Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-11/2024 28.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Qazax rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu Bala Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində Qazax- Əskipara avtomobil yolunun Qazax rayonu Xanlıqlar kəndi ərazisində, həmin yolun 1-ci kilometrində B1,B,C1C kateqoriyalı sürücülük vəsiqəsi ilə və ayıq vəziyyətdə idarə etdiyi “Ford Fusion” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax şəhəri istiqamətində 100 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə əsasən qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu halda və qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyması, yaxud ləğv etməsini nəzərə almalı olduğu halda həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, həmin yol hərəkəti qaydalarını pozub hərəkətdə olduğu sağ hərəkət zolağından ötmə əməliyatını həyata keçirmək məqsədi ilə sol hərəkət zolağına çıxmış, həmin vaxt əks istiqamətdə, yəni Qazax rayon Çaylı kəndi istiqamətində hərəkətdə olan Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 B1,B kateqoriyalı sürücülük vəsiqəsi əsasında, ayıq vəziyyətdə idarə etdiyi “Nissan March” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Nissan March” markalı avtomobildə olan sərnişin X3 başın küt travması nəticəsində baş vermiş açıq kəllə beyin travması, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar, ənsə və kəllə əsası sümüklərinin sınığı, sağ tərəfli 7-8-ci qabırğaların qapalı yerdəyişməli sınığı, hər iki yanaq nahiyyəsinin qançırları ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması ilə bağlı kəllə tağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar ilə müşayiət olunan açıq kəllə beyin travması nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan, “Nissan March” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün orta 1/3 hissəsinin yerdəyişmiş sınığı, sağ qamış sümüyünün yuxarı 1/3-nin qəlpəli oynaqdaxili sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin qəlpəli oynaqdaxili sınığı (bu münasibətlə sınıq olan nahiyələrdə osteosintez əməliyyat icra olunmuşdur), sol baldırın əzilmiş-cırılmış yarası ilə müşayiət olunan ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət, “Nissan March” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 sol bud sümüyünün aşağı 1/3 hissəsinin qapalı-yerdəyişməli sınığı, başın sağ alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 30 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində yaşadığı Qazax rayon Bala Çaylı kəndində olmuş, həmin vaxt etibarnamə əsasında, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Ford Fusion” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin benzin çənində yanacaq olmadığını görüb yanacaq doldurmaq məqsədi ilə Qazax şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində getməyə başlamış, Çaylı kəndində çatdıqda yolun kənarında olan dayanacaqda əvvəllər tanımadığı sonradan adının Arzuman olduğunu bildiyi bir nəfərin dayandığını görüb avtomobilinə götürmək qərarına gəlmış və avtomoibli saxlamış, Arzumandan hara getdiyini soruşmuş, Arzuman da Qazax şəhərinə getdiyini demiş, onu avtomiblinə dəvət eləmiş, Arzuman qabaq sağ oturacaqda əyləşmişdir. Bundan sonra avtomobilini yanacaq çatsın deyə sürətlə Qazax şəhəri istiqamətində idarə etməyə davam eləmiş, Qazax şəhərinə çatmağa az qalmış qarşıda “VAZ 2106” markalı, rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığı bir avtomobilin getdiyini görüb, həmin avtomobili ötüb keçmək istəmişdir. Ötmə əməliyyatına başlayan zaman qarşıdan ağ rəngli avtomobil gəldiyini görmüş və həmin avtomobilin yol verməsi üçün işıq siqnalı vermişdir. Lakin, həmin avtomobillə məsafənin az olduğunu və idarə etdiyi avtomobilin də sürətinin çox olduğunu görüb avtomobili hərəkət istiqamətində yolun sol tərəfinə çıxararaq boş əraziyə yönləndirmək istəmişdir. Buna baxmayaraq idarə etdiyi avtomobil qarşıdan gələn ağ rəngli avtomobilə dəymiş və avtomobil yolun sol hərəkət hissəsinin sol kənarında dayanmış, ağ rəngli avtomobil də hərlənərək sağ tərəfində, onunla eyni istiqamətdə dayanmışdır. Avtomobil dayanan kimi o və Arzuman avtomobildən enmişlər, onlarda xəsarət olmamışdır. Ağ rəngli avtomobildə tanımadığı iki nəfər qadın, bir nəfər kişi və iki nəfər azyaşlı uşaqlar olduğunu, qadınların və uşaqların avtomobildən düşmək istədiklərini, qabaq sağ oturacaqdakı kişinin isə huşsuz vəziyyətdə olduğunu görmüş, həmin şəxslərə avtomobildən düşmələrinə köməklik göstərmiş və kiminsə çağırmış olduğu təcili yardım avtomobili ilə onları xəstəxanaya yola salmış, özü də yol maşını ilə xəstəxanaya getmişdir. Xəstəxanada olan zaman toqquşduğu avtomobildə olan kişinin ölməsini öyrənmiş və həddindən çox qorxu hissi keçirmiş, həmçinin avtomobildə olan şəxslərin də tanımadığı yaxınlarının hirsli olduqlarını görübə ona qarşı təzyiq göstəriləcəyindən qorxaraq xəstəxanadan çıxmış və taksi avtomobili ilə yaşadığı kəndə qayıtmışdır. Hadisə vaxtı o, avtomobili ayıq vəziyyətdə, heç bir spirtli içki və ya narkotik vasitə qəbul etmədən, saatda 100 km sürətlə idarə eləmişdir. Təxminən 3 metr məsafədən toqquşduğu avtomobilin hərəkət yoluna çıxdığı andan təhlükəni hiss etmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzrxahlıq etmiş, onlara maddi yardım göstərmiş, zərərçəkmiş şəxslər onunla barışmışlar, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Zərərçəkmiş şəxs1 qızıdır, mərhum Elnur Nəzərov isə qızı Aygünün əri olmuşdur 30 iyun 2023-cü il tarixdə, saat 19:30 radələrində qızı Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə Qazax rayonunun Çaylı kəndində yaşayan digər qızının evinə getdikləri vaxt avtomobili Aygün idarə etmiş, Aygünün yanındakı oturacaqda Elnur oturmuş, arxa oturacaqlarda isə özü və nəvələri olmuşlar. Qazax şəhərindən çıxdıqdan az sonra qarşıdan gələn qara rəngli avtomobil onların avtomobili ilə toqquşmuş, o, huşunu itirmiş, hadisədən təxminən 10 gün sonra xəstəxanada ayılmışdır. Ona bəlli olmuşdur ki, sonradan adının Qalib olmasını bildiyi şəxsin idarə etdiyi avtomobillə qızının idarə etdiyi avtomobilin toqquşması nəticəsində qızının əri Elnur ölmüş, qızı və özü isə xəsarətlər almışlar. Təqsirləndirilən şəxs Qalib ondan üzrxahlıq etmiş, ona maddi yardım göstərmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, mərhum X6 əri olmuşdur. Elnurla xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan Yusif və Ömər adlı iki nəfər azyaşlı uşağı vardır. xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində Elnur vəfat edənə qədər birlikdə yaşamışlar. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində o “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə və nəqliyyat vasitələrinin sərəncam verilməsi haqqında etibarnamə əsasında idarə etdiyi “Nissan” markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax-Əskipara avtomobil yolu ilə Qazax rayon Çaylı kəndində yaşayan qohumugilə gedirmiş. Elə həmin yolun yenicə 1-ci kilometrliyinə daxil olmuşdur ki, əks istiqamətdən markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi, təxminən yaşılımtıl rəngli bir avtomobilin, onun arxasınca da sürücüsünün Təqsirləndirilən şəxs adlı şəxs olduğunu bildiyi qara rəngli bir avtomoiblin gəldiyini görmüşdür. Qalibin idarə etdiyi avtomobil onun bərabərinə çatmağa təxminən 3 metr məsafə qalmış qarşıdakı avtomoibli ötmək istəmiş və ani bir hərəkətlə onun idarə etdiyi avtomobilin sağ tərəfinə dəymişdir. Qalibin idarə etdiyi etdiyi avtomobil qarşıdakı avtomobili ötmək istəyən zaman o idarə etdiyi avtomoibli saxlamaq üçün əyləcə basmış, lakin Qalibin idarə etdiyi avtomobilin sağ qabaq tərəfi, onun avtomobilinin sağ qabaq tərəfinə tərəfinə dəymiş, avtomobili də fırlanaraq üzü gəldiyi Qazax şəhəri istiqamətində dayanmışdır. O bundan sonra sağ qolunun və sağ ayağının sındığını hiss etmiş, yanında yəni qabaq sağ oturacaqda əyləşmiş mərhum əri X3 başının yaralandığını və huşunun yerində olmadığını görmüşdür. Arxa oturacaqda əyləşmiş anası Səyalının və azyaşlı oğlu Ömərin də huşlarının yerində olmadığını görmüşdür. Arxa oturacaqda olan bacısı oğlu Teymur isə yük yerinə keçərək həmin yerin qapısından çıxmışdır. Bundan sonra təclil yardım avtomoibli gələrək o daxil olmaqla avtomobildə olan hər kəsi xəstəxanaya aparmışdır. Xəstəxanada olan zaman isə məlum olmuşdur ki, əri Elnur vəfat etmiş, onun isə sağ qolu və sağ ayağı sınmış, anası Səyalı kəllə beyin travması almış və sol ayağı sınmış, azyaşlı uşaqların isə vəziyyətləri normaldır. Təqsirləndirilən şəxs ilə əvvəllər tanımamış, bu səbəbdən də heç bir ədavəti və münasibəti olmamışdır. Yol nəqliyyat hadisəsindən əvvəl avtomoibli 40 km/saat sürətlə idarə edirmiş, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. O 3 metr məsafədən, yəni Qalibin idarə etdiyi avtomobilin onun hərəkət yoluna çıxdığı anda təhlükəni hiss eləmiş, hadisənin qarşısını almaq məqsədi ilə əyləci sıxaraq avtomobili saxlamaq istəmiş, lakin məsafə az olduğu və Qalibin avtomobili sürətlə idarə etməsi səbəbindən hadisədən yayına bilməmişdir. Hadisə zamanı adlarını qeyd etdiyi şəxslərdən başqa avtomobildə heç kim olmamışdır. İş üzrə zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi olan Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ərizələrdən görünür ki, təqsirləndirilən şəxs Qalib İbrtahimli onlara dəymiş ziyanı ödəmişdir, o, təqsirləndirilən şəxslə barışmışdır, onadan şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə saat 19:15 radələrində o, Qazax şəhərində yerləşən “Avey” yanacaqdoldurma məntəqəsində quraşdırılmış bankomatdan pul çıxarmaq üçün Qazax şəhərinə getmək məqsədi ilə yaşadığı evdən çıxaraq Qazax-Əskipara avtomobil yolunun yaşadığı Çaylı kəndindən keçən hissəsində “dörd yol” deyilən dayanacağa gələrək avtobus gözləməyə başlamış, bir qədər sonra sonradan adının Qalib olduğunu bildiyi bir nəfər “Ford” markalı, dövlət nömrə nişanını xatırlamadığı qara rəngli avtomobillə Bala Çaylı kəndi istiqamətindən gələrək yanına çatanda onu görmüş və avtomobili yanında saxlamış, hara getdiyini soruşmuş, o da cavab verdikdən sonra Qazax şəhərinə getdiyini bildirib hava yağışlı olduğu üçün onu avtomobilinə dəvət eləmiş, o da Qalibin idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşmiş, yola davam etmişlər. Həmin gün, saat 19:30 radələrində Qazax şəhərinə çatmağa az qalmış Qalib önlərində gedən avtomobili ötmək istədikdə qarşıdan gələn avtomobilin yoluna çıxmış və onun içində olduğu avtomobil qarşıdan gələn avtomobillə toqquşmuşdur. Hadisədən sonra o və Qalib elə də ciddi xəsarətlər almamışlar, o, qorxduğu üçün başqa bir avtomobilə minib oradan çıxıb getmişdir. Hadisə baş verən vaxt Qalib avtomobili təxminən 90-100 km/saat sürətlə idarə etmişdir, avtomobilində olan zaman Qalibdə heç bir sərxoşluq əlamətləri olmamış, Qalibdən spirtli içki iyi də gəlmirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-8/2379 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Fusion” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşsını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hərəkət surəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 66 t/s saylı rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 tibbi müayinəsi zamanı onda müəyyən edilmiş sağ bazu sümüyünün orta 1/3 hissəsinin yerdəyişmiş sınığı, sağ qamış sümüyünün yuxarı 1/3-nin qəlpəli oynaqdaxili sınığı, sağ bud sümüyünün aşağı 1/3nin qəlpəli oynaqdaxili sınığı (bu münasibətlə sınıq olan nahiyələrdə osteosintez əməliyyat icra olunmuşdur), sol baldırın əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 341 saylı rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət:-Sol bud sümüyünün aşağı 1/3 hissəsinin qapalı-yerdəyişməli sınığı, başın sağ alıntəpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, küt-bərk əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 06 saylı rəyindən məlum olmuşdur ki, X3 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir:- başın küt travması nəticəsində baş vermiş açıq kəllə beyin travması, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar, ənsə və kəllə əsası sümüklərinin sınığı. Sağ tərəfli 7-8-ci qabırğaların qapalı yerdəyişməli sınığı. Hər iki yanaq nahiyyəsinin qançırları.Qeyd olunan xəsarətlər küt-bərk əşyanın təsirindən yaranmışdırlar, qərarın təsviri hissəsində göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində törənə bilərdilər və canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar ilə müşayət olunan açıq kəllə beyin travması olmuşdur. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində spirtli içki, narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer yaşayış məntəqəsi olmamaqla Qazax-Əskipara avtomobil yolunun Qazax rayonu Xanlıqlar kəndi ərazisindən keçən hissəsinin 1-ci kilometridir. Həmin avtomobil yolunun örtüyü asfalt-beton örtükdən ibarət olmaqla hadisə yerində yolun hərəkət hissəsi düz və yaş vəziyyətdədir. Yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətlidir. Yolun hərəkət hissəsinin ümumi eni 8 metr olmaqla, sağ hərəkət hissəsinin eni 4 metr, sol hərəkət hissəsinin eni 4 metrdir. Hadisə yerindəki yolun hərəkət hissəsində qarşı-qarşı nəqliyyat axınını ayırmaq üçün uzunuza qırıq-qırıq nişanlanma xətti vardır, digr yol elementləri aşkar edilməmişdir. Yolun Qazax rayon Çaylı kəndi istiqamətinə görə sağ hərəkət hissəsinə 3,7 metr enində, sol hərəkət hissəsinə 2,8 metr enində yol çiyni birləşir. Yolun hər iki hərəkət hissəsinin kənarlarında əkin sahələri yerləşir. Hadisə yerində hərəkət nizamlanmır. Toqquşma yeri Qazax rayon Çaylı kəndi istiqamətinə görə yolun sağ hərəkət hissəsində yerləşir. Yolnəqliyyat hadisəsi zamanı 2 nəqliyyat vasitəsi toqquşmuşdur, hadisədən əvvəl etdiyi “Ford Fusion” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol hərəkət hissəsində Qazax şəhəri istiqamətində, “Nissan March” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil yolun Qazax rayon Çaylı kəndi istiqamətinə görə sağ hərəkət hissəsində Qazax rayon Çaylı kəndi istiqamətində hərəkətdə olmuşdur. “Ford Fusion” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerində qabaq tərəfi Qazax şəhəri istiqamətində, sol qabaq təkər sağ yol çiynindən sağa doğru 1,6 metr məsafədə, sağ arxa təkər sağ hərəkət hissəsinin kənarından sağ yol çiyninə doğru 1,70 metr məsafədə, “Nissan March” markalı avtomobildən 0,7 metr məsafədədir. “Nissan March” markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ hərəkət hissəsində, qabaq tərəfi Qazax şəhəri istiqamətində, yolun sağ hərəkət hissəsində yolun mərkəzindən sağa doğru sağ arxa təkərə qədər 2,6 metr məsafədədir və yari hissəsi sağ yol çiynində yerləşmiş vəziyyətdədir. Yol-nəqliyyat hadisəsi yerində şin izləri, tormozlanma izləri aşkar edilməmişdir. İstintaq zamanı toqquşma yeri yolun Qazax rayon Çaylı kəndi istiqamətində sağ hərəkət hissəsində baş verməsi müəyyən edilsə də konkret toqquşma yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 143-cü və 264-cü maddələrinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə maddi sübutlar olan “Nissan March” markalı, **-FM-*** dövlət nömrə nişanlı və “Ford Fusion” minik markalı, **-TN-*** dövlət nömrə nişanlı avtomobillər iş üzrə yekun qərar qəbul edilədək saxlanılması üçün sahiblərinə qaytarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus DİN BDYPİ Tovuz RQİTBŞ tərəfindən verilmiş “B1,B,C1,C” kateqoriyalı, BC-302038 saylı sürücülük vəsiqəsi mövcuddur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. İş materiallarında olan Qazax RİHB-nın Bala Çaylı kənd İƏD üzrə nümayəndəliyinin arayışından və xasiyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qazax rayon Məhkəməsinin 02 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 30 iyun 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Qazax rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, həmin tarixdə o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir, hal-hazıra qədər də ev dustaqlığındadır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşaqları olmasını, cinayəti törətdikdən dərhal sonra zərərçəkmiş şəxslərə yardım göstərməklə onların həyat və sağlamlıqlarına dəyə biləcək zərərin azaldılmasına çalışmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş maddi ziyanı ödəməsini, həmin şəxslərin ondan şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəsisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş ev dustaqlı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış “Nissan March” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi A. Nəzərovanın, iş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmış, “Ford Fusion” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Q. İbrahimlinin istifadəsində saxlanılmalı, iş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlakk yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət, ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəsisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış “Nissan March” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 istifadəsində, iş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmış, “Ford Fusion” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs istifadəsində saxlanılsın. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-11/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-11/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver