Məhkəmə qərarları › İş №1(023)-26/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-26/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-26/2024 11.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Qazax rayonu Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Qazax rayonu, Bala Çaylı kəndi ərazisində yerləşən örüş sahəsində tanışı Zərərçəkmiş şəxs ilə ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyyəsinə qəsdən bir neçə dəfə yumruqla vuraraq ona alının və boyun tərəfinin, sol almacıq nahiyəsinin qançırı və sol gözün konyuktiva qişasına qansızma xəsarəti ilə müşayiət olunan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, çoban işləyir. Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Qazax rayonu Bala Çaylı kəndində yerləşən heyvan otarmaq üçün örüş sahəsində olarkən Zərərçəkmiş şəxs onlara məxsus sahədə xırdabuynuzlu heyvanlarını otarmasını görmüş, Fazilə yaxınlaşaraq heyvanları otlaq sahəsindən çıxarmasını istəmiş, Fazil heyvanları çıxarmış, lakin, həmin ərazini sulamaq üçün arxın qarşısını kəsəcəyini bildirmiş, suyun kəsiləcəyi halda onu açacağını Fazilə dedikdə Fazil onun ünvanına nalayiq ifadələr işlətmiş, o da Fazilin sözlərindən əsəbləşib yumruqla onu vurmuşdur. Fazil onunla barışmır, ona görə də zərərçəkmiş şəxsdən üzrxahlıq etmir, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Qazax rayon Çaylı kəndində yerləşən fermada yaşayır, xırdabuynuzlu heyvanlar saxlayır. Təqsirləndirilən şəxs ilə ilə münasibətləri əvvəllər normal olmuş, aralarında narazılıq olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində xırda buynuzlu heyvanlarını Qazax rayon Bala Çaylı kənd ərazisində yerləşən örüş sahəsində otaran zaman Təqsirləndirilən şəxs atla əraziyə gəlmiş və heyvanları örüş sahəsindən çıxarmasını istəmiş, buna görə aralarında sözlə mübahisə olmuş, sonra isə Vüsal yumruqla onu bir neçə dəfə sifət nahiyəsindən vurmuşdur. Hadisə zamanı onların yanında və ya ətrafında heç kəs olmamışdır. Vüsal onu döydüyü üçün 2 gün xəstəxanada qalmış, müalicəsinə təxminən 300 manat pulu çıxmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Ona azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli 34 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: Alının və boyunun sol tərəfinin, sol almacıq nahiyyəsinin qançırı və sol gözün konyuktiva qişasına qansızma küt əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RİHB-nın Kosalar Kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 12 fevral 2024-cü il tarixli, 5-58- 18-12-21/2-113/2024 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X1 adlı uşağı var, yaşayış yeri üzrə mübət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 24 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı və hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar