Məhkəmə qərarları › İş №1(023)-36/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-36/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-36/2025 19.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı müdafiəçi – Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qazax Rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs 05 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində orta dərəcəli alkoqol sərxoşluq vəziyyətində Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisində yerləşən "Vurğun" marketin qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozmaqla əhatə olunan hərəkətlər edib vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə mağazanın qarşısında dayanmış Zərərçəkmiş şəxs3 əl zərbələri ilə vurub döyən zaman həmin vaxt orada olan və ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 onu sakitləşdirməsinə məhəl qoymayaraq onu da əl və yumruq zərbələri ilə vuraraq ona sağ gözaltı nahiyənin qançırı xəsarətləri ilə nəticələnən və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmçinin həmin vaxt orada olan və ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs2 onu sakitləşdirməsinə məhəl qoymayaraq onu da əl və аyaq zərbələri ilə vuraraq ona başın ənsə nahiyəsinin əzilmiş yarası xəsarətləri ilə nəticələnən və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, daha sonra əlində olan və zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan, deşicikəsici xassəyə malik soyuq silah hesab olunan ov bıçağını silah qismində istifadə edərək onun sonuncular tərəfindən döyülməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs2 əlindəki bıçaqla vuaraq ona sol bazunun yuxarı və orta 1/3-nin ön səthlərinin və döş qəfəsinin sol yuxarı tış hissəsinin daxilə sirayət etməyən kəsilmiş-deşilmiş yaraları xəsarətləri ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vuran xəsarətlər yetirməklə silah qismində istifadə edilən əşyadan istifadə etməklə və ictmai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Dövlət ittihamçısı çıxışında cinayət işinin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etdi. Belə ki, cinayət işi öyrənilərkən ittiham aktının Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmayan şəkildə tərtib olunduğu müəyyən olunmuşdur. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının Cinayət- Prosessual Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir, həmin Məcəllənin 289.4cü maddəsinə əsasən isə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviriəsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, həmin Məcəllənin 223.4-cümaddəsinə əsasən isə qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. Lakin, hazırki cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223-cü və 289-cu maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi bağlı ilə ittiham verilməsi ittihamın mahiyyətindən, eləcə də cinayət işi üzrə tərtib edilmiş digər prosessual sənədlərin məzmunundan aydın olur. Lakin istintaq orqanı tərəfindən nədənsə ittiham aktının nəticəvi hissəsində yalnız CM-nin 221.3-cü maddəsinə münasibətdə ittiham təsvir edilsədə, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini yəni qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməsi ilə bağlı heç bir qeyd mövcud olmamaqla ümumiyyətlə törədilməsi istinad edilən həmin ittihamla bağlı təsvir əks etdirilməmişdir. İşin qeyd olunan halı təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar və ittiham aktı ilə də təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq və həmin dəlillərlə razılaşıb təkrar sadalamayaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar