Məhkəmə qərarları › İş №1(023)-13/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-13/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-13/2023 07.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Qazax rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 10 avqust 1987-ci il tarixdə Qazax rayonu, Birinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işsiz, evli, iki uşaq artası, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs Gürcüstana qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları X2 və İdrisov Şahid İlyas oğlu ilə birlikdə 17 iyul 2022-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonunda yerləşən 16-cı sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının "dayan" əmrinə tabe olmayaraq hadisə yerindən qaçmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qazax rayonu Birinci Şıxlı kəndində şəxsi evində olarkən saat 12 radələrində həmkəndlisi İdrisov Şahid İlyas oğlu ona zəng edərək hal-əhval eləmiş və Gürcüstan ərazisində bir neçə qutu siqaret olmasını demiş, həmin siqareti götürmək üçün onunla birlikdə qanunsuz olaraq Gürcüstana getmələrini bildirmiş, o da razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, Şahid İdrisovun yaşadığı evə getmişdir. Bir qədər sonra həmkəndlisi Rəfael Hacıyev də ora gəlmiş və orada bilmişdir ki, sərhədə üçü birlikdə gedəcəkdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Rəfael Hacıyev, Şahid İdrisov və özü evdən çıxaraq Gürcüstana qanunsuz keçmək üçün dövlət sərhədinə doğru hərəkət etməyə başlamışlar. Həmin gün saat 21 radələrində sərhədin yaxınlığında, Kür çayının yanında olarkən onlara “dayan” komandası verilmiş, Rəfael və Şahid dayanmışlar, özü isə dayanmamış, geri dönərək yaşadığı kəndə qaçmışdır. Daha sonra ona məlum olmuşdur ki, Rəfael Hacıyev və Şahid İdrisov saxlanılmışdır. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid1 və Şahid2 hər ikisi ayrı-ayrılıqda teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini, məhkəmə iclasında iştirak edə bilmədiklərini və məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişlər. Şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki,, 17 iyul 2022-ci il tarixdə saat 21 radələrində sərhəd zastavasının rəisi zastavanın şəxsi heyyətini silaha komandasına qaldırmışdır. Bu zaman onlara məlum olmuşdur ki, zastavanın xidməti sahəsində 3 nəfər şübhəli şəxs var. Onlar dərhal "Həyəcan qrupu"nun tərkibində sahəyə doğru hərəkət etmişlər. Zastavanın 4-cü sahəsində 3 nəfər şübhəli şəxsin Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkət etmələrini müşahidə etmişlər. Zastava rəisi həmin şəxslərə dayan komandası vermişdir. Şübhəli şəxslərin ikisi olduqları yerdə qalsalar da, 3-cü şəxs əmrə tabe olmayaraq qaçmağa başlamışdır. Zastava rəisi şəxsin tabe olmadığını görərək havaya xəbərdarlıq atəşi açmış, lakin şəxs yenə tabe olmayaraq havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmışdır. İki nəfər şübhəli şəxs isə saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Şahid2 ibtidai istitaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSX-nin N nömrəli hərbi hissənin komandirinin N iyul 2022-ci il tarixli, 16/1542 №-li məktubunda görünür ki, 17 iyul 2022-ci il tarixdə saat 21 radələrində X2 və İdrisov Şahid İlyas oğlu N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının xidməti sahəsindən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. N iyul 2022-ci il tarixli baxış protokolundan görünür ki, X2, İdrisov Şahid İlyas oğlu və Təqsirləndirilən şəxs dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz olaraq keçməyə cəhd göstərdikləri ərazi N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 4-cü sahəsidir. Qazax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 1(023)8/2023 saylı hökmündən görünür ki, məhkum X2 və İdrisov Şahid İlyas oğlu ifadələrində bildirmişlər ki, 17 iyul 2022-ci il tarixdə saat 21 radələrində Gürcüstan istiqamətində irəliləyən zaman onlara “dayan” komandası verilmiş, onlar dayanmış, lakin Şəadət geri dönərək kənd istiqamətinə qaçmağa başlamışdır. Bu zaman sərəhədçilər üç dəfə xəbərdarlıq atəşi açsalar da Şəadət dayanmamışdır. Qazax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 1(023)8/2023 saylı hökmündən görünür ki, X2 və İdrisov Şahid İlyas oğlu Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. İş materiallarında olan Qazax RİHB-nın Birinci Şıxlı kənd İƏD üzrə nümayəndəsinin vermiş olduğu xx.xx.2022-ci il tarixli, 11-21/476 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu, Birinci Şıxlı kəndində yaşayır, himayəsində oğlu - xx.xx.2016-cı il təvəllüdlü Raul Mustafalı, qızı – xx.xx.2021-ci il təvəllüdlü Həcər Mustafalı adlı uşaqları var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 29, 318.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağnın olmasını, səmimi peşman olaraq əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir Bununla yanaşı, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, onun cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur, törətdiyi cinayət az ağır cinayət hesab olunur, təqsirini səmimi etiraf edir, himayəsində iki azyaşlı uşağı vardır, törətdiyi əməldən peşmandır, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, az ağır cinayət törədən, təqsirini səmimi etiraf edən, əməlindən peşman olan, müsbət xarakterizə olunan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, tutulduğu 02 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Qazax rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyətə keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Qazax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar