Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-36/2023 28.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1987-ci ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, iki uşaq atası, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Qazax Rayon Məhkəməsinin qərarı ilə nikahlarına xitam verilmiş keçmiş arvadı Zərərçəkmiş şəxs1 25 may 2022-ci il tarixdə saat 17:30 radələrində ünvan 1 ünvanda yerləşən “Göyçə” marketin ön tərəfində görüb yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində heç bir əsaslı səbəb olmadan ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla ictimai qaydanı kobud surətdə pozaraq, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı insanlara məhəl qoymadan, insanların gözləri qarşısında Zərərçəkmiş şəxs1 üzərinə getmiş, sonuncunun yanında olan, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs- Zərərçəkmiş şəxs1 bacısı Zərərçəkmiş şəxs2 onun önünə keçərkən o, Zərərçəkmiş şəxs2 əli ilə kənara itələyib yerə yıxmaqla ona müqavimət göstərmiş, sonra oradan uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs1 arxasınca qaçaraq onu yaxalayıb üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək əli ilə Zərərçəkmiş şəxs1 sifətinə iki dəfə sillə vuraraq onu yerə yıxmış, daha sonra isə cinayətkar niyyətini həyata keçirmək məqsədiylə saçlarından tutub silah qismində istifadə etdiyi bıçaqla B. Güliyevanı bir dəfə sinə və bir dəfə sağ bud nahiyələrinə vurmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən sol süd vəzinin ön səthinin və sağ budun yuxarı üçdə birinin ön səthinin tikişə ehtiyacı olan kəsilmiş-deşilmiş yaraları və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sağ döş qəfəsinin ön səthinin körpücük altı nahiyəsinin qançırları ilə müşayiət olunan bədən xəsarətləri yetirib silah qismində istifadə edilən əşyaları tətbiq etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qazax rayonu, Daş Salahlı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləçmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs1 onun keçmiş arvadıdır. Onlar 16 il rəsmi nigahla birlikdə yaşamışlar. Nazpəri adlı qızları və Kərim adlı oğulları var. Zərərçəkmiş şəxs1 ilə əvvəllər yaxşı münasibətləri olmuş, hər-hansı bir narazılıqları olmamışdır. Lakin son bir neçə ildir ki, Zərərçəkmiş şəxs1 ilə aralarında narazılıqlar yaranmış və müəyyən ailədaxili problemlərlə bağlı münasibətləri pisləşmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında boşanmışlar. Həmin vaxtdan ayrı yaşayırlar. xx.xx.2022-ci il tarixdə o, yaşadığı Daş Salahlı kəndindən şəxsi işləri ilə əlaqədar Qazax şəhərinə getmişdir. Həmin gün, saat 17:30 radələrində şəhərarası avtobusa minmiş, bir neçə dəqiqədən sonra sərnişini olduğu avtobus avtovağzalın yaxınlığında yerləşən “Göyçə” marketin yaxınlığından keçən zaman avtobusdan Bəsirənin bacısı Qəmərlə birlikdə piyada getdiklərinin və onların yanında bir nəfər kişinin olduğunu görmüş, bu hal ona çox pis təsir etmiş və avtobusdan düşərək onlara yaxınlaşmış, Bəsirənin üzərinə getmiş, həmin kişi Bəsirəgilin yanından uzaqlaşmış, o, nəlayiq ifadələr işlədib orada nə axtarıdğını, yanlarındakı kişinin kim olmasını Bəsirədən soruşmuş, Bəsirə yanında kişi olmasını boynuna almamış, o, Bəsirənin üzərinə gedərkən Qəmər önünə keçib onun qarşısını almaq istəmiş, o, əli ilə Qəməri kənara itələyib yerə yıxmış və oradan uzaqlaşmaq istəyən Bəsirənin arxasınca qaçaraq ona çatmış, üzərində olan cib bıçağını çıxarmış, Bəsirənin sifətinə 2 dəfə əliylə sillə vurmuş, Bəsirə yerə yıxılmış, keçmiş arvadının saçından tutaraq qeyd olunan cib bıçağı ilə onun sinə və sağ ayaq nahiyələrindən vurmuş, sonra Bəsirəni buraxmış, ondan aralanmışdır. Bu vaxt ətrafda olan şəxslər ora toplaşmış, tanımadığı bir nəfər kişi onun əlindən bıçağı almış, sonra o, gedib qeyd olunan cib bıçağını həmin kişidən almış, oradan uzaqlaşmış, yolda bıçağı xatırlamadığı yerdə tullamışdır. Hadisə baş verən vaxt içkili olduğundan bıçağı tulladığı yer yadında qalmamışdır. Daha sonra polis əməkdaşları onu saxlamış, Qazax rayon polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs1 ilə boşansa da keçmi arvadının kiminləsə gəzməsini qəbul edə bilmədiyindən bıçaqla vurub ona xəsarət yetirmiş, ancaq Bəşirəyə ağır xəsarət yetirmək və ya onu öldürmək məqsədi olmamışdır. Bəsirəni vurmuş olduğu bıçaq açılıb-bağlanan, zavod üsulu ilə hazırlanmış, tiyəsi 6-7 sm, dəstəyi plasmasdan olan cib bıçağı olmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslərdən üzrxahlıq etsə də zərərçəkmişlər onunla barışmamışdırlar. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Onların Nazpəri və Kərim adlı uşaqları var. Əvvəllər münasibətləri normal olsa da sonradan ailədaxili problemlər baş vermiş, Mahir uşaqlara və ona laqeyd münasibət göstərmiş, bu səbəbdən münasibətləri pisləşmiş və ondan ayrılmaq qərarına gəlmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə onlar boşanmışlar. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində işə düzəlmək istədiyi yerdə geyinməli olduğu paltarı tikdirmək üçün bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə Qazax şəhərində dərziyə getmişlər. Dərzi paltarın ölçülərini götürüldükdən sonra o, Qəmərlə piyada evlərinə qayıtmaq üçün Qazax şəhər avtovağzalı istiqamətində getməyə başlamışdır. Həmin gün, saat 17:30 radələrində bacısı və özü “Göycə” marketinin önündə olarkən keçmiş əri Mahir arxadan anidən onların qarşısına keçmiş, Mahirin sərxoş olmasını görmüş, Mahir ərafda olan şəxlərin yanında onun və bacısı Qəmərin ünvanına nalayiq söyüşlər etmiş, guya yanında hansısa kişinin olduğunu və boşanmaqda məqsədinin gəzmək olmasını deyib onu təhqir etmişdir. Bundan sonra Mahir onun üzərinə gələrkən bacısı Qəmər Mahirin qarşısında durmuş, lakin Mahir Qəməri əli ilə itələyib yıxmış, özü qorxub qaçmağa başlamış, lakin Mahir buna imkan verməmiş, qaçaraq ona çatıb əli ilə onun sifətinə 2 dəfə sillə vurmuş, saçından tutub yerə yıxmış və əlindəki bıçaqla ilk öncə bir dəfə sağ baldır, bir dəfə də sinə nahiyəsinə vurmuş, sonra ondan aralanmışdır. Bu vaxt ətrafdakılar onlara yaxınlaşmış, Mahir hadisənin baş verdiyi yerdən qaçaraq kənarlaşmışdır. O, xəsarət alması ilə əlaqədar ağrıları olduğuna görə bacısı Qəmər ona ilkin tibbi yardım göstərilməsi üçün TTTYM-nə zəng vuraraq hadisənin baş verdiyi əraziyə tibb işciləri çağırmış, tibbi yardım göstərilməsi üçün onu Qazax rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, baş verənləri orada olanların hamısı görmüşlər. Həmçinin hadisə zamanı Mahir özü özünün ayaq nahiyəsinə də bıçaqla xəsarət yetirmişdir. Mahirin üzrxahlığını qəbul etmir, təqsirləndirilən şəxslə barışmamışdır, şikayətçidir, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Qazax rayonu, Daş Salahlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, halhazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 onun kiçik bacısıdır, Təqsirləndirilən şəxs bacısı Bəsirənin keçmiş əridir, onlar sonradan boşanmışlar. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində bacısı Bəsirənin xahişi ilə birlikdə Qazax şəhərində yerləşən dərziyə getmişlər. Dərzidə Bəsirədən paltarın ölçüləri götürüldükdən sonra piyada olaraq Qazax şəhər avtovağzalı istiqamətində getməyə başlamışlar. Həmin gün, saat 17:30 radələrində Qazax şəhəri Azadlıq küçəsində yerləşən “Göyçə” marketin önündə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə arxadan gələrək anidən qarşılarına keçmiş, camaatın içində onların ünvanına nalayiq ifadələr işlətmiş, Bəsirəyə boşanmaqda məqsədinin gəzmək olduğunu deyib yanlarındakı kişinin kim olmasını soruşmuş, bacısının üzərinə getmişdir. O, Təqsirləndirilən şəxs qabağına durduqda Mahir onu əli ilə kənara itələyib yerə yıxmış, bu zaman Bəsirə oradan aralanmaq istəsə də Mahir belindən bıçaq çıxarıb Bəsirəyə çataraq 2 dəfə sillə ilə Bəsirəni vurub yıxmış, sonra saçından tutaraq əlindəki bıçaqla Bəsirənin bir dəfə sağ baldır və bir dəfə də sinə nahiyəsinə vurmuş, sonra bacısından əl çəkib oradan getmişdir. O, bacısına tibbi yardım göstərilməsi üçün TTTYM-nə zəng vuraraq hadisənin baş verdiyi əraziyə tibb işcilərini çağırmış və bacısını xəstəxanaya aparmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs əlindəki bıçaqla öz ayaq nahiyəsinə də xəsarət yetirmişdir. Qeyd olunan hadisə təxminən 7-10 dəqiqə davam etmiş, Mahirin qanunsuz hərəkətlərini ətrafdakı tanımadığı insanlar görmüşdürlər. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Mahirin üzrxahlığını qəbul eləmir, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda yaşayır. Əvvəllər Təqsirləndirilən şəxs, həmçinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımamış və onlarla heç bir münasibəti, ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində yaşadığı evin yaxınlığında yerləşən “Göycə” marketə getmiş, oradan bir qutu siqaret aldıqdan sonra mağazanı tərk edib yaxınlıqda yerləşən təkər təmiri sexinin qarşısında duraraq siqaret çəkməyə başlamışdır. Həmin vaxt ətrafda çoxlu adamlar olmuşdur, “Göyçə” marketin yaxınlığında adətən gəlibgedənlər çox olur. Bu zaman şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaxınlaşdığını, onlarla mübahisə etdiyini və ucadan nalayiq söyüşlər etdiyini görmüş, əvvəlcə onların mübahisələrinə müdaxilə etmək istəməmiş, lakin sonradan Mahirin qadınlardan birinə yaxınlaşaraq onun saçından tutub yerə yıxdığını və belindən çıxardığı bıçaqla qadına bir neçə dəfə zərbə endirdiyini görüb onlara yaxınlaşmış, Mahir Bəsirədən aralandıqda yaxınlaşıb bıçağı Mahirin əlindən almış, həmin vaxt ətrafa çoxlu adamlar toplaşmışlar. Mahirdən vurduğu qadının kim olmasını soruşmuş, Mahir arvadı olmasını demiş, ondan aralanıb qaçmış, bir qədərdən sonra Mahir qayıdıb ondan aldığı bıçağı qaytarmasını istəmiş, o da bıçağı Mahirə qaytarıb vermişdir. Bıçaq dəstəyi plastmas, gündəlikdə istifadə olunan, mağazada satılan kiçik bıçaq olmuşdur. Mahir bıçağı ondan aldıqdan sonra oradan qaçaraq getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qazax RPŞ-nin cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən və zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində daxil olmuş məlumat əsasənda Qazax RPŞ-nin polis nəfərləri- polis serjantları Şahid4 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs Qazax şəhərində axtarmağa başlamış və onu yaxalayıb Qazax RPŞ-nə apararaq Təhqiqat bölməsinə təhvil vermişlər. Orada Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən “Göyçə” marketin ön tərəfində keçmiş arvadını bıçaqla vurmasını öyrənmişlər. Mahiri yaxalayarkən xəsarətli olmasını müəyyən etmiş, Mahir həmin xəsarəti özündə olan bıçaqla özünə yetirdiyini, keçmiş arvadını da qeyd olunan bıçaqla vurduğunu və xatırlamadığı yerə bıçağı tulladığını bildirmişdir. Mahirdən həmin vaxtı spirtli içki qoxusu gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələrində Şahid2 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən aşagıdakı sənədlərdən görünür ki, məhkəmə-tibb ekspertizasının 30 may 2022-ci il tarixli, 150 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər–sol süd vəzinin ön səthinin və sağ budun yuxarı 1/3-nin ön səthinin tikişə ehtiyacı olan kəsilmişdeşilmiş yaraları ilə müşayiət olunan xəsarətlərdir, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 21 iyun 2022-ci il tarixli, 164 nömrəli rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Qazax şəhər Ruhi əsəb dispanserindən alınmış 46 nömrəli, 25 may 2022-ci il tarixli sərxoşluğun müayinə Aktından məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu olmuşdur. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qazax Rayon İcra Hakimiyyəti Başçısının Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin verdiyi 16 yanvar 2023-cü il tarixli, 11-20/114 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatdadır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 05 mart 2009-cu il tarixli, AZ-İİ№220876 saylı və 21 noyabr 2012-ci il tarixli, AZ- İİ№001122 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 12 sentyabr 2008-ci ildə anadan olmuş Nazpəri adlı uşağın və 06 sentyabr 2012-ci ildə anadan olmuş Kərim adlı uşağın atası Təqsirləndirilən şəxsdur. 16 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs əməli xuliqanlıq cinayətinin bütün tövsifedici əlamətləri ilə tam əhatə olunduğundan onun əməli həmin Məcəllənin 221.2.2-ci maddəsi ilə tövsif edilməmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi tam əhatə olunduğundan əməl əlavə olaraq 128-ci maddəsilə tövsif edilməmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 228.4-cü maddəsinin tərkibi olmadığından həmin xususat üzrə cinayət işi başlanması rədd edilmiş, onun əməlində CM-nin 29,20.1-ci maddəsinin tərkib əlamətləri olmadığından ona həmin maddə ilə ona ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs həmin hadisə zamanı xəsarət alması (özü-özünə yetirməsi) xüsusatı üzrə əməldə cinayət tərkibi olmadığından həmin fakta görə cinayət işi başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, biri azyaşlı olmaqla iki uşağının olmasını, zərərçəkmiş şəxslərdən üzrxahlıq etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından həbs edilməli, barəsidə seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-36/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-36/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver