Məhkəmə qərarları › İş №1(023)-18/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-18/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-18/2024 24.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qazax şəhəri, Səməd Vurğun küçəsi, döngə 5, ev 7-də qeyddiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etdiyi 1 (bir) ədəd qızılı rəngli kağız parçası bükümündə təmiz çəkisi 0,528 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edib üzərində saxlamaqla daşımış, 11 aprel 2023-cü il tarixdə saat 16:00-da Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 1 ünvanda yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin qarşısında idarə etdiyi “Nazlifan” markalı 35-Bl-350 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda həmin gün saat 18:00-dan saat 19:25-dək olan vaxt ərzində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli parça materialdan olan idman şalvarının sağ yan cibindən 0,528 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etdiyi 1 (bir) ədəd polietilen torba kəsiyi bükümündə təmiz çəkisi 40,45 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, 14 iyul 2023-cü il tarixdə saat 12:05-də Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Qazax şəhəri, Heydər Əliyev prospekti, 1-ci döngə, 1 nömrəli ünvanda yerləşən “Yeddi Qaya” marketinin qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda həmin gün saat 13:00-dan 13:50-dək vaxt ərzində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 40,45 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etmişdir, hazırda reabilitasiya müəssisəsində müalicə olunur. 11 aprel 2023-cü il tarixdə, günorta saatlarında Ağstafa rayon Mərkəzi Avtovağzalında piyada hərəkətdə olan zaman yerdə olan qızılı rəngli siqaret kağızı bükümü görmüş, həmin bükümü götürüb içərisinə baxarkən içərisində heroin olduğunu görüb özü istifadə etmək məqsədilə cibinə qoymuş, həmin vasitədən heç kəsə satmamış və digər formada verməmiş, dostunun ona idarə etmək üçün verdiyi «Nazlifan» markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə minib Qazax şəhərinə qayıtmışdır. Həmin gün, yəni xx.xx.2023cü il tarixdə saat 16 radələrində qeyd olunan avtomobillə Qazax şəhəri, Səməd Vurğun küçəsi ilə hərəkət edərkən Qazax rayon Mərkəzi stadionun yaxınlığında mülkü geyimli şəxslər avtomobili saxlatmış, həmin şəxslər avtomobilə yaxınlaşaraq Qazax rayon polis şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin saxlanmasında, daşınmasında, istifadəsində və istehlakında şübhəli olduğunu bildirərək onu Qazax RPŞ-nə aparmışlar. Şöbədə o, müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuş, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunun qızılı rəngli kağızına bükülü halda olan bükümü təqdim etmiş və içərisində heroin olmasını, xx.xx.2023-cü il tarixdə Ağstafa şəhərində avtovağzalın yaxınlığından yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi büküm açılıb baxılmış, elektron tərəzidə çkilmiş, qablaşdırılıb götürülmüşdür. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərində başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan başqa o, ikinci dəfə tutulmamışdan təxminən 20 gün əvvəl Qazax rayonu Xanlıqlar kəndinə gedərkən yolun kənarında çətənə bitkisinin kollarını görüb həmin çətənə kollarını yerindən çıxarıb qurumaq üçün sərərək evlərinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində qeyd olunan kolları sərdiyi yerə gedib qurumuş çətənə kollarının yarpaqlarını özü ilə apardığı sellofan kəsiyinə yığmış, əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş, avtobusla Qazax şəhərinə qayıtmışdır. Həmin gün, saat 12 radələrində Qazax şəhəri H. Əliyev prospektində yerləşən “Yeddi Qaya” marketinin qarşısında olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, onu Qazax RPŞ-nə dəvət eləmişlər, polis əməkdaşları ilə birlikdə RPŞ-nə getmişdir. Orada müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. O, üzərində qurudulmuş marixuana olduğunu bildirərək əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd selofan kəsiyində olan bükümü təqdim etmiş və içində qurudulmuş marixuana olmasını, Qazax rayonu Xanlıqlar kəndi ərazisindən toplayaraq qurudub şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onun təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkilmiş, qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Onun üzərindən şəxsi axtarış zamanı başqa hər-hansı narkotik vasitə, yaxud onun prekursorları aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuanadan kiməsə satmamış və ya digər formada verməmişdir. Əməllərindən peşmandır, hazırda narkotik asılılığından azad olmaq üçün Bakı şəhərindəki rebilitasiya mərkəzlərindən birinidə müalicə alır, müalicəsi uğurla davam edir, gələcəkdə bir daha bu cür əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Elman oğlu ifadəsində göstərmişdir ki, Qazax rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 11 aprel 2023-cü il tarixdə Qazax şəhəri, S.Vurğun küçəsi döngə 5, ev 7-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixatrop maddələr əldə edib istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat tədbirinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna ondan başqa polis əməkdaşları Şahid2, Cavid Qurbanov, Rahil Hüseynov, Anar Hüseynov daxil edilmişlər. O, Şahid2 və Cavid Qurbanovla birlikdə həmin gün, saat 16:00-da ünvan 1 ünvanda yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Nazlifan” markalı 35-Bl-350 dövlət qeydiyyat nişanlı avtomobili saxladıb onu rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində Nəsib müdafiəçi ilə təmin edilmi.ş, üzərində şəxsi axtarış aparılmış, bu zaman videoçəkilişdən iastifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsi təklif edilmişdir. Nəsib əynində olan qara rəngli parça materialdan olan idman şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunun qızılı rəngli kağız bükümünü çıxarıb təqdim etmiş, heroin olmasını, həmin gün Ağstafa şəhərində avtovağzalda yerdən tapdığını bildirmişdir. Büküm təhqiqatçı Anar Hüseynov tərəfindən elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs paltarları, bədən səthi yoxlanılmış, lakin üzərindən digər narkotik vasitə aşkar edilməmişdir. Bundan başqa, 14 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixatrop maddələr əldə edib istifadə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3 həmin əməliyyat məlumatı barədə raportla Qazax rayon polis şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatı yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat tədbirinin keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. 14 iyul 2023-cü il tarixdə saat 12:05-də Qazax şəhəri H.Əliyev prospekti 1-ci döngə, 1 nömrəli ünvanda yerləşən «Yeddi Qaya» marketin qarşısında Nəsibi saxlayıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirmiş və Qazax RPŞ-nə aparmışlar. Orada təhqiqatçı tərəfindən Nəsib müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə Nəsibə üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins materialdan olan şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan kəsiyinin içərisindəki yaşıl rəngli spesifik iyili qurudulmuş halda kütləni çıxarıb təqdim etmiş, marixuana olduğunu, 15-20 gün əvvəl Qazax rayonu Xanlıqlar yolunun kənarında olan çətənə kollarından yığıb qurutduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs paltarları, bədən səthi yoxlanılmış, lakin üzərindən maraq doğura biləcək heç nə aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolla tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 Elman oğlu ilə oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 16/411 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə..» sözləri və imzalar olan kağız parçası bükümdə təmiz çəkisi 0,528 qram maddə, kustar üsulu ilə hazırlanmış narkotik vasitə heroindir (0,528 qram heroindən 0,02 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,508 qram heroin qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/726 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen torba kəsimyi bükümündə təmiz çəkisi 40,45 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (40,45 qram qurudulmuş marixuanadan 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmi, 40,40 qram qurudulmuş marixuana qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 yanvar 2024-cü il taixli 71 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 11 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Qazax RPŞ-də təhqiqatçı, polis mayoru X3 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça materialından olan idman şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunun qızılı rəngli kağız bükümün təqdim etmiş, bükümün içərisində qəhvəyi rəngli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs qeyd olunan kütlənin heroin olmasını və Ağstafa şəhərində avtovağzalda yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış həmin gün, saat 18:00-da başlamış, saat 19:25-də başa çatmışdır. Cinayət işinin materiallarında olan 14 iyul 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Qazax RPŞ-də təhqiqatçı, polis baş leytenantı Cağğar İmamquliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins materialdan olan şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan kəsiyi bükümünü çıxarıb təqdim etmiş, bükümdə narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı 15-20 gün əvvəl Qazax rayonu Xanlıqlar kənd yolunun kənarında olan çətənə kollarından yığıb qurutduğunu və şəxsi istifadəsi üçün üzərində saxdadığını bildirmişdir. Şəxsi axtarış həmin gün, saat 13:00-da başlamış, saat 13:50-də başa çatmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-13-88\11721\2023 nömrəli Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 01 ədəd bükümdə təmiz çəkisi 40,45 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd bükümdə təmiz çəkisi 0,528 qram narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamış və həmin narkotik vasitələr keçirilmiş əməliyyat tədbirləri nəticəsində ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri kimdən, nə vaxt, hansı çəkidə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Onun tərəfindən kiməsə narkotik vasitə, psixotrop maddə satması və ya digər formada verməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkium edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Qazax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən onun üzərində saxlanılmış 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2019-cu il tarixdə çəkib qutardığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan 14 iyul 2023-cü il tarixli və 11 aprel 2023-cü il tarixli şöbhəli şəxs qismində tutma protokollarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində cəmi 04 gün tutulmuşdur. Cinayət işinin materiallarında olan Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 5-58-1-12-21/2-667/2023 nömrəli, xx.xx.2023-cü saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 24 yanvar 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmuu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, təkrar qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını-CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın- azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 04 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin anbarında saxlanılan 40,4 qram qurudulmuş marixuana və 0,508 qram heroin məhv edilməli, iş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatlarının dəyəri olan 64,8 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) gün çıxılaraq onun üzərində 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılmaı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 40,40 qram qurudulmuş marixuana və 0,508 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatlarının dəyəri olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar