Məhkəmə qərarları › İş №1(023)-24/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-24/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-24/2023 27.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ X15 Akif oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə xx xxxx 2004-cü ildə Rusiya Federasiyasının Dərbənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs “Covid-19” pandemiyası ilə əlaqədar olaraq quru sərhədləri bağlı olduğundan qanuni yolla dövlət sərhədini keçə bilmədiyindən işləmək üçün Gürcüstana getmək məqsədi ilə 04 avqust 2022-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının vətəndaşı X9 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” X1 Qazax rayonunun İkinci Şıxlı kəndində yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qəsdən qanunsuz olaraq keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununlada öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, subaydır, bir azyaşlı uşağı var, 04 avqust 2022-ci il tarixdə qohumu Ceyhun Qulamov ilə öncədən planlaşdırdıqları kimi quru sərhədləri bağlı olduğundan işləmək məqsədi ilə Gürcüstana gizli yolla getmək üçün avtobusla Bakı şəhərindən yola çıxaraq həmin gün Qazax rayonuna çatmış, avtobusdan düşdükdən sonra onlar ikisi də taksi ilə Qazax rayonu İkinci Şıxlı kəndinə getmişlər. Taksidən endikdən sonra piyada dövlət sərhədinə doğru hərəkət etməyə başlamışlar. Sərhədi Gürcüstana tərəf keçmək istədikləri yerə çatdıqdan sonra onlar bir qədər yolu da gizlənə-gizlənə hərəkət etmişlər, həmin gün, yəni 04 avqust 2022-ci il tarixdə, saat 23 radələrində Ceyhunla o, Gürcüstana keçmək istəyərkən sərhədçilər tərəfindən saxlanılmışlar. Sonradan hazırki işlə bağlı Qazax rayon Məhkəməsinə dəvət edilməsindən məlumatı olmamış, yeni doğulmuş uşağına sənəd düzəltdirmək üçün ASAN xidmət mərkəzinə getdiyi vaxt orada axtarışda olması məlum olmuşdur. Hazırda əməlindən peşmandır. Gələcəkdə bir daha bu cür əməllərə yol verməyəcəkdir, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan, yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o, “Qazax” X3 1-ci sərhəd komendantlığının 1ci sərhəd zastavasının rəisidir, baş leytenantdır. 04 avqust 2022-ci il tarixdə, saat 20:00dan 05 avqust 2022-ci il, saat 04:00-dək sərhəd zastavasında operator növbətçisi xidmətinə təyin olunmuş əsgər Şahid2 xidmətin təşkili zamanı, yəni 04 avqust 2022-ci il tarixdə, saat 23:12 radələrində 1-ci sərhəd zastavasının 4-cü sahəsində Dövlət Sərhəd xəttindən 250 metr, mühəndis çəpərindən isə 200 metr aralı məsafədə Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə 2 nəfər naməlum şəxsin hərəkətlərini müşahidə etməsi barədə məlumat vermiş, tərəfindən sərhəd zastavası “Silaha” komandasına qaldırılmış və onun başçılığı altında sərhəd pozucularının olduğu əraziyə doğru hərəkət etmişdirlər. Hərəkət istiqaməti qapadılaraq sərhəd pozucuları nəzarətə götürülmüşdür. Bundan sonra sərhəd pozucuları sərhəd zastavasının 12-ci sahələrində sərhəd gözətçisi sərhəd naryadı xidmətini təşkil edən əsgər Şahid3 Abbas oğlu və əsgər X8 tərəfindən saxlanılmışdır. Saxlanılmış iki nəfər sərhəd pozucularının üzərlərində şəxsiyyətlərini təsdiq edən sənəd və hər hansı əşya aşkar edilməmişdir. Onlarla aparılan söhbət zamanı dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılan sərhəd pozucularının demələrinə görə Azərbaycan Respublikası vətəndaşları olan X9 və Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. İş üzrə şahidlər Şahid2 və Şahid3 Abbas oğlunun ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqında elan edilmiş ifadələrindən görünür ki, onlar da Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İş üzrə digər təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı verdiyi və hazırki iş üzrə məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, təxminən 2013-cü il tarixdə Malvina adlı qızla tanış olmuş və birlikdə yaşamışlar, lakin rəsmi nigahları olmamış və həmin qeyri-rəsmi nikahdan 1 qız və 1 oğlan övladları olmuşdur. Qazax rayon Məhkəməsinin hökmü ilə ona 09 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını çəkdikdən sonra azadlığa buraxılmış, Yevlax rayonuna getmiş, təxminən 15-20 gün həmin rayonda yaşadıqdan sonra Bakı şəhərində yaşayan anası Ritanın yanına getmiş, orada tanış olduğu Təqsirləndirilən şəxs ilə birlikdə 04 avqust 2022-ci il tarixdə Bakı şəhərindən yola düşərək saat 20:30 radələrində Qazax rayonuna çatmışlar. Taksi ilə qanunsuz olaraq dövlət sərhədini keçmək üçün Qazax rayonu İkinci Şıxlı kəndinə gəlmişlər. Onlar taksidən düşdükdən sonra İkinci Şıxlı kəndi ərazisinə piyada daxil olaraq dövlət sərhəd xətti boyunca piyada hərəkət etmişlər. Həmin gün, saat 22 radələrində sərhədçilər onları saxlamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DSX-nin Sərhəd Qoşunları “Qazax X3 komandiri polkovnik Bəhmən Babayevin 05 avqust 2022-ci il tarixli, 16/3485 nömrəli məktubundan görünür ki, 04 avqust 2022-ci il tarixdə “Qazax” X1 əhatə etdiyi Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 4-cü sahəsində dövlət sərhəd xəttindən təxminən 250 metr aralıda sərhəd naryadı tərəfindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə, dövlət sərhədini qanunsuz yolla pozmağa cəhd eden, Azərbaycan Respublikası vətəndaşları xx.xx.1994-cu il təvəllüdlü X9 ve xx.xx.2004-cu il təvəllüdlü Təqsirləndirilən şəxs sərhəd pozucusu qismində saxlanılmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” X1, Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının sağ cinahının 4-cü sahəsidir. Dövlət sərhəd xəttindən 250 metr məsafədə yerləşir və ərazinin sağ hissəsində düzənlik və əkin sahələri var, sol hissəsi isə boş dərəlik sahələrdən ibarətdir. Hadisə yerinə baxış keçirlən zaman vətəndaşlar X9 və Təqsirləndirilən şəxs 04 08.2022-ci il tarixdə saat 23:18-də Azərbaycan Respublikasından Gürcüstan ərazisinə qanunsuz olaraq dövlət sərhədini pozaraq keçməyə cəhd etdiklərini və həmin vaxt orada dövlət sərhədinin mühafizəsini təşkil edən sərhəd naryadı tərəfindən saxlanıldıqlarını bildirmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İAMAS-dan əldə edilmiş çıxarışlardan görünür ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 2004-2006-cı il tarixlərdə dövlət sərhədindən rəsmi qaydada 4 halda giriş-çıxış etmişdir. Sonuncu dəfə xx.xx.2006-cı il tarixdə saat 10:16-da “Samur SNM-dən keçməklə Azərbaycan Respublikasına giriş etmişdir. Azərbaycan Respublikası vətəndaşı X5 isə “Giriş- ÇİXİŞ və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) üzrə giriş-çıxışı müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilmiş, iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X10 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat X7 münasibətdə təzələnmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərarından görünür ki, X9 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 29, 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işindən Təqsirləndirilən şəxs CM-in 29,318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmdən görünür ki, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən daxil olmuş 28 noyabr 2023-cü il tarixli, 3-38/5-2-2744/23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2023cü il tarixdə, saat 11:00 radələrində tutulmuş və 24 noyabr 2023-cü il tarixdə saat 01:00 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təxridxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.2-ci madəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 gün inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan respublikası Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi Şəxsin verdiyi 24 avqust 2022-ci il tarixli, 7738 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”in verdiyi 30 avqust 2023-cü il tarixli, xx/xx-11610 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə elan edilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməyə cəhd etməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxslərin əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib ona təqsirli bilindiyi CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və cəzasını yüngülləşdirən digər halların məcmusunu nəzərə alaraq belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür. Ona görə də o, təsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar