Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-22/2025 05.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli- himayəsində 2 nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, İİ qrup əlil, məhkumluğu olmayan, Qazax şəhəri M.Əsədov küçəsi ev 19-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,265 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:05-də Qazax RPŞ-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Qazax şəhəri X9 küçəsi 9 ünvanında yerləşən “Aybəniz” şadlıq sarayının yaxınlığında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospeki 165A ünvanında yerləşən Qazax rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda xx.xx.2023-cü il tarixdə саат 19:00-dan saat 19:45-dək olan müddət ərzində sonuncunun üzərində şəxsi axtarış aparılan zaman əynində olan parça materialdan hazırlanmış şalvarının sağ yan cibindən 01 ədəd “Elegance” markalı siqaret qutusunun içərisindən gümüşü rəngli siqaret kağızı bükümündə ümumilikdə təmiz çəkisi 0,265 qram təşkil edən kustar üsulla hazırlanmış narkotiq vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qazax şəhəri M.Əsədov küçəsi ev 19-da qeydiyyatda olmaqla yaşayır, İİ qrup əlildir və əlilliklə təqaüd alır. Təxminən 5 il olar ki, bədənində agrılar oldugundan narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə edir. Təxminən 20 gün bundan əvvəl Bakı şəhərində “Vorovski” deyilən ərazidə olan zaman axşam saatlarında küçədə gəzərkən yerdə gümüşü rəngli siqaret kağızı bükümü olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün qeyri ixtiyari əyilərək yerdən həmin narkotik vasitəni götürmüş və şalvarının cibinə qoymuşdur. Bir qədər sonra tənha bir yerdə həmin bükülünü açmış, içərisində narkotik vasitə olan haroin olduğunu görmüş və şəxsi istifadəsi üçün saxlamaq qərarına gəlmişdir. Bundan sonra özü də siqarət istifadəçisi olduğu üçün mütəmadi üzərində siqaret qutusu olduğundan hər dəfə içərisində narkotik vasitə olan bükümü siqaret qutularının içərisində saxlamışdır. Bakı şəhərindən qayıdan zaman da üzərində gətirmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Qazax şəhəri “At heykəli” adlanan yerdən yaşadığı ev istiqamətində gedən yolun “Aybəniz” şadlıq sarayının yaxınlığından keçən hissəsində tək və piyada hərəkətdə olan zaman mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Qazax RPŞ-nin əməkdaşları kimi təqdim edərək narkotik vasitə əldə etməkdə və saxlamaqda, istifadə etməkdə şübhəli olduğunu bildirib, birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. O da polis əməkdaşlarının tələbinə uyğun olaraq bir söz demədən polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsində ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, polis əməkdaşlarının, vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, ona üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində olan siqaret qutusunu çıxararaq həmin siqaret qutusunun içərisində saxladığı gümüşü rəngli siqaret kağızı bükümünü təqdim edərək içərisində “kokos” olduğunu və həmin narkotik vasitəni Bakı şəhərindən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Narkotik vasitədən istifadə etməkdə məqsədi bədənində olan agrıların yüngülləşəcəyini düşünmüşdür. Lakin agrılar artmışdır. Hazırda əməlindən peşiman olmaqla, bir daha narkotik vasitələrdən istifadə etməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qazax rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir. 12 avqust 2023-cü il tarixdə saat təxminən 17:00 radələrində Qazax RPŞ-da gündəlik xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Qazax şəhər sakini Cavid adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda Qazax şəhəri Alı Mustafayev küçəsi tərəfdədir. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış, qəbul edilmiş qərar əsasında o, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru X4, İTB-nin sahə polis nəfərləri Şahid3 və polis serjantı Şahid1 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs həmin günü saat 18:05-də Qazax şəhəri, Alı Mustafayev küçəsində yerləşən “Aybəniz” şadlıq evinin yaxınlığında saxlayaraq Qazax RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri elan olunmuş, dövlət hesabına vəkil təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki parça materialından olan şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusunun içərisində narkotik maddə olduğunu bildirmişdir. Onun təqdim etdiyi 01 ədəd siqaret qutusu açılmış və qutunun içərisindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir müddət əvvəl Bakı şəhərindən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən bu günə qədər heç kimə satmadığını, heç kim pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13 avqust 2023-cü il tarixli, 16/810 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ-qızılı rəngli kağız bükümdə, təmiz çəkisi 0,265 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 19 oktyabr 2024-ci il tarixli 1723 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 12 avqust 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynindəki parça materialından olan şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu öz razılığı ilə könüllü olaraq təqdim edir, həmin siqaret qutusunun içərisində narkotik maddə olduğunu bildirir. Onun təqdim etdiyi 01 ədəd siqaret qutusu açılır və qutunun içərisindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli kütlə aşkar olunur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir müddət əvvəl Bakı şəhərindən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən bu günə qədər heç kimə satmadığını, heç kim pay olaraq, borc olaraq vermədiyini bildirməklə narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamaqla daşımasını etiraf etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qazax rayon İcra Hakimiyyət Başçısının şəhər İƏD üzrə nümayəndəliyin verdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən müddətsiz olaraq İİ qrup əlildir. Cinayət işinin materiallarında olan doğum haqqında arayışlardan görünür ki, Təqsirləndirilən şəxs X2 ilə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 doğulmuşdur. Cinayət işinin materiallarında olan 14 sentyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddənin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, İİ qrup əlil olmasını, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 0.215 qram heroin məhv edilməli, iş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 0.215 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-22/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-22/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver