Məhkəmə qərarları › İş №1(023)-3/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-3/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-3/2025 05.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.1974-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Qazax şəhəri H.Z.Tağıyev küçəsi ev 11 A-da qeydiyyatda olan və yaşayan,barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təmiz çəkisi 1,038 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X11 Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə saat 19:30 radələrində Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən “Vüqar” adlanan ərzaq mağazasının yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda 30 avqust 2023cü il tarixdə saat 20:35-dən saat 20:43-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,038 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, narkotik vasitələrin aludəçisidir, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni mütamadi qəbul etdiyi üçün narkotik vasitədən asılılığı yaranıbdır. 29 avqust 2023-cü il tarixdə axşam vaxtlarında yaşadığı qəsəbənin yaxınlığında yerləşən “SU-15” adlanan yol dairəsinin yanından keçərkən yerdə boz rəngli kağıza bükülmüş bükümü görüb götürmüş və içərisinə baxdıqda narkotik vasitə heroin olmasını görmüş və gələcəkdə istifadə etmək üçün həmin bükümü götürüb əynində olan göy rəngli cins materialdan olan şalvarın sol yan cibində saxlamışdır. 30 avqust 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Nəriman Nərimanov yaşayış massivinin yaxınlığında yerləşən “Vüqar” adlanan mağazanın yanında polis əməkdaşları onu saxlayıb Qazax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Bundan sonra, o, təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş, müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah edilib vəkillərin siyahısını təqdim etmişdir. Ona dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmiş, müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilib yazılı bildirişlər verilmişdir. Bundan sonra həmin gün saat 20 radələrində polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda polis işçilərinin və müdafiçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd boz rəngli kağız bükümdə narkotik vasitə olan heorin aşkar edilmiş, elektron tərəzidə çəkdikdə bükümlə birlikdə çəkisinin 1,21 qram olduğunu görmüşdür. Daha sonra həmin büküm 1 ədəd kağız zərfə qoyulub qablaşdırılıb götürülmüşdür. Törətdiyi cinayət əməlinə görə peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin X11 şöbəsinin baş əməliyyat müvəkkili işləyir. Qazax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə alınmış əməliyyat məlumatına əsasən onun ətrafında əməliyyat tədbirinin keçirilməsi və saxlanması məqsədilə xidmət etdiyi şöbənin rəhbərliyinə raportla məruzə etmiş və əməliyyat tədbirinin keçirilməsinə dair müvafiq qərar qəbul edilmişdir. Əməliyyat tədbirinin keçirilməsi üçün onun və şöbənin polis nəfəri polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 avuqst 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivi ərazisində saxlanılmış, ona özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Qazax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs QBRŞ-in təhqiqatçısı Şahid3 tərəfindən şübhəli şəxs kimi tutulmuş ona vəkillərin siyahısı təqdim edilərkən siyahıdan Qazax rayon Vəkil Bürosunun vəkili X1, həmin vəkil ona təqdim edilmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib bununla bağlı yazılı bildirişlər təqdim edildikdən sonra həmin gün saat 20:45-dən başlayaraq Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda müdafiəçi Rüfət Mahmudovun və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis nəfəri Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd boz rəngli kağız bükümü təqdim etmiş, içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni SU 15 adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə-çəkisinin 1,21 qram olduğu müəyyən edilmiş, həmin büküm təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, o və digər iştirakçılar zərfi imzalamışlar. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin X11 şöbəsinin təhqiqatçısı, polis kapitanı işləyir. 30 avuqst 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş ona vəkillərin siyahısı təqdim edilərkən siyahıdan Qazax rayon Vəkil Bürosunun vəkili X1, həmin vəkil ona təqdim edilmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib bununla bağlı yazılı bildirişlər təqdim edildikdən sonra həmin gün saat 20:45-dən başlayaraq Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda müdafiəçi Rüfət Mahmudovun və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis nəfəri Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd boz rəngli kağız bükümü təqdim etmiş, içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni SU-15 adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Həmin büküm tərəfindən elektron tərəzidə çəkildikdə çəkisinin 1,21 qram olduğu müəyyən edilmiş, həmin büküm tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, o və digər iştirakçılar zərfi imzalanmış, daha sonra tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışdırlar. O məktubu vəkilə təqdim etmiş, vəkildə ona orderi təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 30 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 30 avqust 2023-cü il tarixdə saat 20:35-dən saat 20:43-dək olan müddət ərzində Qazax rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins materialdan hazırlanmış şalvarın sol yan cibindən 1 ədəd kağız bükümdə çəkisi 1,21 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütləni Qazax şəhəri, “SU 15” adlanan ərazidəki yol dairəsinin yaxınlığından tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2023-cü il tarixli, 16/863 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 1,038 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 06 dekabr 2023-cü il tarixli, 1994 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,038 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon Psixiatriya Xəstəxanasının 04 oktyabr 2023-cü il tarixli, 1593 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X3 psixoloji qeydiyyatda yoxdur, lakin xəstəxananın narkoloji jurnalında “narkoman” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 07 ay 23 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2015-ci il tarixdə cəzasının tam çəkib qurtarmışdır. Məhkumluğu ödənilmişir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi 02 gün tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan "xxxx" MMC və "xxxx" MMC-dən daxil Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, X4 istifadəsində olan ***-***-**-** və Şahid2li oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrələrin aten dairələri barədə məlumatlardan görünür ki, X7 və Şahid2li oğlunun istifadələrində olan telefonların aten dairələri 30 avqust 2023-cü il tarixdə saat 16:00-dan 19:00-dək müddətdə Qazax rayonu ərazisini göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 3-16-16/2-4/1902 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 11-12-ci vərəqələrində olan 30 avqust 2023-cü il tarixli Şübhəli şəxsin tutulması haqqında qərarın 2-ci vərəqində "Müdafiəçi Rüfət Mahmudov" qrafasındakı imza; 13-cü vərəqində olan 30 avqust 2023-cü il tarixli Şübhəli şəxsin tutulması haqqında Protokolda "Müdafiəçi: Rüfət Mahmudov" qrafasındakı imza; 19-cu vərəqində olan xx.xx.2023-cü il tarixli 130/2023-cü il nömrəli vəkil orderində "Vəkilin imzası:" qrafasındakı imza və "Rüfət Mahmudov" əlyazmaları: 22-23-cü vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 1-ci vərəqənin sağ hissədəki imza, 2-ci vərəqində "Müdafiəçi: Rüfət Mahmudov" qrafasındakı imza; 24-cü vərəqində olan 30 avqust 2023-cü il tarixli Şübhəli şəxsin "İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Auropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildirişdə "Müdafiəçi: Rüfət Mahmudov qrafasındakı imza; 25-ci vərəqində olan 30 avqust 2023-cü il tarixli Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında Protokolda "Müdafiəçi: Rüfət Mahmudov qrafasındakı imza; 26-cı vərəqində olan 30 avqust 2023-cü il tarixli Etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında Protokolda "Müdafiəçi: Rüfət Mahmudov qrafasındakı imza; 27-ci vərəqində olan 30 avqust 2023-cü il tarixli Şəxsi axtarış və götürmə 28-29-cü vərəqələrində olan 30 avqust 2023-cü il tarixli Şəxsi axtarış və götürmə aparılması haqqında qərarda "Müdafiəçi: Rüfət Mahmudov" qrafasındakı imza: aparılması haqqında protokolun 1-ci vərəğində sağ hissədəki imza, 2-ci vərəqində "4. R.Mahmudov" qrafasındakı imza; 32-34-cü vərəqlərində olan xx/xx/2023 cu il tarixli İzahatın 1-2-ci vərəqlərində aşağı sağ hissədəki imzalar, 3-du vərəqindəki "Müdafiəçi: R.Mahmudov soyadı qarşısındakı imza, 36-cı vərəqində olan 30 avqust 2023-cü il tarixli Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda "Müdafiəçi: Rüfət Mahmudov" qrafasındakı imza; 41-ci vərəqində olan 31 avqust 2023-cü il tarixli Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda "Müdafiəçi: Rüfət Mahmudov qrafasındakı imza öz aralarında- eyni şəxs - MAHMUDOV NEMƏT MƏHƏMMƏDƏLİ oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim cinayət işinin 19cu vərəqində olan xx.xx.2023-cü il tarixli 130/2023-cü il nömrəli vəkil orderində "Vəkilin imzası:" qrafasındakı imza ilə 227-ci vərəqində olan xx.xx.2023-cü il tarixli 130/2023-cü il nömrəli vəkil orderində "Vəkilin imzası:" qrafasındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan, Qazax Rayon İcra Hakimiyyəti Başçısının Qazax Şəhər İnzibati Ərazi X5 verdiyi xx.xx.2023-cü il tarixli, 5-58-1-12-21/2-1438/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinə əsasən ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X8 ilə birgə nikahlarından xx.xx.2010-cu ildə X12 doğulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan, 25 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun şərh olunan cinayət əmərini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, onun şəxsiyyətini, yetkinlik yaşına çatmayan bir nəfər uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilən cəzadan çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2025-ci il tarixdən hesablanmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0.978 qram heroin məhv edilməli, məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE **********000 2088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qazax rayon polis şöbəsində saxlanılan, 0,978 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar