Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-36/2024 08.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdfiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi və tərcüməçi X2 iştirakları ilə, 26 sentyabr 2001-ci ildə Türkiyə Respublikası İstanbul şəhərində anadan olmuş, orta təhsilli, subay, Qazax Rayon Məhkəməsinin 19.03. 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən üzərində 1000 manat miqdarda cərimə cəzası saxlanılmış, işsiz, Türkiyə Respublikası İstanbul şəhərində qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-in 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 1(023)-23/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 manat cərimə cəzasına məhkum edildiyinə və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçildiyinə, bununla da müəyyən edilmiş sənədləri olmadığına görə Azərbaycan Respublikasının dövlət sərhədini qanuni yolla keçə bilməməsi səbəbindən, Türkiyə Respublikasına qayıtmaq üçün qanunsuz olaraq Gürcüstana getmək məqsədi ilə 27 mart 2024-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Qazax” X1 Qazax rayonunun İkinci Şıxlı kəndində yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində piyada hərəkət edərək keçməyə cəhd göstərərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dövlət sərhəd xəttindən 70 metr məsafədə saxlanılmış, bununla da o öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 03 yanvar 2024-cü il tarixdə dövlət sərhədini qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdiyi üçün məhkəmə ona cərimə cəzası təyin eləmiş, məhkəmə iclas zalında azad edilmiş, Bakı şəhərinə getmiş, cəriməni ödəməyə maddi imkanı olmamış, Türkiyə Respublikasına gedib bir müddət işlədikdən sonra həmin cərimə cəzanı ödəmək qərarına gəlmişdir. Cərimə cəzası ilə cəzalandırıldığı və həmin cəriməni ödəmədiyi üçün Azərbaycan Respublikasından qanuni yolla Gürcüstana keçə biləcəyini bildiyi üçün dövlət sərhədini Gürcüstan istiqamətində qanunsuz yolla keçmək məqsədi ilə 27 mart 2024-cü il tarixdə, saat 19 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində sərhədi təkbaşına keçmək üçün Azərbaycan Respublikasının Gürcüstanla sərhədi tərəfə hərəkət etmiş, bu vaxt Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” X1 1-ci sərhəd zastavasının rəisi işləyir. 27 mart 2024-cü il tarixdə 1-ci sərhəd zastavasının “Növbətçi operator” sərhəd naryadı xidmətinə təyin olunmuş əsgər Şahid1 saat 20:06 radələrində kamera vasitəsi ilə sərhəd zastavasının 2-ci sahəsində 1 nəfər naməlum şəxsin Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkət etməsini müşahidə edərək bu barədə ona, o da öz növbəsində sərhəd komendantlığının komendantına məruzə etmiş və sərhəd zastavasını “Silaha” komandasına qaldıraraq, hadisə yerinə hərəkət etmişdirlər, sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs dövlət sərhəd xəttindən 70 metr məsafədə saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstana qanunsuz yolla keçmək istədiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DSX-nin Sərhəd Qoşunlarının “Qazax” X1 1-ci sərhəd zastavasının əsgəridir. 27 mart 2024-cü il tarixdə 1-ci sərhəd zastavasının “Növbətçi operator” sərhəd naryadı xidmətinə təyin olunmuş, həmin gün, saat 20:06 radələrində kamera vasitəsi ilə sərhəd zastavasının 2-ci sahəsində bir nəfər naməlum şəxsin Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə hərəkət etməsini müşahidə etmiş və bu barədə aidiyyəti üzrə sərhəd zastavasının rəisi Şahid3 məruzə etmişdir. Şahid3 sərhəd zastavasını “Silaha!” komandasına qaldıraraq hadisə yerinə getmiş, özü isə sərhədi qanunsuz keçmək istəyən şəxsi kamera ilə nəzarətdə saxlamış və həmin gün, saat 20:19 radələrində sonradan adının Təqsirləndirilən şəxs sərhəd zastavasının şəxsi heyəti tərəfindən 1-ci sərhəd zastavasının 2-ci sahəsidə, dövlət sərhəd xəttindən 70 metr məsafədə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkət edərkən saxlanılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” X1 komandiri general-mayor Misir Əliyevin xx.xx.2024-cü il tarixli məktubunda görünür ki, xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs “Qazax” X1 1-ci sərhəd zastavasının 2-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd edərkən saat 20 radələrində Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində dövlət sərhəd xəttindən 70 metr məsafədə saxlanılmışdır. Cinayət işinin materiallarında olan Dövlət Sərhəd Xidməti ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində “Heydər Əliyev” X4 ərazisində şübhəli şəxs qismində saxlanılmış və araşdırma zamanı xx.xx.2024-cü il tarixdə Gürcüstandan Azərbaycan Respublikası istiqamətində “Qırmızı Körpü” sərhəd nəzarət şöbəsindən qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə keşməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs dövlət sərhədindən rəsmi qaydada hərəkəti qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Qazax Rayon Məhkəməsinin 1(023)-23/2024 nömrəli, 19 mart 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 ay 14 gün nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilib 1000 manata endirilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir, onun əməli Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki əməli Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən sonra, lakin, həmin hökm qanuni qüvvəyə minmədən-xx.xx.2024-cü il tarixdə törətməyə cəhd etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə deyil, cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşman olub əməlini etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,318.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5, 66.2ci maddələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə, Qazax Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 1(023)-23/2024 saylı hökmünə əsasən onun üzərində saxlanılmış 1000 manat miqdarda cərimə cəzası hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilməli, ona qəti cəza təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmalı, CM-nin 52.1-ci maddəsinə əsasən o, təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5, 66.2-ci maddələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə, Qazax Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 1(023)-23/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs üzərində saxlanılmış 1000 (bir min) manat miqdarda cərimə cəzası hazırki hökmlə ona təyin edilmiş 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilsin, o, qəti olaraq 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 27 mart 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-36/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-36/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver