Məhkəmə qərarları › İş №1(023)-31/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-31/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-31/2024 23.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Qazax rayonu, Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Qazax rayonunun Qarapapaq kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Qazax şəhər sakini X6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə, vahid niyyətlə, 2023-cü ilin may ayının sonunda istintaqa dəqiq məlum olmayan tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Qazax şəhəri, Heydər Əliyev prospekti, 86 nömrəli ünvanda yerləşən əvvəllər “Qadın məsləhətxanası” kimi istifadə edilmiş binaya açıq darvazadan qanunsuz daxil olaraq saxlanc yeri hesab edilən həmin binanın birinci mərtəbəsindəki otaqların bir ədədi 100 manat dəyərində 09 ədəd eni 90 sm, uzunluğu 2 metr ölçüdə ümumi dəyəri 900,00 manat olan alüminum materialdan hazırlanmış qapıları, köməkçi tikilinin pəncərələrindən bir ədədi 30 manat dəyərində ümumi dəyəri 90,00 manat olan 3 ədəd dəmirdən hazırlanmış qoruyucu aynaları və 45,00 manat dəyərində 100 metr olan mis naqili gizli yolla talayıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 1035,00 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Paşabəy Hüseynov onun tanışıdır. 2023-cü ilin may ayının sonlarında Qazax şəhəri Heydər Əliyev prospektdə yerləşən keçmiş, «Qadın məsləhətxanası» kim tanınan yerdən Paşa Hüseynovla birlikdə 2 ədəd dəmir toru oğurlamış. İttihamda qeyd olunan digər əşyaları o oğurlamamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, 2022-cü ilin iyun ayında Qazax şəhəri, H.Əliyev prospekti, 86 nömrəli ünvanda yerləşən əvvəllər qadın məsləhətxanası kimi fəaliyyət göstərmiş binanı torpaq sahəsi ilə birlikdə almışdır. Həmin bina torpaq sahəsi ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dölət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsində onun adına sənədləşdirilərək Texniki pasport verilmiş və həmin qeyri-yaşayış binası torpaq sahəsi ilə birlikdə həmin vaxtdan onun xüsusi mülkiyyətindədır. Daşınmaz əmlakın ümumi sahəsi 414,9 kvadratmetrdir, mülkün 2 darvazası vardır, əsas bina 2 mərtəbəlidir, binanın içərisindən hər şey götürülmüş, otaqların içərisində əşyalar olmamışdır. Otaqların alüminium materialdan olan qapılar və yardımçı tikilidə pəncərələr üzərində dəmir materialdan olan barmaqlıqlar qalmışdır. Oranın sü, elektrik və kanalizasiya təzcizatı olmuşdur. O, ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığına görə həmin yerə nəzarət edilməsini qohumu Şahid1 xahiş etmiş və onunla vaxtaşırı telefonla əlaqə saxlamışlar. Həmin vaxtdan bəri Şahid1 binaya və əraziyə nəzarət etmişdir. 25 may 2023cü il tarixdə saat 16 radələrində Şahid1 zəng edərək birinci mərtəbədəki otaqların 9 ədəd giriş qapılarının, binanın içərisindən 100 metr uzunluğunda elektrik naqillərinin, yardımçı tikilinin pəncərələrindəki 03 ədəd dəmir barmaqlıqların oğurlandığını bildirmişdir. Sonradan polis əməkdaşları tərəfindən həmin oğurluğun Təqsirləndirilən şəxs və X6 tərəfindən törədilməsi müəyyən edilmişdir, lakin o, həmin şəxləri tanımamış və onların kim olmalarını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2023-cü ilin may ayının dəqiq xatırlamadığı tarixində saat 17 radələrində Paşabəy Hüseynov yanına gələrərək bir qədər alüminum hissələri topladığını və onu satmaq istədiyini bildirmişdir. O, Paşabəydən həmin alüminiumların oğurluq olub-olmadığını soruşmuş, Paşabəy alüminiumların oğurluq olmadığını demişdir. Bundan sonra o, taksi axtarmış və Şahid4 yolda dayandığını görüb satılıq alüminium olduğunu bildirmişdir. Şahid4 qohumu Şahid3 zəng edib danışandan sonra danışıb razılaşdıqları kimi Asif avtomobili Qazax şəhərindəki H. Əliyev prospektində yerləşən, əvvəllər qadın məsləhətxanası kimi fəaliyyət göstərən binanın arxa tərəfinə sürmüşdür. Paşabəy Hüseynov həmin yerdə onları gözləmiş və Paşabəyin alüminium hissələri avtomobilə yükləmişdir. Bundan sonra onlar birlikdə Qazax rayonu Xanlıqlar kəndinə dəmir qəbulu sexində işləyən Şahid3 yanına getmişlər. Avtomobildən alüminium hissələrini boşaldıb, Etibarla qiymət barədə danışıb razılaşmışlar. Alüminium hissələrinə görə Şahid3 pulu aldıqdan sonra Qazax şəhərinə qayıtmışlar. Onlar Asifə taksi fəaliyyətinə görə yol pulu vermişlər. Sonradan polis işçilərindən eşitmişdir ki, qadın məsləhətxanası kimi istifadə edilən binadan 09 ədəd alümunium materialdan hazırlanmış giriş qapılarını, köməkçi tikilinin pəncərələrində olan, 04 ədəd dəmir barmaqlıqları və 100 metr uzunluğunda elektrik naqilini Təqsirləndirilən şəxs və Paşabəy Hüseynov oğurlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, O, Qazax rayonu, Xanlıqlar kəndində qeyri yaşayış binasında metal tullantıları toplayıb satmaqla məşğul olur. Şahid4 onun uzaq qohumudur, münasibətləri çox yaxşıdır və həmin qohum özünə məxsus avtomobilini taksi kimi istifadə edir. Şahid2 da Qazax şəhər sakini kimi tanısa da yaxın münasibətləri olmamışdır. X4 əvvəllər tanımamış, onu ilk dəfə 2023-cü ilin may ayının sonunda Asif və İlhamla birlikdə alüminium materialdan olan hissələri satmaq üçün gətirərkən görmüşdür. Həmin vaxtlar Asif ona zəng edərək tanışının alüminium materiallan olan hissələri olduğunu, evlərinini təmir etdirdiyinə görə həmin metalları satmaq istədiyini demiş, o da iş yerində olduğunu bildirmişdir. Odur ki, Asif idarə etdiyi Mersedes markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə ilə İlham və Paşabəylə alüminium hissələrini gətimişlər. Asif onun qohumum olduğuna görə o, həmin alüminum materialdan olan hissələrin 1 kq 2 manata almış, həmin alüminium hissələri qapı çərçivələrinin sökülmüş hissələri olmuşdur. Ümumilikdə alüminiumun çəkisi təqribən 30 kqdan artıq olmuş, buna görə də o, təxminən 70 manat pul vermiş və onlar avtomobilə minib oradan getmişlər. Həmin gündən bir neçə gün sonra Asif yenə zəng edib metalları olduğunu bildirmiş, o, iş yerində olduğunu demişdir. Paşabəy və İlham dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ-21011 markalı, göy rəngli avtomobillə 3 ədəd dəmirdən olan reşotkaları gətirib 1 kq metalı 40 qəpikdən ona satmışlar, 3 ədəd reşotkalar təqribən 70 kq olmuş və o, buna görə həmin şəxslərə təqribən 30 manat pul vermiş və onlar həmin avtomobilə minib getmişlər. Həmin vaxtdan bir neçə gün sonra onun iş yerinə polis işçiləri Paşabəy və Manis adlı şəxslə gəlmişlər və ondan həmin şəxslərdən metal hissələri alması barədə soruşmuşlar. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və Paşabəy Hüseynov qeyd olunan əşyaları oğurlamışlar. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qohumumdur, Sevinc ailəsi ilə birlikdə Bakı şəhəri, Əlibəyov qardaşları küçəsində 76-ci binanın 32 nömrəli mənzilində yaşayır. Zərərçəkmiş şəxs Qazax şəhəri, H.Əliyev prospektində yerləşən və əvvəllər “Qadın məsləhətxanası” kimi fəaliyyət göstərmiş binanı torpaq sahəsi ilə birlikdə almış, bununla əlaqədar müvafiq sənədləşmə aparılmış və həmin bina torpaq sahəsi ilə birlikdə Sevincin xüsusi mülkiyyətindədır. Hal hazırda həmin binadan istifadə edilmədiyinə görə Zərərçəkmiş şəxs həmin binaya və əraziyə nəzarət etməyi ondan xahiş etmişdir. O, çalışana kimi tez-tez həmin yerə baxıb nəzarət etmiş, həmin mülkdə bina 2 mərtəbəlidir, binanın içərisində əşyalar olmamış, bina yalnız qapı-pəncərələri olan boş otaqlardan ibarət olmuşdur. Binanın qapılar alüminium materialdan olmuş, həyətdə isə yardımçı tikili və həmin tikilinin pəncərələri üzərində dəmir barmaqlıqlar olmuşdur. 25 may 2023-cü il tarixdə saat 16 radələrində o, yenə həmin yerə gəlmiş və binaya daxil olub baxarkən birinci mərtəbədəki otaqların 9 ədəd giriş qapılarının yerindən çıxarılaraq oğurlandığını, həmçinin binanın içərisindən 100 metr uzunluğunda elektrik naqillərinin oğurlandığını müəyyən etmiş, həmçinin yardımçı tikilinyə baxarkən pəncərələrdəki dəmir barmaqlıqların da yerindən çıxarılaraq oğurlandığını müəyyən etmiş və hadisə barədə zəng edib Zərərçəkmiş şəxs məlumat vermişdir. Bundan sonra hadisə barədə DİN-nin 102 xidmətinə bildirmiş və Qazax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluğu Təqsirləndirilən şəxs və X6 törətmişlər. İş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın mahiyyəti aydındır, özünü həmin maddələrlə nəzərdə tutulan ittihamda tam təqsirli bilir. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, çox vaxt Qazax şəhərində bazarda alver edib dolanır. Qazax rayonu, Qarapapaq kəndində qeydiyyatda olsa da uzun müddətdir ki, Qazax şəhəri, Bakı küçəsi, 2 nömrəli evdə X7 ilə niğahsız yaşayır, ancaq uşaqları yoxdur. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış, sonuncu dəfə Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. X4 yaxşı tanıyır, münasibətləri normaldır, heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2023-cü ilin may ayının sonlarında saat 14 radələrində Qazax şəhərində o, Paşabəy Hüseynovla görüşmüş, Qazax şəhəri, Heydər Əliyev prospektində piyada gəzmişlər. Pulları olmadığına görə, həmin prospektdə yerləşən keçmiş «Qadın məsləhətxanası» kimi tanınan binanın qarşısından keçərkən həmin yerdən oğurluq etmək qərarına gəlmişlər. Həmin yeri başqa bir şəxs almış və oranı sökmüşlər. Onlar həmin obyektdən nə isə oğurlayaraq satıb pul əldə etmək məqsədilə açıq darvazadan içəri keçmişlər, orada heç kəs olmamış, binanın qapıları açıq olmuşdur. Onlar alüminum materialdan olan 9 ədəd otağın qapılarını çıxarıb məhləyə yığmışlar. Bundan başqa yardımçı binanın 3 (üç) ədəd pəncərələrinin dəmir barmaqlığını götürüb, həmin obyektin arxa tərəfində olan darvazadan çöl tərəfə yığmışlar. Onlar oğurladıqları əşyaları metal qəbulu məntəqəsinə satıb pul əldə etmək istəmişlər. Lakin həmin vaxt onun evdə işi olduğundan, Paşabəy Hüseynovla razılaşmışlar ki, o, işi ilə əlaqədar evə getsin, Paşabəy isə taksi tapıb həmin metalları aparıb satsın və sonra pulu bölsünlər. Onlar razılaşdıqdan sonra o, evə getmiş və səhəri gün Paşabəy Hüseynovla görüşmüşlər. Paşabəy Hüseynov ona danışmışdır ki, Şahid2 ilə birlikdə Şahid4 avtomobili ilə həmin metalları aparıb Qazax rayon, Xanlıqlar kəndində fəaliyyət göstərən metal qəbulu sexinə Etibar adlı şəxsə 70 manata satmışdır. Həmin puldan 5 manat taksi sürüsü Şahid4 vermiş, Asif və İlhamın həmin metallların oğurluq olmasından məlumatları olmamışdır. Paşabəy Hüseynov ona 30 manat pul vermiş, o, həmin pulu öz maddi ehtiyaclarını qarşılamaq üçün xərcləmişdir. Sonradan onu polis şöbəsinə çağırmışlar, o, Paşabəy Hüseynovla birgə həmin oğurluğu törətdiyini etiraf etmişdir. 2023-cü ilin may ayının əvvəllərində zərərçəkmiş Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Qazax şəhəri, Heydər Əliyev prospekti, 86 nömrəli ünvanda yerləşən əvvəllər «Qadın məsləhətxanası» kimi istifadə edilmiş binadan bir ədədi 100 manat dəyərində 09 ədəd ümumi dəyəri 900,00 manat olan alüminum materialdan hazırlanmış qapıları, köməkçi tikilinin pəncərələrindən bir ədədi 30 manat dəyərində ümumi dəyəri 90,00 manat olan 3 ədəd dəmirdən hazırlanmış qoruyucu aynaları və 45,00 manat dəyərində 100 metr olan mis naqili X6 ilə qabaqcadan planlaşdırıb oğurlayarkən onların yanında digər şəxs, yaxud şəxslər olmamışdır. Paşabəy Hüseynovla əvvəlcədən oğurluq etmələri barədə heç kim ilə razılaşmamışdır. Oğurluq əməlini Paşabəy Hüseynovla birlikdə törətməyini, digər şəxsin, yaxud şəxslərin iştirakı olmaması barədə əvvəllər də ifadə vermişdir. Barəsində olan cinayət işi üzrə təqsirlənirilən şəxs qismində dindirilmiş X3 məhkəmə istintaqı zamanı verdiyi və hazırki məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 2023-cü ilin may ayının sonlarında saat 14 radələrində o, tanışı Təqsirləndirilən şəxsla görüşüb Qazax şəhəri, H. Əliyev prospekti ilə piyada gəzərkən həmin prospektdə yerləşən “Qadın məsləhətxanası”ndan oğurluq etmək qərarına gəlmişlər. Onlar açıq olan darvazadan içəri keçmiş, orada heç kəs olmamış, obyektin otaqlarının qapılarının alüminium materialdan olduğunu görüb onları yerindən çıxarmışlar. Onlar birinci mərtəbənin otaqlarının 9 ədəd qapılarını çıxarıb həyətə yığmış, həmçinin 3 ədəd pəncərənin dəmir barmaqlıqları pəncərənin üzərindən söküb yerə yığmışlar. Onlar gəldikləri darvazadan yox, arxa tərəfdə olan darvazadan oğurladıqları 9 ədəd qapıları və 3 ədəd pəncərə barmaqlıqlarını darvazadan çölə çıxarıb yığmışlar. Həmin vaxt o, 1 top elektrik naqlillərini də çıxarıb həmin yerə aparıb qoymuşdur. Manislə həmin əşyaları metal qəbulu sexinə aparıb satmaq istəmişlər, lakin Manis evdə işi olduğunu bildirib evinə qayıtmış, o isə taksi tapıb oğurladıqları əşyaları aparıb sataraq pulu bölmələri barədə razılaşmışlar. O, taksi axtarmaq üçün getmək istəyərkən yaxınlıqda, yəni 15-20 metrlik məsafədə yaşayan tanışı İlham ilə görüşmüş və taksi axtardığını, alüminium materialları olduğunu, satmaq istədiyini demiş, İlham köməklik etməyə razı olmuş və taksi axtarmağa getmiş, bir qədər sonra İlham Asif adlı şəxsin idarə etdiyi Mersedes markalı avtomobillə gəlmişdir. O, həmin alüminium materialların özünə məxsus olduğunu bildirmiş, materialları Asifin avtomobilinə yükləmiş və Etibar adlı şəxsin işlətdiyi Qazax rayonu, Xanlıqlar kəndində fəaliyyət göstərən dəmir qəbulu sexinə aparmışlar. Orada 9 ədəd qapıların sökülmüş materiallarını götürərək Etibar onlara 70 manat pul vermişdir. Həmin puldan o, 5 manat taksi sürücüsü Asifə vermiş, pulun bir qədərini isə İlhamla birlikdə yeyib-içməyə xərcələmişdir. Axşam o, yenə qalan oğurladıqları malların yanına gəlmiş, dəmir barmaqlıqlar və bir top naqillərin yerində olduğunu görmüşdür. O, həmin bir top naqili əlinə götürüb satmaq üçün oradan getmiş və yoldan keçən tanımadığı şəxsə 20 manata satıb evinə getmişdir. Səhər tezdən oğurladıqları 3 ədəd dəmir barmaqlıqları satmaq üçün taksi axtarmağa başlamış, Asiflə görüşmüş, ona 3 ədəd pəncərə üçün dəmir barmaqlıqlarının olduğunu və satmaq istədiyini bildirmişdir. Asif avtomobilin damı üzərində yük yığmaq üçün düzəldilmiş avtomobil tapmağı ona bildirmiş, sonra onun xahişi ilə Etibara zəng etmiş və Etibar onun materiallarını almağa etiraz etməmişdir. O, yoldan ötən damında yük yeri olan VAZ-21011 markalı avtomobili saxlayıb yükünün Qazax rayon, Xanlıqlar kəndinə aparmağı xahiş etmişdir. Həmin avtomobilin sürücüsü razılaşmış və buna görə 5 manat istəmişdir, O, etiraz etməmiş və onlar “Qadın mələhətxanasının” arxa hissəsinə gəlmişlər. O, yaxınlıqda yaşayan İlhamdan köməklik etməsini xahiş etmiş, İlhamın köməkliyi ilə həmin 3 ədəd dəmir barmaqlıqları avtomobilin damı üzərindəki yük yerinə yığmış və Etibarın yanına aparmışlar. Orada həmin 3 ədəd barmaqlıqları tərəzidə çəkmiş və Etibar buna görə ona 30 manat pul vermişdir. Həmin puldan o, sürücüyə 5 manat vermiş və şəhərə qayıtmışlar. Həmin puldan bir qədər İlhamla xərcləmiş və sonra o, Manislə şəhərdə görüşərək satdığı əşyalardan Manisə 30 manat pul vermişdir. Həmin oğurluq hadisəsindən Asifin, İlhamın, Etibarın və VAZ-21011 markalı avtomobilin sürücüsünün məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının 26 sentyabr 2023-cü il tarixli, 9/7086 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1035,00 manat müəyyən olunur. O cümlədən eni 90 sm, uzunluğu 2 metr olan aliminium qapı- 900,00 (09 ədəd x 100,00 manat), 01 top 100 (yüz) metr olan mis naqil -45,00 manat, dəmirdən hazırlanmış qoruyucu ayna -90,00 (3 ədəd x 30,00 manat) manatdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan 30 may 2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, Paşabəy Hüseynov, Təqsirləndirilən şəxs və Şahid3 iştirakları ilə Qazax rayonu Xanlıqlar kəndində Şahid3 məxsus qeyri yaşayış sahəsində sökülmüş halda 9 ədəd qapıların qalığı olan 8 ədəd 2 metrlik alüminium material və 3 ədəd dəmirdən hazırlanmış qoruyucu ayna müəyyən edilərək götürülmüş və saxlanması üçün Etibar Vəlievə təhvil verilmişdir. Paşabəy Hüseynov və Təqsirləndirilən şəxs baxış zamanı həmin əşyaları göstərib onları 2023-cü ilin may ayının sonunda Qazax şəhəri, H.Əliyev prospekti, 86 nömrəli ünvanda yerləşən “Qadın məsləhətxanası ” kimi tanıdıqları yerdən oğurlamış və Paşabəy Hüseynov onları taksi ilə gətirib Şahid3 satmışdır. Şahid3 bildirmişdir ki, həmin əşyaları Paşabəy Hüseynov 2023-cü ilin sonunda Paşabəy Hüseynov onun qohumu Asif və İlhamla alüminium materialdan olan hissələri gətirib ona satmışdır. O, həmin materialdan bir qədərini tanımadığı şəxsə satmışdır. Paşabəy Hüseynov həmçinin 3 ədəd dəmirdən hazırlanmış qoruyucu aynanı da gətirib ona satmışdır. Paşabəy Hüseynov və Təqsirləndirilən şəxs polis işçiləri ilə birlikdə gəlib həmin 8 ədəd 2 metrlik alüminium material və 3 ədəd dəmirdən hazırlanmış qoruyucu aynaları göstərib 2023-cü ilin may aıynın sonunda Qazax şəhəri, H. Əliyev prospekti, 86 nömrəli ünvanda yerləşən “Qadın məsləhətxanası” kimi tanıdıqları yerdən oğurladıqlarını bildirmişlər. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Qazax Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1, 68.2-ci maddələrinə əsasən qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 1500 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11 və 4-cü bəndləri tətbiq edilərək o, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cərimə cəzasından azad edilmiş və onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Cinayət işinin materiallarında olan Qazax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 72 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək o, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 1500 manat miqdarda cərimə cəzasından azad edilmişdir. Cinayət işinin materiallarında olan “Cinayət işinin materiallarından başqa cinayət işi ayrılması haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmünün surətindən görünür ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.1 və 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Zərərçəkmiş şəxs məxsus, saxlanılması üçün Şahid3 təhvil verilmiş 08 ədəd 2 metrlik aliminum material və 03 ədəd dəmirdən hazırlanmış qoruyucu aynanın sahibi S. Məmmədovaya qaytarılması, iş üzrə məhkəmə xərciaparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Paşabəy Hüseynovdan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməsi qərara alınmış, 15 mart 2024-cü il tarixdə hökm qanuni qüvvəyə minmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 gün tutulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bildiyini, 02 ədəd dəmir tor oğurladığını, ittihamda elan edilmiş digər əşyaları isə oğurlamadığını bildirsə də, təqsirləndirilən şəxs və şahid ifadələri, eləcə də digər istintaq materialları ilə Təqsirləndirilən şəxs hazırki məhkəmə istintaqı zamanı bununla bağlı göstərdikləri inkar edilir, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşmaqla bunu özünümüdafiə kimi qiymətləndirir, M. Qədirovun zərərçəkmiş şəxsə məxsus 09 ədəd ümumi dəyəri 900 manat olan alüminum materialdan hazırlanmış qapıları, ümumi dəyəri 90 manat olan 3 ədəd dəmirdən hazırlanmış qoruyucu aynaları və 45 manat dəyərində 100 metr mis naqili oğurlaması məhkəmə istintaqı zamanı tam sübut olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur, o, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyi üçün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xx.xx.2023-cü il tarixdə çəkib qurtardıqdan sonra, 02 il keçib məhkumluğu ödənilmədən, yaxud üzərindən götürülmədən 2023 cü ilin may ayının sonlarında yenidən az ağır cinayət törətmişdir, ona görə də onun əməlində cinayətlərin residivi var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, zərərçəkmiş şəxsdən üzürxalıq eləməsini zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müyyən edilir. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 01 gün müddət təyin edilmiş cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, Qazax Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmünə əsasən iş üzrə maddi sübutlar olan 08 ədəd 2 metrlik aliminum materialın və 03 ədəd dəmirdən hazırlanmış qoruyucu aynanın sahibi Zərərçəkmiş şəxs qaytarılmalı olması, məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Paşabəy Hüseynovdan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan 08 ədəd 2 metrlik aliminum materialın və 03 ədəd dəmirdən hazırlanmış qoruyucu aynanın Qazax Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmünə əsasən sahibi Zərərçəkmiş şəxs qaytarılmalı olması nəzərə alınsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun Qazax Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmünə əsasən X2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli olması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar