Məhkəmə qərarları › İş №1(023)-10/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-10/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-10/2024 09.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun Müdafiəçi iştirakları ilə, xx.xx.1965-cı ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Qazax rayonu Daş Salahlı kəndinin kənarında olan heyvanların otarılması üçün nəzərdə tutulmuş örüş sahəsində torpaq sahəsinə görə əvvəlcədən aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs sağ ayağına yaba ilə qəsdən bir dəfə vurub ona sağ diz oynağının hərəkət məhdudluğu, sağ diz nahiyyəsinin 2,5x2 sm ölçüdə sıyrılmış yarası, sağ diz onyağının sıyrığı, şişkinliyi və bükmə hərəkətinin məhdudluğu ilə müşayət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax rayonu Daş Salahlı kəndində yaşayır. X2 həmkəndlisi və qohumudur. X4 kənd bələdiyyəsindən torpağı icarəyə götürürək heyvanlarını həmin ərazidə otarır. Onun torpağının yaxınlığında həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs də torpaq sahəsi vardır. Elman həmin torpaqdan əsassız istifadə etdiyi üçün ona həmin torpaqdan istifadə etməməsini dəfələrlə ona demişdir. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. 04 sentyabr 2022-ci ildə saat 18 radələrində Daş Salahlı kəndinin kənarında olan heyvanların otarılması üçün örüş sahəsində Elman heyvan otardığı vaxt ona tərəf getmiş, orada əvvəlcə sözlə qeyd olunan torpaq sahəsi ilə bağlı mübahisə etmişlər, o da əlində olan yaba ilə Elmanın ayağına vurmuşdur. Sonradan əməlindən peşman olmuş, Zərərçəkmiş şəxs üzrxahlıq etmiş, ona dəymiş ziyanı tam ödəmiş və Elman onunla barışmışdır. Barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi və qohumudur. Aralarında torpaqla bağlı mübahisələri var. 04 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Daş Salahlı kəndi ərazisində örüş sahəsində heyvan otararkən Azər ona tərəf gəlmiş, Azərin əlində yaba, özünün əlində isə xırdabuynuzlu heyvanları ayağından tutub qaytarmaq üçün istifadə etdiyi ucuna dəmir qarmaq bərkidilmiş ağac parçası olmuşdur. Azər ona yaxınlaşaraq torpaq sahəsi ilə bağlı mübahisə etmiş, sonra isə yaba ilə onun sağ dizinə zərbə vurmuş, yabanın bir dişi onun sağ ayağının diz nahiyyəsinə batmışdır. Hazırda Azər ondan üzrxahlıq etdiyi, ona dəymiş ziyanı tam ödədiyi üçün o da Azərlə ilə barışmışdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 341 nömrəli rəyindən görünür ki, X1 bədən səthində sağ diz oynağının hərəkət məhdudluğu, sağ diz nahiyyəsinin 2,5x2 sm ölçüdə sıyrılmış yarası, sağ diz onyağının sıyrığı, şişkinliyi və bükmə hərəkətinin məhdudluğu ilə müşayiət olunan xəsarətlər var, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, xx.xx.2022-cü il tarixdə, iti uclu əşyanın, ola bilsin yabanın dişi ilə yetirilə bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd olunmuş, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 128, 221 və 134-cü maddələrinin tərkibi olmadığından həmin maddələrlə barəsində cinayət işi başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur, əməlindən peşmandır, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, işdə olan təkzib olunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmışdır, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dinləyib, işdəki sənədləri nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar