Məhkəmə qərarları › İş №1(023)-4/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-4/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-4/2024 16.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Rusiya Federasiyasının Perm şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, 2 uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs başqa şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə, vahid niyyətlə, 2023-ci ilin may ayının sonunda istintaqa dəqiq məlum olmayan tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Qazax şəhəri, Heydər Əliyev prospekti, 86 nömrəli ünvanda yerləşən əvvəllər “Qadın məsləhətxanası” kimi istifadə edilmiş binaya açıq darvazadan qanunsuz daxil olaraq saxlanc yeri hesab edilən həmin binanın birinci mərtəbəsindəki otaqların bir ədədi 100 manat dəyərində 09 ədəd eni 90 sm, uzunluğu 2 metr ölçüdə ümumi dəyəri 900,00 manat olan alüminum materialdan hazırlanmış qapıları, köməkçi tikilinin pəncərələrindən bir ədədi 30 manat dəyərində ümumi dəyəri 90,00 manat olan 3 ədəd dəmirdən hazırlanmış qoruyucu aynaları və 45,00 manat dəyərində 100 metr olan mis naqili gizli yolla talayıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 1035,00 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadəyə yararlı döyüş sursatı olan 01 ədəd RQD-5 tipli hücum təyinatlı əl qumbarası və həmin qumbaya aid “UZRQM” tipli partlayıcı, habelə istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,202 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin əldə edib daşıyaraq yaşadığı Qazax şəhəri, Azadlıq küçəsində yerləşən 117 nömrəli fərdi yaşayış evində saxlamış, Qazax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 iyun 2023-cü il tarixdə saat 17:15-dən saat 18:35-dək olan vaxt ərzində onun yaşadığı həmin evə baxış keçirilən zaman yataq otağında olan paltar dolabının içərisindən 01 ədəd polietilen kəsiyinə bükülmüş zavod üsulu ilə istehsal olunmuş, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı döyüş sursatı olan 01 ədəd RQD-5 tipli hücum təyinatlı əl qumbarası və həmin qumbaraya aid “UZRQM” tipli partlayıcını və həmin otaqda olan masanın üzərindəki eynək qabının içərisindən 1 ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 1,202 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 2023-cü ilin may ayının sonlarında saat 14 radələrində o, tanışı Şahid7la görüşüb Qazax şəhəri, Heydər Əliyev prospekti ilə piyada gəzərkən həmin prospektdə yerləşən “Qadın məsləhətxanası”ndan oğurluq etmək qərarına gəlmişlər. Onlar açıq olan darvazadan içəri keçmiş, orada heç kəs olmamış, obyektin otaqlarının qapılarının alüminium materialdan olduğunu görüb onları yerindən çıxarmışlar. Onlar birinci mərtəbənin otaqlarının 9 ədəd qapılarını çıxarıb həyətə yığmış, həmçinin 3 ədəd pəncərənin dəmir barmaqlıqları pəncərənin üzərindən söküb yerə yığmışlar. Onlar gəldikləri darvazadan yox, arxa tərəfdə olan darvazadan oğurladıqları 9 ədəd qapıları və 3 ədəd pəncərə barmaqlıqlarını darvazadan çölə çıxarıb yığmışlar. Həmin vaxt o, 1 top elektrik naqlillərini də çıxarıb həmin yerə aparıb qoymuşdur. Manislə həmin əşyaları metal qəbulu sexinə aparıb satmaq istəmişlər, lakin Manis evdə işi olduğunu bildirib evinə qayıtmış, o isə taksi tapıb oğurladıqları əşyaları aparıb sataraq pulu bölmələri barədə razılaşmışlar. O, taksi axtarmaq üçün getmək istəyərkən yaxınlıqda, yəni 15-20 metrlik məsafədə yaşayan tanışı İlham ilə görüşmüş və taksi axtardığını, alüminium materialları olduğunu, satmaq istədiyini demiş, İlham köməklik etməyə razı olmuş və taksi axtarmağa getmiş, bir qədər sonra İlham Asif adlı şəxsin idarə etdiyi Mersedes markalı avtomobillə gəlmişdir. O, həmin alüminium materialların özünə məxsus olduğunu bildirmiş, materialları Asifin avtomobilinə yükləmiş və Etibar adlı şəxsin işlətdiyi Qazax rayonu, Xanlıqlar kəndində fəaliyyət göstərən dəmir qəbulu sexinə aparmışlar. Orada 9 ədəd qapıların sökülmüş materiallarını götürərək Etibar onlara 70 manat pul vermişdir. Həmin puldan o, 5 manat taksi sürücüsü Asifə vermiş, pulun bir qədərini isə İlhamla birlikdə yeyib-içməyə xərcələmişdir. Axşam o, yenə qalan oğurladıqları malların yanına gəlmiş, dəmir barmaqlıqlar və bir top naqillərin yerində olduğunu görmüşdür. O, həmin bir top naqili əlinə götürüb satmaq üçün oradan getmiş və yoldan keçən tanımadığı şəxsə 20 manata satıb evinə getmişdir. Səhər tezdən oğurladıqları 3 ədəd dəmir barmaqlıqları satmaq üçün taksi axtarmağa başlamış, Asiflə görüşmüş, ona 3 ədəd pəncərə üçün dəmir barmaqlıqlarının olduğunu və satmaq istədiyini bildirmişdir. Asif avtomobilin damı üzərində yük yığmaq üçün düzəldilmiş avtomobil tapmağı ona bildirmiş, sonra onun xahişi ilə Etibara zəng etmiş və Etibar onun materiallarını almağa etiraz etməmişdir. O, yoldan ötən damında yük yeri olan VAZ-21011 markalı avtomobili saxlayıb yükünün Qazax rayon, Xanlıqlar kəndinə aparmağı xahiş etmişdir. Həmin avtomobilin sürücüsü razılaşmış və buna görə 5 manat istəmişdir, O, etiraz etməmiş və onlar «Qadın mələhətxanasının» arxa hissəsinə gəlmişlər. O, yaxınlıqda yaşayan İlhamdan köməklik etməsini xahiş etmiş, İlhamın köməkliyi ilə həmin 3 ədəd dəmir barmaqlıqları avtomobilin damı üzərindəki yük yerinə yığmış və Etibarın yanına aparmışlar. Orada həmin 3 ədəd barmaqlıqları tərəzidə çəkmiş və Etibar buna görə ona 30 manat pul vermişdir. Həmin puldan o, sürücüyə 5 manat vermiş və şəhərə qayıtmışlar. Həmin puldan bir qədər İlhamla xərcləmiş və sonra o, Manislə şəhərdə görüşərək satdığı əşyalardan Manisə 30 manat pul vermişdir. Həmin oğurluq hadisəsindən Asifin, İlhamın, Etibarın və VAZ-21011 markalı avtomobilin sürücüsünün məlumatı olmamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində yaşadığı Qazax şəhəri, Azadlıq küçəsində yerləşən 117 nömrəli evə Qazax rayon polis şöbəsinin əməkdaşları gələrək, onun yaşadığı evində narkotik vasitə, psixotrop maddə və partlayıcı vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, bu səbəbdən də evə baxış keçirmək istədiklərini bildirmiş və buna hər hansı bir etirazı olubolmadığını soruşmuşlar, o da etirazı olmadığını bildirmişdir. Evinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmışdır. Polis əməkdaşları yaşadığı evdə narkotik vasitə, psixotrop maddə, həmçinin partlayıcı vasitə olub-olmadığını soruşmuşdur. O, yaşadığı evdə pisxotrop maddə olan metamfetamin və qumbara olduğunu bildirmiş, onları təqdim etməkdən ötrü polis əməkdaşları ilə birlikdə evin yataq otağındakı paltar dolabının içərisində olan qumbaranı götürüb polis əməkdaşına təqdim etmiş və onu bir neçə gün əvvəl uşaqlarını çayda çimməyə apardığı vaxt “Amonların meşəsi”ndən tapdığını və gələcəkdə Kür çayında balıq tutan zaman istifadə etmək üçün çaya atmaq niyyəti ilə götürüb evində saxladığını bildirmişdir. Bundan sonra o, otaqdakı stolun üzərindəki eynək qabının içərisində şəffaf rəngli sellofan kəsiyinə bükülü olan kütləni polis əməkdaşına təqdim edərək psixotrop maddə olan “patı” olduğunu, Qazax şəhərində yerləşən “Mədəniyyət evi”nin arxa hissəsindən tapıb özü istifadə etmək üçün götürüb saxladığını bildirmişdir. Qumbara və metamfetamin qablaşdırılmış, evə baxış davam etdirilmiş, başqa qanunsuz əşya tapılmamışdır. Onu polislər Qazax rayon polis şöbəsinə aparmış, müdafiəçi ilə təmin olunmuş, videoçəkiliş aparılaraq onun üzərində şəxsi axtarış aparılmış, lakin hansısa bir narkotik vasitə, psixotrop maddə və ya digər qanunsuz predmet aşkar olunmamış və bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzası ilə təsdiq etmişdir. Hazırda törətdiyi əməllərdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini, ona dəymiş ziyanın ödənilmədiyini, işə onun iştirakı olmadan baxıb Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əlibəyov qardaşları küçəsində 76-ci binanın 32 nömrəli mənzilində yaşayır. O, 2022-cü ilin iyun ayında Qazax şəhəri, H.Əliyev prospekti, 86 nömrəli ünvanda yerləşən əvvəllər “Qadın məsləhətxanası” kimi fəaliyyət göstərmiş binanı torpaq sahəsi ilə birlikdə almışdür. Həmin bina torpaq sahəsi ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dölət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsində onun adına sənədləşdirilərək Texniki pasport verilmiş və həmin qeyri-yaşayış binası torpaq sahəsi ilə birlikdə həmin vaxtdan onun xüsusi mülkiyyətindədır. Daşınmaz əmlakın ümumi sahəsi 414,9 kvadratmetrdir, mülkün 2 darvazası vardır, əsas bina 2 mərtəbəlidir, binanın içərisindən hər şey götürülmüş, otaqların içərisində əşyalar olmamışdır. Otaqların alüminium materialdan olan qapılar və yardımçı tikilidə pəncərələr üzərində dəmir materialdan olan barmaqlıqlar qalmışdır. Oranın sü, elektrik və kanalizasiya təzcizatı olmuşdur. O, ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığına görə həmin yerə nəzarət edilməsini qohumu Şahid1 xahiş etmiş və onunla vaxtaşırı telefonla əlaqə saxlamışlar. Həmin vaxtdan bəri Şahid1 həmin binaya və əraziyə nəzarət etmişdir. 25 may 2023-cü il tarixdə saat 16 radələrində Şahid1 zəng edərək birinci mərtəbədəki otaqların 9 ədəd giriş qapılarının, binanın içərisindən 100 metr uzunluğunda elektrik naqillərinin, yardımçı tikilinin pəncərələrindəki 3 ədəd dəmir barmaqlıqların oğurlandığını bildirmişdir. O, Şahid1 xahiş etmişdir ki, hadisə barədə DİNnin 102 xidmətinə bildirsin və bu barədə Qazax RPŞ-nə ərizə yazsın. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur, Sevinc ailəsi ilə birlikdə Bakı şəhəri, Əlibəyov qardaşları küçəsində 76-ci binanın 32 nömrəli mənzilində yaşayır. Zərərçəkmiş şəxs Qazax şəhəri, H.Əliyev prospektində yerləşən və əvvəllər “Qadın məsləhətxanası” kimi fəaliyyət göstərmiş binanı torpaq sahəsi ilə birlikdə almış, bununla əlaqədar müvafiq sənədləşmə aparılmış və həmin bina torpaq sahəsi ilə birlikdə Sevincin xüsusi mülkiyyətindədır. Hal hazırda həmin binadan istifadə edilmədiyinə görə Zərərçəkmiş şəxs həmin binaya və əraziyə nəzarət etməyi ondan xahiş etmişdir. 25 may 2023-cü il tarixdə saat 16 radələrində o, həmin yerə gəlmiş və binaya daxil olub baxarkən birinci mərtəbədəki otaqların 9 ədəd giriş qapılarının yerindən çıxarılaraq oğurlandığını, həmçinin binanın içərisindən 100 metr uzunluğunda elektrik naqillərinin oğurlandığını müəyyən etmiş, həmçinin yardımçı tikilinyə baxarkən pəncərələrdəki dəmir barmaqlıqların da yerindən çıxarılaraq oğurlandığını müəyyən etmiş və hadisə barədə zəng edib Zərərçəkmiş şəxs məlumat vermişdir. Bundan sonra hadisə barədə DİN-nin 102 xidmətinə bildirmiş və Qazax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Müəyyən müddətdən sonra polis əməkdaşlarından ona məlum olmuşdur ki, həmin oğurluğu Qazax rayon sakinləri Şahid7 və Təqsirləndirilən şəxs törətmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid4 ifadəsində göstərmişdir ki, Qazax rayonu, Xanlıqlar kəndində qeyri yaşayış binasında metal tullantıları toplayıb satmaqla məşğul olur. Şahid3 onun uzaq qohumudur, taksi fəaliyyəti ilə məşğul olur. İlhamı Qazax şəhər sakini kimi tanıyır. Paşabəyi isə əvvəllər tanımamış, onu ilk dəfə 2023cü ilin may ayının sonunda Asif və İlhamla birlikdə alüminium materialdan olan hissələri satmaq üçün gətirərkən görmüşdür. Həmin vaxtlar Asif ona zəng edərək tanışının alüminium materiallan olan hissələri olduğunu, evlərinini təmir etdirdiyinə görə həmin metalları satmaq istədiyini bildirmişdir. Asif idarə etdiyi Mersedes markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə İlham və Paşabəylə alüminium hissələrini gətimişlər. Həmin alüminum materialdan olan hissələrin 1 kq 2 manata almış, həmin alüminium hissələri qapı çərçivələrinin sökülmüş hissələri olmuşdur. Ümumilikdə alüminiumun çəkisi təqribən 30 kq-dan artıq olmuş, buna görə də o, təqribən 70 manat pul vermişdir. Həmin gündən bir neçə gün sonra Asif yenə zəng edib metalları olduğunu bildirmişdir. Paşabəy və İlham dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ-21011 markalı, göy rəngli avtomobillə 3 ədəd dəmirdən olan reşotkaları gətirib 1 kq metalı 40 qəpikdən ona satmışlar, 3 ədəd reşotkalar təqribən 70 kq olmuş və o, buna görə həmin şəxslərə təxminən 30 manat pul vermişdir. Həmin vaxtdan bir neçə gün sonra onun həmin iş yerinə polis işçiləri Paşabəy və Manis adlı şəxslə gəlmişlər və ondan həmin şəxslərdən metal hissələri alması barədə soruşmuşlar. O, Paşabəydən alüminium hissələri və 3 ədəd dəmir reşotkalar aldığını bildirmiş və həmin əşyaların qalıqlarını təqdim etmişdir. Onlar həmin əşyalara Paşabəy və Manisin iştirakları ilə baxış keçirmiş və sonra Paşabəydən aldığı alüminuim materialdan olan 8 ədəd 2 metr uzunluğunda qapı çərçivəsinin yan hissələrini və 3 ədəd dəmir reşotkaları saxlamaq üçün ona təhvil vermişlər. Polis işçilərindən ona məlum olmuşdur ki, Manis və Paşabəy Qazax şəhəri, H.Əliyev prospekti, 86 nömrəli ünvanda yerləşən keçmiş “Qadın məsləhətxanası” kimi tanınan yerdən Zərərçəkmiş şəxsa məxsus 09 ədəd alüminum materialdan olan qapıları, 3 ədəd dəmir materialdan hazırlanmış barmaqlıqları və 100 uzunluğunda misdən olan elektrik naqillərini oğurlamışlar. Alüminum hissələrinin bir qismini xatırlamadığı şəxsə satmış, ancaq ona elektrik naqilləri gətirilməmiş və həmin şəxslərdə elektrik naqilləri görməmiş və bu barədə eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, çox vaxt Qazax şəhərindəki bazarda alver edir. Təqsirləndirilən şəxs yaxşı tanıyır, münasibətləri normaldır, heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2023-cü ilin may ayının xatırlamadığı günündə, saat 14 radələrində Qazax şəhərində o, Təqsirləndirilən şəxsla görüşmüş, Qazax şəhəri, Heydər Əliyev prospektində piyada gəzmişlər. Pulları olmadığına görə, həmin prospektdə yerləşən keçmiş «Qadın məsləhətxanası» kimi tanınan binanın qarşısından keçərkən həmin yerdən oğurluq etmək qərarına gəlmişlər. Onlar həmin obyektdən nə isə oğurlayaraq satıb pul əldə etmək məqsədilə açıq darvazadan içəri keçmişlər, orada heç kəs olmamış, binanın qapıları açıq olmuşdur. Onlar alüminum materialdan olan 9 ədəd otağın qapılarını çıxarıb məhləyə yığmışlar. Bundan başqa yardımçı binanın 3 (üç) ədəd pəncərələrinin dəmir barmaqlığını götürüb, həmin obyektin arxa tərəfində olan darvazadan çöl tərəfə yığmışlar. Onlar oğurladıqları əşyaları metal qəbulu məntəqəsinə satıb pul əldə etmək istəmişlər. Lakin həmin vaxt onun evdə işi olduğundan, Təqsirləndirilən şəxsla razılaşmışlar ki, o, işi ilə əlaqədar evə getsin, Paşabəy isə taksi tapıb həmin metalları aparıb satsın və sonra pulu bölsünlər. Onlar razılaşdıqdan sonra o, evə getmiş və səhəri gün Təqsirləndirilən şəxsla görüşmüşlər. Təqsirləndirilən şəxs ona danışmışdır ki, Şahid2 ilə birlikdə Şahid3 avtomobili ilə həmin metalları aparıb Qazax rayon, Xanlıqlar kəndində fəaliyyət göstərən metal qəbulu sexinə Etibar adlı şəxsə 70 manata satmışdır. Həmin puldan 5 manat taksi sürüsü Şahid3 vermiş, Asif və İlhamın həmin metallların oğurluq olmasından məlumatları olmamışdır. Təqsirləndirilən şəxs ona 30 manat pul vermiş, o, həmin pulu öz maddi ehtiyaclarını qarşılamaq üçün xərcləmişdir. Sonradan onu polis şöbəsinə çağırmışlar, o, Təqsirləndirilən şəxsla birgə həmin oğurluğu törətdiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinin cinayət-axtarışı bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 12 iyun 2023-cü il tarixdə ünvan 4 evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı həmin evdə qanunsuz olaraq döyüş sursatı olan əl qumbarası və narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə raportla Qazax rayon polis şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və rəhbərliyin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Qazax rayon polis şöbəsinin əməkdaşları Şahid6, X4, X9, X11 və X12 daxil edilmişlər. O, əməliyyat qrupunun həmin üzvləri ilə birlikdə 12 iyun 2023-cü il tarixdə saat 17:15-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana getmiş, X3 qapını döymüş, qapını açan şəxs Təqsirləndirilən şəxs olmuşdur. X3 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə partlayıcı vasitə və narkotik vasitə saxlamaqda şübhəli olduğunu, bu səbəbdən də, evə baxış keçirilməli olduğunu bildirmiş və buna hər hansı bir etirazının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını dedikdə, Cabbar İmamquluyev etirazının olmaması barədə ərizə yazmalı olduğunu ona izah etmişdir. Təqsirləndirilən şəxs ərizəni onun adından yazmağı təhqiqatçıdan xahiş etmişdir. X3 Təqsirləndirilən şəxs adından ərizə yazıb ucadan ona oxumuş və Təqsirləndirilən şəxs ərizəni imzalamışdır. Bundan sonra X3 Təqsirləndirilən şəxs yaşadığı evdə partlayıcı vasitə və narkotik vasitə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə partlayıcı vasitə və narkotik vasitə saxladığını, onları təqdim edə biləcəyini deyərək evin otaqlarından birinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ilk öncə həmin otaqdakı paltar dolabının qapısını açıb yuxarı rəfə yığılmış yataq ləvazimatlarının alt hissəsindən 1 (bir) ədəd polietilen kəsiyi bükümünü götürüb təqdim etmiş və həmin bükümün içərisində qumbara olduğunu, onu bir müddət əvvəl “Amonların meşəsi” adlanan ərazidən tapdığını və gələcəkdə balıq tutmaq məqsədi ilə Kür çayına atmaq üçün götürüb saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin həmin otaqdakı stolun üzərindəki qara rəngli eynək qabını açıb içərisindən 1 ədəd sellofan kəsiyi bükümünü götürüb təqdim edərək içərisindəki kütlənin “patı” olduğunu, həmin kütləni “Mədəniyyət evi”nin arxa hissəsindən keçən küçədən tapdığını və öz şəxsi istifadə etməsi üçün götürüb evə gətirərək saxladığını bildirmişdir. Bundan sonra X3 Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 2 ədəd bükümü götürüb otaqdan çıxarıb evin həyətinə gətirərək həyətdəki stolun üzərinə qoymuş, polietilen kəsiyi bükümün açmış və həmin bükümü içərisində 1 ədəd yaşıl rəngli, dairəvi formalı, ilkin baxışdan əl qumbarasına bənzər predmet və onun başlıq hissəsi olduğu aşkar edilmişdir. Həmin predmet və onun hissəsi bir ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra digər sellofan kəsiyi bükümü açılmış və içərisində ağ rəngli, kristal formalı, ilkin baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, bir ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilsə də hər hansı bir qeyri qanuni saxlanılan predmet aşkar edilməmişdir. Baxışla əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, o və digər iştirakçılar protokolu imzalarla təsdiq etmişlər. Evə baxış 18:35-də bitmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində də narkotik vasitə, psixotrop maddə və partlayıcı vasitə olması şübhə doğurduğundan o, Qazax rayon polis şöbəsinə aparılmış, şübhəli şəxs kimi tutulmuş və vəkillə təmin edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heç bir partlayıcı vasitə, narkotik vasitə, psixotrop maddə və hər hansı bir əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində digər Şahid5 ifadəsinə uyğun ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 13 iyun 2023-cü il tarixli, 16/616 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlə» sözlər və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,202 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. QEYD: Metafaminin təmiz çəkiləri 1,202 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,152 qram. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə partlayış-texniki ekspertizasının 14 iyun 2023-cü il tarixli, 23/444 R nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş 01 ədəd əşya RQD-5 tipli hücum təyinatlı əl qumbarasının gövdəsidir natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, həmin əl qumbarasının partlayıcısıdır. Həmin 01 ədəd RQD-5 tipli əl qumbarasının gövdəsi ilə 01 ədəd “UZRQM” tipli partlayıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadə üçün yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşunaslıq ekspertizasının 26 sentyabr 2023-cü il tarixli, 9/7086 nömrəli rəyindən məlum olur ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1035,00 manat müəyyən olunur. O cümlədən: - eni 90 sm, uzunluğu 2 metr olan aliminium qapı- 900,00 (09 ədəd x 100,00 manat); - 01 top 100 (yüz) metr olan mis naqil -45,00 manat; - dəmirdən hazırlanmış qoruyucu ayna -90,00 (3 ədəd x 30,00 manat) manat. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 25 avqust 2023-ci il tarixli, 1412 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və pisxotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan 12 iyun 2023-cü il tarixli baxış keçirilməsi və götürmə barədə protokoldan görünür ki, Qazax RPŞ-nin polis əməkdaşları tərəfindən video çəkilişlə xx.xx.2023-cü il tarixdə, saat 17:15-dən saat 18:35-dək olan vaxt ərzində Təqsirləndirilən şəxs yaşadığı Qazax şəhəri Azadlıq küçəsi 117 nömrəli evə baxış keçirilmiş və onun qanunsuz olaraq evində saxladığı 01 ədəd RQD-5 tipli əl qumbarasının gövdəsi ilə 01 ədəd “UZRQM” tipli partlayıcı, həmçinin 1,30 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş 30 may 2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Şahid7 və Şahid4 iştirakları ilə Qazax rayonu Xanlıqlar kəndində Şahid4 məxsus qeyri yaşayış sahəsində sökülmüş halda 9 ədəd qapıların qalığı olan 8 ədəd 2 metrlik alüminium material və 3 ədəd dəmirdən hazırlanmış qoruyucu ayna müəyyən edilərək götürülmüş və saxlanması üçün Etibar Vəlievə təhvil verilmişdir. Təqsirləndirilən şəxs və Şahid7 baxış zamanı həmin əşyaları göstərib onları 2023-cü ilin may ayının sonunda Qazax şəhəri, H.Əliyev prospekti, 86 nömrəli ünvanda yerləşən “Qadın məsləhətxanası” kimi tanıdıqları yerdən oğurlamışlar, Təqsirləndirilən şəxs onları taksi ilə gətirib Şahid4 satmışdır. Şahid4 bildirmişdir ki, həmin əşyaları Təqsirləndirilən şəxs 2023-cü ilin sonunda Təqsirləndirilən şəxs onun qohumu Asif və İlhamla alüminium materialdan olan hissələri gətirib ona satmışdır. O, həmin materialdan bir qədərini tanımadığı şəxsə satmışdır. Təqsirləndirilən şəxs həmçinin 3 ədəd dəmirdən hazırlanmış qoruyucu aynanı da gətirib ona satmışdır. Təqsirləndirilən şəxs və Şahid7 polis işçiləri ilə birlikdə gəlib həmin 8 ədəd 2 metrlik alüminium material və 3 ədəd dəmirdən hazırlanmış qoruyucu aynaları göstərib 2023-cü ilin may aıynın sonunda Qazax şəhəri, H.Əliyev prospekti, 86 nömrəli ünvanda yerləşən “Qadın məsləhətxanası” kimi tanıdıqları yerdən oğurladıqlarını bildirmişlər. xx.xx.2023-cü il tarixli, 3-13-88/2-12704/2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq naməlum mənbədən 1,202 qram çəkidə psixotrop maddə və 1 ədəd RQD-5 tipli qumbara və ona aid «UZQRM» partlayıcı əldə etmiş və yaşadığı evində saxlamışdır. R.Hüseynovun həmin psixotrop maddə və qumbaranı nə vaxt, kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun kimsə psixotrop maddə və partlayıcı maddə satması və ya digər formada verməsi müəyyən edilməmişdir. X1 alınmış xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs xəstəxananın psixoloji qeydiyyatında yoxdur, lakin 2018-ci ildən xəstəxananın narkoloji kabinetinin qeydiyyat jurnalında “narkomaniya” diaqnoz ilə qeydiyyatdadır. DİN-dən təqdim olunmuş tələbnamədən və Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarına əsasən cəzası 06 ay azadılmış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 01 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşə əlavə olunmuş Qazax RİHB-nın Qazax MİS-nin verdiyi xx.xx.2023-cü il tarixli, 5- 58-13-17/2-590 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2014-cü il tarixli, 133970 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən ikinci qrup əlildir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 18 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Şahid7 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs psixotrop maddə satması və ya digər formada verməsi öz təsdiqini tapmadığından onun əməllərində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi yaranmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs və Şahid7 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan cinayətlərin tərkibi yaranmadığından həmin xüsusatlar üzrə cinayət təqibinə xitam verilmiş, Şahid3, Şahid2, Şahid4 VAZ 21011 markalı, göy rəngli avtomobilin sürücüsü və 100 metr uzunluğunda mis naqili alan şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan cinayətlərin tərkibi yaranmadığından onların barəsində cinayət işi başlanması rədd edilmiş, Şahid4 və 100 metr uzunluğunda mis naqili alan şəxsin əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından, onların barəsində cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,202 qram maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetaminin ekspertizadan istintaqa qaytarılmış 1,152 qram qalığı və 01 ədəd RQD-5 tipli əl qumbarasının gövdəsi ilə 01 ədəd “UZRQM” tipli partlayıcı zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı, həmçinin, Təqsirləndirilən şəxs Qazax rayonu Xanlıqlar kəndində Şahid4 sökülmüş halda satdığı 9 ədəd qapıların qalığı olan 8 ədəd 2 metrlik alüminium material və 3 ədəd dəmirdən hazırlanmış qoruyucu ayna maddi subut kimi tanınmışdır. 1,152 qram çəkidə psixotrop maddə –metamfetamin saxlanması üçün Qazax RPŞ-nə təhvil verilmiş, 8 ədəd 2 metrlik alüminium material və 3 ədəd dəmirdən hazırlanmış qoruyucu ayna saxlanması üçün Etibar Vəlievə təhvil verilmişdir. 25 oktyabr 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işi ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid7 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata götürülərək istintaq aparılmışdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, özünün etiraf edici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, həmçinin məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onun əməlləri CM-nin 177.2.1, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən, yaxud üzərindən götürülmədən yenidən az ağır cinayət törətmişdir, ona görə də əməlində cinayətlərin residivi var. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etməsini, himayəsində azyaşlı uşağı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ikinci qrup əlil olması iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müyyən edilir. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.1 və 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq ona qəti cəza təyin edilməli o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli 12 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə dəyişdirilmədən saxlanılmalı, o narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-də saxlanılan 1,152 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd RQD-5 tipli əl qumbarası, həmin qumbaya aid “UZRQM” tipli partlayıcı müsadirə edilərək Daxili İşlər Nazirliyinə təhvil verilməli, Zərərçəkmiş şəxs məxsus, saxlanılması üçün Şahid4 təhvil verilmiş 8 ədəd 2 metrlik aliminum material və 3 ədəd dəmirdən hazırlanmış qoruyucu ayna sahibi S. Məmmədovaya qaytarılmalı, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan Qazax RPŞ-də saxlanılan 1,152 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd RQD-5 tipli əl qumbarası, həmin qumbaraya aid “UZRQM” tipli partlayıcı müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin, Zərərçəkmiş şəxs məxsus, saxlanılması üçün Şahid4 təhvil verilmiş 8 ədəd 2 metrlik aliminum material və 3 ədəd dəmirdən hazırlanmış qoruyucu ayna sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar