Məhkəmə qərarları › İş №1(023)-19/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-19/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-19/2024 27.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Qazax rayonu Bağanis Ayrım kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 23 dekabr 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Qazax şəhəri Bakı küçəsi 8 nömrəli evin yaşayış otağında arvadı Zərərçəkmiş şəxs yaranmış şəxsi münasibətlərin pozulması zəminində, yəni arvadı Zərərçəkmiş şəxs mobil telefonuna başqa şəxsdən daxil olmuş mesajla əlaqədar Qazax polis şöbəsinə vermiş olduğu şikayət barədə sonradan imtina etməsini ondan gizlətdiyinə görə mübahisə etmiş və əsəbləşərək əli ilə arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub burunun yumşaq toxumalarının şişkinliyi, qançırı, burun qanaxması və burun tənəffüsünün çətinləşməsi ilə müşayət olunan qapalı travması, sol bazunun orta 1/3-nin yan səthinin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş Zərərçəkmiş şəxs onun arvadıdır. Bir müddət əvvəl Qərənfilin işlətdiyi mobil telefona mesaj gəlmiş, mesaj yazmış şəxsin sonradan Qərənfilin qohumu Seymur adlı şəxs olmasını bilmişlər. Qərənfil Seymurun barəsində Qazax polis şöbəsinə şikayət etmişdir. 23 dekabr 2023-cü il tarixdə, saat 10 radələrində yaşadıqları Qazax şəhəri Bakı küçəsi 8 nömrəli evdə Qərənfilin Seymur barədə etmiş olduğu şikayəti geri götürməsini eşitdiyi üçün arvadı ilə sözlə mübahisələri olmuş, otaqda əsəbləşərək əli ilə Qərənfilin sifətinə bir neçə dəfə zərbə vurmuş, Qərənfil evin həyətinə çıxdıqda sonuncunun anası Nərgiz də evin həyətinə gəlmiş və qızının onun tərəfindən döyülməsini bilmiş və Qərənfil anası ilə çıxıb getmişdir. Onlardan başqa evdə heç kim olmamışdır. Hazırda əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Son vaxtlar Təqsirləndirilən şəxs başqa qadınla qeyrirəsmi yaşadığı üçün əri ilə münasibətləri pisləşmişdir. 2023-cü ilin noyabr ayında onun istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı şəxsdən mesaj gəlmiş, sonradan mesaj yazan şəxsin Seymur adlı qohumları olmasını bilmişlər. O, Seymurun barəsində Qazax rayon polis şöbəsinə şikayət etmişdir. Sonradan o, Seymur barəsində şikayətçi olmamışdır. 23 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Qazax şəhəri Bakı küçəsi 8 nömrəli yaşadıqları evdə Elxan ondan çay istəmiş, o, Elxana çay süzüb evin ikinci mərtəbəsinə xəstə uşağının yanına qalxmışdır. Təqsirləndirilən şəxs ondan yenə çay süzməsini istəmiş, Elxana xəstə uşağı ilə məşğul olmasını bildirərək çayı özü süzməsini demiş, Elxan da çay süzməməsini bəhanə etmiş və Seymurun ona mesaj yazması ilə əlaqədar polisə etdiyi şikayəti geri götürməyi ondan gizlətdiyi üçün onunla mübahisə etmiş, yaşayış otağın onun bədənin müxtəlif nahiyyələrinə əli ilə vurmuş, Elxanın əlindən qaçaraq həyətə düşmüş və həmin vaxt anası Nərgizlə qarşılaşmış və anası ilə valideynlərinin yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs onu döyərkən yanlarında heç kim olmamış, hadisə evin otağında 1-2 dəqiqə ərzində baş vermişdir. Hadisə zamanı evdə uşaqlardan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan, yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə qızı Qərənfilin əridir. Qərənfillə Elxanın arasında narazılıqların olmasını bilmiş, lakin qızının ailəsinin dağılmasını istəmədiyi üçün həmişə qızına əri ilə yola getməsini demişdir. 23 dekabr 2023-cü ildə saat 10 radələrində qızıgilin yaşadığı Qazax şəhəri Bakı küçəsindəki 8 saylı evdə səs-küy gəldiyini eşidərək onların evinə getmiş, həyətə girərkən qızının ağladığını, burnunun qanamasını görmüş, Elxanın onu döyməsini bilmiş və qızını öz evinə aparmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibb ekspertizasının 409 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində burunun yumşaq toxumalarının şişkinliyi, qançırı, burun qanaxması və burun tənəffüsünün çətinləşməsi ilə müşayət olunan qapalı travması, sol bazunun orta 1/3-nin yan səthinin qançırı küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RİHB-nın Aşağı Əskipara kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi 08 yanvar 2024-cü il tarixli, 5-58-6-12-21/2-11/2024 saylı arayış və xasiyyətnamədən görünür ki, Qazax rayonu Bağans Ayrım kənd sakini Təqsirləndirilən şəxs məcburi köçkündür, məcburi köçkün kimi Qazax şəhəri Bakı küçəsində yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AZ- İİ№014425 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci ildə doğulmuş Aytəkin adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AZ- İİ№220787 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu ildə doğulmuş Elgün adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİNnin BƏSİİ-nin verdiyi tələbnamədən və Qazax Rayon Məhkəməsinin 28 yanvar 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır, bundan başqa xx.xx.2022-ci il tarixdə onun CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair material üzrə Azərbaycan Respublikası CPM-nin 40.3 (CM-nin 73.2)-cü maddəsinə əsasən icraata xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Cinayət təqibinə xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qazax RPŞ-nin Təhqiqat bölməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə zərərçəkmiş şəxs onunla barışdığı üçün xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yetkinlik yaşına çatmayan iki uşağının olmasını, məcburi köçkün olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar