Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-34/2023 19.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Ağstafa Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının katibi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2006-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Saloğlu qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşları X5 və X6 ilə birlikdə Azərbaycan Respublikasından Gürcüstana qanunsuz yolla getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 dekabr 2022-ci il tarixdə saat 18 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax rayonu 2-ci şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 2-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradələrindən asılı olmayan səbəblərə görə cinayət əməlinin başa çatdıra bilməmişlər. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi- Ağstafa Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komisiyasının katibi Qanuni nümayəndə iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonunun Saloğlu qəsəbəsində yaşayır, anası ölmüşdür. Atası isə onlarla qalmır. 2022-ci ilin dekabr ayının əvvəllərində qohumları Gülpara və Bəsti ilə söhbət etdikləri üçün sərhəddən gizli yolla keçərək Gürcütana- oradakı qohumlarının yanına getmək qərarına gəlmişlər. 05 dekabr 2022-ci il tarixdə Gülpara və Bəsti ilə birlikdə Gürcüstana gizli keçmək üçün yola düşmüş, Qazax rayonunun İkinci Şıxlı kəndinə getmişlər. Onlar avtobusdan düşdükdən sonra havanın qaralmasını gözləmiş, sonra isə dövlət sərhəd xətti boyunca getməyə başlamışlar. Bir qədər sonra işıqlar görmüş və həmin istiqamətə doğru hərəkət etmişlər. Həmin gün saat 18 radələrində sərhədçilər onlara “dayan” əmri vermiş və onları saxlamışlar. Hal-hazırda əməlindən peşmandır, gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindəsində göstərmişdir ki, DSX X12 Diviziyasında Təminat bölüyünün sürücüsü kimi kiçik çavuş rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 16:30-dan, 20:30-dək sərhəd zastavasının 1 və 2-ci sahəsinə “sərhəd gözətçi” xidmətinə əsgər X8 ilə birlikdə təyin edilmiş, xidmətin zamanı, saat 18 radələrində, 1 və 2-ci sahələrdə 3 nəfər naməlum şəxsin Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə hərəkət etməsi ilə bağlı məlumatlandırılmışdırlar. Sonra zastava rəisi baş leytenant Şahid2 göstərişi əsasında onlar dərhal yuxarıda qeyd edilən sahəyə doğru hərəkət etmiş, 1-ci sərhəd zastavasının 2ci sahəsində Dövlət Sərhəd xəttindən 200 metr, mühəndis çəpərindən isə 300 metr aralı məsafədə Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə üç nəfər naməlum şəxsin hərəkəti davam etdirdiyini müşahidə etdikdən sonra “dayan” komandası verərək onları saxlamışlar. Həmin şəxslər dayanmış, onların 3 qız olmasını görmüşlər. Zastavasının rəisi tərəfindən sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq sərhəd pozucularının olduğu ərazi istiqamətinə doğru hərəkət etmiş və hadisə yerinə gəlmişdirlər. Daha sonra isə onlar üç nəfər sərhəd pozucularını sərhəd zastavasına aparımışlar. Şahid2 məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da eyni məzmunlu ifadə verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DSXnin X11 X4 komandiri polkovnik Bəhmən Babayevin 06 dekabr 2022-ci il tarixli məktubunda göstərilir ki, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs, X5 və X6 05 dekabr 2022-ci il tarixdə Qazax X4 Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 2-ci sahəsindən dövlət sərhəd xəttindən təxminən 300 metr aralıda sərhəd naryadı tərəfindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə keçməyə cəhd etmələri müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 05 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs, X5 və X1 cəhd etdiyi yer Dövlət Sərhəd Xidməti X7 X4 Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının 2-ci sahəsindən dövlət sərhəd xəttindən təxmiən 300 metr aralı məsafədə yerləşir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsindən daxil olmuş 27 fevral 2022-ci il tarixli məktubdan görünür ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə xx xxxxx 2006-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qıznın 2 halda dövlət sərhədindən hərəkəti qeydə alınmışdır. Sonuncu hərəkəti 06 aprel 2019-cu il tarixdə X13 X2 müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsinin verdiyi sənətdən görünür ki, Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsi tərəfindən məhdudiyyət tətbiq edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hər biri 01 gün tutulmuşlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin verdiyi 24 fevral 2023-cü il tarixli, 2486 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X5 və X3 barələrində Azərbaycan Respublikasının CM-nin 29,318.2-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. DİN BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahid ifadəsi, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməyə cəhd etməsini, yetkinlik yaşına çatmamasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzrə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları məcmusunu, cəzalarını ağırlaşdıran hal olmamasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Cinayət Qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, törətdiyi cinayət az ağır cinayətdir, səmimi peşman olub əməlini hələ ilk əvvəldən- sərhədçilər tərəfindən saxlanıldıqları vaxtdan etiraf etmişdir, iş üzrə onun cəzasını ağırlaşdıran hal yoxdur. Belə olan halda iddia etmək olmaz ki, onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o mütləq cəza çəkməlidir, onu şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun tutulduğu 01 gün müddət təyin edilən cəzadan çıxılmalı, CM-nin 70-ci maddəsinə əsasən onun üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-34/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-34/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver