Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-30/2024 22.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi- Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1987-ci ildə Füzuli rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Azadlıq küçəsi ev 74-də qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu, M.Ələkbərov küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 318.1-ci maddəsi ilə, xx.xx.1987-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gürcüstanın Qardabani rayonu, Stalin küçəsi, 48 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli V massivi 12, blok 5, mənzil 109 da küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Sadıqov X2 vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçməsinə qabaqcadan vəd etməklə köməklik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah məqsədilə Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikası ərazisinə qəsdən qanunsuz olaraq keçməsinə maneələri aradan qaldırmaqla və onu gizlətməklə yardım etmək barədə qabaqcadan vəd etməklə həmin cinayətdə köməkçi qismində iştirakçılıqla bağlı razılıq əldə edib cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 19 yanvar 2024-cü il tarixdə saat 04 radələrində X7 rayonunda yerləşən "Qırmızı Körpü" SNŞ-dən Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, **-UL-*** dövlət nömrə nişanlı yük avtomobilinin **-ZX-*** nömrə nişanlı qoşqusunda gizlədərək Gürcüstandan Azərbaycan Respublikasına keçirmişdir. Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə 19 yanvar 2024-cü il tarixdə saat 04 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 qəbaqcadan vəd etməklə göstərdiyi köməkliyi ilə, yəni sonuncunun idarə etdiyi “DAF” markalı, **-UL-*** dövlət nömrə nişanlı yük avtomobilinin **- ZX-*** nömrə nişanlı qoşqusunda gizlənməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin X7 rayonunda yerləşən "Qırmızı Körpü" sərhəd nəzarəti şöbəsindən sərhəd naryadından yayınaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, sürücüdür, Kamran adlı şəxsin mülkiyyətində olan “DAF” markalı **-UL-*** dövlət nömrə nişanlı yük avtomobili və **-ZX-*** dövlət nömrə nişanlı qoşqusunu idarə etmiş, əsasən Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində müxtəlif şirkətlərin yüklərini daşınması ilə məşğul olumuşdur. 03 yanvar 2024-cü ildə “Qırmızı Körpü” sərhəd nəzarəti şöbəsindən dövlət sərhədini rəsmi qaydada keçərək Gürcüstana, oradan isə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, İstanbul şəhərində olarkən təsadüfən sürücü tanışı olan Emin adlı şəxsin telefonla kiminləsə danışdığını, şəxsin qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək istədiyini, Eminin isə təklifdən boyun qaçırdığının şahidi olmuş, Eminə həmin şəxsi Azərbaycan Respublikasına qanunsuz yolla, idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunda apara biləcəyini demiş, Emin ona bu işə baş qoşmamağını bildirsə də borcu çox olduğu üçün telefonu Emindən almış, telefonla sonradan adının Lamia olmasını bildiyi şəxslə danışmış, Lamia ilə sonuncunu qanunsuz yolla Azərbaycan Respublikasına 1500 ABŞ dolları məbləğində pula gətirməsi barədə razılaşmışlar. Lamia ilə əvvəldən razılıqlarına əsasən sonuncu ilə Gürcüstanın Azərbaycan Respublikası ilə dövlət sərhədində yerləşən “Tır Parkı” deyilən yerin yaxınlığında görüşmüşlər. Bundan əvvəl isə o, idarə etdiyi avtomobili saxlamış, qoşqunun trosunu kəlbətinlə kəsib çadırı boşaltmış, sonra Təqsirləndirilən şəxs1 zəng edərək ona Gürcüstanın Azərbaycan Respublikası ilə dövlət sərhədinə gedən yoldakı “Tır Parkı”nın yaxınlığına, yolun kənarına gəlməsini bildirmiş, həmin gün, saat 00-01 radələrində Lamia avtomobilə yaxınlaşmış və ona 1500 ABŞ dolları pul vermiş, o da əvvəlcədən hazırladığı yerdən çadırı qaldırıb Lamianın qoşquya qalxmasına kömək etmiş və ona qoşquda olan dəmir silindirlərin arasında sakit oturmağını bildirmişdir. Təqsirləndirilən şəxs1 qoşquya qalxıb orada dəmir silindirlərin arasında oturduqdan sonra, kəsdiyi trosu məftillə başbaşa bağlamış və Gürcüstandan Azərbaycan Respublikasına yola düşmüşdür. Gürcüstanın dövlət sərhədini keçdikdən sonra 19 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində Azərbaycan Respublikasına- “Qırmızı Körpü” sərhəd nəzarəti şöbəsinə daxil olmuşdur. “Qırmızı Körpü” sərhəd nəzarəti şöbəsində olarkən sərhədçilər tərəfindən idarə etdiyi avtomobil saxlanılmış və qoşquya baxış keçirilən zaman trosda olan nasazlıq aşkar edilmiş, qoşquya baxış keçirilən zaman qoşquda gizlənmiş Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs1 sərhədçilər tərəfindən aşkar olunmuşdur. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Gürcüstanın Tbilisi şəhərində doğulmuşdur. 2012-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmiş və ünvan 2 ünvanında yaşamışdır. Pasportunun etibarlılıq müddəti bitdiyi üçün Gürcüstana gedib sənədlərini qaydasına qoymaq qərarına gəlmişdir. Uzun müddət Azərbaycan Respublikasında yaşadığı üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, orada onu cərimə etmişlər, daha sonra “Qırmızı Körpü” sərhəd nəzarəti şöbəsindən dövlət sərhədini rəsmi qaydada keçərək Gürcüstana getmiş, Gürcüstanda olarkən mobil telefonuna 5 il müddətinə Azərbaycan Respublikasına girişinin qadağan olunması ilə bağlı məlumat gəlmişdir. Uşaqları Azərbaycan Respublikasında yaşadıqları üçün yenidən Azərbaycan Respublikasına qayıtmaq istəmiş, lakin qanuni yolla Azərbaycan Respublikasına gəlməyi mümkün olmadığı üçün qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək üçün yollar axtarmış, yük avtomobilinin sürücüsü Ömər adlı şəxslə onu qanunsuz yolla Azərbaycan Respublikasına gətirməsi barədə telefonla danışmışlar. Ömərlə sonuncunun onu qanunsuz yolla, 1500 ABŞ dolları müqabilində Azərbaycan Respublikasına gətirməsi barədə razılaşmışlar. 19 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində əvvəldən razılaşdıqları kimi o, Gürcüstanın Azərbaycan Respublikası ilə sərhədindəki “Tır Parkı”nın yaxınlığında görüşmüş, əvvəlcə 1500 ABŞ diolları məbləğində pulu Ömərə vermiş, Ömər idarə etdiyi yük avtomobilinin çadırını qaldırıb avtomobilin qoşqusuna qalxmağına kömək etmiş və qoşquda sakit oturmağını bildirmişdir. Qoşquya qalxıb orada dəmir silindirlərin arasında oturmuşdur. Avtomobil yola düşmüş, Gürcüstanın dövlət sərhədini keçmişlər, problem olmamışdır. Lakin Azərbaycan Respublikasında, “Qırmızı Körpü” gömrük postunbda sərhədçilər onu aşkar etmişlər. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir, ki, DSX “Qırmızı Körpü” SNŞ-də xidmət edir. Təqsirləndiriən şəxsləri əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdən saat 20:00-dan xx.xx.2024-cü il tarixdə saat 09:00dək “Qırmız Körpü” SNŞ-də “növbə rəisi” sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman xx.xx.2024-cü il tarixdə saat 04:30 radələrində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində nəqliyyat vasitələrinin giriş xəttində “nəqliyyat vasitələrinə və yüklərə baxış” sərhəd naryadı xidmətində olan baş gizir Şahid2 Gürcüstandan Azərbaycan Respublikasına gələn sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı 99-UL- 655 dövlət nömrə nişanlı yük avtomobilinə baxış keçirdiyi zaman avtomobilin **-ZX-*** dövlət nömrə nişanlı qoşqusunda olan trosun nasaz olması barədə məruzə etmişdir. Dərhal gömrük əməkdaşları ilə birlikdə baş gizir Şahid2 xidmət apardığı yerə gedərək “DAF” markalı yük avtomobilin qoşqusunun trosuna yenidən baxış keçirilmiş və trosa kənar müdaxilənin olduğu dəqiqləşdirilmişdir. Bu barədə aidiyyəti üzrə mərüzə etdikdən sonra gömrük əməkdaşları ilə birlikdə yük avtomobilinin qoşqusunun plombu açılmış və qoşqunun içərisinə baxış keçirilən zaman dəmir silindirlərin arasında gizlənmiş bir nəfər qadın aşkar olunaraq qoşqudan düşürülmüş, aparılan söhbət zamanı qadın 03 oktyabr 1987-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs1 olduğu və Azərbaycan Respublikasından deportasiya olunduğu üçün qanunsuz yolla Azərbaycan Respublikasına keçmək istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid2 da eyni məzmunlu ifadə verib yuxrıda göstərilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan DSX “Qırmızı Körpü” Sərhəd Nəzarət şöbəsinin rəisi kapitan Əli Zəkiyevin raportundan görünür ki, 19 yanvar 2024-cü il tarixdə saat 04:30də Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn, xx xxxxxx 1987-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycanlı, evli, orta təhsilli, deməsinə görə məhkum olunmamış, ünvan 3 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi pasport “DAF” markalı 99-UL- 655 dövlət nömrə nişanlı yük avtomobilə “Qırmızı Körpü” sərhəd nəzarəti şöbəsinində nəqliyyat vasitləri və yüklərə baxış sərhəd naryadı tərəfindən baxış keçirilən zaman yük avtomobilinin qoşqusunda gizlənmiş, qaçaq yolla dövlət sərhədindən keçməyə cəhd göstərən 03 oktyabr 1987-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuş Gardabani rayonu, stalin küçəsi 48 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs1 aşkar olunaraq saxlanılmışdır. Cinayət işinin materiallarında olan “Yük avtomobilinə baxış keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin gün saxlanılmış yük avtomobilinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, “DAF” markalı ** UL *** dövlət nömrə nişanlı yük avtomobilinin kabina hissəsi ağ rənglidir, yük avtomobilinin ümumi uzunluğu qoşqu ilə birlikdə 16.40 metr, eni 2.54 metr, hündürlüyü 3.15 metr təşkil edir. “DAF” markalı yük avtomobili iki hissədən, yəhərli dartıcı yaydan və qoşqudan ibarətdir. Qoşqu müxtəlif növ yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. Yük avtomobilin qoşqusu **-ZX-*** dövlət nömrə nişanlıdır, qoşqunun uzunluğu 14 metr, hündürlüyü 4 metr, eni 2.56 metrdir. Qoşqunun üzərində olan çadır ağ rəngdədir, çadır qoşqunun üzərinə örtülmüş və metal trosla bərkidilmişdir. Metal trosa baxarkən ona kənar müdaxilənin olunduğu, trosun kəsildiyi və məftillə bağlandığı görünür. Yük avtomobilinin qoşqu hissəsinin qapıları bağlanaraq plomblanmışdır. Plomb sürücü Təqsirləndirilən şəxs2 iştirakı ilə açılmış və yük avtomobilinə baxış keçirilən zaman qoşquda olan dəmir silindirlərin arasında gizlənmiş Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs1 aşkar olunmuşdur. Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasından deportasiya olunduğu üçün Azərbaycan Respublikasına gəlmək istədiyini bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə 02 gün tutulmuşdur. Təqsirləndirilən şəxs1 hazırki iş üzrə 02 gün tutulmuşdur. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 7 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024 -cü il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 Azərbaycan Respublikasının vətəndaşı X6 ilə 09 aprel 2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X8 adlı uşaqları vardır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1-ci maddəsində təqsirli bilinərək Azərbaycan Respublikası hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində cərimə edilmiş və Lamia Məmmədova Azərbaycan Respublikasına gəlmə hüququ xx.xx.2023-cü il tarixdən 05 il müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 32.5, 318.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli isə CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hal, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur, Lamiyə Mamedova CM-nin 318.1-ci, Təqsirləndirilən şəxs2 isə CM-nin 32.5, 318.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə köməklik etməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, tamah məqsədilə X1 Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçəməsinə köməklik etməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olması iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işin hallarını nəzərə alaraq təqsirləndirilən şəxslərə CM-in 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52.2.2-ci maddəsinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası vətəndaşı ilə nikahda olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma şamil edilmir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nikaha daxil olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma cəzası əlavə cəza kimi təyin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.4cü maddəsinə əsasən onların tutulduqları 02 gün müddət nəzərə alınaraq təyin olunmuş cərimə cəzası yüngülləşdirilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, DSX Maliyyə Plan idarəsində saxlanılan 1500 ABŞ dolları məbləğində nağd pul dövlət nəfinə müsadirə edilməli və hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 318.1ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü madəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilib 2300 (iki min üç yüz) manata endirilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü madəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilib 2300 (iki min üç yüz) manata endirilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Dövlət Sərhəd Xidmətinin Maliyyə Plan idarəsində saxlanılan 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində nağd pul dövlət nəfinə müsadirə edilsin. Hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-30/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-30/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver