Məhkəmə qərarları › İş №1(023)-40/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-40/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-40/2024 28.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mansirov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli , orta təhsili, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ilə aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı 25 fevral 2024-cü il tarixdə saat 17 radələrində birgə yaşadıqları Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən evin eyvanında mətbəx kimi istifadə edilən yerdə qəsdən bir neçə dəfə anası Zərərçəkmiş şəxs sifət nahiyyəsinə əli ilə vuraraq ona “sol almacıq sümüyünün sınığı, hər iki gözətrafı nahiyyənin qançırı” ilə müşayiət olunan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi və ya qeyri-rəsmi olaraq heç bir yerdə işləmir. Şəxsi təsərrüfatında olan xırdabuynuzlu heyvanları saxlayaraq maddi qazanc əldə edir. Qazax rayonu, Yuxarı Salahlı kəndində mərhum atası X4 adına olan fərdi yaşayış evində arvadı Gültəkin İsmayılova, 5 yaşlı uşağı Niyazi və anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 2023-cü ilin aprel ayında arvadı Gültəkin İsmayılova ilə aralarında mütəmadi olaraq baş verən söz mübahisələri nəticəsində Gültəkin azyaşlı uşağı Niyazini də götürüb öz atası evinə getmişdir. 25 fevral 2024-cü il tarixdə o, Qazax rayonu, Yuxarı Salahlı kəndindəki evlərinə gəlmiş, həyətdə işləyən anasından qayntasıgilə gedib arvadını gətirməsini xahiş etmiş, lakin anası razılaşmamışdır. Buna görə aralarında sözlə mübahisə olmuş, oradan evə daxil olmuşlar. Həmin gün, saat 17 radələrində yaşadıqları evin evin eyvanında mətbəx kimi istifadə edilən yerdə o, əli ilə anasının sifət nahiyəsinə vurmuşdur. Sonradan əməlindən peşman olmuş, anasından üzrxahlıq etmiş, anası onunla barışmışdır. Ona yüngül cəza təyin olunmasını məhkmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Onlar Qazax rayonu Yuxarı Salahlı kəndində yaşayırlar. 25 fevral 2024-cü il tarixdə, saat 17 radələrində yaşadıqları evin mətbəx kimi istifadə edilən eyvanında oğlu Nadirlə aralarında mübahisə olmuş, mübahisənin səbəbi Nadirin küsüb gedən arvadını sonuncunun atası evindən gətiməsini ondan xahiş etməsi, onun isə Nadirin xahişini yerinə yetirməkdən imtina eləməsi olmuşdur. Mübahisə zamanı Nadir bir neçə dəfə əli ilə vurub onu sifətinə xəsarət yetirmişdir. Hazırda Nadir ondan üzrxahlıq etmiş, o da Nadirlə barışmışdır, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, oğluna yüngel cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qazax rayonu Yuxarı Salahlı kəndində yaşayır. Təqsirləndirilən şəxs və sonuncunun anası, Zərərçəkmiş şəxs onun qonşularıdır. 25 fevral 2024-cü il tarixdə, saat 17-18 radələrində qoşu kimi halını soruşmaq üçün Yazgülgilin həyətinə getdiyi vaxt Yazgülü evlərinin həyətində kefsiz vəziyyətdə, saçları dağılmış halda görümş, onun halını xəbər alsa da Yazgül cavab verməmiş, o da çıxıb evlərinə getmişdir. X3 arasında həmin gün narazılıq olmasını bilmişdir. Cinayət işinin materiallarında olan “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 12 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs vuraraq ona az ağır bədən xəsarəti yetirdiyi yer onların Qazax rayonu, Yuxarı Salahlı kəndində birgə yaşadıqları evin eyvanında mətbəx kimi istifadə olunan yerdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 06 mart 2024-cü il tarixli, 62 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: - Sol almacıq sümüyünün sınığı, hər iki gözətrafı nahiyənin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, 25 fevral 2024-cü il tarixdə saat 17 radələrində Qazax rayonu, Yuxarı Salahlı kəndində Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisəni və Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs yumruqla vuraraq ona xəsarət yetirməsini görən şəxs olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə və dava-dalaş zamanı kənar şəxslər ora toplaşmamışdır. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Qazax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamış, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 73.2-ci, Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddələrinin tələblərinə əsasən barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan X1 15 aprel 2024-cü il tarixli, 809 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X2 psixoloji qeydiyyatda yoxdur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs CM-nin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilməsi üçün zəruri olan hərəkətləri icra etməsi CM-nin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada zərərçəkmişlə barışması və ona dəymiş ziyanı ödəyərək bu formada cinayət məsuliyyətindən azad olunması qüvvədə olan cinayət qanunvericiliyinin tələbləri baxımından mümkün deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən:Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar