Məhkəmə qərarları › İş №1(023)-18/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-18/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-18/2023 25.01.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,433 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 19 sentyabr 2022-ci il tarixdə saat 23:40-da Qazax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən “Laquna” adlı kafenin qarşısında saxlanılaraq Qazax şəhəri H.Əliyev prospeki 165A ünvanında yerləşən Qazax rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və xx.xx.2022ci il tarixdə saat 00:35-dən saat 01:10-dək olan müddət ərzində sonuncunun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd göy rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,433 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 5 ünvan Ağstafa çayının sahilində yerləşir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb Ağstafa çayının sahilində gəzən zaman çayın kənarında olan zibil qalıqlarının içərisində göy rəngli siqaret kağızına bükülmüş əşya onun diqqətini çəkmişdir. O, bükülünü açaraq içərisinə baxmış və içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. O da göy rəngli siqaret kağızına bükülü halda olan heroini götürərək əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və axşam istifadə etmək məqsədi ilə oradan uzaqlaşmışdır. Həmin gün saat 23:40 radələrində Qazax şəhərində yerləşən “Laquna” kafesinin qarşısında tək halda dayanıb siqaret çəkən zaman mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Qazax RPŞ-nin əməkdaşları kimi təqdim edərək narkotik vasitə əldə etməkdə və saxlamaqda, istifadə etməkdə şübhəli olduğunu bildirib, birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. O da polis əməkdaşlarının tələbinə uyğun olaraq bir söz demədən polis şöbəsinin inzibati binasına getmişdir. Polis şöbəsində ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra polis şöbəsində polis əməkdaşlarının, vəkilin iştirakı ilə şəxsi axtarışı keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli siqaret bükümündə olan narkotik vasitə heroni təqdim etmişdir. Onun üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarışı videoçəkilişlə aparılmış, protokol tərtib olunmuş, imzalanmış, protokolu o da imzalamışdır. İbtidai istintaq zamanı narkotik vasitə olan heroini Sahil adlı şəxsdən aldığını bildirsə də, əslində Sahil ona heroin satmamışdır. Özü bəzən narkotik maddələrdən istifadə edir. Bu barədə Sahilin də məlumatı olmasını fikirləşir. Sahilin onu polis əməkdaşlarına satdığını düşündüyü üçün polis şöbəsində Sahilin ona heroin satmasını qeyd etmişdir. Üzərindən aşkar edilmiş heroindən heç kimə satmamış və satmaq fikri də olmamışdır. Onda heroin olmasından heç kəsion məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır.Odur ki, qeyd olunanları nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1999-cu ildən DİO-da, 2021-ci ildən isə Qazax RPŞ-nin NMQ-nun baş inspektoru vəzifəsində və polis mayoru xüsusi rütbəsində xidmət edir. Qazax şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində xidmətdə olarkən ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması, istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin razılığından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Qazax RPŞ-nin PPXB-nün polis nəfəri X3, Qazax RPŞ-nin ƏRQ-nun kiçik inspektoru X4, Qazax RPŞ-nin TB-nin təhqiqatçısı X5, Qazax RPŞ-nin KTQ-nun ekspert kriminalisti polis kapitanı X2 və Qazax RPŞ-nin PPXBnün komandir müavini Şahid2 ibarət əməliyyat istintaq qrupu yaradılmış və Qazax RPŞnin rəisi tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması zərurəti ilə əlaqədar qrupa daxil edilmiş əməkdaşlar təlimatlandırılmışdır. Bundan sonra o, Şahid2, Amid Məmmədov və Cavid Qurbanovla birlikdə RPŞ-dən çıxaraq Təqsirləndirilən şəxs mütəmadi vaxt keçirdiyi ünvan 2 ünvanında yerləşən “Laquna” kafesinin ətrafında tədbiri davam etdirməyə başlamışlar. Həmin gün saat 23:40-da Təqsirləndirilən şəxs tək halda “Laquna” kafesinin qarşısında olduğunu görüb birlikdə Elvinə yaxınlaşaraq özlərini təqdim edib Elvinə narkotik vasitələri əldə etməsində, daşımasında, saxlamasında, istehlakında şübhəli olduğunu deyərək onu Qazax RPŞ-nə dəvət eləmişlər. Elvin onların qanuni tələblərinə qarşı heç bir narazılıq etməyərək onlarla birlikdə Qazax RPŞ-nə getmişdir. Qazax RPŞ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və o şübhəli şəxs qismində tutulmuşdur. Vəkilin də iştirakı ilə videoçəkiliş aparılmaqla xx.xx.2022-ci il tarixdə saat 00:35-dən saat 01:10-dək keçirilmişdir Elvinin şəxsi axtarışı aparılmış, bu zaman Elvinə üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Elvin əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd tünd göy rəngli siqaret kağızı bükümünü təqdim edərək içərisində heroin olduğunu və həmin narkotik vasitəni saat 12-13 radələrində Qazax şəhər sakini Sahil adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı əynində olan tünd göy rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyi bükümündə, bükümlə birlikdə 0.53 qram çəkidə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür, şəxsi axtarış xx.xx.2022-ci il tarixdə saat 00:35-də başlamış, saat 01:10-də başa çatmışdır. Məhkəmə-bioloji ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 16/1125 saylı rəyində göstərilmişdir ki - tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər büküm.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd göy rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,433 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. (Heroinin təmiz çəkisi 0,433 qram olmuş, təhqiqata 0,02 qram sərf edildikdən sonra 0,413 qram qalıq qalmışdır.) Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2022-ci il tarixli 1863 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Qazax RİH başçısının Qazax şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yeri üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsi tutma haqqında” 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın– azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməsi onun ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Qazax və Ağstafa rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,413 qram heroin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,4 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax və Ağstafa rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Qazax və Ağstafa rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlnac anbarında saxlanılan 0,413 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim (İmza) «əsli ilə düzdür» Hakim Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar