Məhkəmə qərarları › İş №1(023)-28/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-28/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-28/2025 03.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs X25 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1955-ci ildə Qazax rayonunda anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2olisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X14 Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qazax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X25 istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi, əkilib-becərilməsi qadağan olunmuş 08 (səkkiz) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumunu istintaqa məlum olmayan tarixdə müvəqqəti yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsində xx.xx.2024-cü il tarixdə xüsusi narkotik maddələr olan bitkilərin yetişdirilməsi üçün xüsusi şərait yaradıb onların məhsuldarlığının artırılmasına yönələn hərəkətləri özündə ehtiva edən aqrotexniki qaydada qulluq göstərərək, hündürlükləri 160 (bir yüz altmış) santimetrdən 279 (iki yüz yetmiş doqquz) santimetrədək olan 8 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 6800 qram təşkil edən, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli-çətənə (kannabis) bitkilərini qanununsuz olaraq yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, həmçinin kultivasiya etdiyi həmin bitkilərin yarpaqlarından satış məqsədi olmadan qanunsuz olaraq hazırladığı, təmiz çəkisi 255 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmamış marixuananı yaşadığı evin birinci mərtəbəsində yerləşən otağın künc hissəsində döşəmənin üzərində səpələnmiş formada, hazırladığı, təmiz çəkisi 2,46 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan həşiş qatranını isə 1 (bir) ədəd kibrit qutusunun içərisində olmaqla yaşadığı evin birinci mərtəbəsində yerləşən otaqdakı jurnal masasının üzərində saxlamış, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 iyul 2024-cü il tarixdə saat 17:46 dəqiqədən saat 21:00-dək olan müddət ərzində Elviz Salmonovun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı bağ sahəsinə və evə baxış keçirilən zaman həyətyanı bağ sahəsindən X25 tərəfindən qanunsuz olaraq əkilib-yetişdirilməklə kultivasiya edilmiş, hündürlükləri 160 (bir yüz altmış) santimetrdən 279 (iki yüz yetmiş doqquz) santimetrədək olan 8 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 6800 qram təşkil edən, əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik tərkibli-çətənə (kannabis) bitkiləri, sonuncunun yaşadığı evin birinci mərtəbəsində yerləşən otağın künc hissəsindəki döşəmənin üzərində səpələnmiş formada düzülmüş, istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq hazırlayıb saxladığı, təmiz çəkisi 255 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmamış marixuana və həmin otaqdakı jurnal masasının üzərində olan istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq hazırlayıb saxladığı 1 (bir) ədəd kibrit qutusunun içərisində olmaqla təmiz çəkisi 2,46 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan həşiş qatranı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X25 ona elan olunmuş ittihamlarda göstərilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Qazax rayonunda anadan olsa da, 1975-ci ildən sonra Rusiya Federasiyasının Novosibirsk və Tomsk şəhərlərində yaşamışdır. Rusiya Federasiyasının vətəndaşı olsa da, Qazax rayonunda anadan olduğuna və uzun illər Azərbaycan Respublikasında yaşadığı üçün Azərbaycan dilində oxuyub yaza bilir. Bir neçə ildir ki, həyat yoldaşı X19 və qızı X24 ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Ailə üzvləri Bakı şəhərində yaşasalar da, o, hər ay ərzində bir neçə günlük ünvan 4 ünvana gələrək orada yaşayır. Həmin ev onun atasına məxsus olmuşdur və evin kiçik oğlu olduğu üçün ev faktiki olaraq ona məxsusdur. Daima həmin evdə o, yaşamışdır. Rusiya Federasiyasının vətəndaşı olduğu üçün müəyyən müddətdən bir Azərbaycan Respublikasında yaşamaq üçün müvəqqəti qeydiyyata düşür. Təxminən 40 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. Bir müddət əvvəl o, yaşadığı ünvan 4 ünvanında yerləşən evin həyətyanı bağ sahəsində yabanı halda 8 ədəd narkotik tərkibli çətənə bitkisinin yabanı halda bitdiyini müəyyən etmişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin çətənə bitkilərini kökündən çıxarıb atmaq istəməmişdir. Bu səbəbdən də, həmin çətənə bitkilərinə qulluq etməyə, yəni diblərini təmizləməyə və suvarmağa başlamışdır. Bu müddət ərzində isə çətənə kollarının yarpaqlarını toplayaraq evdə qurudub özü istifadə etməyə başlamışdır. Bir müddət sonra çətənə kollarının hündürlüyünün artdığını görmüş və qonşuluqda yaşayan şəxslərin hasarın üzərindən çətənə kollarını görə biləcəyini düşünmüşdür. Ona görə də, çətənə kollarının yuxarı hissəsindən ip bağlamış və hasarın üzərindən görünməsinin qarşısını almışdır. O, çətənə bitkisinin yarpaqlarını toplayıb evdə qurudaraq tütünlə qarışdırıb ya kazbekin içərisinə doldurub, ya da plastik su qutusunun baş hissəsini qəlyan formasında düzəldib həmin hissəyə qurudulmuş marixuana doldurub qutunun aşağı yan hissəsində açdığı dəlik vasitəsilə qutunun içərisində yaranmış tüstünü içinə çəkərək istifadə etmişdir. Təxminən 4-5 gün əvvəl o, həmin qutunun içərisinin qaraldığını və marixuananın hissəciklərinin yığıldığını görmüşdür. Həmin qutunun qapağını açıb içərisindəki həmin hissəcikləri toplamışdır. Daha sonra həmin kütləni spirtlə qarışdırıb sonra istifadə etmək üçün kibrit qutusunun içərisinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə o, bağdakı çətənə kollarının yarpaqlarını toplayaraq quruması üçün evinin zalında divanın baş hissəsində döşəmənin üzərinə düzmüşdür. xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində o, evdə tək olan zaman qapının döyüldüyünü eşitmişdir. Qapıya yaxınlaşıb açdıqda polis formasında və mülki geyimdə bir neçə nəfər şəxsin dayandığını görmüşdür. Polis formasında olan şəxs ondan özünü təqdim etməyini istəmişdir. O, özünü təqdim edərək X26 olduğunu bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı onun yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib becərməyi barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu izah edib yaşadığı evə baxış keçirilməli olduğunu bildirmiş və ondan buna hər hansı bir etirazının olub-olmadığını soruşmuşdur. O, isə polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını deyib bu barədə ərizə yazmışdır. Arxasınca polis əməkdaşı ondan yaşadığı ünvanda narkotik tərkibli bitki əkibəkmədiyini soruşmuşdur. O, isə narkotik tərkibli bitki əkmədiyini, lakin, həyətyanı bağ sahəsində çətənə bitkilərinin olduğunu bildirmiş və həmin yeri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin yerdə 8 ədəd narkotik tərkibli çətənə bitkisinin olduğunu müəyyən etmişlər. O, həmin çətənə bitkilərini əkmədiyini, daha sonra aşkar etdiyini, lakin, yarpaqlarından toplayıb qurudaraq istifadə etdiyini və hasarın üzərindən görünməsin deyə ip vasitəsilə bağladığını bildirmişdir. Baxışda iştirak edən mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Polis əməkdaşları həmin çətənə kollarını kökləri ilə birlikdə torpaqdan çıxarıb çardağın alt hissəsinə gətirmişlər. Polis əməkdaşları metrə vasitəsilə həmin 8 ədəd çətənə kolunun hündürlüklərini ölçmüş və ağ rəngli kisələrin içərisinə qoyub qablaşdırmışlar. O, həmin qablaşdırmanın üzərini imzalamışdır. Çətənə bitkilərinin çıxarıldığı yerdən torpaq nümunəsi də götürülüb qablaşdırılmışdır. Daha sonra polis əməkdaşı evin içərisinə də baxış keçirilməli olduğunu izah etmişdir. O, buna hər hansı bir etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları onunla birlikdə evin birinci mərtəbəsində yerləşən zala daxil olmuşlar. Qeyd etmişdir ki, həmin zal bir qayda olaraq onun istifadə etdiyi və vaxtının çox hissəsini keçirdiyi otaqdır. Polis əməkdaşları həmin otağa daxil olduqda jurnal stolunun üstündə vərəqin üzərində qurudulmuş marixuana görüb nə olduğunu soruşmuşlar. O, həmin kütlənin tütünlə qarışdırdığı qurudulmuş marixuana olduğunu demişdir. Həmin kütlə də kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Stolun üzərində olan içərisi boş kazbeklər və marixuana toxumları da qablaşdırılaraq götürülmüşdür. O, döşəməyə düzülmüş marixuana yarpaqlarını bağdakı həmin çətənə kollarından toplayıb düzdüyünü bildirmişdir. Həmin yaş halda olan marixuana toplanaraq torbada çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra evin birinci və ikinci mərtəbəsində olan otaqlara və həyətdə olan “VAZ 2106” markalı avtomobilə baxış keçirilmişdir. Lakin, başqa narkotik vasitə və qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra videoçəkilişə baxılması üçün fasilə elan olunmuşdur. Fasilə vaxtı videoçəkilişə baxıldıqdan sonra o, etirazının olmadığını bildirmiş və tərtib edilmiş protokolla tanış olub imzalamışdır. Daha sonra polis əməkdaşları onu Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinə çatdıqdan sonra binanın birinci mərtəbəsində yerləşən iş otaqlarından birinə daxil olmuş, təhqiqatçı ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu bildirmiş, öz vəsaiti və dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah edib ona müdafiəçilərin siyahısı təqdim etmişdir. O, həmin siyahıdan vəkil X2 dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilməsini xahiş etmiş və həmin müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra, təhqiqatçı ona hüquq və vəzifələrini izah edib yazılı bildirişlər vermişdir. Daha sonra həmin otaqda videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı ona təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə vardırsa təqdim etsin. O, isə üzərində narkotik vasitə, psixotrop maddə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı əynində olan geyim paltarlarını, bədən səthini yoxlamışdır. Lakin, üzərindən “Nokia” markalı mobil telefonundan başqa hər hansı bir predmet aşkar edilməmişdir. Telefonu bir ədəd kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüşdür. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, o və digər şəxslər həmin protokolu imzalamışlar. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Qızılqum bağlarında yerləşən fərdi yaşayış evində yaşasa da, bəzi vaxtlarda əsasən də yay aylarında ay ərzində heç olmasa 5-10 gün olmaqla ünvan 4 ünvanında yerləşən, mərhum anası Fatma Salmanovaya məxsus evdə qalmışdır. Arvadı və qızı isə qızının təhsili ilə əlaqədar Bakı şəhərində yaşayırlar və demək olar ki, Qazax şəhərinə gəlib-getmirlər. Sonuncu dəfə isə o, 23 iyul 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhərindən Qazax rayonuna gəlmək üçün yola düşmüş və 24 iyul 2024-cü il tarixdə gecə saatlarda rayona çatmışdır. Məlum hadisə ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edildiyindən Qazax rayonunu tərk edə bilmədiyi üçün hazırda da Qazax şəhərində qeyd olunan evdə yaşayır. Daha sonr göstərmişdir ki, o, həmin evin iki otağını 2023-cü sentyabr ayında repetitor fəaliyyəti ilə məşğul olması üçün mərhum müəllim Elmira Şıxlinskiyə kirayəyə vermişdir. Lakin, o, həmin şəxslə heç bir müqavilə bağlamamışdır. Buna səbəb həmin şəxsin ziyalı müəllim olması, ona qarşı hansısa qanunsuzluq etmək ehtimalının olmaması və müəyyən mənada evin nəzarətsiz qalmamasını istəməyi olmuşdur. Aralarında olan şifahi əqdə əsasən o, aylıq 150 manat kirayə haqqı vermişdir. Lakin, 17 fevral 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin müəllim öldüyündən onun vaxtilə evin otaqlarından ikisinə yerləşdirdiyi məktəb masaları və lövhə bugünədək yaşadığı evdə qalmışdır. Heç kim həmin əşyaları gəlib aparamamışdır. İzahatında isə kirayə pulu almaq üçün gəldiyini deməyinin məqsədi özünü müdafiə xarakterli olmuşdur. Elmira Şıxlinski öldükdən sonra o, evin otaqlarını heç kimə kirayə verməmişdir. Bundan başqa göstərmişdir ki, həmin çətənə kolları yabanı halda bitmişdir. O, həmin bitkiləri əkməmiş və yetişdirməmişdir. Kim tərəfindən əkilməsini və ya hansı formada yabanı formada bitməsini bilmir. O, sadəcə 24 iyul 2024-cü il tarixdə həyətdə bitən alaqları təmizləmək üçün gəzən zaman, həmin çətənə bitkilərinin yabanı halda bitməsini görüb narkotik vasitə aludəçisi olduğundan narkotik vasitə hazırlamaq məqsədi ilə sulamış və bir də ki, hündürlüyünün hasardan görünməməsi üçün iplə bağlamışdır. Daha sonra isə həmin bitkilərin yarpaqlarından toplayıb şəxsi istifadə etməyi üçün narkotik vasitə marixuana və həşiş qətranı hazırlayıb istifadə etmişdir. Odur ki, arvadının və qızının bundan heç bir xəbəri və məlumatı olmamışdır. Yaş həddi ilə əlaqədar səhhətində çətinliklər olduğundan bağda gəzib tez-tez təmizlik işləri apara bilmir. Sadəcə 24 iyul 2024-cü il tarixdə alaqları təmizləmək üçün həyətyanı sahədə gəzən zaman yabanı halda bitmiş çətənə bitkilərini görmüşdür. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qazax rayon X30 təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət edir. 27 iyul 2024-cü il tarixdə ünvan 4 ünvanında müvəqqəti olaraq yaşayan Rusiya Federasiyasının vətəndaşı X15 yaşadığı evin həyətyanı bağ sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, həmin əməliyyat məlumatı barədə raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair Qazax RPŞ-nin Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 qərar qəbul etmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Şahid1, Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X11, Cinayət-axtarışı bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X27, İctimai təhlükəsizlik bölməsinin sahə polis nəfərləri, polis baş serjantı Şahid4 və polis serjantı Şahid5 daxil edilmişlər. O və əməliyyat qrupunun digər üzvləri keçiriləcək əməliyyat-axtarış tədbirləri barədə təlimatlandırılmışlar. Daha sonra həmin evin həyətyanı bağ sahəsinə baxışda mütəxəssis qismində iştirak etmək üçün Qazax rayon Dövlət Aqrar X10 sektorunun müdiri Şahid6 dəvət edilmişdir. Bundan sonra həmin tarixdə, yəni 27 iyul 2024-cü il tarixdə saat 17 radələrində əməliyyat qrupunun üzvləri və mütəxəssislə birlikdə Qazax şəhəri, S.Vurğun küçəsi 48-də yerləşən fərdi yaşyış evinə getmişlər. Onlar, Elviz Salmonovun yaşadığı evin qarşısına çatdıqdan sonra Şahid2 tərəfindən videokameradan istifadə edilməyə başlanmışdır. X9 qeyd olunan ünvana getmələrinin səbəbi barədə iştirakçılara ümumi məlumat verdikdən sonra həmin evin dəmir darvazasını döymüşdür. Qapını açan şəxs özünü təqdim edərək X26 olduğunu bildirmişdir. X9 yaşadığı evin həyətyanı bağ sahəsində narkotik tərkibli bitkilər əkib becərməsi barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu və həmin məlumat əsasında bağ sahəsinə baxış keçirilməli olduğunu bildirib, buna etirazının olmadığını soruşmuşdur. Elviz Salmonov isə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar Elviz Salmonovla birlikdə evin həyətinə keçmişlər və Elviz Salmonov baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmışdır. Bundan sonra X9 Elviz Salmonovdan yaşadığı evin həyətyanı bağ sahəsində narkotik tərkibli bitkilər əkib-əkmədiyini soruşmuş və əgər varsa təqdim etməsini təklif etmişdir. Elviz Salmonov isə bağ sahəsində narkotik tərkibli çətənə bitkilərin olduğunu, lakin, onları əkmədiyini, həmin bitkilərin öz-özünə bitib yetişdiyini bildirmişdir. Daha sonra Elviz Salmonov bağ sahəsinə daxil olaraq həmin bitkilərin yerini göstərmişdir. Bağ sahəsində ümumilikdə 08 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki aşkar edilmişdir. Həmin bitkilərdən bəzilərinin iplə bağlandığı müəyyən olunmuşdur. Elviz Salmonov çətənə bitkilərinin bağ sahəsində bitdiyini sonradan aşkar etdiyini, aşkar etdikdən sonra həmin bitkilərin yarpaqlarından toplayıb qurudaraq özünün istifadə etdiyini, bitkiləri isə iplə bağlamadığını bildirmişdir. Baxışda iştirak edən mütəxəssis Şahid6 bitkilərə nəzər yetirərək onların hər birinin narkotik tərkibli çətənə (kannabis) bitkisi olduğunu, həmin bitkilərin yabanı halda bitmədiyini və əkilib becərildiyini, aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan sonra həmin bitkilər onlar tərəfindən kökləri ilə birlikdə torpaqdan çıxarılmış və həmin torpaqdan sellofan torba vasitəsilə nümunə götürülmüşdür. Həmin bitkilər və torpaq nümunələri onlar tərəfindən evin çardağının alt hissəsinə gətirilmişdir. 08 ədəd çətənə bitkisi növbə ilə X9 tərəfindən metrə vasitəsilə ölçülmüşdür. Bitkilərin ölçüləri 251 santimetr, 198 santimetr, 279 santimetr, 217 santimetr, 207 santimetr, 209 santimetr, 193 santimetr və 160 santimetr təşkil etmişdir. Həmin bitkilər birlikdə onlar tərəfindən iki ədəd ağ rəngli kisənin içərisində qablaşdırılmışdır. X6blaşdırmanın üzərində müvafiq qeydlər apararaq DİN-in 64 saylı zərflər üçün möhürü ilə möhürlənmişdir. Qablaşdırmanın üzəri onlar tərəfindən imzalanmışdır. Daha sonra götürülmüş torpaq nümunəsi X9 tərəfindən sellofan torbada qablaşdırılmışdır. Üzərində kağız vasitəsilə müvafiq qeydlər aparılaraq DİN-in 64 saylı .zərflər üçün möhürü ilə möhürlənmişdir. Daha sonra fərdi yaşayış evinin içərisinə baxış keçirilməyə başlanmışdır. İlk öncə evin birinci mərtəbəsindəki giriş otağına daxil olduqda otaqdakı jurnal masasının üzərində kağızın üzərində qurudulmuş halda yaşıl rəngli kütlə müəyyən edilmişdir. Elviz Salmonov həmin kütləni bağ sahəsindən aşkar edilmiş çətənə bitkilərinin yarpaqlarından toplayıb öz şəxsi istifadəsi üçün qurutduğunu bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və kağızla birlikdə ümumi çəkisi 8,39 qram təşkil etmişdir. Kütlə bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və üzərində müvafiq qeydlər aparılmışdır. Zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra jurnal masasının üzərindəki bir ədəd siqaret qutusunun içərisində və bir ədəd kağız bükümün içərisində toxumlar aşkar edilmişdir. Elviz Salmonov həmin toxumların əvvəllər istifadə etmək üçün aldığı “nəşə”nin içərisində olduğunu və həmin vaxtdan qaldığını bildirmişdir. Həmin toxumlar birlikdə kağız bükümdə elektron tərəzi vasitəsilə çəkilmiş və toxumların kağızla birlikdə ümumi çəkisi 5,09 qram təşkil etmişdir. Bundan əlavə, masanın üzərindəki bir ədəd kibrit qutusunun içərisində yapışqan xassəli tünd yaşıl rəngli kütlə aşkar edilmişdir. Elviz Salmonov həmin kütləni özünün qurudulmuş marixuananı spirtlə qarşıdırıb əldə etdiyini və həmin kütləni stolun üzərindəki plastik materialından olan şirə qutusundan kustar üsulla hazırlanmış qabla çəkdiyini bildirmişdir. Həmin kütlə kibrit qutusu ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkidə və kütlənin ümumi çəkisi 5,65 qram təşkil etmişdir. Kağız bükümdəki toxumlar və kibrit qutusundakı kütlə birlikdə bir ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Təhqiqatçısı tərəfindən kağız zərfin üzərində müvafiq qeydlər aparılaraq möəhürlənmiş və zərfin üzəri onlar tərəfindən imzalanmışdır. Daha sonra həmin otaqda divarın künc hissəsində döşəməyə düzülmüş yaşıl rəngli yaş halda kütlə aşkar edilmişdir. Elviz Salmonov həmin kütləni bağ sahəsində aşkar edilmiş çətənə bitkilərinin yarpaqlarından toplayaraq öz şəxsi istifadəsi üçün qurutmuş məqsədilə həmin yerə düzdüyünü bildirmişdir. Həmin kütlə bir ədəd polietilen torbaya qoyularaq elektron tərəzi vasitəsilə çəkilmiş və kütlənin ümumi çəkisi 540 qram təşkil etmişdir. Kütlə həmin sellofanda qablaşdırılaraq üzəri möhürlənmiş və onlar tərəfindən imzalanmışdır. Daha sonra stolun üzərində olan ayrı-ayrı iki ədəd qutuda “kazbek”lər aşkar olunmuşdur. Elviz Salmonov həmin “kazbek”ləri narkotik vasitə olan marixuananı doldurub çəkmək üçün istifadə etdiyini bildirmişdir. Həmin “kazbek”lər təhqiqatçı tərəfindən sayılmış və sayının 63 ədəd olması müəyyən edilmişdir. Daha sonra həmin “kazbek”lər, masanın üzərindəki narkotik vasitə istifadə etmək məqsədilə plastik materialdan olan şirə qutusundan kustar üsulla hazırlanmış bir ədəd qab və masanın üzərində olan 9 (doqquz) ədəd 1 manatlıq əskinaz bir ədəd sellofan torbanın içərisində qablaşdırılıb üzərində müvafiq qeydlər aparılaraq üzəri möhürlənmiş və üzəri onlar tərəfindən imzalanmışdır. Elviz Salmonov 9 manat nağd pulun xərclik pulu olduğunu bildirmişdir. Daha sonra evin birinci mərtəbəsində və ikinci mərtəbəsindəki bütün otaqlara, eyni zamanda evin həyətindəki “VAZ 2106” markalı avtomobilə və yardımçı tikiliyə baxış keçirilsə də, hər hansır bir digər narkotik vasitə və psixotrop maddəyə bənzər kütlə, qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra, videoçəkilişə baxılması və protokol tərtib olunması üçün təhqiqatçı tərəfindən fasilə elan olunmuşdur. Fasilə zamanı videoçəkilişə baxılaraq təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. O və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Daha sonra biz götürülmüş maddi sübutları və X38 rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra Elviz Salmonovu X9in birinci mərtəbədə yerləşən xidməti otağına aparmışlar, Cabbar İmamquluyev ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu bildirib öz vəsaiti və ya dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah edib ona müdafiəçilərin siyahısı təqdim etmişdir. Elviz Salmonov həmin siyahıdan vəkil X2 dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçisi təyin edilməsini xahiş etmişdir. Bundan sonra vəkil Pərvin Əhmədov polis şöbəsinə dəvət edilərək Elviz Salmonova təqdim edilmişdir. Daha sonra X9 Elviz Salmonova hüquq və vəzifələrini izah edib bu barədə yazılı bildirişləri ona təqdim etmişdir. Bundan sonra həmin otaqda Şahid2 tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılaraq onun, Şahid1, Arif Mustafayevin, Şahid4, Şahid5 və müdafiəçi Pərvin Əhmədovun iştirakları ilə Elviz Salmonovun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Elviz Salmonovun üzərindən 01 ədəd “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin telefon X9 tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Zərfin üzəri onlar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Elviz Salmonovun üzərindən heç bir narkotik vasitə, psixotrop maddə, hər hansı qanunsuz predmet aşkar olunmamışdır. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, o və digər iştirakçılar tanış olub həmin protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4, Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid5 məhkəmə istintaqında ifadələri elan edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, X45 X10 sektorunun müdiri vəzifəsində çalışır. 27 iyul 2024-cü il tarixdə Qazax RPŞ-dən işlədiyi Qazax X43 Mərkəzinə mütəxəssis dəvət olunması ilə bağlı rəsmi sorğu daxil olduğundan rəhbərliyin göndərişi əsasında o, həmin tarixdə axşam saatlarında Qazax RPŞ-nə gəlmişdir. Orada polis əməkdaşları tərəfindən o, xidməti otaqlardan birinə dəvət olunmuş və təhqiqatçı tərəfindən dəvət olunduğu tədbirlə bağlı ümumi məlumat verildikdən sonra qərar əsasında mütəxəssis qismində təyin edilimişdir. Bundan sonra isə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilərək protokol tərtib edilmiş, o, da həmin protokolla tanış olduqdan sonra imza etmişdir. Nəhayət, həmin tarixdə saat 17 radələrində polis əməkdaşları ilə birlikdə Qazax şəhəri S.Vurğun küçəsində yerləşən evlərdən birinə yola düşmüşlər. Əməliyyat tədbiri keçiriləcək ünvana çatdıqdan sonra polis əməkdaşları həmin ünvanın giriş qapısına yaxınlaşmışlar. Xülasə, həmin vaxt onun yaşadığı evin qapısı bağlı olduğundan polis əməkdaşları qapını döydükdən sonra qapını təxminən 65-70 yaşlarında bir kişi açmışdır. Polis əməkdaşları ona gəlişlərinin səbəbini izah edərək özlərini və onu təqdim etdikdən sonra, polis əməkdaşları ona gəlişlərinin məqsədini, əməliyyat tədbirlərinin həyata keçirilməsinin hüquqi əsaslarını və qanunamüvafiqliyini izah etdikdən sonra o, həyətyanı sahəyə, bağa və evə baxış aparılmasına heç bir etiraz etmədiyini bildirmişdir və bununla bağlı öz təşəbbüsü ilə polis əməkdaşları tərəfindən tərtib olunmuş ərizəyə həyətdə olan masanın üzərində imza etmişdir. Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə müvafiq qaydada X9 tərəfindən iştirakçılara hüquq və vəzifələr izah olunduqdan sonra özünün də iştirakı ilə baxış keçirilməsi istintaq hərəkəti başlanmışdır. Baxış zamanı polis əməkdaşları həyətyanı sahəyə və bağ ərazisinə baxış keçirmişlər. Baxış keçirilən zaman həyətyanı bağ sahəsində şübhələrə əsas olan və diqqəti cəlb edən bitkilərin olması aşkar olunmuşdur. Həmin vaxt o, polis əməkdaşları ilə birlikdə aşkar olunmuş bitkilərə ilkin baxış keçirdikdə həmin bitkilərin əkilib yetirişdirilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi olmasını və onlara xüsusi qaydada aqrotexniki qulluq edilməsini müəyyən edib bu barədə polis əməkdaşlarına məlumat vermişdir . Bundan sonra isə onun da iştirakı ilə həmin 8 (səkkiz) ədəd bitki yaş kökləri ilə birlikdə polis əməkdaşları tərəfindən torpaqdan çıxarılmaqla götürərək ölçülərini müəyyən etdikdən sonra qablaşdırılmışdır. Həmin vaxt Elviz Salmonov həmin bitkilərin yabanı halda bitməsini, sadəcə həmin bitkilərin yarpaqlarından narkotik vasitələr hazırlayıb istifadə etməsini demişdir. Polis əməkdaşları həmin bitkilərin kim tərəfindən iplə bağlanılmasını soruşduqda isə o, ilkin olaraq bunu etiraf etməmiş, kim tərəfindən bağlanılmasını bilmədiyini demiş, daha sonra isə bitkilərin hündürlüyünün qarşısını almaq üçün həmin iplə özünün bağlamasını etiraf etmişdir. Bundan sonra isə polis əməkdaşları müvafiq sənədləşmələr aparılmış, daha sonra isə birlikdə şöbəyə getdikdən sonra o, aşkar edilərək götürülmüş bitkilərin narkotik tərkibli, əkilib-yetişdirilməsi qadağan olan çətənə (kannabis) bitkisi olması barədə arayış tərtib edərək polis əməkdaşlarına təqdim etmişdir. Qeyd etdiklərindən başqa heç bir məlumatı yoxdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 28 iyul 2024-cü il tarixli 16/814 nömrəli ekspert rəyindən görünür ki, X14 yaşadığı evdən aşkar edilərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə tütün hissəcikləri və təmiz çəkisi 2,17 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır ; X14 yaşadığı evdən aşkar edilərək tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 2,46 qram maddə (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə(kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə - həşiş qatranıdır ; X14 yaşadığı evdən aşkar edilərək tədqiqata təqdim edilmiş 1 (bir) ədəd zərf kəsiyi bükümündə təmiz çəkisi 2,82 qram bitki toxumları, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində aktivliyə malik komponentlər yoxdur; X14 yaşadığı evdən aşkar edilərək tədqiqata təqdim edilmiş polietilen torbada təmiz çəkisi 255 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır; X14 yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 1 (bir) ədəd baş-başa keçirilmiş sintetik kisədəki, 8 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 6800 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli – çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə və 1 (bir) ədəd polietilen torbada olan marixuanalar ilə 1 (bir) ədəd baş-başa keçirilmiş sintetik kisədə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəssis) Şahid6 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 03 dekabr 2024-cü il tarixli 1928 nömrəli ekspert rəyindən görünür ki, X25 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Yaşı 65-dən yuxarı olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan baxış keçirilməsi və götürmə aparılması haqqında 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 27 iyul 2024-cü il tarixdə saat 17:46 dəqiqədən saat 21:00-dək olan müddət ərzində baxış keçirilən zaman həyətyanı bağ sahəsindən X25 tərəfindən qanunsuz olaraq əkilib-yetişdirilməklə kultivasiya edilmiş, hündürlükləri 160 (bir yüz altmış) santimetrdən 279 (iki yüz yetmiş doqquz) santimetrədək olan 8 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 6800 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik tərkibli-çətənə (kannabis) bitkiləri, sonuncunun yaşadığı evdən isə, o cümlədən, evin birinci mərtəbəsində yerləşən otağın künc hissəsində döşəmənin üzərində səpələnmiş formada düzülmüş, satış məqsədi olmadan qanunsuz olaraq hazırlayaraq saxladığı, təmiz çəkisi 255 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmamış marixuana və 1 (bir) ədəd kibrit qutusunun içərisində olmaqla yaşadığı evin birinci mərtəbəsində yerləşən otaqda olan jurnal masasının üzərindən isə satış məqsədi olmadan qanunsuz olaraq hazırlayaraq saxladığı, təmiz çəkisi 2,46 qram maddə (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə həşiş qatranı, həmçinin, şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına əsas verməyən çəkidə olmaqla 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,17 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,82 qram bitki toxumları, tərkibində narkotik aktivliyə malik komponentlər olmayan narkotik tərkibli çətənə (kannabis) bitkisi toxumları, habelə, həmin narkotik vasitələri istifadə etmək üçün nəzərdə tutulmuş 63 (altmış üç) ədəd filtrsiz siqaret (kazbek) və kustar üsulla hazırlanmış bir ədəd plastik materialdan olan şirə qabı aşkar edilərək götürülmüşdür. Baxış və götürmə istintaq hərəkəti aparılan zaman X25 həyətyanı sahədə bitən kolların yabanı halda bitməsini, əkib-yetişdirmədiyini, sadəcə yarpaqlarından şəxsi istifadəsi üçün narkotik vasitələr hazırlamasını göstərmişdir. Bundan başqa o, ilkin olaraq bitkilərin yuxarı hissəsinə bağlanmış iplərin kim tərəfindən bağlanmasını bildmədiyini göstərsə də, sonradan həmin ipləri özünün bağlamasını etiraf etmiş, bunu bağlamaqda isə məqsədinin bitkilərinin hündürlüyünün qarşısını almaq olmasını göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən əldə edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X25 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan X3 daxil olmuş 25 avqust 2024-cü il tarixli sənədlə müəyyən edilmişdir ki, X25 X5 narkoloji-psixoloji qeydiyyatda yoxdur. İş materiallarında olan Qazax RİH başçısının şəhər İƏD nümayəndəliyinin 04 dekabr 2024-cü il tarixli, 5-58-1-12-21/2-1681/2024 nömrəli arayışından görünür ki, X14 yaşadığı ünvan 5 ünvanda yerləşən ev sonuncunun anası, mərhum X12 məxsusdur. İş materiallarında olan Qazax RİH başçısının şəhər İƏD nümayəndəliyinin 04 dekabr 2024-cü il tarixli, 5-58-1-12-21/2-1682/2024 nömrəli arayışından görünür ki, X7 şəhəri Səməd Vurğun küçəsi ev 48 nömrəli ünvanda yerləşən evdə həyat yoldaşı xx.xx.1974-cü il təvəllüdlü X19 və uşağı xx.xx.2007-ci il təvəllüdlü X8 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Qazax RİH başçısının şəhər İƏD nümayəndəliyinin 04 dekabr 2024-cü il tarixli, 5-58-1-12-21/2-1683/2024 nömrəli arayışından görünür ki, X7 şəhəri Səməd Vurğun küçəsi ev 48 nömrəli ünvanında yaşayır. İş materiallarında olan Qazax RİH başçısının şəhər İƏD nümayəndəliyinin 04 dekabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, X25 barəsində yaşadığıməhəllə sakinləri tərəfindən nümayəndəliyə heç bir şikayət və narazılıq, o cümlədən təqsirləndirici sənəd daxil olmamışdır. İş materiallarında olan AZ-İİ №087667 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X16 ata qrafasında Təqsirləndirilən şəxs Vahid oğlu ana qrafasında X19 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ №404041 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs Vahid oğlu ilə X21 xx.xx.2008-ci il tarixdə nikahları 180 nömrə ilə qeydiyyatda keçmişdir. İş materiallarında olan AZ-İİ №284217 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Salmanov X33 şəhərində doğulmuş, atası X17, anası X22 milliyəti azərbaycanlıdır. İş materiallarında olan X18 aid Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, sonuncu xx.xx.2007-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan pasportun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. İş materiallarında olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatda olması barədə sənəddən görünür ki, X44 rayonu H.Əliyev prospekti ev 114 mənzil 44 ünvanında qeydiyyata durmuşdur. İş materiallarında olan azərbaycan dilinə tərcümə edilmiş, həkim onkoloq-uroloqun ilkin qəbulu və yoxlanışı sənədindən Elviz Salmonovun xəstəliyi ilə bağlı diaqnozu C67.8 sidik kisəsinin bir neçə nahiyyəsinin zədələnməsi, sidik kisəsinin xərçəngi və sidik kisəsinin xərçəngi səbəbi ilə müalicə aldığı görünür. İş materiallarında olan X23 məxsus üzərində rus dilində yazılar əks edilən Rusiya Federasiyası tərəfindən verilən vəsiqədən görünür ki, Elviz Salmonov 2-ci qrup əlildir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs Elviz Salmonova elan edilmiş ittihamları iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Elviz Salmonovun əməli Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Elviz Salmonovun CM-nin 237.1-ci maddəsinə münasibətdə özünü təqsirli bilməməsi barədə ifadəsini iş üzrə digər sübutlarla təkzib edildiyindən məhkəmə sübut kimi qəbul etmir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində aşağıdakı qaydada göstərilmişdir: 70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.4. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. 70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. 70.7. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində aşağıdakı qaydada göstərilmişdir: 52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 52.1-1. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. 52.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. 52.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Məcəllənin 52.1-52.2-ci maddələri arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələr tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxs Elviz Salmonovun törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində Azərbaycan Respublikası vətəndaşı olan yetkinlik yaşına çatmayan qızının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hazırda 70 yaşının olmasını, ilk dəfə cinayət törətməsini, 2-ci qrup əlil olmasını və xərçəng xəstəliyindən əziyyət çəkməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Bundan başqa, məhkəmə Elviz Salmonovun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, cəzalasını yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür, ona CM-nin 70-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Elviz Salmonovun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması məqsədə müvafiqdir. Məhkəmə X14 Azərbaycan Respublikasında doğulduğunu və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan qız övladının olmasını nəzərə alaraq hesab edir ki, ona “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma” növündə əlavə cəza təyin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Elviz Salmonova təqsirli bilindiyi hər iki maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, X1 müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, maddi sübutlar olan, Qazax RPŞ-nin anbarında saxlanılan 6799,84 qram çəkidə xeyli miqdarda 8 (səkkiz) ədəd çətənə (kannabis) bitkisi, 254,95 qram qurudulmamış marixuana, 2,44 qram həşiş qatranı məhv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat (altmış dörd manat səksən) qəpik məbləğində pul X13 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X4 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: X25 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X25 qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X14 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. X1 müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X14 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. X14 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. X25 narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin anbarında saxlanılan 6799,84 qram çəkidə xeyli miqdarda 8 (səkkiz) ədəd çətənə (kannabis) bitkisi, 254,95 qram qurudulmamış marixuana, 2,44 qram həşiş qatranı məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat (altmış dörd manat səksən) qəpik məbləğində pul X13 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X4 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar