Məhkəmə qərarları › İş №1(023)-32/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-32/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-32/2025 24.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdfiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi və X1 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə X3 şəhərində anadan olmuş, Mərakeş Krallığı vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, X3 şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-in 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə keçməyə cəhd etmişdir.. Belə ki, Təqsirləndirilən şəxs müalicə almaq məqsədilə Gürcüstana getmək üçün 12 dekabr 2024-cü il tarixdə, saat 15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax rayonu, 2-ci Şıxlı kəndi yerləşən 18-ci sərhəd zastavasının 6-cı sahəsindən qəsdən, qanunsuz olaraq piyada hərəkət etməklə, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etmiş, dövlət sərhəd zastavasının dislokasiya yerindən 800 metr, Qazax rayonu, 2-ci Şıxlı kəndindən 3260 metr, dövlət sərhədindən 250 metr məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan!” çağırış komandası verilərək, həmin gün saat 15:30-da saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.1978-ci il tarixdə X3 şəhərində anadan olmuşdur. Səhhətində olan problemlərlə əlaqədar müalicə almaq məqsədi ilə Gürcüstana gedib orada müalicə almaq qərarına gəlmiş, lakin X2 viza almaq çətin olduğundan həmçinin visa almaq üçün maddi imkanı olmadığından, ilk olaraq viza tələb edilməməsi səbəbi ilə Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişdir. 03 dekabr 2024-cü il tarixdə Mərakeşdən Kasablanka-İstanbul reysi ilə Türkiyəyə gəlmiş, bir gün İstanbulda qalıb 04 dekabr 2024-cü il tarixdə İstanbul-Bakı reysi ilə Azərbaycana gəlmişdir. Bakı şəhərində adını və ünvanını xatırlamadığı hosteldə bir həftə qalmış, sonra hosteldə tanımadığı və hazırda heç bir əlaqəsinin qalmadığı Pakistan vətəndaşı olan bir neçə nəfərlə tanış olmuş və onların vasitəsilə tanımadığı taksiyə minərək Qazax rayonuna gəlmişdir. Məqsədi Gürcüstana qaçaq yolla keçib orada müalicə olunmaq olmuş, 12 dekabr 2024-cü il tarixdə sərhədi keçməyə cəhd göstərən zaman saat təxminən 15 radələrində dövlət sərhədində sərhədçilər tərəfindən ona “Dayan!” komandası verilmiş və sərhədçilər tərəfindən saxlanılmışdır.Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının əsgəri kimi xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 15:00-dan 19:00-dək əsgər X5 ilə birlikdə sərhəd zastavasının 8-ci sahəsində xidmət təşkil etmək əmri aldıqdan sonra xidməti sahəyə hərəkət etmişlər. Xidməti sahəyə çatdıqdan sonra 7-ci sahədən üzü 6-cı sahə istiqamətinə doğru bir nəfərin hərəkət etdiyini görmüşlər və həmin sahəyə doğru irəlləmişlər. Həmin istiqamətdə pozucuya “Dayan!” cağırış komandası vermişlər, pozucu dayanandan sonra onu saxlamış və dərhal rabitə vasitəsi ilə sərhəd zastavasına məlumat ötürmüşlər. Sərhəd zastavası “Silaha!” komandasına qalxaraq 6-cı sahəyə doğru hərəkət edib sərhəd pozucusunu sərhəd zastavasına aparmış, sonradan ona məlum olmuşdur ki, sərhəd pozucusu Mərakeş Krallığı vətəndaşı Təqsirləndirilən şəxsdır. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən N nömrəli hərbi hissənin komandiri, polkovnik Anar Nəsirli 12 dekabr 2024-cü il tarixli, 3/38/2- 16/3424/24 nömrəli məktubunda və həmin hərbi hissənin 18-ci sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra edən leytenant Amin Həsənovun 12 dekabr 2024-cü il tarixli raportundan görünür ki, 12 dekabr 2024-cü il tarixdə, saat 15:00-dan 18:30-dək sərhəd zastavasının 8-ci sahəsində “müşahidə məntəqəsi” xidmətinə təyin olunmuş sərhəd naryadı başcısı əsgər X5 və əsgər Şahid1 tərəfindən 1 nəfər sərhəd pozucusu Mərakeş Krallığı vətəndaşı Təqsirləndirilən şəxs saat 15:30-da sərhəd zastavasının 6-cı sahəsində sərhəd naryadı tərəfindən saxlanılmışdır. 12 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, ərazi sərhəd zastavasının dislokasiya yerindən 800 metr, Qazax rayonu İkinci Şıxlı kəndindən 3260 metr, dövlət sərhədindən, 250 metr məsafədə asfalt yoldan 2816 metr məsafədə yerləşir. Dövlət sərhədi Ehram və Kür çayları arasından keçir. Ərazidə təpəlik və kolluq mövcuddur. İAMAS-dan edilmiş çıxarışdan görünür ki, Mərakeş Krallığı vətəndaşı Təqsirləndirilən şəxs 5 dekabr 2024-cü il tarixdə ZS7510307 nömrəli pasportla İstanbul-Bakı aviareysi ilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 12 dekabr 2024-cü il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidin ifadəsi, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməllərini etiraf etməklə səmimi peşman olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,318.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 dekabr 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 dekabr 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar