Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-27/2023 14.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, Bakı küçəsi, döngə 1, ev 3A-da qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Hüseyn Əliyev küçəsi ev 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdə saat 15 radələrində Qazax şəhəri Ə.Dilbazi küçəsi ev 21-də qeydiyyatda olan və yaşayan Şahid4 xahişi ilə 20 manat müqabilində Qazax şəhəri Azadlıq küçəsi ev 106-da qeydiyyatda olan və yaşayan X19 və Qazax şəhəri Ə.Dilbazi küçəsi ev 20-də qeydiyyatda olan və yaşayan X12 narkotik vasitə olan heroin satmaq barədə razılığa gəlib pulu qaynı X18 adına olan, özü istifadə etdiyi "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 4169 7385 7293 0497 nömrəli plastik bank kartının hesabına göndərməsini bildirdikdən sonra Şahid4 20 manat pulu həmin gün saat 16:09-da Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Qastronom” adlanan mağazanın qarşısında quraşdırılmış “PashaPay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus 13038 nömrəli ödəmə aparatı vasitəsi ilə həmin kart hesabına ödəmiş, daha sonra o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,458 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini saat 16:20 radələrində Qazax rayonu Ağköynək kəndində, Cabir Novruzov küçəsində yerləşən həmin kənd sakini X13 məxsus fərdi yaşayış evinin qarşısındakı elektrik dirəyinin yanında qoyub bu barədə Şahid4 dedikdən sonra Navadalı Vəliyev həmin tarixdə saat 16 radələrində Şahid4lə birlikdə qeyd edilən ünvana gedərək həmin yerə qoyulmuş 1 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,458 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini götürüb əldə edərək üzərində saxlayıb yaşadığı Qazax şəhəri, Azadlıq küçəsində yerləşən 106 nömrəli fərdi yaşayış evinə daşımaqla həmin tarixdə saat 17 radələrində yaşadığı evdə narkotik vasitənin ümumi təmiz çəkisi 0,233 qram təşkil edən hissəsini 1 ədəd gümüşü folqa kağızına bükülmüş 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,052 qram və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,181 qram olmaqla bölərək Cahangir Şoşanova verib 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,225 qram təşkil edən qalan hissəsini əynində olan idman şalvarının sol yan cibində saxlamış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cahangir Şoşanov 25 mart 2022-ci il tarixdə saat 17:45-də Qazax şəhəri Azadlıq küçəsində, “Mütəfəkkirlər” parkının arxa tərəfində, Navadalı Vəliyev həmin tarixdə saat 19:40-da ünvan 1 ünvanında yerləşən “Qazax” adlanan çay evinin qarşısında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 18:30-dan 19:22-dək olan müddət ərzində Cahangir Şoşanovun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qış gödəkçəsinin sol iç cibindəki “Viceroy” markalı siqaret qutusunun içərisindən və sellofan üzlüyünün altından 1 ədəd gümüşü folqa kağızına bükülmüş 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,052 qram, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,181 qram, ümumi təmiz çəkisi 0,233 qram, həmin tarixdə saat 20:40-dan 21:44-dək olan müddət ərzində Navadalı Vəliyevin üzərində şəxsi axtarış aparılan zaman əynində olan idman şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,225 qram olmaqla ümumi təmiz çəkisi 0,458 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, himayəsində iki nəfər azyaşlı uşağı var. X14 Qazax şəhər sakini kimi tanıyır, lakin onunla yaxın münasibəti olmamışdır. X15 tanımır. Qazax şəhər sakini Şahid4 tanıyır. 25 mart 2022-ci il tarixdə Sərxan ya ona "vatsap" proqramında mesaj yazmış, ya da zəng vurmuş, heroin almaq istədiyini demiş, əgər varsa ona yarım qram "kakos", yəni heroin verməsini istəmişdir. O, bir müddət əvvəl tanımadığı şəxsdən alıb özündə saxladığı bir büküm, təxminən yarım qram heroini satmaq qərarına gəlmiş, onda heroin olmasını, 20 manata ona həmin çəkidə "kakos" sata biləcəyini demiş, pulu kartına göndərməsini, daha sonra narkotik vasitəni qoyduğu yeri ona deyəcəyini bildirib qaynı Emin Hüseynovun adına olan, lakin özünün istifadə etdiyi 4169 7385 7293 0497 kart nömrəsini ona göndərmişdir. Bundan sonra həmin gün saat 16 radələrində Sərxan xatırlamadığı nömrə ilə istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng vurmuş, pulu karta yüklədiyini demişdir. O da bir neçə dəqiqə sonra, saat 16:20 radələrində Qazax rayonu, Ağköynək kəndi ərazisində "Xocalı" soyqırımına həsr olunmuş plakatın yaxınlığındakı kəndarası yolda qırmızlı dam örtüklü və çardaqlı evin qarşısındakı elektrik dirəyinin yanına, daşın altına 1 ədəd sellofan bükümdə təxminən yarım qram narkotik vasitə olan heroin qoymuş, narkotik vasitəni qoyduğu yerin şəklini "vatsap" proqramı vasitəsi ilə Sərxana göndərmişdir. Bir neçə dəqiqə sonra Sərxan xatırlamadığı nömrə ilə istifadəsində olan ***-***-**-** saylı nömrəsinə, ya da "vatsap" proqramında ona zəng vurmuş, narkotik vasitənin yerini tapa bilmədiyini demişdir. O da Sərxana narkotik vasitəni qoyduğu yeri izah etmişdir. Bir neçə dəqiqə sorna Sərxan ona zəng vurub narkotik vasitənin yerini tapıb götürdüyünü demiş, həmin gün də eşitmişdir ki, Sərxan narkotik vasitə aldığına görə polis əməkdaşları tərəfindən saxlanılıb. O, qeyd olunandan başqa heç vaxt heç kəsə heroin, ya da digər narkotik vasitə, psixotrop maddə satmamışdır. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır, anasının onkoloji xəstə olmasını, 2 nəfər azyaşlı uşağın olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, X14 Qazax şəhər sakini kimi uzun müddətdir ki, tanıyır, onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Qazax şəhər sakini X15 tanıyır, lakin onunla yaxın münasibəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçib istifadə etdiyi “Whatsapp” proqramı vasitəsi isə Navadalının ***-***-**-** saylı nömrəsinə mesaj yazıb onun hal-əhvalını soruşmuş, söhbət zamanı narkotik vasitə olan heroin istifadə etmək fikrinə düşmüşdür. Navadalı ona yazmışdır ki, 15 manat pulu var. Bundan sonra o, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə mesaj yazmış, varsa yarım qram “kakos” istəmişdir. Rüstəm mesaj yazaraq kart nömrəsi atacağını, pulu hesaba göndərdikdən sonra narkotik vasitənin yerini deyəcəyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra Rüstəm ona "xxxx" ASCnin 4169 7385 7293 0497 saylı hesab nömrəsi göndərmişdir. Bundan sonra o, Navadalının yaşadığı evin qabağında onunla görüşmüş, Navadalıya demişdir ki, daha narkotik vasitə istifadə etmək istəmir. Navadalı ona demişdir ki, narkotik vasitəni özü üçün istəyir, o isə həmin şəxsin göndərdiyi hesaba pul köçürüb narkotik vasitə ala biləcəyini demişdir. Bundan sonra Navadalı istifadəsində olan “BMW” markalı, dövlət qeydiyyat nişanlı xatırlamadığı avtomobili işə salmış, həmin avtomobilin qabaq sağ qapısı açılmadığı üçün o avtomobilin arxa sağ tərəfində əyləşmişdir. Bundan sonra Navadalı avtomobili idarə edib Azadlıq küçəsi ilə mərkəzi poçta tərəf hərəkət etmiş, poçta çatmamış, məscidin yaxınlığında dayanıb kiməsə zəng vurmuşdur. Bir neçə dəqiqə sonra Cahangir Şoşanov oraya gəlmiş, avtomobilə yaxınlaşıb sürücü pəncərəsindən Navadalıya pul vermiş, lakin pulun nə qədər olduğunu bilməmişdir. Bundan sonra Cahangir getmiş, Navadalı avtomobili idarə edib təxminən 100-200 metr qabaqda olan “Qastronom” adlanan marketin qarşısında dayanmışdır. Navadalı ona 20 manat pul verib narkotik vasitə almaq üçün həmin hesaba göndərməyini xahiş etmişdir. O isə avtomobildən düşüb 20 manat pulu ona göndərilən hesaba yükləmiş və daha sonra “Whatsapp” proqramı ilə həmin şəxsə yazıb pulu yüklədiyini demişdir. Həmin şəxs ona yazmışdır ki, narkotik vaitənin qoyulduğu yerin şəklini atacaq. Bir neçə dəqiqə sonra həmin şəxs ona yazıb narkotik vaaitənin qoyulduğu yerin şəklini göndərmiş və izah etmişdir ki, narkotik vasitə Qazax rayonu Ağköynək kəndindəki “Xocalı” lövhəsinin yaxınlığındakı elektrik dirəyinin dibindədir. Bundan sonra yolu Navadalıya demiş, Navadalı avtomobili idarə edib ona deyilən yerə getmiş, həmin yerə çatandan sonra Navadalı özü avtomobildən düşmüş, o isə avtomobildən düşməmişdir. Navadalı həmin yeri axtarsa da, narkotik vasitəni tapa bilmədiyi üçün o, avtomobildən düşmüş, ona göndərilən şəklə baxıb həmin yeri axtarmış, şəkildəki yerə baxan zaman bir neçə daş olduğunu görmüş, həmin daşları qaldıran zaman altında salfet kağızına bükülmüş nə isə olduğunu görmüş, Navadalı bükümü əlindən almış, artıq gedə biləcəklərini demişdir. Bundan sonra o, avtomobilə əyləşmiş, Navadalı avtomobili idarə edib yaşadığı evə tərəf gəlmiş, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 3 nömrəli tam orta məktəbin qarşısında avtomobildən düşüb evinə getmiş, Navadalı isə öz evinə getmişdir. Bundan sonra nə baş verdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Qazax rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Qazax şəhəri Əminə Dilbazi küçəsi ev 20-də yaşayan X6 qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o rəhbərliyin göstərişinə əsasən həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Qazax rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili Natiq Əliyarov, əməliyyat-rabitə qrupunun kiçik inspektoru Cavid Qurbanov, kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti Rahil Hüseynov və təhqiqat bölməsinin təhqiqatçısı Elvin İsgəndərov daxil edilmişdirlər. Həmin gün saat 17 radələrində o əməliyyat müvəkkili Natiq Əliyarov və əməliyyat-rabitə qrupunun kiçik inspektoru, polis baş serjantı Cavid Qurbanov ilə birlikdə X28 şəhəri Azadlıq küçəsində, “Mütəfəkkirlər” parkının arxa tərəfində saxlamış, onlar Cahangir Şoşanova özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmiş, onu rayon Polis Şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermiş və o bu barədə raportla məruzə etmişdir. Bundan sonra Cahangir Şoşanov şübhəli şəxs kimi tutulmuş, müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Həmin gün saat 18 radələrində onun, Natiq Əliyarovun, Cavid Qurbanovun, müdafiəçi Pərvin Əhmədovun iştirakları ilə Cahangir Şoşanovun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Cahangir Şoşanov könüllü olaraq əynində olan qara rəngli dəri materialdan olan qış gödəkçəsinin sol iç cibindən 1 ədəd “Viceroy” markalı siqaret qutusunu çıxartmış, qutunun üzərində olan sellofan üzlüyün altından gümüşü rəngli kağız büküm, qutunun içərisindən 1 ədəd şəffaf sellofan büküm çıxardıb təqdim etmişdir. Həmin bükümlər açılmış, hər birinin içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilmişdir. Sorğu-sual zamanı Cahangir Şoşanov bildirmişdir ki, həmin bükümlərdəki kütlələr narkotik vasitə olan “kakosdur”, həmin narkotik vasitələri dostu Navadalı ilə birlikdə əldə etmiş, o Navadalıya 14 manat pul vermiş, Navadalı kimdənsə alıb ona vermiş, o narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkilərinin 0,09 qram, 0,15 qram, ümumi çəkisinin 0,24 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Cahangir Şoşanovun üzərindən digər narkotik vasitələr, psixotrop maddələr aşkar edilməmişdir. Daha sonra, həmin tarixdə təhqiqatçı Elvin İsgəndərov tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən Cahangir Şoşanov ilə birlikdə narkotik vasitə əldə etmiş “Navadalı” adlı şəxsin Qazax şəhəri Azadlıq küçəsi ev 106-da qeydiyyatda olan və yaşayan X19 olması müəyyən edilmiş, Navadalı Vəliyev həmin gün saat 19 radələrində Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, Şahid6, əməliyyat müvəkkili, polis mayoru Natiq Əliyarov və polis baş serjantı Cavid Qurbnanov tərəfindən ünvan 1 ünvanında yerləşən “Qazax” adlanan çay evinin qarşısında saxlanılaraq Qazax rayon Polis şöbəsinin inzibati binasına gətirilmişdir. Navadalı Vəliyev də şübhəli şəxs kimi tutulmuş, müdafiəçi ilə təmin edilmiş, ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra həmin gün saat 20 radələrində onun, Şahid6, müdafiəçi Mehti Hüseynovun iştirakları ilə Navadalı Vəliyevin üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Navadalı Vəliyev əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız büküm çıxardıb təqdim etmişdir. Həmin büküm açılmış, içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlənin olması müəyyən edilmişdir. Sorğu-sual zamanı Navadalı Vəliyev bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir, həmin gün “onlayn” üsulla tanımadığı şəxsin hesabına “Milliön” ödəniş terminalı vasitəsi ilə 25 manat pul göndərdikdən sonra narkotik vasitəni Qazax rayonu Ağköynək kəndi ərazisindəki “Xocalı” plakatının altından götürmüş, bir hissəsini Cahangir Şoşanova vermiş, qalanını özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 0,38 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Navadalı Vəliyevin üzərindən digər narkotik vasitələr, psixotrop maddələr aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax Rayon Polis Şöbəsinin CABnin baş əməliyyat müvəkkili Şahid6 digər Şahid5 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 618 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 1955 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 26 mart 2022-ci il tarixli, 16/343 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “X6 üzərindən aşkar edilərək götürülmüş...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə və 1 (bir) ədəd gümüşü folqa kağız bükümdə olan 1 (bir) ədəd gümüşü kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,052 qram, 0,181 qram, ümumi təmiz çəkisi 0,233 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısıın İ bəndinə daxildir. QEYD:(heroin təmiz çəkisi 0.181 qram, 0.052 qram tədqiqata sərf edildi- 0.05 qram, 0.02 qram qalıq-0,131 qram, 0,032 qram qalıq). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Məhkəmə-kimyəvi ekspertizasının 26 mart 2022-ci il tarixli, 16/344 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “X7 üzərindən aşkar edilərək götürülmüş...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü folqa kağız bükümdə təmiz çəkisi 0,225 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş, üzərində “X6 üzərindən aşkar edilərək götürülmüş...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə və 1 (bir) ədəd gümüşü folqa kağız bükümdə olan 1 (bir) ədəd gümüşü kağız bükümdəki heroinlər ilə üzərində “X7 üzərindən aşkar edilərək götürülmüş...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü folqa kağız bükümdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. QEYD:(heroin təmiz çəkisi 0,225 qram, 0.131 qram, 0,032 qram, tədqiqata sərf edildi-0.05 qram, 0.05 qram, 0.02 qram qalıq-0.175 qram, 0.081 qram, 0.012 qram). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 25 mart 2022-ci il tarixdə saat 18:30-dan 19:22-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilərək X6 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli dəri materialdan olan qış gödəkçəsinin sol iç cibindəki 1 ədəd “Viceroy” markalı siqaret qutusunun sellofan üzlüyünün altından gümüşü rəngli kağız bükümdə çəkisi 0,15 qram, qutunun içərisindən şəffaf rəngli sellofan bükümdə çəkisi 0,09 qram olmaqla ümumi çəkisi 0,24 qram təşkil edən qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar olunaraq götürülmüşdür. Cahangir Şoşanov həmin kütlələri 25 mart 2022-ci il tarixdə Navadalı adlı dostuna 15 manat verərək şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 25 mart 2022-ci il tarixdə saat 20:40-dan 21:44-dək olan müddət ərzində X7 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə çəkisi 0,38 qram təşkil edən qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Navadalı Vəliyev bildirmişdir ki, 25 mart 2022-ci il tarixdə “online” şəkildə ona verilmiş hesaba Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Qastronom” adlı ərzaq mağazasının qarşısındakı “MilliÖn” ödəmə terminalı vasitəsi ilə dostu X20 ilə birlikdə 25 manat pul göndərdikdən sonra həmin bükümləri Qazax rayonu Ağköynək kəndində yerləşən “Xocalı” lövhəsinin alt hissəsindən götürüb şəxsi istifadəsi üçün əldə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 22 iyun 2022-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Qazax rayon İcra və Probasiya Şöbəsindən 22 iyun 2022-ci il tarixli, 123 nömrəli məktubla təqdim edilmiş elektron nəzarət cihazı vasitəsi ilə təqsirləndirilən şəxs X7 25 mart 2022-ci il tarixdə saat 14:00-dan 18:00-dək hərəkət trayektoriyaları barədə sənədə baxış zamanı müəyyən edilmişdir ki, həmin sənəddə Qazax şəhərinin və yaxın ətraf ərazisinin xəritəsi, küçə adları qeyd olunmuş, xəritədə Navadalı Vəliyev hərəkət trayektoriyaları oxla göstərilmişdir. Baxış zamanı Navadalı Vəliyev ifadəsinə uyğun olaraq 25 mart 2022-ci il tarixdə saat 15 radələrində X20 ilə görüşüb sonuncudan 14 manat pul aldığı, Şahid4 20 manat pulu “MilliÖn” ödəmə terminalı vasitəsi ilə kart hesabına göndərdiyi, həmin tarixdə saat 16 radələrində Qazax rayonu Ağköynək kəndi ərazisinə gedib narkotik vasitəni əldə etdiyi, daha sonra yaşadığı evə qayıtdığı yerləri və istiqamətləri sənəddə göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, X19 25 mart 2022-ci il tarixdə X20 ilə birlikdə şəxsi istifadələri üçün narkotik vasitə olan heroin əldə etmələri barədə razılığa gəlib Cahangir Şoşanovdan 14 manat pul alıb özü 6 manat pul qoyaraq cəmi 20 manat pulu narkotik vasitə alması üçün Şahid4 vermiş, Şahid4 həmin pulu Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Qastronom” adlanan mağazanın qarşısında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan hesab nömrəsinə yüklədikdən sonra sonuncu Qazax rayonu Ağköynək kəndində, Cabir Novruzov küçəsində yerləşən X13 məxsus fərdi yaşayış evinin qarşısındakı elektrik dirəyinin yanına qoyduğu ümumi təmiz çəkisi 0,458 qram təşkil edən narkotik vasitə olan heroinin yerini Şahid4 demiş, X29 Əfəndiyevlə birlikdə həmin ünvana gedib narkotik vasitəni götürərək təmiz çəkisi 0,233 qram təşkil edən hissəsini Cahangir Şoşanova vermiş, təmiz çəkisi 0,225 qram təşkil edən qalan hissəsini özü istifadə etmək üçün üzərində saxlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan “PashaPay” məhdud məsuliyyətli cəmiyyətinin 24 yanvar 2023-cü il tarixli məktubundan və əlavə edilmiş cədvəldən görünür ki, 25 mart 2022-ci il tarixdə saat 16:09-da Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Qastronom” adlanan mağazanın çöl tərəfində quraşdırılmış “PashaPay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus 13038 nömrəli ödəmə aparatı vasitəsi ilə 20 manat pul H***** E***** E***** adına olan, kart nömrəsi 416973******0497, hesab nömrəsi ******************** olan "xxxx" kartına ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon Psixiatriya Xəstəxanasının 30 iyul 2022-ci il tarixli, 1385 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X4 narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış və məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax Rayon Məhkəməsinin 10 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 25 iyul 2022-ci il tarixli, xx-xx/1042 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təsərrüfatbaşına qeydiyyat kitabına əsasən ünvan 5 ünvanında qeyiyyatdadır. Arvadı- 1992-cü il təvəllüdlü X21, qızı- 2011-ci il təvəllüdlü X8, oğlu- 2014-cü il təvəllüdlü X5 tərkibdə ailə üzvləri vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 02 iyun 2021-ci il tarixli, AZ-İ № 661933 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs X21 ilə nikah bağlamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 02 iyun 2021-ci il tarixli, AZ-İİ№681672 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06 may 2011-ci il tarixdə anadan olmuş Nuray adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan AZE № 12628433 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 08 yanvar 2014-cü il tarixdə anadan olmuş Telman adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan və Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş epikriz 7017 saylı xəstəlik tarixindən görünür ki, X2 Astma xəstəliyindən əzab çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xəstəlik tarixindən çıxarışdan (epikriz) və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının verdiyi çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs anası X9 C50.2-süd vəzinin yuxarı-içəri kvadratının bədxassəli yenitörəməsi pT2N0M0 mərhələ İİA xəstəliyindən (Xərçəng) əziyyət çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə istintaqı zamanı təyin edilmiş əlavə məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2023-cü il tarixli, 629 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 29 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən barəsində həmin maddə ilə cinayət təqibinə hissəvi xitam verilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, 08 iyul 2022-ci il tarixdə Qazax rayonu Ağköynək kəndində yerləşən X16 məxsus olan fərdi yaşayış evinə baxış zamanı mətbəx otağındakı masanın üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 5,330 qram olan tünd-qəhhvəyi rəngli maddə, bir ədəd bükümdə təmiz çəkisi 3,380 qram olan açıq-yaşıl rəngli maddə narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə olmadığından, həmin xüsusat üzrə Təqsirləndirilən şəxs və X10 barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 234 və 240-cı maddələrinə ilə cinayət təqibinə hissəvi xitam verilmiş, Şahid4 təmiz çəkisi 0,458 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 20 manat pul müqabilində X1 Təqsirləndirilən şəxs ilə əlbir olmadığından, narkotik vasitə satışından hər hansı gəlir əldə etmədiyindən, Təqsirləndirilən şəxs və Şahid4 barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilmiş, Şahid4 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin olubolmamasına hüquqi qiymət verilməsi üçün material ayrılaraq araşdırma aparılmış, Təqsirləndirilən şəxs, X18, X10, Şahid3, Şahid1 və Şahid2 əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin tərkibi olmadığından, barələrində Azərbaycan Respublikası CPM-nin 39.1-2-ci maddəsinə əsasən həmin maddə ilə cinayət təqibinə xitam verilmiş və cinayət işi üzrə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X30 X27 №2” mətninə malik ştampla ştamplanmış 1 ədəd kağız paketdə qablaşdırmış 1 sellofan bükümdə və 1 ədəd gümüşü folqa kağız bükümdə olan 1 ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,081 qram, 0,012 qram, ümumi təmiz çəkisi 0,093 qram, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X30 X27 №2” mətninə malik ştampla ştamplanmış 1 ədəd kağız paketdə qablaşdırmış 1 ədəd gümüşü folqa kağız bükümdə təmiz çəkisi 0,175 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin qalıqlarının tərəfimdən qəbul edilmiş 22 iyun 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilməsi və Qazax Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(023)-76/2022 saylı hökmünə əsasən məhv edilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Qazax Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(023)-76/2022 saylı hökmdən (hakim: F.Məmmədov) görünür ki, X19 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X20 isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iki azyaşlı uşağı olmasını, anası və arvadının səhhətində problemlər olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, təmiz çəkiləri 0,081 qram, 0,012 qram, 0,093 qram və 0,175 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin qalıqlarının Qazax Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(023)-76/2022 saylı hökmünə əsasən məhv edilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 141,8 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 141 (bir yüz qırx bir) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE **********000 2088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-27/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-27/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver