Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-33/2023 12.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, iki uşaq atası, ünvan 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 ədəd ağ rəngli kağız parçası bükümünün içərisində olan, təmiz çəkisi 10,36 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 01:40-da Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Qazax şəhəri Heydər Əliyev prospekti 215 ünvanında yerləşən “Dinamo” kafesinin qarşısında olan zaman saxlanılaraq, Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 02:40-dan saat 03:25-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində olan ağ rəngli kağız parçası içərisində təmiz çəkisi 10,36 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin iyul ayının ortalarının xatırlamadığı günündə, günorta saatlarında hava şəraiti isti olduğu üçün Qazax rayonu, Xanlıqlar kəndi əraizisində olan meşəyə getmişdir. Meşənin içərisində, ağacların sıx olan yerində tək gəzərkən bir neçə yabanı halda bitmiş çətənə bitkilərini görmüş və həmin bitkilərdən öz istifadəsi üçün yığıb qurutmaq qərarına gəlmişdir. Bitkilərin yarpaqlarından yığıb yaşadığı evə gətirmiş və ailə üzvlərindən xəbərsiz yarpaqları evin həyətindəki toyuq hininin içərisində gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində ailə üzvləri narkotik vasitə istifadə etdiyini bilməsinlər deyə saxladığı marixuananı gizlətdiyi yerdən götürmüş, ağ rəngli kağız parçasına bükmüş və küçəyə çıxmışdır. Bir qədər küçədə gəzindikdən sonra Qazax şəhərində yerləşən “Yeddi Qaya” mağazası istiqamətində getməyə başlamışdır. Mağazanın qarşısına çatanda fikirləşmişdir ki, mağazanı keçib sola dönsün və orada yerləşən “Dinamo” kafesinin yaxınlığında, işıqlandırma olmayan yerdə qurudulmuş marixuanadan istifadə etsin. Bu məqsədlə “Dinamo” kafesini qarşısına getmiş və orada dayanmışdır. Bu zaman, saat 01:40 radələrində bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini Qazax RPŞ-nin əməkdaşları kimi təqdim etmiş və narkotik vasitə əldə etməkdə, saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu izah edib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdşlarına hər hansı bir etiraz etməyərək birlikdə polis şöbəsinə getmişdir. Orada vəkil Mehdi Hüseynovu dəvət etmişlər, vəkilin də iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Axtarış aparılarkən ona hüquq və vəzifələri izah olunmuş, sonra təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik vasitə və ya qadağan olunmuş əşya varsa təqdim etsin. O, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində ağ rəngli kağıza bükülmüş formada saxladığı qurudulmuş marixuananı təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu, onu Qazax rayonu, Xanlıqlar kəndi ərazisindəki meşəlik ərazidən yığdığını, özü istifadə etmək üçün qurutduğunu və üzərində saxladığını demişdir. Şəxsi axtarış zamanı üzərindən başqa narkotik vasitə və qanunla adağan edilmiş əşya aşkar edilməmişdir. Götürülmüş narkotik vasitə qablaşdırılmış, üzəri möhürlənmış, özü də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd olunan marixuanadan heç kimə satmamış, satmaq fikri olmamışdır. Törətdiyi əməldən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və xəstə anasının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2011-ci ildən DİO-da, 2022-ci ildən isə Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə saat 00:20-00:30 radələrində xidmətdə olarkən ona ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması, istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin razılığından sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Onun özü, Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Qazax RPŞ-nin TB-nin təhqiqatçısı Elmir Şıxıyev və Qazax RPŞ-nin KTQ-nun ekspert kriminalisti Rahil Hüseynovdan ibarət əməliyyat istintaq qrupu yaradılmış və Qazax RPŞ-nin ƏİÜ rəis müavini Rəşad Abdullayev tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması zərurəti ilə əlaqədar qrupa daxil edilmiş əməkdaşlar təlimatlandırılmışdır. O, Şahid1, Şahid4 və Şahid2lə birlikdə RPŞ-dən çıxmışlar. Həmin gün, saat 01:40 radələrində Qazax şəhəri Heydər Əliyev prospekti 215 ünvanında yerləşən “Dinamo” kafesinin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs “Dinamo” kafesinin qarşısında piyada və tək halda hərəkətdə olduğunu görüb Anara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin əldə etməsində, daşımasında, saxlamasında və istehlakında şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət eləmişlər. Anar heç bir narazılıq etməyərək birlikdə Qazax RPŞ-nə getmişdir. Qazax RPŞ-də təhqiqatçısı Təqsirləndirilən şəxs hüquqlarını izah olunmuş, vəkil Müdafiəçi1 dəvət edilmişdir. X2 xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqları bir daha izah edildikdən sonra şəxsi axtarışı keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu və 5-6 ay əvvəl Qazax rayonu, Xanlıqlar kəndi ərazisindəki meşəlik ərazidə yabanı halda bitmiş çətənə bitkilərindən yığdığını, istifadə etmək üçün qurutduğunu və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılmış, içərisində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə kağız bükümlə birlikdə elektron tərəzdə çəkilmiş, kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlə möhürlənmiş, o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Şəxsi axtarış Rahil Hüseynov tərəfindən videoçəkilişlə aparılmış, sonda aparılmış videoçəkilişə baxış keçirilmış, baxış zamanı heç bir etiraz olmamışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilmiş, protokolun doğruluğu da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış həmin gün 02:40-da başlanmış saat 03:25-də başa çatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid3 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi barədə” 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyindən o, həmin tarixdə Qazax RPŞ MSY-dən azad edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı əynində olan tünd göy rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyi bükümündə, bükümlə birlikdə 12 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüş, şəxsi axtarış həmin gün saat 02:40-da başlanmış, saat 03:25-də bitmişdir. Qazax RPŞ-dən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı Qazax rayon Xanlıqlar kəndi ərazisində olan meşəlik sahənin müxtəlif yerlərində yabanı halda bitmiş çətənə kollarından yığıb qurutmaqla əldə etmiş, əldə etdiyi narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlamış və həmin narkotik vasitədən heç kimə satmamışdır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/1376 saylı rəyində göstərilmişdir ki - tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 10,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. (Qurudulmuş marixuananın təmiz çəkisi 10,36 qram olmuş, tədqiqata 0,04 qram sərf edilmiş, 10,32 qram qurudulmuş marixuana qalıq qalmışdır.) Məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2023-cü il tarixli 57 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Qazax RİH başçısının Mənzil İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yeri üzrə müsbət xarakterizə olunur. Qazax rayon qeydiyyat şöbəsinin vermiş olduğu doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Ayla Həmzəyeva və xx.xx.2015-ci il təvəllüdlü Hicran Həmzəyeva adlı uşaqların atası Təqsirləndirilən şəxsdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, himayəsində iki azyaşlı uşağı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın– azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməsi onun ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Qazax və Ağstafa rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Qazax və Ağstafa rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət əmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 10,32 qram marixuana məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,4 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 09 saat, 30 dəqiqə vaxt sərf olunmuşdur. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Qazax rayon Vəkil Bürosunun hesabına 57 manat məbləğində pul köçürülməlidir (Azərbaycan Beynəlxalq Bankın Qazax filialındakı AZ15İBAZ******************** nömrəli hesabı). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax və Ağstafa rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax və Ağstafa rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlnac anbarında saxlanılan 10,32 qram marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Qazax rayon Vəkil bürosunun hesabına 57 (əlli yeddi) manat məbləğində pul köçürülsün (Azərbaycan Beynəlxalq Bankın Qazax filialındakı AZ15İBAZ******************** nömrəli hesabı). Hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №1(023)-33/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-33/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver