Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-2/2024 14.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1999-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, işsiz, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilərək onun üzərində 2 il sınaq müddəti müyyən edilmiş, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda dövlət sərhədini qanunla müəyyən edilmiş qaydada keçmək üçün müvafiq sənədi olmadığından Gürcüstana getmək məqsədi ilə 07 mart 2019-cu il tarixdə saat 20:15-də Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonu ərazisində yerləşən 1-ci sərhəd zastavasının 1-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, özü Yevlax şəhərində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin arvadı və uşaqları Gürcüstanda yaşayırlar. Şirvan şəhər Məhkəməsinin hökmünə əsasən ona azadlıqdan məhrum etmə cəzası təyin edildiyi, həmin cəza şərti hesab olunduğu üçün o, ailəsini görmək üçün Gürcüstana qanuni yolla gedə bilməmiş, ona görə də gizli, sərhədi pozub Gürcüstana keçmək qərarına gəlmişdir. 07 mart 2019-cu il tarixdə, saat 18 radələrində Qazax rayonu ərazisindəki “Sınıq Körpü” keçid məntəqəsinin yaxınlığına gəlmiş, bir qədər orada gözləyib Gürcüstana keçmək üçün əlverişli yer axtarmış, həmin gün, saat r. Bundan sonra saat 20:15 radələrində Gürcüstana keçmək üçün hərəkət etdiyi vaxt sərhədçilər onu saxlanılmışlar, ona görə də Gürcüstana keçə bilməmişdir. Əməlindən peşmandər, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, DSX-nin N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasının əsgəri olmuş, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 07 mart 2019-cu il tarixdə saat 18:20-dən 00:00-dək sərhəd zastavasının 1-2-ci sahələrində «Sərhəd Gözətçisi» sərhəd naryadı xidmətini əsgər Şahid2 ilə birlikdə təşkil etmişdir. Xidmətdə olduqları müddət ərzində, saat 20 radələrində gecə görmə cihazı ilə ərazini müşahidə edən zaman 1-ci sahədə 3 nəfər şübhəli şəxsin mühəndis çəpəri istiqamətindən Gürcüstan ərazisinə doğru hərəkət etməsini müşahidə etmişdir. Dərhal baş vermiş hadisə barədə rabitə vasitəsi ilə sərhəd zastavasına məruzə etmiş, onları tutmaq üçün ərazidə əlverişli mövqe tutmuşlar. Həmin gün, saat 20:15 radələrində qeyd olunan şəxsləri «Dayan» komandası verərək saxlamışlar. Tərəflərindən saxlanılmış şəxslərdən biri də sonradan adını bildiyi Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasının rəisi kapitan İlkin Heydərovun raportundan görünür ki, 07/08 mart 2019-cu il tarixdə saat 20:14-də “SNB” sərhəd naryadının başçısı əsgər Şahid1 1-ci sahədə maneə çəpərindən 50 metr aralı, Azərbaycan Respublikasının ərazisində 3 nəfər şəxsin saxlanılmasını məruzə etmiş, dərhal sərhəd zastavasına “Silaha” komandası verilmiş, sərhəd komendantlığına hadisə ilə bağlı məruzə etmiş, həyəcan qrupu ilə hadisə baş vermiş sahəyə hərəkət etmiş, əraziyə və nəzarətedici vasitələrə baxış keçirilmişdir. Saxlanılan şəxslərin üzərinə baxış keçirildikdən sonra saxlanılan şəxslərin Azərbaycan Respublikası vətəndaşları xx xxx 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X2 olması məlum olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş İAMAS-dan edilmiş çıxarışlardan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə anası Ş.Məmmədova ilə birlikdə Azərbyacan Respublikasının dövlət sərhəddini keçmiş, 02 avqust 2016-cı il tarixdə anası Ş.Məmmədova ilə birlikdə Azərbyacan Respublikasına qayıtmışdır. DİN BƏSİİ-dən alınmış tələbnamədən və Şirvan Şəhər Məhkəməsinin 03 may 2018-ci il tarixli 1(032)-54/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə həmin 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax Rayon İcra və Probasiya Şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 03 may 2018-ci il tarixli 1(032)-54/2018 saylı hökmü ilə təyin olunmuş cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 23 saylı Evlər Komitəsinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən yayındığı üçün hazırki cinayət işi üzrə icraat xx.xx.2019-cu il tarixdə dayandırılmış, xx.xx.2024-cü il tarixdə təzələnmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 01 gün inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqətini alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 03 may 2018-ci il tarixli 1(032)-54/2018 saylı hökmü ilə təyin edilmiş şərti məhkum etmənin ləğvinə zərurət yoxdur. Məhkəmə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cərimə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməli, CM-nin 69.4-cü maddəsinə əsasən onun tutulduğu 01 gün müddət nəzərə alınaraq təyin edilən cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01(bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzası yüngülləşdirilib 1300 (bir min üç yüz) manata endirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Yevlax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-2/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-2/2024
14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver