №1(022)-99/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-99/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-99/2025 12.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs iştirakı ilə, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, o, onun barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X1 müdiri X2 ilə aralarında çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Lakin onunla Q.V.Xəlilov arasında hər hansı münaqişə olmamışdır. Lakin sonuncu “qismet.xelilov014” adlı “TikTok” sosial şəbəsində yaradılmış profilində onunla bağlı videolar paylaşaraq onu təhqir etmiş və onun barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Həmçinin həmin şəxs Bakı şəhəri Nizami rayon prokurorluğunda verdiyi izahatında da “qismet.xelilov014” adlı hesabın ona məxsus olduğunu və əsbiləşərək onun barəsində müxtəlif paylaşımlar edərək, təhqir etdiyini və ona böhtan atdığını etiraf etmişdir. Buna görə də o, Q.V.Xəlilovun onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən cinayətə yol verdiyinə görə cəzalanmasını istəyir. Buna görə də o, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsini və Q.V.Xəlilovun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə məhkəməyə verilməklə, həmin şəxsə müvafiq cəza verilməsini tələb edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 faktiki olduğu yer məlum olmadığına görə işin icraatı barədə ona məlumat vermək və məhkəmə iclasında onun iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsinin müdddəalarına uyğun olmadığına görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma həmin maddə ilə nəzərdə tutulan cinayət tərkibini yaradır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə həmin maddə ilə nəzərdə tutulan cinayət tərkibini yaradır. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə görə şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməlidir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Halbuki Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə həmin şəxs İmişli rayonu, Rəsullu kəndində anadan olduğunu göstərsə də, yaşadığı yeri göstərməmişdir. Həmçinin Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə həmin şəxsin məşğuliyyət növü göstərilməmiş, yalnız fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.2 və 293.3.3-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində X3 istinad etdiyi cinayət əməlinin törədildiyi vaxt göstərməmişdir. Həmçinin Zərərçəkmiş şəxsn məhkəməyə sübut qismində təqdim etdiyi “CD” disklərdə olan “qismet.xelilov014” adlı “TikTok” platforması hesabında paylaşılmış videolardan da həmin kontentlərin nə vaxt paylaşıldığını müəyyən etmək mümkün olmamışdır. Halbuki Azərbaycan Respublikası CPM-nin 302.1.4-cü maddəsinin tələbinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməlidir. Lakin Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətdə sonuncunun Q.V.Xəlilova istinad etdiyi cinayət əməlinin törədildiyi vaxt göstərilmədiyinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsini müəyyən etmək mümkün deyil. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 22 sentyabr 2002-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulduğu və həmin ünvanda yaşadığı qeyd edilmişdir. Halbuki, iş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 05 avqust 2025-ci il tarixli, 5- 39-3/2-393 saylı arayışından görünür ki, Biləsuvar rayonu, Xırmandalı kəndində X4 adlı şəxs qeydiyyatda deyil və həmin ünvanda yaşamır. İşdə olan “Elektron Məhkəmə” informasiya sisteminin “Şəxsin fərdi məlumatları” alt sistemindən çıxarışdan görünür ki, həmin sistemdə X4 adlı yalnız bir şəxs barəsində məlumatlar vardır ki, həmin şəxs 22 sentyabr 2002-ci il tarixdə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuşdur və hazırda Cəbrayıl rayonu, Hovuzlu ərazi dairəsi, Qalacıq kəndində qeydiyyatdadır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Q.V.Xəlilovun Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmadığı və yaşamadığı müvafiq icra hakimiyyəti orqanı verilmiş arayışla və “Elektron Məhkəmə” informasiya sistemindəki məlumatlara əsasən müəyyən olunduğuna görə qüvvədə olan cinayət-prosessual qanunvericiliyə görə hazırki xüsusi ittiham qaydasında şikayətin baxılması nəzərdə tutulmuş aidiyyəti məhkəmə Biləsuvar rayon Məhkəməsi deyil. Beləliklə, işdə olan sübutlarla müəyyən ediliri ki, xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla yanaşı, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri Biləsuvar rayonu olmadığına görə işin baxılması Biləsuvar rayon Məhkəməsinə aid deyil. Bundan başqa, işdə olan sübutlarla həmin şəxsin axırıncı yaşayış yerini tam təsbit etmək mümkün olmadığına görə şikayətin aidiyyəti üzrə göndərilməsinə də əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-ci maddəsinə görə məhkəmə, həmin Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300, 302, 381, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar