Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-26/2025 19.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax şəhəri Ə.Seyidov küçəsi ev 36-da qeydiyyatda və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs , tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 avqust 2024-cü il tarixdə saat 03:40-da Qazax şəhəri, Heydər Əliyev prospekti 109 ünvanda yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Yusif Telekom” adlanan mobil telefonların alqı və satqısı mağazasının qarşısına gəldikdən sonra cinayətkar niyyətini həyata keçirmək məqsədilə yerdən götürdüyü daşla həmin mağazanın plastik materialdan hazırlanmış qapısının şüşəsini sındıraraq içəri qanunsuz daxil olub mağazanın divarında asılmış şüşə vitrinli rəfdə düzülmüş hər birinin dəyəri 120 (bir yüz iyirmi) manat olan 02(iki) ədəd “Redmi 9” markalı mobil telefonu, dəyəri 100(bir yüz) manat olan 01(bir) ədəd “Samsunq A03” markalı mobil telefonu, dəyəri 100 (bir yüz) manat olan 01 (bir ) ədəd Redmi 9 C” markalı mobil telefonu və dəyəri 120(bir yüz iyirmi) manat olan 01(bir) ədəd “Redmi 92” markalı mobil telefonu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 560 ( beş yüz altımış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 avqust 2024-cü il tarixdə Qazax şəhərində marketdən 5-6 ədəd pivə almış və öz məhlələrində masa ətrafında əyləşib pivələrin hamısını içmiş və sərxoş vəziyyətə düşmüş, evlərindən çıxaraq 29 avqust 2024-cü il tarixə keçən gecə saat təxminən 03:40-da Qazax şəhəri, Heydər Əliyev prospektinə gəlib prospektin sağ səkisi ilə piyada gedərkən, prospektdə heç kim olmamışdır. Sərxoş vəziyyətdə şüşə vitrinli üzərində “Yusif Telekom” və “Bakcell” yazılmış mağazanın qarşısından keçəndə mağazanın içərisində vitrinlərdə xeyli sayda mobil telefon görmüşdür. Mobil telefonlardan oğurlamaq qərarına gəlmiş, ətrafa baxmış, heç bir avtomobil və adamların olmadığını gördükdə yerdən daş götürüb mağazanın vitrin qapısını sındırmış və mobil telefon alqı satqısı mağazasına daxil olaraq divara quraşdırılmış vitrin şüşəni əli ilə yoxlamış bağlı olmadığından rəfdən 5 ədəd mobil telefon götürüb ciblərinə qoymuş və mağazadan çıxaraq fəaliyyəti dayandırılmış X10 arxa hissəsində olan bağ sahəsininm yarım tikili binanın yaxınlığına gəlmişdir. Orada ağacla yeri qazıb çuxur düzəltmiş və 4 ədəd telefonu qazdığı çuxura yığmış, 01 ədəd “Redmi 9” markalı mobil telefonu isə cibində saxlalayaraq çalaya yığdığı 4 ədəd müxtəlif markalı mobil telefonları sonradan gəlib satmaq üçün üzərini torpaqlayaraq gizlətmişdir. Evinə gəlmiş və istifadəsində olan “ Azerfon MMC” yə məxsus ***-***-**-** mobil nömrəni oğurladığı “Redmi 9” markalı mobil telefonun cihazına əlavə etmişdir. Oğurluq etdyi gündən 6 gün sonra, yəni 03 sentyabr 2024-cü il tarixdə işdən evə gələrkən Qazax rayon polis Şöbəsinin əməkdaşları onu yaxalayaraq Qazax RPŞ-nə gətirib üzəridə olan “Redmi 9” markalı mobil telefonu maddi sübut kimi götürmüşlər. Oğurluq cinayət əməlini törətməyini polis şöbəsində etiraf etmiş və təhqiqatçı tərəfindən onun iştirakı ilə X10 bağ sahəsində 4 ədəd mobil telefonları gizlətdiyi yerə baxış keçirib axtarsalarda mobil telefonlar gizlətdiyi çalada olmamış, naməlum şəraitdə itmişdir. Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən, X2 icarə əsasında işlətdiyi mağazadan oğurluq edərkən onu heç kim görməmişdir. X3 vurmuş olduğu zərəri tam ödəmiş və üzrxahlıq etmişdir. Oğurluq etdiyi üçün əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. X5 məxsus Qazax şəhəri, Heydər Əliyev prospekti 109 ünvanda yerləşən “Yusif Telekom” adlanan mobil telefonların alqı satqısı mağasazını işlətməklə maddi qazanc əldə edib özünün və ailə üzvlərinin dolanışığını təmin etmişdir. İşlətdiyi mağazada əsasən müştərilərdən aldığı işlənmiş və istifadə edilmiş köhnə mobil telefonları və aksessuarları pul müqabilində alıb üzərinə pul əlavə edib satmışdır. Hər gün saat 09 radələrində işə gəlmişvə axşam saat 20 radələrinə kimi mağazada ticarət etmiş və axşam isə mağazanın plastik şüşə materialdan olan qapısını asma qıfılla bağlayaraq evinə getmişdir. Adəti üzrə 28 avqust 2024-cü il tarixdə səhər saat 09 radələrində işə gəlmiş və mağazamın qapısını açaraq həmin gün bütün günü telefon alışı və satışı ilə məşğul olmuş və axşam saat 20 radələrində mağazanın plastik şüşə materialdan olan qapısını asma qıfılını bağlayaraq evinə getmişdir. Həmin günün səhəri, yəni 29 avqust 2024-cü il tarixdə səhər saat 09 radələrində işə gəldikdə mağazanın qarşısında Qazax rayon polis şöbəsinin avtomobilinin dayandığını və polis əməkdaşlarının orada dayandıqlarını görmüş, mağazaya yaxınlaşanda polis əməkdaşlarının biri ondan mağazanın sahibi olub-olmadığını soruşduqda ona mağazanın sahibi olduğunu bildirmişdir. Polis əməkdaşı əli ilə mağazanın plastik şüşə materialdan olan qapısının göstərərək sındırdığını bildirmişdir. Mağazaya daxil olduqda divardakı şüşə vitrində satış üçün düzdüyü 5 ədəd istifadə edilmiş, lakin satış üçün nəzərdə tutulmuş mobil telefonlarının naməlum şəxs tərəfindən oğurlandığını görmüşdür. Qazax RPŞ-nə gəlib oğurluq barəsində ərizə yazmış və polis əməkdaşları ərizəsi ilə bağlı olaraq mağazaya gələrək baxış keçirmişlər. Mağazada olan mobil telefonları saydıqda naməlum şəxs mağazanın plastik qapısını 29 avqust 2024-cü il tarixdə saat 03:40-də sındırmış və mağazadan hər birinin dəyəri 120 manat olan 2 ədəd “Redmi 9” markalı mobil telefonu, dəyəri 100 manat olan 1 ədəd “Samsunq A03” markalı mobil telefonu, dəyəri 100 manat olan 1 ədəd “Redmi 9 C” markalı mobil telefonu və dəyəri 120 manat olan 1 ədəd “Redmi 92” markalı mobil telefonunu oğurladığını ona cəmi: 560 manat məbləğində, bundan başqa mağazanın plastik qapısının şüşəsi sındırılmaqla ona 60 manat zərər vurulmuşdur. Həmin baş vermiş oğurluq hadisəsini qonşuluqda yaşayan tanışı Şahid evində olarkən, mağazanın plastik şüşə qapısnın sındırıldığını eşitmiş və pəncərədən baxdıqda uzaqdan bir nəfər tanımadığı kişinin prospektdə qaçdığın görmüş, lakin həmin adam uzaqda olduğundan onu tanımamışdır. Şahid də Daxili İşlər Nazirliyinin “102” Xidmət mərkəzinə məlumat vermiş və Qazax RPŞ-nə ərizə yazmışdır. Oğurluq hadisəsindən 5-6 gün sonra Qazax RPŞ-nin əməkdaşları tərəfindən mağazadan mobil telefonlarımı oğurlayan şəxs müəyyən edilmiş və həmin şəxsin Qazax şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, ondan mağazadan oğurladığı 5 ədəd telefondan 1 ədədi “Redmi 9” markalı mobil telefon götürülmüş, lakin 4 ədəd mobil telefonu götürmək mümkün olmamışdır. Onun icarə əsasında işlətdiyi mağazadan mobil telefonlarımı oğurlayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir münasibət olmamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını ona dəymiş ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Qazax şəhər sakini Zərərçəkmiş şəxs tanımış, o, qonşusu X4 ünvan 3 ünvanda olan mobil telefonların alqı satqısı mağazasını icarə əsasında işlətmişdir. Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuş, aralarında ədavət və ziddiyyət olmamışdır. Qazax şəhər sakin, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 29 avqust 2024-cü il tarixdə gecə yatmış, küçə tərəfdən cingiltili şüşə səsinə oyanmışdır. Prospektlə gedən avtomobillərdən hansınınsa küçəyə butulka atmasını fikirləşmişdır. Divardan asılmış saata baxdıqda saat 03:40 dəqiqəni göstərmişdir. Yatağına uzanmış, lakin aradan 3 dəqiqə keçmiş təkrar şüşənin sındırılması səsini eşitmişdir. Evin ikinci mərtəbəsində olduğundan küçə tərəfə açılan pəncərəni açmış və prospektə nəzər yetirmiş, prospektdə heç kim olamamışdır. Təxminən 5 dəqiqədən sonra iti ayaq səsləri eşitmiş, kimsə prospektə qaça qaça getdiyini eşitmişdir. Təkrar pəncərədən baxdıqda təxminən onun evindən 200-250 metr aralıda bir nəfərin üzü “Mütəfəkkirlər Bağı” istiqamətində qaranlıqda qaça qaça getdiyini və “dörd yol” ayrıcına çatdıqda Əminə Dilbazi küşəsi istiqamətinə döndüyünü və gözdən itdiyini görmüşdür. Həmin kişi uzaqda olduğundan sifətini görə bilməmiş, ancaq kölgəsini görmüşdür. Bundan sonra pəncərəni örtmüş və saat 03:48 dəqiqədə istifadəsində olan ***-***-**-** mobil telefon vasitəsi ilə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vuraraq Qazax şəhəri, Heydər Əliyev prospekti 107 ünvanda yerləşən mağazaların şüşələrinin qara geyimdə olan bir nəfər şəxs tərəfindən sındırmasını və qaçaraq uzaqlaşdığını görməyi barədə məlum vermişdir. Yatmaqda davam etmiş və həmin gün səhəri Qazax RPŞ-nə çağrılmış və ondan baş vermiş hadisə ilə bağlı olaraq ərizə almışlar. Evə qayıdan zaman artıq polis əməkdaşlarından hadisə baş verən yerdə naməlum şəxsin Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mobil telefonların alqı-satqısı mağazasının şüşə qapısını sındıraraq oradan 5 ədəd müxtəlif çeşidli telefonların oğurlandığını eşitmişdir. Həmin gündən 3-4 gün sonra Zərərçəkmiş şəxs ona mağazasının şüşə qapısını sındırıb içəridən 5 ədəd mobil telefonlarını Qazax şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının 09 oktyabr 2024-cü il tarixli 3-16-16/2-9/7451/2024 nömrəli rəyindən görünür ki, ekspertiza təqdqiqatına təqdim edilmiş 01 ədəd “Redmi 9” markalı mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan tarixə orta bazar qiyməti təxminən 120,00 manat müəyyən edilir. Nəzəri qaydada: -01 ədəd istifadədə olmuş, “Samsunq A03” markalı mobil telefon -100,00 manat; -01 ədəd istifadədə olmuş, qırmızı rəngli “Redmi 9C” markalı mobil telefon-100,00 manat; -01 ədəd istifadədə olmuş, göy rəngli “Redmi 9” markalı mobil telefon-120,00 manat; Qərarda qeyd edilən digər 2 adda mobil telefonların markası, modeli, yaddaş tutumu, istismar və digər texniki göstəriciləri barədə kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən mobil telefonların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin materiallarında olan 29 avqust 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baş vermiş oğurluq hadisəsi Qazax şəhəri, Heydər Əliyev prospekti 109 ünvanda yerləşən “Yusif Telekom” adlanan mobil telefonların alışı və satışı mağazasında baş vermişdir. Cinayət işinin materiallarında olan 03 sentyabr 2024-cü il tarixli Baxış keçirilməsi və götürmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mağazasından oğurladığı 01 ədəd “Redmi 9” markalı smartfon mobil telefonu Qazax RPŞ-də təqdim etmişdir. Cinayət işinin materiallarında olan Qazax RPŞ-nin əməkdaşlarının əməliyyat yolu əldə etdikləri Qazax şəhəri,Heydər Əliyev prospektində “Aqşin” adlanan mobil telefonların alqı satqısı mağazasında quraşdılmış videokameranın yaddaşında olan videoyazı köçürülmüş 01 ədəd DVD diskdən görünür ki, baxış keçirilərkən 12 saniyəlik video faylın olduğu müəyyən edilmiş, həmin video faylda yuxarı sağ küncündə də 2014.08.29.04.38 rəqəmləri yazılması, ekranın monitorunun sol aşağı küncündə isə CAM 1 yazısı vardır. Videogörüntüdə asfalt beton yolla bir kişinin iri addımlarla sağ əlində tutduğu mobil telefonla kiminləsə danışdığını və sol əlində tutduğu mobil telefonları isə əynindəki qolu kəsik idman gödəkcəsinin sol cibinə qoyması müşahidə edilir. Videogörüntünün 2-ci faylında həmin şəxsin qaça-qaça getməsi, 3-cü faylında isə sağ əlində mobil telefona baxa baxa getməsi müşahidə olunur. Video görüntüyə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, asfalt yolla hərəkət edən şəxs onun özüdür. Əlində tutub danışdığı telefon isə mağazadan oğurladığı Redmi markalı telefondur, idman gödəkcəsini sol cibinə qoyduğu 4 ədəd mobil telefonlar isə mağazadan oğurladığı telefonlar olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli, 5-58-1-12-21/2-1539/2024 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 20 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici izahatı ilə yanaşı, məhkəmədə dindirilmiş şahidin ifadəsi, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, iş üzrə onun cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, gənc olmasını, törətdiyi cinayəti səmimi etiraf edib əməlindən peşman olmasını, ziyanı ödəməsini, zərəçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını digər yüngülləşdirən halları nəzərə alıb göstərilən halların məcmusunu müstəsna hal hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, 1 ədəd “Redmi 9” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, 1 ədəd “Redmi 9” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********0 000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-26/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-26/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver