Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-34/2025 07.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Qazax rayonu, Qazaxbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Qazax rayonu, Qazaxbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda, həmçinin nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ-2106 markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az-ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir.. Belə ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə təxminən saat 18:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qazax rayonu İkinci Şıxlı kəndi ərazisindən keçən 495-ci kilometrliyində “X3” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ,yəni sürücülük vəsiqəsi olmadan, həmçinin alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi VAZ-2106 markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sınıq-Körpü istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissənin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək qarşıdan gələn sürücü Şahid idarə etdiyi Chevrolet Malibu markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs sol bazu sümüyünün aşağı 1/3-nin qapalı,yerdəyişməli sınığı ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özünə məxsus VAZ-2106 markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilim var, lakin sürücülük vəsiqəsi yoxdur. (Sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmişdir). xx.xx.2024-cü il tarixdə təxminən saat 18:40 radələrində sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan 50-60 km/saat sürətlə idarə etdiyi qeyd edilən avtomobili Bakı-Qazax yolu ilə Sınıq-Körpü istiqamətində hərəkət etdirərkən həmin yolun Qazax rayonu İkinci Şıxlı kəndi ərazisindən keçəndə əks istiqamətdən gələn Chevrolet Malıbu markalı avtomobilin üzərinə doğru gəldiyini görüb toqquşmadan yayınmaq üçün sükanı sağa buraraq avtomobili sağa yönəldəndə həmin Chevrolet markalı avtomobil də öz növbəsində sola yönələndə sağ yan hissəsi ilə idarə etdiyi avtomobilin ön sağ hissəsindən toqquşmuş, nəticədə avtomobilində sərnişin olan Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun eyniməzmunlu ifadə versədə ibtidai istintaqda verdiyi ifadəsinin əksinə özünü təqsirli hesab etməmişdir. Bundan başqa ifadəsində zərərçəkmiş şəxsin öz qohumu olduğunu, onunla barışdığını və dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsində ondan şikayət və tələbinin olmadığını, İİİ qrup əlil olduğunu bildirmişdir. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumudur, Feyruzun özünə məxsus VAZ-2106 markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2024-cü il tarixdə Ağstafa rayonu Muğanlı kəndində yaşayan qohumlarının toyu olduğu üçün nəvələri və gəlini ilə birgə toya getmişdir. Həmin gün toy qurtardıqdan sonra Feyruzdan evə qayıtdığı halda onları da yaşadıqları kəndə aparmasını xahiş etmiş və bundan bir neçə dəqiqə sonra evə qayıtmaq məqsədi ilə qeyd edilən avtomobilə əyləşmişlər. Feyruz sərxoş halda sükan arxasına keçəndən avtomobili işə salıb Ağstafa rayonundan Bakı-Qazax yoluna çıxaraq Sınıq-Körpü istiqamətində hərəkətə başlamış, hərəkətdə olarkən təxminən saat 18:40 radələrində həmin yolun Qazax rayonu İkinci Şıxlı kəndi ərazisindən keçəndə əks istiqamətdən gələn Chevrolet Malıbu markalı avtomobillə toqquşmuş, hadisə zamanı xəsarət aldığı üçün Qazax MRX-na daxil olmuşdur. Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı ödəmişdir. O da təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadə verərək bildirmişdir ki, özünə məxsus Chevrolet Malıbu **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili və hazırda qüvvədə olan sürücülük vəsiqəsi var. xx.xx.2024-cü il tarixdə təxminən saat 18:30 radələrində Qazax rayonu Birinci Şıxlı kəndində olarkən yaşadığı Qazax şəhərinə getmək üçün qeyd edilən avtomobilin sükanı arxasına keçərək idarə edib kənddən Bakı-Qazax yoluna çıxaraq Qazax şəhəri istiqamətində hərəkətə başlamış, 42 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun Qazax rayonu İkinci Şıxlı kəndi ərazisindən keçəndə əks istiqamətdən zıqzaqvari şəkildə VAZ-2106 markalı avtomobilin yolun ona nisbətdə sağ tərəfi ilə üzərinə doğru gəldiyini görüb toqquşmadan yayınmaq məqsədi ilə sağ tərəfindən yol çiyninin olmadığı üçün tormozu basaraq sükanı sola burub avtomobili sola yönəldərək sol tərəfə çıxanda əks istiqamətdən gələn qeyd edilən VAZ-2106 markalı avtomobil də öz növbəsində sağa yönələndə avtomobilinin sağ yan hissəsi ilə VAZ-2106 markalı avtomobilin ön sağ hissəsi toqquşmuş, toqquşma zamanı avtomobili zərbənin təsirindən yerində fırlanaraq dayanmış, nəticədə özü və VAZ-2106 markalı avtomboildə sərnişin olan Zərərçəkmiş şəxs xəsarət almışdır. İdarə etdiyi avtomobili Bakı istiqamətində hərəkət etdirərkən VAZ-2106 markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zıqzaqvari şəkildə yolun ona nisbətdə sağ tərəfi ilə üzərinə doğru gəldiyini görəndə arada təxminən 100 metr məsafə olmuş, həmin vaxt hadisədən yayınmaq üçün avtomobilin işıqları vasitəsi ilə 4-5 dəfə xəbərdalıq işarəsi verməsinə baxmayaraq VAZ-2106 markalı avtomobilin öz yoluna qayıtmadığını və bununlada üzərinə doğru gəldiyini görüb toqquşmadan yayınmaq üçün tormozu basıb sükanı sola burmuş, lakin həmin vaxt VAZ-2106 markalı avtomobil də öz növbəsində sağa yönələndə toqquşma baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2024-cü il tarixli 60 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs 0,721 promil alkoqol sərxoşluğu,yəni yüngül dərəcədə sərxoş vəziyyətində olduğu göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024cü il tarixli 443 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol bazu sümüyünün aşağı 1/3-nin qapalı,yerdəyişməli sınığı küt əşyanın təsrindən törənmişdir, xx.xx.2024-ci ildə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, sağlamlığın uzun müddətə poulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-8/3118 nömrəli rəyində göstərilmişdir ki, VAZ-2106 markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutun tanınması və cinayət işinə əlavə edilməsi haqqında 05 yanvar 2025-ci il tarixli qərardan görünür ki, 1 ədəd CD disk, Qazax RPŞ-nin müvəqqəti saxlama meydançasında saxlanılan VAZ-2106 markalı **-LE- *** və Chevrolet Malıbu markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş, VAZ-2106 markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs, Chevrolet Malıbu markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə saxlanılması üçün sahibi Şahid qaytarılmışdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin Tovuz RQİ və TBŞ tərəfindən verilən xx.xx.2024-cü il tarixli ***-**** saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə kimi BC-326603 nömrəli “B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsi verilmiş və onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Əlavə olaraq göstərilmişdir ki, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs sürücülük hüququ olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qazax RİHB-nın Orta Salahlı kənd İƏD üzrə nümayəndəsinin verdiyi 27 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Qazaxbəyli kəndində yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş Qazax RİHB-nın Orta Salahlı kənd İƏD üzrə nümayəndəsinin verdiyi 27 dekabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********120 nörməli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığı və gələcəkdədə olmayacağını qeyd etmişdir. İş materiallarında olan e-sosial portalından əldə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir və 150 manat müavinət alır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir . Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, İİİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 64 yaşının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həmin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, VAZ-2106 markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs, Chevrolet Malıbu markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə saxlanılması üçün sahibi Şahid qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməli, hökmün icrası Qazax rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş, VAZ-2106 markalı **-LE-*** markalı dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs Chevrolet Malıbu markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə saxlanlması üçün sahibi Şahid qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Hökmün icrası Qazax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-34/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-34/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver