Məhkəmə qərarları › İş №1(023)-38/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-38/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-38/2025 17.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Hatipoğlu Fatih və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X2 iştirakları ilə, xx xxxxxxx 1979-cu il tarixdə Türkiyə Respublikasının Samsun şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, yük nəqliyyat vasitəsi sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, Samsun şəhəri Zeytunluq məhəlləsi, Rövşən küçəsi ev 38 ünvanında qeydiyyatda olan, ünvan 1 üzrə qeydiyyata alınmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qazax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 29 dekabr 2024-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən 1 bükülüdə əldə etdiyi 0,30 qram qurudulmuş marixuana (kannabis) narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə boş siqaret qutusunun içərisində gizlədib əyninə geyindiyi gödəkçənin sağ iç cibində saxlamış və idarə etdiyi “Ford F-Max” markalı, 31ATB178 dövlət nömrə nişanlı dartıcı və “BRF” markalı, 31AFZ991 dövlət nömrə nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasından Rusiya Federasiyasına gedərkən 29 dekabr 2024-cü il tarixdə Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə saat 13 radələrində gömrük nəzarəti qaydasında üzərində keçirilmiş şəxsi yoxlama zamanı qeyd edilən narkotik vasitə gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Qazax rayonunun İkinci Şıxlı kəndində faktiki olaraq yaşadığını, rəsmi olaraq heç bir yerdə işləmədiyini, 15 ildir ki, yük avtomobili sürücüsü kimi beynəlxalq yükdaşıma fəaliyyətini göstərdiyini, bu fəaliyyətdən əldə etdiyim gəlir hesabına dolanışığını təmin etdiyini, özünün evli olub ayrıldığını, 2 azyaşlı övladının olduğunu, “Honor” və “iPhone 6S” markalı olmaqla 2 ədəd mobil telefondan istifadə etdiyini, sonuncu səfər Türkiyədən çıxmamışdan əvvəl öz yaşadığı ərazidə, yəni Türkiyə Respublikasının Samsun şəhərində olduğum zaman məhəllə uşaqları ilə birlikdə olduğu zaman onlardan birinin ona 1 ədəd bükülünü təklif etdiyini, həmin bükülünün narkotik vasitə olan marixuana olduğunu dediyini, özünün marixuananın mütəmadi istifadəçisi olmasa da, bəzən yoldaşlarla bir yerdə olduğu zaman istifadə etdiyi üçün, həmçinin yol boyunca istifadə etməyi düşünərək ondan içərisində həmin bükülünü götürdüyünü, həmin bükülünü özündə olan siqaret qutusunun içərisinə qoyduğunu, öz növbəsində həmin siqaret qutusunu da əynindəki gödəkçənin sağ iç cibinə qoyduğunu, 27 dekabr 2024-cü il tarixdə Türkiyə Respublikasının Rizə şəhərinə gedərək oradan “pomidor və bibar” yüklü “Ford F Max” markalı 31ATB178 dövlət nömrə nişanlı dartıcı və “BRF” markalı 31AFZ991 dövlət nömrə nişanlı qoşqudan ibarət yük avtomobilini götürdüyünü, götürdüyü yükü Gürcüstan və Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçməklə Rusiya Federasiyasına aparmalı olduğunu, həmin vaxt içərisində bükülüyə sarınmış vəziyyətdə olan marixuananın olduğu siqaret qutusunun da əynindəki gödəkçənin cibində qaldığını, 29 dekabr 2024-cü il tarixində təxminən saat 12 radələrində Azərbaycan Respublikasının gömrük ərazisinə gəlmək üçün Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olduğunu, burada bir qədər növbədə gözlədikdən sonra növbəsinin çatdığını və idarə etdiyi nəqliyyat vasitəsi ilə postun idxal gömrük nəzarəti xəttinə daxil olduğunu, burada gömrük işçisinin ondan idarə etdiyi yük avtomobilində və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı bir predmetinin olub-olmadığını soruşduğunu, bu zaman idarə etdiyi yük avtomobilində Türkiyə Respublikasından Rusiya Federasıyasına “pomidor” və “bibər” yükünü apardığını, özünün üzərində isə gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı bir predmetin olmadığını dediyini, verilən suallara təlaşlı şəkildə cavab verdiyi və həyəcanlandığı üçün gömrük işçisinin ona üzərinə yoxlacağını dediyini, onu postun şəxsi yoxlama otağına apardığını, şəxsi yoxlama otağında iki nəfər hal şahidi dəvət edilməklə gömrük işçisinin onun üzərinə baxış keçirdiyini, baxış zamanı əynindəki gödəkçənin iç sağ cibində siqaret qutusunu aşkar etdiyini, həmin siqaret qutusunu açıb yoxlayan zaman isə qutunun içindəki bükülüdə olan marixuananı aşkar etdiyini, daha sonra gömrük işçisinin yük avtomobilini yoxladığını, lakin avtomobildən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməmiş hər hansı bir predmeti aşkar etmədiyini, bundan sonra gömrük işçisinin bu işlə bağlı protokollar tərtib etdiyini, özünün də tərtib olunmuş protokollarda müvafiq yerlərdə imzalar etdiyini, bükülüdə olan marixuananı özünün şəxsi istifadəsi üçün əldə etdiyini, daha öncədən də marixuanadan istifadə etdiyini, həmin bükülüdə olan marixuananı satmaq niyyətinin olmadığını, buraxılmayacağını düşünərək üzərində marixuana narkotik vasitəsinin olduğunu Azərbaycan Respublikasının gömrük orqanına bildirmədiyini, gömrük yoxlaması zamanı, təhqiqat və istintaq orqanında iştirakı ilə istintaq və prosessual hərəkətlər icra edilərkən ona qarşı fiziki və ya psixi zorakılığa, digər formada qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Əməlindən peşmandır, bir daha bu cür əməllərə yol verməyəcəkdir. Evlidir, himayəsində 1(bir) azyaşlı övladının olması səbəbindən Türkiyə Respublikasına ailəsinin yanına getmək istəyir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ildən gömrük orqanlarında xidmətə qəbul olunduğunu, hazırda xidmətini Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun inspektoru vəzifəsində davam etdirdiyini, xidməti fəaliyyətini İdarənin “Qırmızı Körpü” gömrük postunda həyata keçirdiyini, burada xidməti vəzifəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gələn yük-nəqliyyat vasitələrinə gömrük baxışını keçirməkdən ibarət olduğunu, iş bölgüsünə uyğun olaraq 29 dekabr 2024cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda xidmətdə olduğu zaman təxminən saat 13 radələrində Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasından Rusiya Federasiyasına “pomidor və bibər” yüklərinin daşıyan Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford F-Max” markalı 31ATB178 dövlət nömrə nişanlı dartıcı və “BRF” markalı 31AFZ991 dövlət nömrə nişanlı qoşqudan ibarət yük-nəqliyyat vasitəsi ilə postun idxal gömrük nəzarəti xəttinə daxil olduğunu, posta daxil olduqdan sonra ilkin olaraq Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual apararaq ondan üzərində, əl yüklərində və idarə etdiyi yük nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan olunmuş və ya məhdudiyyət qoyulmuş, eləcə də gömrük nəzarətindən gizlədilmiş, yaxud gömrük orqanına bəyan olunmamış predmetlərin olub-olmamasını soruşduğunu, bu zaman Təqsirləndirilən şəxs üzərində, əl yüklərində və idarə etdiyi nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan olunmuş və ya məhdudiyyət qoyulmuş, eləcə də gömrük nəzarətindən gizlədilmiş, yaxud gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olmadığını dediyini, sorğu-sual zamanı Təqsirləndirilən şəxs şübhəli hərəkətlərə yol verdiyi görüb ona üzərində şəxsi yoxlama keçirəcəyini dediyini və onu postun şəxsi yoxlama otağına dəvət etdiyini, həmçinin şəxsi yoxlama prosesində iştirak etməsi üçün iki nəfər hal şahidi dəvət etdiyini, hal şahidlərinə Təqsirləndirilən şəxs təqdim etdikdən, həmçinin hüquq və vəzifələrini izah etdikdən sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində hal şahidlərinin iştirakları ilə şəxsi yoxlama keçirdiyini, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi gödəkçənin sağ iç cibində olan boş siqaret qutusunun içərisindəki 1 ədəd bükülüdən gömrük nəzarətindən gizlədilmiş şəkildə qurudulmuş marixuanaya (kannabisə) bənzər predmeti aşkar etdiyini, bundan sonra bükülüdə olan marixuanaya (kannabisə) bənzər predmeti elektron tərəzidə çəkərək qablaşdırması ilə birlikdə həmin predmetin ümumi təqribi çəkisinin 1 qram olduğunu müəyyən etdiyini, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ford F-Max” markalı 31ATB178 dövlət nömrə nişanlı dartıcı və “BRF” markalı 31AFZ991 dövlət nömrə nişanlı qoşqudan ibarət yük-nəqliyyat vasitəsinə gömrük yoxlamasını keçirdiyini, lakin yoxlama zamanı yük avtomobilindən dövriyyəsi qanunla qadağan olunmuş və ya məhdudiyyət qoyulmuş, eləcə də gömrük nəzarətindən gizlədilmiş, yaxud gömrük orqanına bəyan olunmamış hər hansı bir predmeti aşkar etmədiyini, bundan sonra bu işlə bağlı protokollar tərtib etdiyini və şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər predmeti götürdüyünü, tərtib olunmuş protokolların iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmədiyini, daimi işi olmadığı üçün Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun qarşısına getdiyini, orada yükləməboşaltma əməliyyatlarında günəmuzd çalışaraq pul qazandığını, 29 dekabr 2024-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun qarşısında dayanıb gözlədiyi zaman xidməti geyim formasında olan bir nəfər gömrük işçisinin ona və onun kimi postun qarşısında dayanmış Şahid3 yaxınlaşdığını, “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasının vətəndaşının üzərinə şəxsi yoxlamanın, idarə etdiyi yük avtomobilinə isə gömrük yoxlamasını keçirəcəyini dediyini, onlardan həmin yoxlamalarda hal şahidi qismində iştirak etməyimizi xahiş etdiyini, gömrük işçisinə etiraz etməyərək yoxlamalarda iştirak etmək üçün onunla birlikdə “Qırmızı Körpü” gömrük postuna daxil olduqlarını, posta daxil olduqdan sonra burada gömrük işçisi tərəfindən adını sonradan öyrəndikləri Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxslə tanış edildiklərini, həmçinin gömrük işçisi tərəfindən onlara həmin vətəndaşın üzərinə şəxsi yoxlama keçirəcəyini, bundan əlavə həmin şəxsin idarə etdiyi “Ford F-Max” markalı 31ATB178 dövlət nömrə nişanlı dartıcı və “BRF” markalı 31AFZ991 dövlət nömrə nişanlı qoşqudan ibarət yük-nəqliyyat vasitəsinə gömrük yoxlamasını keçirəcəyini dediyini, onları hüquq və vəzifələrimiz barədə xəbərdar etdikdən sonra vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama keçirildiyini, şəxsi yoxlama zamanı vətəndaş Təqsirləndirilən şəxs əyninə geyindiyi gödəkçənin sağ iç cibində olan boş siqaret qutusunun içərisindəki 1 ədəd bükülüdən marixuanaya bənzər predmetin aşkar edildiyini, həmin predmetin elektron tərəzidə çəkildiyini, nəticədə qablaşdırması ilə birlikdə həmin predmetin ümumi təqribi çəkisinin 1 qram təşkil etdiyini, daha sonra gömrük işçisi tərəfindən vətəndaşın idarə etdiyi “Ford F-Max” markalı 31ATB178 dövlət nömrə nişanlı dartıcı və “BRF” markalı 31AFZ991 dövlət nömrə nişanlı qoşqudan ibarət yük-nəqliyyat vasitəsinə gömrük yoxlamasının keçirildiyini, lakin yoxlama zamanı nəqliyyat vasitəsindən hər hansı bir predmetin aşkar olunmadığını, bundan sonra gömrük işçisinin bu işlə bağlı protokollar tərtib edildiyini, özünün də tərtib olunmuş protokollarda müvafiq yerlərdə imzalar etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 29 dekabr 2024-cü il tarixli “şəxsi yoxlama aparılması və götürmə haqqında” protokoldan görünür ki, 29 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Rusiya Federasiyasına Azərbaycan Respublikasından tranzit keçməklə gedən “Ford F-Max” markalı 31ATB178/31AFZ991 nömrə nişanlı yük-nəqliyyat vasitəsini idarə edən Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlamaya başlamazdan əvvəl ona üzərində yoxlama aparılacağı barədə məlumat verilməklə hüquq və vəzifələri və məsuliyyəti izah edilmiş, şəxsi yoxlama prosesi Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda şəxsi yoxlama otağında aparılmış və yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində olan gödəkcənin sağ iç cibində olan boş siqaret qutusunun içərisindən 1 (bir) ədəd bükülüdən qablaşdırma ilə çəkisi 1 (bir) qram olan marixuanaya bənzər predmet aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2024-cü il tarixli 7/2059 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş qəhvəyi rəngli kağız paketdə üzərində “Parliament” yazısı olan siqaret qutusundakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatı zamanı 0,30 qram qurudulmuş marixuana narkotik vasitəsinin 0,02 qram hissəsi tədqiqata sərf edilmiş, qalıq çəki isə 0,28 qram təşkil etmişdir. İş materiallarında olan 30 dekabr 2024-cü il tarixli “sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 24 fevral 2017-ci il tarixdən 29 dekabr 2024-cü il tarixədək dəfələrlə müxtəlif yük nəqliyyat vasitələrini idarə edərək getdiyi istiqamətdən asılı olaraq “Qırmızı Körpü”, “Mazımqara”, “Şirvanlı”, “Xanoba” və “Samur” dövlət sərhəd buraxılış məntəqələrindən istifadə etməklə Gürcüstan və Rusiya Federasiyası istiqamətindən ölkə ərazisinə daxil olmuş və tərk etmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə idarə etdiyi idarə etdiyi “Ford F-Max” markalı 31ATB178 dövlət nömrə nişanlı dartıcı və “BRF” markalı 31AFZ991 dövlət nömrə nişanlı qoşqudan ibarət yük-nəqliyyat vasitəsi ilə 29 dekabr 2024cü il tarixdə “Qırmızı Körpü” dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə Gürcüstan ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 07 yanvar 2025-ci il tarixli, 37 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Lakin müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf və koordinasiya mərkəzinin raportu ilə təqdim olunmuş tələbnamədən görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx xxxxxxx 1979cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdə Qazax rayonu İkinci Şıxlı kəndində qeydiyyatsız yaşaması ilə bağlı Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir, onun əməli düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır, əməlinin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, deməsinə görə Türkiyə Respublikasında himayəsində azyaşlı övladının olmasını, iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pixotrop maddələrin xeyli miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün 5 qram qurudulmuş marixuana xeyli miqdar, 500 qram və daha çox qurudulmuş marixuana isə külli miqdar hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,30 qram qurudulmuş marixuananın miqdarı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün nəzərdə tutulan 5 qramdan kifayət qədər azdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib əməlindən peşman olmasını, qurudulmuş marixuananın miqdarının cüzi miqdarda olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb, göstərilən halların məcmusunu müstəsna hal hesab edərək barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilərək onun cərimə cəzasına məhkum olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinirək, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla o, cərimə cəzasına məhkum edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, CM-nin 52.1-ci maddəsinə əsasən o, əsas cəza olan cəriməni ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, iş üzrə maddi sübut olan və DGK Əməliyyat- İstintaq Baş İdarəsinin Maddi sübutların saxlanc otağında saxlanılan 0,28 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinirək, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəza olan 3000 (üç min) manat miqdarında cəriməni ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan və DGK Əməliyyat- İstintaq Baş İdarəsinin Maddi sübutların saxlanc otağında saxlanılan 0,28 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar