Məhkəmə qərarları › İş №1(023)-22/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-22/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-22/2023 17.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasınin vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, məhkum olunmayan, Qazax şəhəri, Nəsrəddin Tusi küçəsi ev 12-də qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 12,529 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 25,165 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, 17 may 2022-ci il tarixdə saat 14:20-də Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu yaşadığı Qazax şəhəri N.Tusi küçəsində yerləşən 12 nömrəli fərdi yaşayış evinin qarşısında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 15:10-dan saat 16:25-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli jiletin sağ iç cibindəki plastik qutunun içərisindən 8 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,128 qram, 5,047 qram, 0,390 qram, 0,398 qram, 0,396 qram, 0,376 qram, 0,403 qram, 0,391 qram, ümumi təmiz çəkisi 12,529 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 3 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və 2 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 23,512 qram, 1,138 qram, 0,320 qram, 0,093 qram, 0,102 qram, ümumi təmiz çəkisi 25,165 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qazax şəhəri, Nəsrəddin Tusi küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşamışdır, evlidir, iki uşağı var. Özü qara ciyər xəstəliyindən əziyyət çəkir. 2022ci ilin may ayında, polis əməkdaşları onu saxlamazdan bir neçə gün əvvəl mobil telefonunda olan “vatsap” tətbiqi vasitəsi ilə Əli adlı İran vətəndaşının nömrəsinə zəng vurub ondan öz istifadəsi üçün birdəfəlik heroin və metamfetamin almaq istədiyini demiş, Əli 300 manata bunları ona sata biləcəyini, pulu göndərəcəyi karta yüklədikdən sonra narkotik vasitənin və psixotrop maddənin Qazax şəhərində bir yerə qoyulacağını bildirmiş, o da razılaşıb 300 manat pulu Qazax şəhərində yerləşən xatırlamadığı ödəniş terminalından Əlinin “vatsap” tətbiqi vasitəsi ilə göndərdiyi kart hesabına köçürmüş, daha sonra Əlinin göndərdiyi şəkilə uyğun olaraq Qazax şəhəri ərazisində yerləşən “At heykəlinin” yanına gedib 1 ədəd sellofan bükümdə olan metamfetamini və 1 ədəd sellofan bükümdə olan heroini götürmüş, gələcəkdə özü istifadə etmək üçün heroini 8 ədəd şəffaf sellofan bükümdə, metamfetamini osə 3 ədəd şəffaf sellofan bükümdə və 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə qablaşdırıb 1 ədəd plastik qutuya qoyub üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 14:20-də Qazax şəhəri, N.Tusi küçəsində yerləşən yaşadığı evin qarşısına hava almaq üçün çıxmış, həmin vaxt Qazax rayon polis şöbəsinin əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Orada müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli jiletin sağ iç cibindən ağ rəngli plastik qutuda 8 ədəd selofon bükümdə heroin, 3 ədəd selofan və 2 ədəd gümüşü kağız bükümdə metamfetamin aşkar edilərək götürülmüş, elektron aptek tərəzisi vasitəsilə çəkilmiş, sayı çox olduğundan çəkiləri dəqiq yadında qalmamışdır. Qeyd olunan narkotik vasitəni üzərində gəzdirməkdə və saxlamaqda məqsədi gələcəkdə həmin narkotik vasitəni yalnız özü üçün istifadə etmək olmuş, həmin narkotik vasitədən heç kimə verməmiş, satmamış, ümumiyyətlə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və o cür fikrə də düşməmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində bildirmişdir ki, Qazax rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Qazax şəhəri Nəsrəddin Tusi küçəsi ev 12-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumata əsasən xx.xx.2022-ci il tarixdə saat 14:20-də o, Şahid3, Şahid4 və Şahid2 Təqsirləndirilən şəxs Qazax şəhəri Nəsrəddin Tusi küçəsində, yaşadığı evin qarşısında saxlayıb **-AP-*** dövlət qeydiyyat nişanlı, “Renault Duster” markalı xidməti avtomobillə Qazax RPŞ-nə aparımışlar. PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, vəkilinin də iştirakı ilə videoçəkilişlə Ceyhunun üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı Ceyhun əynində olan qara rəngli jiletin sağ iç cibindən 1 ədəd ağ rəngli plasmas qutu, “Kapital Bank” plastik kartı və öz şəxsiyyət vəsiqəsini çıxardıb təqdim etmişdir. Plastmas qutunun qapağı açıldıqda içərisində 8 ədəd sellofan bükümündə qəhvəyi rəngli kütlələr, 3 ədəd sellofan bükümündə ağ rəngli kütlələr, 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümü aşkar edilmişdir. Təqsirləndirilən şəxs onların heroin və metamfetamin olduğunu, səhhətindəki problemlərlə bağlı 300 manat müqabilində İran vətəndaşından aldığını bildirmişdir. Bundan sonra həmin bükümlər bir-bir açılmış, 8 ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli heroinə oxşar kütlələr, 3 ədəd sellofan bükümün və 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içərisində ağ rəngli, kristalşəkilli metamfetaminə oşxar kütlələr elektron tərəzi vasitəsi ilə ayrı-ayrılıqda çəkilmiş, sonra həmin bükümlər yenidən 1 ədəd ağ rəngli plasmas qutunun içərisinə yığılıb 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, o və digər iştirakçılar zərfin üzərini imzalamışdırlar. Şəxsi axtarış saat 15:10-da başlamış, saat 16:25-də bitmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan şəxsi axtarış və götürmə aparılması haqqında 17 may 2022-ci il tarixli protokoldan görünür ki, 17 may 2022-ci il tarixdə saat 15:10-dan saat 16:25-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli jiletin sağ iç cibindən 1 ədəd plastik qutunun içərisində 8 ədəd sellofan bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlələr, 3 ədəd sellofan bükümdə və 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə oşxar kütlələr aşkar edilmiş, həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkildikdə içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar kütlələr olan 8 ədəd sellofan bükümün çəkilərinin 5,36 qram, 0,49 qram, 0,47 qram, 0,50 qram, 0,46 qram, 0,47 qram, 0,45 qram, 5,92 qram, ümumi çəkisinin 14,09 qram, içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə oxşar kütlələr olan 3 ədəd sellofan bükümün çəkilərinin 1,46 qram, 24,04 qram, 0,55 qram, 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün çəkilərinin 0,16 qram, 0,19 qram, ümumi çəkisinin 26,42 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli kütlələrin “kakos”, ağ rəngli kütlələrin “şüşə” olduğunu, ağrıları olduğuna görə özü istifadə etmək üçün təxminən 300 manat müqabilində Bakı şəhərində İran vətəndaşından aldığını bildirmişdir. Həmin kütlələr 1 ədəd kağız paketdə qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 18 may 2022-ci il tarixli, 16/579 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələr...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd plastik qutudakı- 8 (səkkiz) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılqıda təmiz çəkiləri 5,128 qram, 5,047 qram, 0,390 qram, 0,398 qram, 0,396 qram, 0,376 qram, 0,403 qram, 0,391 qram, ümumi təmiz çəkisi 12,529 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində və 2 (iki) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 23,512 qram, 1,138 qram, 0,320 qram, 0,093 qram, 0,102 qram, ümumi təmiz çəkisi 25,165 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop amddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısına (Siyahı İ) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 1-ci siyahısına İİ bəndində daxildir. QEYD: Heroinin ümumi təmiz çəkisi 12,529 qram, tədqiqata sərf edildi 0,4 qram (hər ob. 0,05 qram), qalıq 12,129 qram. Metamfetamin ümumi təmiz çəkisi 25,165 qram, tədqiqata cəmi sərf edildi 0,25 qram, (hər ob. 0,05 qram) qalıq 24, 915 qram. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 16 iyul 2022-ci il tarixli 446 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq, o, hazırki cinayət əməlini törədərkən öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli, 1144 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 12,529 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 25,165 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün əldə edib üzərində saxladığı müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, hər hansı şəxsə narkotik vasitə və psixotrop maddə satması öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 may 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Qazax rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1, 234.1, 228.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 07 ay 29 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 25 iyul 2022-ci il tarixli, xx-xx/1044 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təsərrüfatbaşına qeydiyyat kitabına əsasən ünvan 2 ünvanında qeyiyyatdadır. Arvadı- 1984-cü il təvəllüdlü X2, oğlu- 2011-ci il təvəllüdlü X3, qızı- 2013-cü il təvəllüdlü X4 tərkibdə ailə üzvləri vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 15 avqust 2011-ci il tarixli, AZ-İİ№728510 saylı doğum haqqında şəhadətnamədən və AZE№12122562 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 may 2011-ci il tarixdə anadan olmuş Yusif adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 07 sentyabr 2016-cı il tarixli, AZ-İİİ№805452 saylı doğum haqqında şəhadətnamədən və AZE№12122575 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 29 iyul 2013-cü il tarixdə anadan olmuş Pəri adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Ağstafa rayon Mərkəzi Xəstəxanasının verdiyi 19 aprel 2022-ci il tarixli ultrasəs müayinə protokolu ultrasəs müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Qara ciyərin böyüməsi 1-ci dərəcəli piy hepatozu əlamətləri daşsız xolesistit, Mədə 12 b.b müayinəsi, pankreasın lipomatoz əlamətləri, dalağın az dərəcə böyüməsi, bağırsaqlarda meteorizm, sağ böyrəyin kiçik ölçülü daşları, sol böyrəyin zəif iltihab əlamətləri kiçik ölçülü daşları XR Prostatit, Radikulo-medulyar sindrom xəstəliyindən əzab çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə istintaqı zamanı təyin edilmiş əlavə məhkəmə-narkoloji ekspertizasının 14 mart 2023-cü il tarixli, 431 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 20 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi olmadığından, Azərbaycan Respublikası CPMnin 39.1.2-ci madəsinə əsasən barəsində həmin maddələr ilə cinayət təqibinə xitam verilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iki azyaşlı uşaq atası olmasını, səhhətində problemlər olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, aşkar edilmiş narkotik vasitənin miqdarını nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 17 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 08 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,078 qram, 4,997 qram, 0,340 qram, 0,348 qram, 0,346 qram, 0,326 qram, 0,353 qram, 0,341 qram, ümumi təmiz çəkisi 12,129 qram heroin, həmçinin, 03 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və 02 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 23,462 qram, 1,088 qram, 0,270 qram, 0,043 qram, 0,052 qram, ümumi təmiz çəkisi 24,915 qram metamfetamin məhv edilməli, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,4 manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 08 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,078 qram, 4,997 qram, 0,340 qram, 0,348 qram, 0,346 qram, 0,326 qram, 0,353 qram, 0,341 qram, ümumi təmiz çəkisi 12,129 qram heroin, həmçinin, 03 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və 02 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 23,462 qram, 1,088 qram, 0,270 qram, 0,043 qram, 0,052 qram, ümumi təmiz çəkisi 24,915 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev Əsli ilə düzdür: /imza var/ Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar