Məhkəmə qərarları › İş №1(023)-22/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-22/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-22/2024 24.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qazax şəhəri, 20 Yanvar küçəsi, 37 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin pəncərəsindən qanunsuz həmin evə daxil olaraq yataq otağındakı güzgü masasının üst çəkməcəsində olan 1 ədəd sarı rəngli metaldan, üzərində sarı, gümüşü, qırmızımtıl-sarı rəngli, kürə formalı elementləri olan -üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, 2,02 qram çəkidə 172 manat dəyərində sırğa cütünü, 1 ədəd sarı rəngli metaldan, üzərində sarı, gümüşü, qırmızımtıl-sarı rəngli, kürə formalı elementləri olan- metalı 585 əyara qızıla uyğun, 1,96 qram çəkidə 167 manat dəyərində üzüyü və 1 ədəd 583 əyarlı, 6,5 qram çəkidə, qızıldan hazırlanmış üzüyün üzərindəki brilyant qaşlarının sayı 05 ədəd olmaqla hər birinin çəkisi 10 sot, istehsal ölkəsi Azərbaycan Respublikası olmaqla, Rusiya modelində hazırlanmış, brilyantlar ağ şəffaf rəngdə olmaqla, 1200 manat dəyərində təmiz sibir brilyant üzüyü gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1539 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayan Zərərçəkmiş şəxs onun dayısıdır. Dayısı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə oğlu Cavada Qazax şəhərində yerləşən “Sultan Süleyman” şadlıq sarayında toy məclisi təşkil etmişdir. Anası həmin toya dəvətli olduğu üçün getmiş, lakin o, toy məclisinə dəvət edilməmişdir. Həmin gün saat 21 radələrində o, dayısı Zərərçəkmiş şəxs ailə üzvlərinin toyda olmalarından istifadə edərək qeyd olunan evdən oğurluq etmək qərarına gəlmiş, Zərərçəkmiş şəxs evinə yaxınlaşmış, evdə və ətrafda heç kəsi görməmiş və evin pəncərəsinin torunu çıxarıb yerə atmış və açıq olan pəncərədən evə daxil olmuşdur. O, evdə olan əşyalara göz gəzdirmiş, oğurlamaq üçün qızıl-ziynət əşyaları və pul axtarmış, yataq otağında olan güzgü masasının üst çəkməcəsindən 1 dəst sırğa və üzüyü, 1 ədəd üzəri brilyant qaşlarla bəzədilmiş qadın üzüyünü götürüb oğurlamış, daxil olduğu pəncərədən çıxıb evlərinə getmiş, oğurluq etməsi barədə heç kəsə bildirməmişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, oğurladığı qızıl-ziynət əşyalarını satıb pul əldə etmək üçün Qazax şəhəri “Universam” Ticarət Mərkəzində yerləşən qızıl əşyaların ticarəti ilə məşğul olan mağazaya getmiş, sonradan adını bildiyi Çingiz Salıfova yaxınlaşıb oğurladığı üzük-sırğa dəstinin özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmiş, Çingiz Salıfov onun şəxsiyyət vəsiqəsini və həmin qızıl-zinət əşyalarını götürüb baxmış, üzük-sırğa dəstini elektron tərəzidə çəkmiş, ona 340 manat pul vermişdir. Dayısının evindən oğurladığı digər, brilyant qaşlarla bəzədilmiş üzüyü Bakı şəhərində tanımadığı şəxsə 600 manata satmış və pulu xərcləmişdir. Bu oğurluqdan başqa cinayət hadisəsi törətməmişdir. Hazırda islah olunmuşdur, Bakı şəhərində reabilitasiya mərkəzlərindən birində müalicə olunub sağalmışdır, hazırda reabilitasiya mərkəzində işləyir. Oğurluq etdiyi üçün əməlindən peşmandır. Dayısından üzrxahlıq etmiş, ona dəymiş zayanı ödəmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən evdə yaşayır, Qazax magistiral Qaz kəmərləri sahəsində dispetçer xidmətinin rəisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə oğlu Cavada Qazax şəhərində yerləşən “Sultan Süleyman” şadlıq sarayında toy məclisi təşkil etmişdir. Həmin gün saat 16 radələrində yaşadığı evin qapılarını bağlayıb ailə üzvləri ilə birlikdə evdən çıxaraq şadlıq evinə getmiş, saat 23:30 radələrində toy məclisi qurtarmış və o, yaşadığı evə qayıtmışdır. Həmin gün gec olduğundan və toya başı qarışdığından evdə hər hansı bir oğurluq olub-olmamasına fikir verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində yuxudan oyandıqdan sonra yaşadığı evin giriş hissəsindən sağ tərəfdə olan pəncərəinin açıq olduğunu və pəncərəyə bayır tərəfdən keçirilmiş torun yerdə olduğunu görən kimi yaşadığı evdən oğurluq olduğunu güman etmişdir. O, evdə olan əşyalara göz gəzdirdikdə evin yataq otağında olan güzgü masasının ən üst çəkməcəsinə qoyulmuş Türkiyə Respublikası istehsalı olan 339 manat dəyərində 1 dəst sırğa və üzükdən ibarət qızıldan hazırlanmış, 583 əyarlı 2021-ci ildə alınmış, ümumi çəkisi 6,5 qram olan qızıl-ziynət əşyaların və 1 ədəd 583 əyarlı 1970-ci illərdə alınmış, üzəri brilyant qaşlarla bəzədilmiş, 5 qram çəkidə qadın üzüyünün oğurlandığını müəyyən etmiş, polisə zənglə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən evə baxış keçirilmiş və müvafiq sənədləşmə aparılmışdır. Həmin hadisədən sonra o, evindən oğurlanmış qızıl–ziynət əşyalarını axtarmağa başlamış və Qazax şəhərində «Universam» kimi tanınan yerdə qızıl –ziynət əşyalarının alqı satqısı ilə məşğul olan Çingiz adlı şəxsin mağazasında 1 cüt sırğa və üzükdən ibarət dəsti aşkar etmiş və dərhal polis əməkdaşlarına məlumat vermişdir. Polis əməkdaşları tərəfindən ona məxsus 1 cüt sırğa və üzükdən ibarət dəst Çingiz adlı şəxsdən sənədləşdirilərək götürülmüşdür. Söhbət zamanı ona məlum olmuşdur ki, həmin dəsti Çingizə onun bacısı oğlu Təqsirləndirilən şəxs 340 manata satmış, həmçinin 1 ədəd brilyant qaşları olan üzüyü də satmaq istəmiş, lakin qiymətdə razılaşmadıqlarına görə Elmir Qacayev üzüyü satmamışdır. xx.xx.2023-cü il tarixli, 9/2326 nömrəli ekspert rəyində briliyant qaşlı üzüyün noyabr ayına 1200 manat göstərilmiş qiyməti ilə tam razıdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını ona dəymiş ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibətləri olmamışdır. Zərərçəkmiş şəxs Qazax şəhər sakini kimi tanımış, onunla heç bir münasibəti olmamışdır. O, qızıl-ziynət əşyalarının alqı-satqısı ilə məşğul olur və işlətdiyi mağaza Qazax şəhəri “Universam” Ticarət Mərkəzində yerləşir. xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində o, mağazada olan zaman, şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs mağazaya daxil olub cibindən üzük-sırğa dəsti çıxararaq həmin əşyaların qızıl olduğunu və satmaq istədiyini bildirmişdir. O, həmin şəxsin kim olduğunu və qızıl zinət əşyalarını haradan aldığını soruşmuşdur. O, Qazax şəhərindən olduğunu, şəxsiyyət vəsiqəsini təqdim edərək həmin qızıl-zinət əşyalarının da özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, həmin əşyaları alıb baxmış, həqiqətən də qızıldan hazırlandığına əmin olmuşdur. Sonra üzük-sırğa dəstini elektron tərəzidə çəkmiş, üzük-sırğa dəstinin ümumi çəkisi təxminən 4,5 qram olmuşdur. Onlar həmin qızıl-ziynət əşyalarını 340 manata razılaşmışlar. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini və satmaq istədiyi qızıl-ziynət əşyalarını mobil telefonu vasitəsi ilə şəkillərini çəkmiş, qeydiyyat kitabında qeydiyyatını aparmış və 340 manat verərək üzük-sırğa dəstini almışdır. Bundan sonra Təqsirləndirilən şəxs cibindən 1 ədəd qadın üzüyü də çıxararaq satmaq istədiyini bildirmişdir. O, həmin üzüyə baxdıqdan sonra qızıldan olduğunu, üzərinin brilyant qaşlarla bəzədildiyini görmüş, tərəzidə çəkmiş və çəkisinin təxminən 6,5 qram olduğunu bildirib Təqsirləndirilən şəxs 500 manat təklif etmişdir. Təqsirləndirilən şəxs razılaşmamış və həmin üzüyü ona satmayıb oradan çıxıb getmişdir. Polis işçiləri bu barədə ondan soruşanda o, həqiqətən də Təqsirləndirilən şəxs qızıl-ziynət əşyaları aldığını bildirib həmin əşyaları onlara təqdim etmişdir. Həmçinin qızıl-ziynət əşyalarını alan zaman qeydiyyat apardığı kitabı və çəkdiyi şəkilləri təqdim etmişdir. Briliyant üzük haqqında onu da bildirmişdir ki, briliant qızıl üzük, 01 ədəd 583 əyarda, 6,5 qram çəkidə olmuşdur. Qızıldan hazırlanmış üzüyün üzərindəki brilyant qaşların sayı 05 ədəd olmaqla hər birinin çəkisi 10 sot olmuşdur. İstehsal ölkəsi Azərbaycan Respublikası olmaqla Rusiya modelində hazırlanmışdır. Briliantlar ağ şəffaf rəngdə olmaqla, təmiz sibir briliantı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Qazax şəhərində, 20 Yanvar küçəsi, 37 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş bir şəxs kimi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Qazax şəhəri Sabir küçəsi ev 3-də yaşayan Zərərçəkmiş şəxs əvvəllər üzdən tanımış, lakin heç bir münasibətləri olmamışdır. Mahir Sülyemanov xx.xx.2022-ci il tarixdə Qazax RPŞ-nə müraciət edərək yaşadığı evdən xx.xx.2022-ci il tarixdə bir cüt sırğa, üzükdən ibarət dəsti və bir ədəd üzüyün oğurlandığını bildirmişdir. Həmin gün Zərərçəkmiş şəxs saat 16:30-da oğlu Cavadın Qazax şəhərində yerləşən “Sultan Süleyman” şadlıq sarayında təşkil olunan toy məclisinə getmiş və axşam saat təxminən 23 radələrində evlərinə qayıtmışdır. Həmin gün gec olduğundan Zərərçəkmiş şəxs evdə hər hansı bir oğurluq olub-olmamasına fikir verməmiş, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində yuxudan oyanmış, yaşadığı evin pəncərəinin açıq olduğunu və pəncərəyə keçirilmiş torun yerdə olduğunu görən kimi yaşadığı evdən oğurluq olmasını güman etmiş və evdəki əşyaları yoxlamışdır. Zərərçəkmiş şəxs evin əşyalarını yoxladıqdan sonra yataq otağında olan güzgü masasının üst çəkməcəsinə qoyulmuş qızıldan hazırlanmış sırğa və üzükdən ibarət dəstin və 1 ədəd üzəri brilyant qaşlarla bəzədilmiş qadın üzüyünün oğurlandığını müəyyən etmişdir. Təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs evinə baxış keçirilmiş və müvafiq sənədləşmə aparılmışdır. Zərərçəkmiş şəxs həmin oğurluğu Qazax şəhəri, 20 Yanvar küçəsi, 37 nömrəli evdə yaşayan əvvəllər oğurluq üstə məhkum olunmuş bacısı oğlu Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bildirmişdir. O, iş yoldaşı Şahid3lə birlikdə dərhal Təqsirləndirilən şəxs yaşadığı evdə və digər yerlərdə axtarmış, lakin onu heç yerdə tapa bilməmişdir. Ev sahibi Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə məlumat verərək evindən oğurlanmış qızıl-ziynət əşyalarını Qazax şəhərində «Universam»da Çingizin mağazasında satışa qoyulduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həqiqətən də Çingiz Salıfovun işlədiyi mağazadan Zərərçəkmiş şəxs məxsus bir ədəd sırğa-üzük dəsti aşkar edilərək götürülmüşdür. Çingiz Salıfov həmin qızılziynət əşyaları xx.xx.2022-ci il tarixdə səhər tezdən Təqsirləndirilən şəxs aldığını və bu barədə alqı-satqı kitabında qeydiyyat apardığını və Elmirin şəxsiyyət vəsiqəsinin şəkilini bildirmişdir. Bundan başqa Çingiz Salıfov bildirmişdir ki, Təqsirləndirilən şəxs həmçinin 1 ədəd briliant qaşları olan üzüyü də satmaq istəmiş, Çingiz həmin üzüyü tərəzidə çəkmiş, çəkisinin 6,5 qram olmasını müəyyən etmiş, qiymətdə razılaşmadıqlarına görə Təqsirləndirilən şəxs üzüyü ona satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ilə oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşunaslıq və kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/7061-9/9075 nömrəli rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda göstərilən 585 əyarlı, çəkisi 2,02 qram qızıldan hazırlanmış 1 cüt sırğanın 172 manat dəyərində və 585 əyarlı, çəkisi 1,96 qram qızıldan hazırlanmış 1 ədəd üzüyün 167,0 manat dəyərində, sırğa-üzük dəstinin 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyərinin 339,0 manat olması müəyyən edilir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2326 nömrəli rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 583 əyarlı, 6,5 qram çəkidə qızıldan hazırlanmış üzüyün üzərindəki brilyant qaşların sayı 05 ədəd olmaqla, hər birinin çəkisi 10 sot, istehsal ölkəsi Azərbaycan Respublikası olmaqla, Rusiya modelində hazırlanmış, briliantlar ağ şəffaf rəngdə olmaqla, təmiz sibir briliant üzüyün 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti 1200,00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan 06.11. 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evidir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs yataq otağında olan güzgü masasının ən üst çəkməcəsini göstərib bildirmişdir ki, orada olmuş 1 ədəd brilyant qaşlı qadın üzüyün, həmçinin1 cüt sırğa və üzükdən ibarət dəstin oğurlandığını müəyyən etmişdir. Cinayət işinin materiallarında olan 06.11. 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Qazax RPŞ-si Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Cabbar İmamquliyev tərəfindən xx.xx.2022-ci il tarixdə Qazax şəhərində yerləşən “Universam”da qızıl ziynət əşyalarının alqı-satqısı ilə məşğul olan X2 1 cüt sırğa və 1 ədəd üzük götürülmüşdür. Çingiz Salifov həmin qızıl zinyət əşyalarını xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şahid3 340 manata aldığını bildirmiş və sonuncunun şəxsiyyət vəsiqəsinin, həmçinin aldığı qızıl-ziynət əşyalarının fotoşəkillərini çəkdiyini, alqı-satqı kitabçasında aldığı əşyalar barədə qeydiyyat apardığını bildirmişdir. Odur ki, həmin kitabçaya baxış keçirilərək fotoşəkili çəkilmiş, həmçinin Çingiz Salıfovun təqdim etdiyi Şahid3 şəxsiyyət vəsiqəsinin və qızıl-ziynət əşyalarının fotoşəkilləri götürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs evinin açıq olan pəncərədən evə daxil olaraq yataq otağındakı güzgülü masanın yuxarı siyirməsində olan 1 ədəd sırğa cütünü, 1 ədəd üzüyü və 1 ədəd üzərində brilyant qaşları olan qadın üzüyü oğurlamış və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 1 ədəd sırğa cütünü, 1 ədəd üzüyü Qazax şəhərində qızıl ziynət əşyalarının alqı-satqısı ilə məşğul olan Çingiz Salıfova 340 manata satmışdır. Digər briliant qaşlı üzüyün yerini, həmçinin Təqsirləndirilən şəxs tərəfindən digər cinayətlərin törədilməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 .01.2022-ci il tarixli qərarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 29 gün hissəsini çəknəkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 5-58-1-12-21/2-390/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 gün tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 83.1.-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkib qurtardığı gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini əmələ gətirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək ona dəymiş ziyanı ödəməsini, dayısı olan zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, gənc olmasını, faydalı əməklə məşğul olmasını, törətdiyi cinayəti səmimi etiraf edib əməlindən peşman olmasını, cəzasını digər yüngülləşdirən halları nəzərə alıb göstərilən halların məcmusunu müstəsna hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 65.3-cü maddəsinə əsasən həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin edilməsi məqsədəmüvafiqdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin olunarkən CM-nin 65.3cü maddəsinə əsasən CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmamalı, ona CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən tutulduğu 01 gün təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-də saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 cüt sırğa və 01 ədəd üzük sahibi M. Süleymanova qaytarılmalı, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul E. Qocayevdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılaraq onun üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Qazax RPŞ-də saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 cüt sırğa və 01 ədəd üzük sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar