Məhkəmə qərarları › İş №1(023)-44/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-44/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-44/2023 14.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1982-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, 4 uşaq atası, Qazax rayonu X6ində qeydiyyatda olmaqla Qazax rayonu Qazaxbəyli kəndi Yeni Qəsəbə bina 9 mənzil 31-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 410 qram bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamış, 21 may 2021-ci il tarixdə saat 11:40-da Qazax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax şəhəri Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Qazax rayon Doğum evinin həyətində olarkən və həmin marixuananı daşıyarkən saxlanılıb Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 12:10-dan 12:32-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan “Original Levis” sözləri yazılmış polietilen bağlamanın içərisindən 410 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax rayonu X6indən məcburi köçkündür, həmin kənddə qeydiyyatda olmaqla Qazax rayonu Qazaxbəyli kəndi Yeni Qəsəbə bina 9 mənzil 31-də yaşayır. 2020-ci ilin sonlarında, konkret olaraq xatırlamadığı gündə, günorta saatlarında Qazax-Cəfərli avtomobil yolunun kənarı ilə piyada Qazax şəhəri Nəriman Nərimanov qəsəbəsindən Cəfərli kəndi istiqamətinə gedən zaman Hərbi polisin inzibati binasının yaxınlığında, yolun sağ kənarında olan çökəkliyə diqqət etdikdə orada yabanı halda bitmiş bir neçə ədəd çətənə bitkisinin kollarının olduğunu görmüş, orada dayanıb ətrafa nəzər salaraq heç kimin olmadığına əmin olduqdan sonra, öz istifadəsi üçün həmin kollardan bir neçəsinin yarpaqlarını toplayaraq qurumağı üçün yaxınlıqda yerləşən kimsəsiz tikilinin içərisinə sərmiş, üzərinə kənardan gətirib kol-kos yığmış, oradan çıxıb getmişdir. Sonradan qorxduğu üçün uzun müddət qeyd olunan kimsəsiz tikiliyə getməmiş, quruması üçün ora yığıb sərdiyi çətənə kollarının xarab olmasını düşünmüşdür. 20 may 2021-ci il tarixdə, axşam saatlarında yaşadığı evdən çıxaraq özü ilə hər ehtimala qarşı 01 ədəd mavi rəngli polietilen torba götürüb N. Nərimanov qəsəbəsinə, həmin çətənə bitkisinin yarpaqlarını qurudaraq saxladığı kimsəsiz tiklinin yaxınlığına getmiş, tikilinin içərisinə daxil olduqdan sonra qurumuş halda olan çətənə bitkisinin yarpaqlarının yerində olduğunu və xarab olmadıqlarını görmüş, hamısını əlləri ilə ovub özü ilə apardığı polietilen torbanın içərisinə yığaraq Qazax şəhərinin ərazisində hansısa bir yerdə gizlətmək məqsədi ilə Qazax şəhərinə qayıtmış, Doğum evinin həyətində qeyd olunan qurudulmuş marixuananı polietilen torba ilə birlikdə kolların içərisində gizlətmiş, çıxıb evinə getmişdir. 21 may 2021ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxaraq həmin narkotik vasitəni gizlətdiyi yerdən götürmək üçün Qazax şəhərinə getmiş, doğum evinin həyətinə çatdıqda əvvəl kənarlara baxıb heç kimin olmadığına əmin olduqdan sonra kolluğa yaxınlaşaraq içərisində qurudulmuş marixuana olan polietilen torbanı oradan götürdükdən sonra doğum evinin həyətindən Bakı küçəsi istiqamətinə addımlamağa başlamış, saat 11:40-da 3-4 nəfər mülki geyimlərdə olan şəxslər qəfildən ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə etməyi, saxlamağı və istifadə etməyi barədə məlumat daxil olduğunu, onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Heç bir etiraz etməmiş, polislərlə birlikdə doğum evinin yaxınlığında dayandırılmış qara rəngli avtomobilə əyləşib rayon polis şöbəsinə getmiş, polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən otaqlardan birinə daxil olmuşlar, orada onu müdafiəçi ilə təmin etmişlər, müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarışı aparılmış, ilkin olaraq ondan üzərində qanun ilə daşınması qadağan olunmuş hər hansı narkotik vasitə, psixotrop maddə və yaxud da, onların prekursorları olub-olmaması soruşulub, əgər vardırsa təqdim etməyi təklif edilmiş, bu zaman o, əlində olan polietilen torbanı təqdim edərək içərisində qurudulmuş marixuana olmasını, Nəriman Nərimanov qəsəbəsinin ərazisində yerləşən "Hərbi polisin" inzibati binasının yaxınlığında yabanı halda bitən çətənə bitkisinin kollarından toplayaraq elə həmin ərazidə qurudub öz şəxsi istifadəsi üçün Qazax rayon Doğum evinin həyətində olan kolların arasında gizlətiyini demişdir. Təqdim etdiyi polietilen torba içərisində olan qurudulmuş marixuana ilə birlikdə elektron tərəzidə çəkilmiş, qablaşdırılıb üzərinə möhür vurulmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, üzərindən digər heç bir narkotik vasitə, o cümlədən qanun ilə daşınması qadağan olunmuş hər hansı əşya və yaxud predmet aşkar olunmamışdır. Ondan aşkar edilmiş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamış, heç kəsə satmamış, satmaq fikri də olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Qazax RPŞ-nin kadr və peşə hazırlığı üzrə baş inspektor vəzifəsində işləyir. Həmin vəzifəyə 2021-ci ilin dekabr ayında təyin edilmişdir. Bundan qabaq isə Qazax RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. O, əməliyyat müvəkkili vəzifəsində işləyən dövrdə 21 may 2021-ci il tarixdə Qazax rayonu Qazaxbəyli kəndi Yeni Qəsəbə bina 9 mənzil 31-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlması barədə əməliyyat məlumat daxil olmuş, məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması haqqında protokol tərtib olunmuş və o, əməliyyat qrupuna daxil olan digər iş yoldaşları ilə birlikdə, bu istiqamətdə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Həmin gün saat 11:40-da Qazax şəhəri, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Qazax doğum evinin həyətində Rəşadı görüb ona yaxınlaşmış, Rəşadın əlində polietilen torba olmuş, özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli oluğunu və onlarla birlikdə polis şöbəsinə getməli olduğunu Rəşada demişlər, Rəşad etiraz etməmiş və birlikdə Qazax şəhəri, Heydər Əliyev porspekti 165A ünavnında yerləşən rayon polis şöbəsinə getmişlər. Polis şöbəsində videoçəkilişlə müdafiəçisinin də iştrakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları təqdim etməsi təklif olunmuş, Rəşad əlində tutduğu üzərində “Original Levis” sözləri yazılmış tünd göy rəngli polietilen torbanı təqdim edərək torbanın içərisində marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin kütlə torba ilə birlikdə elektron tərəzidə çəkilmiş, zərfdə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüş, zərfin üzərini iştirakçılarla birlikdə Rəşad Əsəgrov imzalamış, Rəşad qurudulmuş marixuananı 2020-ci ilin payız aylarında Qazax şəhəri Nəriman Nərimanov küçəsində yerləşən Hərbi Polisin yaxınlığında yabanı halda bitmiş yerdən dərib qurudaraq Qazax şəhəri doğum evinin həyətində gizlətdiyini, həmin gün də gizlətdiyi yerdən götürüb aparmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Müzəffət oğlu və Şahid3 digər Şahid1lə oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 16/481 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzaları olan 01 ədəd polietilen torbada, təmiz çəkisi 410 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qurudulmuş marixuananın təmiz çəkisi 410 qr olmuş, ondan 0,2 tədqiqata sərf edilmiş, 409,8 qr qalmışdır). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə narkoloji ekspertizanın 28 iyul 2021-ci il tarixli 954 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polietilen torbanın içərisindən 410 qram marixuanaya bənzər, spesifik iyili, tünd yaşıl rəngli kütlə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış həmin gün saat 12:10-da başlamış, saat 12:32-də bitmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİNnin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 may 2021-ci il tarixdə Qazax RPŞ MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün ona həmin maddə illər ittiham elan edilməsi rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RİHB-nın X6 İƏD üzrə nümayəndəliyinin verdiyi 01 avqust 2021-ci il tarixli, 11- 21/696 saylı və həmin tarixli, 11-21/695 saylı arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür, məcburi köçkün kimi ünvan 6 ünvanında müvəqqəti məskunlaşmışdır. Oğlu 2011-ci il təvəllüdlü X2, 2013-cü il təvəllüdlü X3, 2015-ci il təvəllüdlü X5 və 2019-cu il təvəllüdlü X4 tərkibdə ailə üzvləri vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Nihat, xx.xx.2013-cü il təvəllüdlü Rüfət, xx.xx.2015-ci il təvəllüdlü Ömər və xx.xx.2019-cu il təvəllüdlü Yusif adlı uşaqların atası Təqsirləndirilən şəxsdur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, himayəsində 4 nəfər azyaşlı uşağı olmasını, məcburi köçkün olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərin evli olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onların azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerlərinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 409,8 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,4 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ013601 000000 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 409,8 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar