Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-20/2024 17.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 , barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5, onun müdafiəçiləri Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 və Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X6 şikayəti onunla əsaslandırmışdır ki, o, 06 noyabr 2023-cü il tarixli, 153070 №-li etibarnamə üzrə X1 nümayəndəsi kimi hüquqlarını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, notariuslarda və digər qurumlarda təmsil edir. Qazax şəhəri, Nəriman Nərimanov küçəsi 3 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti tərəfindən özəlləşməyə çıxarılmış və X11 tərəfindən hərrac vsitəsilə özəlləşdirilmişdir. Daha sonra Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən dövlət reyestrində qeydiyyata alınaraq X7 adına mülkiyyət hüququna dair ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış və **********84-12301 reyestr nömrəli texniki pasport verilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs xüsusi mülkiyyətində olan sözü gedən əmlaka sahiblik etməyə başladığı zaman ona məxsus olan 52.3 kv.m qeyri-yaşayış sahəsində qanunsuz yaşayan X8i 11 noyabr 2023-cü il tarixində könüllü şəkildə bütün əşyalarını götürərək həmin yeri tərk etmişdir. Bu iş Qazax Rayon Polis Şöbəsinin əməkdaşları həmin ərazinin sahə müvəkkili Qurbanov Elşən polis işçisi Əhnədov Əmir və həmin zaman işləyən fəhlələr, Sənan İsmayılov və Emin Məmmədovun şahidliyi ilə olmuşdur. Lakin bir müddət əvvəl ona məlum olmuşdur ki, X5 onu publik formada, sosial şəbəkələrdə təhqir etmişdir, tiktok sosial şəbəkəsində “@intiqam_valeoglu” adlı səhifədə barəsində böhtan xarakteri daşıyan video yayımlamışdır. Videonun məzmunu aşağıdakı kimidir: “...Məni Əkbər adlı şəxs- X9 “Zəfər Bayramı” günü istifadə eliyib, gəlib evimi-eşiyimi uçurdu, dağıtdı. Bütün hər şeyləri götürdü satdı, daşa qədər satdılar...” Güllüzar Rəhimovanın bu çıxışından sonra onun qızı Nərgiz və digər qohumları tərəfindən şərəf və ləyaqətinə toxunan, insanlığa yaraşmayan, nalayiq şərhlər yazmağa başlanmışdırki bu şərhlər İntiqam Valehoğlunun səhifəsində saxlanılır. Bundan başqa X2 rayonunda müxtəlif şəxslərin yanında dəfələrlə onun haqqında nalayiq ifadələr işlədərək təhqir etmiş və böhtan atmışdır. Rəhimova Güllüzarın şər və böhtanı qohum, tanış və qonşular arasında onu nüfuzdan salmış, şərəf və ləyaqətini alçaltmışdır. Odur ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 izahat verərək bildirmişdir ki, xx.xx.1964-cü il tarixdə ünvan 2 ünvanında yaşayır. Əkbər Məmmədovun şikayətində göstərdiyi xüsusatlar tamamilə şər böhtandır. O, Əkbərə qarşı şikayət ərizəsində göstərdiyi təhqir edici və nüfuzdan salıcı ifadələr işlətməmişdir. Odur ki, X4 xüsusi ittiham qaydasında məhkəməyə verdiyi şikayət əsasızdır, həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əkbər Məmmədov tərəfindən verilmiş şikayətin forma və məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1 və 293.3.7-ci maddələrinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Təhqir” adlanan 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyasından görünür ki, bu maddələr ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları eləcədə təhqiri, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtan və təhqir cinayət məsuliyyəti yaradan böhtan və təhqiri bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147 və 148ci maddələrinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməli qanunda göstərilən üç üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədilmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin əməlində cinayətin əlamətləri olmadığından, eyni zamanda xüsusi ittiham qaydasında edilən şikayətdə Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan forma və məzmununa düzgün riayət edilmədiyindən həmin xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü və 302.1.6-cı maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6, 302.2.3, 384-385-ci maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-20/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-20/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver