Məhkəmə qərarları › İş №1(023)-4/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-4/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-4/2023 20.02.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə xx.xx.1987-ci ildə Gürcüstanın Saqareco rayonunda anadan olmuş, Gürcüstan vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gürcüstanın Saqareco rayonu, Yol Muğanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində müvəqqəti yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, başqa hökm üzrə cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunsuz gəlmək məqsədi ilə 20 avqust 2019-cu il tarixdə saat 17 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonunda yerləşən 16-cı sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2010-cu il tarixdə o, Gürcüstan Respublikasında bir nəfərlə dalaşdığına görə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müəssisəsində olarkən vərəm xəstəliyinə tutmuş, hazırda da, həmin xəstəlikdən əziyyət çəkir. O, tanışlarından eşitmişdir ki, Azərbaycana qanunsuz olaraq keçdikdə və vərəm xəstəliyi olarsa dövlət həmin şəxsi pulsuz müalicə edir. Bu səbəbdən o, Gürcüstandan Azərbaycana qanunsuz olaraq gəlmək qərarına gəlmişdir. 20 avqust 2019-cu il tarixdə taksi ilə Şıxlı SNM-in yaxınlığına Gürcüstan-Azərbaycan sərhədinə gəlmiş və bir müddət ərazini müşahidə edərək dövlət sərhədini keçmək üçün özünə əlverişli yer seçməyə başlamışdır. Həmin gün saat 17 radələrində Ehram çayını keçərək Azərbaycan Respublikası tərəfə - Qazax rayonuna, oradan da taksi ilə Bakı şəhərinə getmiş və orada müxtəlif bazarlarda fəhləlik etməklə yaşamışdır. xx.xx.2020-ci il tarixdə bacısının baldızıgilə qonaq getmək üçün Balakən rayonu, Gülzan kəndinə yola düşmüşdür. Qonaq getdiyi qohumlar onu qarşılamamış və onunla maraqlanmamışlar. Bu səbəbdən o, özünü alçalmış hiss etmiş,utandığından Azərbaycan Respublikasında yaşamaq istəməmiş və Gürcüstana getmək qərarına gəlmişdir. Getdiyi ərazidə çobanlarla rastlaşmış və onlardan sərhədi qanunsuz keçə biləcəyi yerləri soruşmuşdur. Çobanlar ona Gürcüstanın olduğu istiqaməti göstərmiş, lakin keçməli olduğu yeri deməmişdir. O da Gürcüstan istiqamətində sərhədə tərəf irəliləmişdir. Lakin bir qədər hərəkət etdikdən sonra fikirləşmişdir ki, Gürcüstana gedərsə orada yaşaya bilməyəcəkdir. Ona görə də sərhədi qanunsuz yolla keçmək fikrindən daşınaraq geriyə- Balakən rayonu istiqamətində qayıtmışdır. Geri qayıdarkən yolda sərhədçilər yanına gələrək onu saxlamışlar. Törətdiyi əməldən peşmandır. Vərəm xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, DSX-nin N saylı hərbi hissəsində xidmət etmiş və hal-hazırda N saylı hərbi hissədə xidmət edir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində sərhəd zastavasına məlumat daxil olmuşdur ki, bir nəfər şübhəli şəxs Azarbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkət edir. Dərhal o, zastavanın şəxsi heyətini silaha komandasına qaldırmış və həyəcan qrupu ilə birlikdə qeyd olunan istiqamətdə hərəkət etməyə başlamışlar. Bir neçə dəqiqə sonra onlar şübhəli şəxsi dövlət sərhəd xəttindən təxminən 150 metr aralı məsafədə saxlamışlar. Daha sonra saxlanılan şəxs sərhəd zastavasına gətirilmişdir. Orada müəyyən olunmuşdur ki, həmin şəxs Samir Ədilxanovdur, lakin Samir sərhədi qanunsuz keçmək fikrindən daşınıb geri qayıdarkən saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi X4 və təqsirləndirilən şəxsin ifadələrinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: N nömrəli hərbi hissənin komandiri polkovnik Zaur Qasımovun xx.xx.2020-ci il tarixli 16/2308 nömrəli məktubundan görünür ki, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında Qazax rayonu ərazisində yerləşən Ehram çayından Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. 22 sentyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 13-cü sahəsində yerləşən Ehram çayından Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. DSX-nin ABİ-dən daxil olmuş məktubdan görünür ki, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2018-ci il tarixdə AR-GR istiqamətində Şıxlı SNM- dən dövlət sərhədini keçmişdir . DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkməsinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqında” 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarından görünür ki, iş üzrə icraat 01 noyabr 2020-ci il tarixdə dayandırılmış, 15 mart 2021-ci il tarixdə təzələnmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə 02 gün tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması barədə” Qazax Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, iş üzrə icraat dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi və işin məhkəmə hazırlıq iclasına təyin edilməsinə dair” Qazax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan PX-nin 2 saylı İstintaq təcridxanasından daxil olmuş 05 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs səhhəti ilə bağlı PX-nin Müalicə müəssisəsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, səhhətində problemlər olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin edilən cəza ilə ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanıb ona qəti cəza təyin edilməli, tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı və ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Qazax rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 19 saat vaxt sərf olunmuşdur. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi hesabına 84 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplansın, o, qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla ona qəti olaraq təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilib üzərində saxlanılmış əsas cəza olan 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Qazax rayon Vəkil Bürosunun hesabına 84 manat məbləğində pul köçürülsün (Azərbaycan Beynəlxalq Bankın Qazax filialındakı AZ15İBAZ******************** nömrəli hesabı). Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim (İmza) «əsli ilə düzdür» Hakim Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar