Məhkəmə qərarları › İş №1(023)-18/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-18/2025

14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-18/2025 14.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 11 avqust 1996-cı ildə Qazax rayonu Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu Qarapapaq kəndində qeyddiyyatda olan, Qazax şəhəri Ə. Süleymanov küçəsi ev 53-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,334 qram maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 20 avqust 2024-cü il tarixdə saat 19:04 dəqiqədə Qazax şəhəri Heydər Əliyev prospekti 159 nömrəli ünvanda yerləşən hərbi şəhərciyin həyətində saxlanılaraq, qeyd edilən tarixdə həmin ünvanda saat 19:04 dəqiqədən 19:16 dəqiqəyədək olan müddət ərzində fasiləsiz videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş baxış zamanı əynindəki göy rəngli idman şalvarının sol cibindən 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə sübut əhəmiyyətinə malik olacaq predmet aşkar edilərək götürüldükdən sonra Qazax şəhəri Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax Rayon Polis Şöbəsinə gətirilmiş, həmin ünvanda qeyd edilən tarixdə saat 21:10 dəqiqədən 22:10 dəqiqəyədək olan müddət ərzində, əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bilavasitə təqdim edilmiş predmetin götürülməsi qaydasında, Təqsirləndirilən şəxs iştirakı ilə Azərbaycan Respublikası CPM-in 236 və 242-247-ci maddələrinin tələblərinə müvafiq qaydada həmin predmetə baxış keçirildikdən sonra 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,334 qram maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs aldadıldığını və etibarından sui-istifadə edildiyini bilməyərək, narkotik vasitələrə və psixotrop maddələrə, eləcə də, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrə aid edilməyən kütlənin narkotik vasitə heroin olmasını zənn edib, narkotik vasitə heroinə münasibətdə, istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə, 1,477 qram çəkidə xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşısa da, həmin kütlənin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş İ siyahıya aid edilən narkotik vasitələrə və psixotrop maddələrə, eləcədə də, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrə aid edilməyən kütlə olması səbəbindən, cinayət əməlini cinayətə cəhd mərhələsində öz iradəsindən asılı olmayan səbəbdən başa çatdırmayaraq, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə etməyə cəhd etmiş, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 20 avqust 2024-cü il tarixdə saat 19:04 dəqiqədə Qazax şəhəri Heydər Əliyev prospekti 159 nömrəli ünvanda yerləşən hərbi şəhərciyin həyətində saxlanılaraq, qeyd edilən tarixdə həmin ünvanda saat 19:04 dəqiqədən 19:16 dəqiqəyədək olan müddət ərzində fasiləsiz videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş baxış zamanı əynindəki göy rəngli idman şalvarının sol cibindən 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə sübut əhəmiyyətinə malik olacaq predmet aşkar edilərək Qazax şəhəri Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax Rayon Polis Şöbəsinə gətirilmiş, həmin ünvanda qeyd edilən tarixdə saat 21:10 dəqiqədən 22:10 dəqiqəyədək olan müddət ərzində, əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bilavasitə təqdim edilmiş predmetin götürülməsi qaydasında, Təqsirləndirilən şəxs iştirakı ilə Azərbaycan Respublikası CPM-in 236 və 242-247-ci maddələrinin tələblərinə müvafiq qaydada həmin predmetə baxış keçirildikdən sonra 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,477 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə, eləcə də, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrə aid edilməyən kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 20 avqust 2024-cü ildə saat 19:04-də Qazax şəhəri Heydər Əliyev prospektində olarkən Qazax RPŞ-in əməkdaşları ona videoçəkiliş vasitəsilə yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakında şübhəli olduğunu bildirmişlər. Daha sonra təvəllüdü və şəxsiyyəti barədə məlumatlar soruşduqdan sonra 1996-cı ildə anadan olduğunu, ad, soyad və ata adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Üzərində hər hansı narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda o, əynində olan göy rəngli idman şalvarının sol cibində olan içərisində metamfetamin və heroin olan bükümlləri polis əməkdaşlarına təqdim etmiş, bükümlərdən birində heroin, o birində isə metamfetamin olmasını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi bükümlər orada qablaşdırılmış, üzəri onun tərəfindən və polis əməkdaşları tərəfindən imzalanmış və möhürlənmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və hər hansı bir narkotik vasitə və psixotrop maddə aşkar edilmədiyindən o, polis əməkdaşları ilə birgə Qazax RPŞ-in binasına getmişdir. Şöbədə o, müdafiəçi ilə təmin edilmiş, videoçəkiliş vasitəsilə üzərindən qablaşdırılaraq götürülmüş metamfetamin və heroinin qoyulduğu zərf açılmış, elektron tərəzidə çəkilmiş, onları haradan əldə etməsi soruşulduqda onları eyni vaxtda 11 avqust 2024-cü ildə Bakı şəhərində tanımadığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra həmin 02 ədəd büküm kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri imzalanmışdır. Sonradan üzərindən aşkar edilən kütlənin əslində heroin olmadığını ibtidai istintaq zamanı öyrənmişdir. Hazırda əməlindən peşimandır, bir daha narkotik vasitələrdən istifadə etməyəcəyinə söz verir, vərəm xəstəliyindən əziyyət çəkir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qazax rayon Polis Şöbəsinin CAB-nin rəisi vəzifəsində xidmət edir. Qazax şəhər sakini Təqsirləndirilən şəxs Qazax rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və saxlaması ilə bağlı məlumat daxil olduğundan 20 avqust 2024-cü il tarixdə Qazax RPŞ-in rəisinin əmri əsasında əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədilə əməliyyat qrupu təşkil olunmuş və 20 avqust 2024-cü il tarixdə Qazax RPŞ-in Cinayət Axtarış bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün xidməti avtomobillə Qazax şəhəri Heydər Əliyev prospekti 159 nömrəli ünvanda yerləşən hərbi şəhərciyin yaxınlığına yollanmışlar. Həmin gün, saat 19:04-də qeyd edilən ünvanın həyətində piyada hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs görən kimi avtomobili saxlayıb dərhal enərək ona yaxınlaşmışlar. Şahid3 və digər qrup üzvü Şahid2 onun qaçmaq ehtimalına qarşı qollarından tutduqdan sonra o, özünü və onları Təqsirləndirilən şəxs təqdim edərək ona hüquq və vəzifələrini izah etmişdir. Qaçmayacağına əmin olduqdan sonra əməkdaşlar onun qollarını buraxaraq sərbəst, lakin əhatələrində dayanmasına imkan vermişlər. Daha sonra ona şübhənin mahiyyəti izah olunduqdan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz predmet varsa təqdim edilməsi təklif olunmuş, sonuncu əynində olan göy rəngli idman şalvarının sol cibindən 02 ədəd şəffaf polietilen bükümü çıxarıb təqdim etmiş, bükümlərdən birində metamfetamin, digərində isə heroin olmasını demişdir. Bükümlər tərəfindən açılmış və birinin içərisində ağ kristalşəkilli kütlə, digərinin içərisində isə qəhvəyi rəngli kəskin qoxulu kütlə olması müəyyən edilmişdir. Bundan sonra onun üzərinə baxış aparılsa da, başqa heç bir qanunsuz predmet aşkar edilməmiş, daha sonra isə həmin iki ədəd büküm tərəfindən qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd olunan baxış saat 19:04-dən saat 19:16-a qədər davam etmişdir. Bundan sonra isə onlar həmin predmetləri və X4 RPŞ-in inzibati binasına aparmışlar. Orada Şadət müdafiəçi ilə təmin edilmiş, təqdim edilmiş iki ədəd bükümə baxış keçirilmiş, Şadət kütlələrdən birinin heroin, digərinin isə metamfetamin olmasını, demiş, həmin kütlələrin nə olması ilə bağlı suala Təqsirləndirilən şəxs şifahi cavab verərək həmin kütlələrdən birində heroin, digərində isə metamfetamin olmasını, 11 avqust 2024-cü il tarixdə əldə Bakı şəhərində əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2024-cü il tarixli 16/879 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,334 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir, bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,477 qram maddə, narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir (0,334 qram metamfetamindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,284 qram metamfetmain qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 22 oktyabr 2024-cü il tarixli 1739 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə proflikatiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə məhkəmə-kimyəvi ekspertizasının 07 noyabr 2024-cü il tarixli 3-16-16/2-6/5182 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş 1(bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə kütləsinin tərkibində 2-metibisiklonon, Olein turşusu, Oktadekatrilen turşusu, Benzenedikarboksil turşusu, Dimetil-benzenediol maddələri müəyyən edildi. Bu maddələr Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə, Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahıları”na daxil deyidir. Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması” haqqında 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilən zaman onun üzərindən aşkar edilmiş 2 (iki) ədəd bükümün birində olan ağ rəngli kristalşəkilli kütlənin 0,36 qram çəkidə, digərində olan qəhvəyi rəngli kütlənin isə 1,54 qram çəkidə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs ağ kristalşəkilli kütlənin “şüşə” adlanan psixotrop maddə olmasını, qəhvəyi rəngli kütlənin isə “heroin” olmasını və 11 avqust 2024-cü il tarixdə Bakı şəhərində əldə edib üzərində saxlamaqla daşımasını etiraf etmişdir, baxış keçirilməsi saat 21:10-dan başlamış 22:10-da bitmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qazax rayon İcra Hakimiyyət Başçısının Ağköynək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Qarapapaq kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qazax rayon X2 Hüquqi şəxsin veridiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs A ciyərlərin infiltrativ vərəmi, parçalanma mərhələsi dianozu ilə xəstədir. Cinayət işinin materiallarında olan 11 noyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 234.4.1, 234.4,2 və 240.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 234.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 234.1-ci maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, vərəm xəstəsi olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1 və 29, 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 0,284 qram metamfetamin məhv edilməli, iş üzrə məhkəmə xərciekspertiza tədqiqatının dəyəri olan 174,80 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29, 234.1ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılmaı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 0, 284 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 174 (bir yüz yetmiş dörd) manat 80 (səksən) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar