Məhkəmə qərarları › İş №1(023)-2/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-2/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-2/2023 15.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Qazax şəhəri, Bakı küçəsi, ev 209-da qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gəlib, dostu X5 ilə qabqcadan əlbir olan bir qrup şəxs halında, 29 dekabr 2017-ci il tarixdən 30 dekabr 2017-ci il tarixə keçən gecə, saat 02:50 radələrində Qazax şəhər sakini Zərərçəkmiş şəxs icarəyə götürərək işlətdiyi, ünvan 1 ünvanında yerləşən ərzaq mağazasının plastik qapısındakı qıfılı özləri ilə gətirdikləri dəmir armaturla sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq, oradan birinin dəyəri 15 manat olan 180 manat məbləğində 12 bağlama “Predo” uşaq bezini, birinin dəyəri 5 manat olan 25 manat məbləğində 5 blok “Astra” siqaretini, birinin dəyəri 7 manat olan 14 manat məbləğində 2 blok “Azeri” siqaretini, dəyəri 50 manat olan 10 kiloqramlıq 1 qutu “Kalinka” yağını və plastik qabın içərisindən 40 manat məbləğində müxtəlif qəpik pulları götürüb, zərərçəkmiş şəxsə ümumlikdə 309 manat məbləğində maddi ziyan vurmaqla əmlakını gizli yolla talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 29 dekabr 2017-ci il tarixdə saat 23:30 radələrində dostu Azərlə çayxanada görüşmüş, həmin gecə oğurluq etmək qərarına gəlmişlər, 30 dekabr 2017-ci il tarixdə saat 02:50 radələrində ikisi də birlikdə Qazax şəhəri M.Carçıyev küçəsində yerləşən mağazanın qarşısına getmiş, o, özü ilə gətirdiyi dəmir parçası ilə mağazanın plastik qapısının qıfıl bağlanılan cəftəsini sındırmış, onlar qapıdan mağazaya daxil olmuş və oradan 12 bağlama uşaq bezi, 05 blok “Astra”, 02 blok “Azeri” siqaretləri, 01 qutu 10 kq-lıq “Kalinka” yağı və plastik qabın içərisindəki qəpik pulları götürərək polietilen torbaya yığaraq mağazadan çıxmışlar. Mağazadan çıxdıqdan sonra oğurladıqları əşyaları Qazax şəhər qəbirstanlığında, “Günbəzin” içərisinə qoyaraq gizlətmişlər. O, mağazadan oğurladıqları qəpikləri saymış və həmin pul 40 manat olmuşdur. 30 dekabr 2017-ci il tarixdə saat 13:30 radələrində Azərlə görüşüb qəbristanlığa getmiş və politelin torbanın içərisinə yığaraq gizlətdikləri əşyalardan bir qutu 10 kiloqramlıq yağı və siqaretləri götürərək “Yeddi Qaya” adlı mağazaya getmişlər. Orada işləyən Rabidə adlı qadına yaxınlaşaraq Gürcüstandan satmaq məqsədi ilə gətirdikləri yağ və siqaretlərini satmaq istədiklərini bildirmiş, Rabidə onlara heç bir etiraz etmədən 05 blok “Astra”, 02 blok “Azeri” markalı siqaretləri və bir qutu 10 kiloqramlıq “Kalinka” yağını götürərək ona 70 manat pul vermişdir. Onlar dükandan çıxdıqdan sonra puldan 35 manatını Azərə vermişdir. Həmin gün saat 20:30 radələrində dostu Azərlə təkrarən görüşüb qəbristanlığa gedərək orada gizlətdikləri 12 paket “Predo” adlı uşaq bezlərini götürüb yenidən həmin mağazaya qayıtmış, uşaq bezlərini Rabidəyə 100 manat nağd pula satmışdır. Onlar mağazadan çıxdıqdan sonra əldə etdikləri pulu aralarında yarıya bölmüşlər. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mağazanı icarəyə götürərək işlədir. 29 dekabr 2017-ci il tarixdə saat 17:30 radələrində işlədiyi mağazanın plastik qapısını açar və əlavə olaraq qıfıl vasitəsi ilə bağlayaraq evinə getmiş, 30 dekabr 2017-ci il tarixdə saat 06:20 radələrində mağazaya gələrək qapının açıq olmasını görmüşdür. Mağazaya daxil olduqda oradan 12 paket 04 ölçülü “Predo” adlı uşaq bezi, 05 blok “Astra”, 02 blok “Azeri” markalı siqaretləri, bir qutu 10 kiloqramlıq “Kalinka” yağı və mağazada yerləşdirilmiş soyuducunun üzərindəki plastik qabın içərisindən 10, 20 və 50 qəpiklərdən ibarət olmaqla, ümumilikdə 40 manat oğurlandığını görmüş, daha sonra Qazax rayon polis şöbəsinə gedərək icarəyə götürərək işlətdiyi mağazadan qeyd olunan məhsulların oğurlanması barədə ərizə ilə şikayət etmişdir. Sonradan öyrənmişdir ki, onun işlətdyi mağazadan oğurluq edən şəxslər Təqsirləndirilən şəxs və Azər Sabiridir. Oğurluq nəticəsində ona 309 manatlıq ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənildiyi üçün Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Qazax şəhəri H.Əliyev prospektində yerləşən, Qazax şəhər sakini X1 məxsus “Yeddi Qaya” adlı mağazada satıcı işləyir. 30 dekabr 2017-ci il tarixdə saat 13:30 radələrində mağazada olarkən əvvəldən tanıdığı Qazax şəhər sakinləri Təqsirləndirilən şəxs və Azər Sabiri mağazaya daxil olmuş, Rəhman ona 05 blok “Astra”, 02 blok “Azeri” markalı siqaretlər və 01 qutu 10 kq-lıq “Kalinka” yağının olduğunu, onları Gürcüstandan satmaq üçün gətirdiklərini və ona satmaq istədiklərini bildirmişlər. Rəhmanla razılaşmış, 70 manat verib qeyd olunan malları almış, bundan sonra Rəhmanla Azər birlikdə mağazadan çıxıb getmişlər. Həmin gün saat 20:30 radələrində Rəhmanla Azər təkrar mağazaya gəlib uşaq bezlərinin olduğunu, həmin bezləri də Gürcüstandan satmaq məqsədi ilə aldıqlarını və hazırda satmaq istədiklərini demişlər. 12 paket 04 ölçülü “Predo” adlı uşaq bezlərini 100 manat nəğd pula Azər və Rəhmandan almışdır. 08 yanvar 2018-ci il tarixdə Qazax rayon polis şöbəsinin əməkdaşları onun işlədiyi mağazaya gələrək Rəhmanla Azərin satmış olduqları siqaretlərin, uşaq bezlərinin və yağın oğurluq yolu ilə əldə edildiyini demişlər. Polis şöbəsində Rəhmanla Azərin həmin malları 29 dekabr 2017-ci il tarixdən 30 dekabr 2017-ci il tarixə keçən gecə Qazax şəhəri M.Carçıyev küçəsində yerləşən, əvvəldən tanıdığı Qazax şəhər sakini Zərərçəkmiş şəxs icarəyə götürərək işlətdiyi mağazadan oğurladıqlarını bilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMC-dən alınmış 12 yanvar 2018-ci il tarixli, 02 (a) nömrəli məktubda göstərilmişdir ki, 01 qutu “Astra”, 01 qutu “Azeri” markalı siqaretlərin,01 kiloqram “Kalinka” adlı yemək yağının və 01 ədəd (dörd) ölçülü Türkiyə Respublikası istehsalı olan “Predo” adlı uşaq bezinin 30 dekabr 2017-ci il tarixə olan bazar satış qiymətləri müvafiq olaraq 01 qutu “Astra” markalı siqaret 50 qəpik, 01 qutu “Azeri” markalı siqaret 70 qəpik, 01 kiloqramlıq “kalinka” adlı yemək yağı 05 manat və 01 ədəd 04 (dörd) ölçülü Türkiyə Respublikası istehsalı olan “Predo” adlı uşaq bezi 25 qəpik təşkil etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs Qazax RPŞ-nə verdiyi ərizədən görünür ki, oğurluq hadisəsi nəticəsində ona dəymiş olan maddi ziyan Təqsirləndirilən şəxs və X5 tərəfindən tam olaraq ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 fevral 2018-ci il tarixli madi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd uzunluğu 45 sm, diametri 20 mm, tam orta hissəsindən qismən əyilmiş vəziyyətdə olan dəmir parçası (armatur) və Şahid götürülmüş 01 blok “Astra”, 01 blok “Azeri” və 01 paçka hamsı 04 (dörd) ölçülü olan “Predo” adlı uşaq bezləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Qazax RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 29,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax RİH başçısının şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 23 yanvar 2018-ci il tarixli, 11-21/313 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işindən təqsirləndirilən şəxs X2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 noyabr 2018-ci il tarixli Qazax Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, həmin hökmə əsasən X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 oktyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur, həmin vaxtdan həbsdə saxlanılır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və məhkəmədə dindirilmiş şahidin ifadələri, həmçinin məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında 2 növ cəza, yəni, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 01 ay 03 gün müddət təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və Qazax rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan 01 ədəd uzunluğu 45 sm, diametri 20 mm, tam orta hissəsindən qismən əyilmiş vəziyyətdə olan dəmir parçası məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 blok “Astra”, 01 blok “Azeri” siqaretləri və 01 bağlama 04 nömrəli “Predo” uşaq bezi sahibi Ə. Orucova qaytarılmalı, hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) ay 03 (üç) gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay 06 (altı) gün çıxılaraq onun üzərində 01 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılmaı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd uzunluğu 45 sm, diametri 20 mm, tam orta hissəsindən qismən əyilmiş vəziyyətdə olan dəmir parçası məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 blok “Astra”, 01 blok “Azeri” siqaretləri və 01 bağlama 04 nömrəli “Predo” uşaq bezi sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar