Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-12/2024 06.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Qazax rayonu Xanlıqlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində tanışı Şahid2 idarə etdiyi **-CX-*** dövlət qeydiyyat nişanlı Mersedes Bens C markalı avtomobillə Zərərçəkmiş şəxs məxsus bir baş iri buynuzlu heyvanı vurması ilə bağlı həmin gün saat 23 radələrində sonuncunun yaşadığı, Qazax rayon Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evində xəsarət almış heyvanın müalicəsini və ya əvəzini tələb edərkən onunla aralarında yaranmış mübahisə zəminində yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyyəsinə qəsdən bir dəfə zərbə vuraraq sağ gözün konyuktiva qişasına qansızma, sağ gözaltı nahiyənin və sağ göz qapağının qançırları, sağ gözaltı nahiyyənin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir, münasibətləri normal olmuşdur. 22 iyun 2023-cü il tarixdə saat 22 radələrində o, tanışı Şahid2 idarə etdiyi avtomobillə Qazax rayonu, Xanlıqlar kəndində «Xanlıqlar» marketinə gedərkən yolu keçmək istəyən iribuynuzlu heyvanlardan biri Şahid2 idarə etdiyi avtomobilin ön sol tərəfinə sürtünərək keçmiş və sonra qaçıb getmişdir. Həmin vaxt qardaşı Vüsal, həmkəndliləri Süleyman və Cavid onlara yaxınlaşmış və heyvanların Zərərçəkmiş şəxs məxsus olmasını bildirmişlər. Həmin vaxt onlara yaxınlaşan Zərərçəkmiş şəxs heyvanları tövləyə salıb, orada heyvanlara baxdıqdan sonra qayıdacağını bildirmiş və Rövşənlə birgə tövlədə heyvanlara baxmaq üçün getmişlər. O da piyada yaxınlıqda olan Məhəmmədin evinə getmiş, həmin gün, saat 23 radələrində Məhəmməd hadisə ilə bağlı nalayiq ifadələr işlətmiş, o, Məhəmmədi sakitləşdirmək istədikdə sonuncu ona ailə üzvlərindən birini gətirib tövləyə bağlayacağını dediyi üçün əsəbləşib yumruqla Məhəmmədin sağ göz nahiyyəsinə zərbə vurmuşdur. Sonradan əməlindən peşman olmuş, Zərərçəkmiş şəxs üzrxahlıq etmiş, ona dəymiş ziyanı tam ödəmiş və sonuncu onunla barışmışdır. Barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, heyvan saxlamaqla məşğuldur. Təqsirləndirilən şəxs ilə həmkəndli kimi münasibətləri normal olmuşdur. 22 iyun 2023-cü il tarixdə, saat 22 radlərində heyvanları evə gətirərkən kənddəki «Xanlıqlar» marketinin qarşısından keçən yolda Şahid2 Mersedes C markalı maşını ilə kəndarası yolda ehtiyatsızlıqdan onun inəyini vurmuşdur. O, evə gedəndə inəyin bir tərəfinin yaralı və qanlı olduğunu görmüş, marketin qarşısına getmiş və Şahid2 heyvanı yaraladığını bildirmişdir. O, Şahid2la heyvana baxmaq üçün tövləyə getmişlər. Sonra isə Tural da onun evinə gəlmişdir. Həmin gün, saat 23 radələlrində o, Şahid2 tələb etmişdir ki, heyvanı müalicə etdirsin. Orada Təqsirləndirilən şəxs əsas insana nəsə olmasındansa heyvana olmasının yaxşı olmasını bildirdikdə o da dözməmiş və Turala «onda get evdəkilərdən birini gətir, dama bağla» demişdir. Təqsirləndirilən şəxs əsəbləşərək yumruqla bir dəfə onun sağ göz nahiyəsinə vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona dəymiş ziyanı tam ödəmiş, o da Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə-tibbi ekspertizasının 24 iyun 2023-cü il tarixli, 168 nömrəli rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ gözün konyuktiva qişasına qansızma, sağ gözaltı nahiyyənin və sağ göz qapağının qançırları, sağ gözaltı nahiyyənin sıyrığı ilə müşayiət olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdirlər və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərlər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinə əlavə olunmuş 18 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması ilə rədd edilmişdir. İş materiallarında olan, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi, həmçinin işdə olan təkzib olunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ərizələrini nəzərdən keçirib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-12/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-12/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver