Məhkəmə qərarları › İş №1(023)-44/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-44/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-44/2024 03.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 , barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4, onun müdafiəçisi Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olan, Qazax rayonu Xanlıqlar kənd sakini X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə eyni zamanda həmin Məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X5 şikayəti onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs 22 iyun 2024-cü il tarixdə özünə məxsus ***-***-**-** saylı mobil nömrəni “watsapp” ani proqramlaşma tətbiqinin status yerində və 4594 nəfərin izlədiyi “qazax ayaqqabı” adlı sosial şəbəkə profilində, platformasında onun şərəf və ləyaqətini alçaldan və onun barəsində şər-böhtan xarakterli videoyazı və yazılar, məlumatlar paylaşaraq ona qarşı qanunsuz hərəkətlərə yol vermiş və onu rüsvay etmiş və rüsvay edəcəyini də ona aşkarca bildirmişdir.Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs onu və videoda yanında olan X1 falçılqla məşğul olduğunu və onun mağazasına, piştəxtanın altına cadu yerləşdirdiklərini iddia etmiş və onları rüsvay etmiş, ələlxüsus da onun haqqında əxlaqsız ifadələrlə onu təhqir etmiş və ona şər-böhtan da atmışdır. Həmin qanunsuz videoyazını İqbal və oğlunun səsi ilə danışaraq, öz səsləri ilə yaymışdır, yazıları da paylaşmışdır.Bunu edərkən öncədən Qazax rayonu. Xanlıqlar kənd sahə rəisi Pərvin bəy ilə də məsləhətləşdiyini və onunla yazışmasını da ekran şəklini çəkib, ona hədə-qorxu gəlmək niyyətilə göndərmiş və ona polisin adı ilə hədə-qorxu gəlmişdir.Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs onun statusunda görüb bu barədə ona yazan şəxslərin yazılarını, etdiyi rüsvayçılıqları da ona göndərmişdir.Yəni barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxsin onun və X.Kazımovanın barələrində yaydığı şər-böhtan, bizi cinayətdə ittihamedici xarakterli məlumatları yaydıqdan sonra o, məcburən Qazax rayon Polis Şöbəsinə yazılı ərizə ilə müraciət edib və bundan sonra polisdə olan şikayətindən xəbərdar olduqdan sonra bu barədə də status paylaşaraq, polisə görə instagramda və watsapp paylaşımlarını sildiyini qeyd etmişdir.Ancaq, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs polisə şikayətindən sonra silənə kimi yüzlərlə şəxsə yayıldığını özü də qeyd etmişdir.Yəni, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs onun barəsində etdiyi şər-böhtanı yaydığını özü dəfələrlə təsdiq etmiş və təsdiqedici sübutları da paylaşmış və ona stress, psixoloji işgəncələr vermək, və mənəvi mərhumiyyətlər yaşatmaq üçün bu qanunsuz hərəkətləri etmişdir.O da, buna görə məhkəməyə müraciət edib, pozulmuş hüquqlarının bərpasını tələb edir və edilən qanunsuzlara görə mülki mühakimə icraatında məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs bu qanunsuz hərəkətləri nəticəsində onların şərəf-ləyaqətini alçaltmış və onları cəmiyyətdə rüsvay etmişdir. Bunun nəticəsində onlar mənəvi iztirablar, məhrumiyyətlər yaşamış, sağlamlığı pozulub və pozulmağa da davam edir. Məcburən həkimə müraciət edəcəklər və tibbi müdaxilə edilməsə sağlamlığı və psixologiyası daha da kəskin pozulacaqdır.R.Əliyeva onun barəsində sosial platformalarında, internet resurslarında onun haqqında şər-böhtan xarakterli, rüsvayedici məluatları bilərəkdən, məqsədli formada onu dələduzluq cinayətində ittiham etməklə, baxıcılıq, falçılıqla məşğul olduğunu və ona da cadu etdiyini yaymaqla onu nüfuzdan salan məlumatları yaymışdır.Bundan başqa, Rövşanə Əliyeva işlədiyi Qazax Mərkəzi Bazarda onun barəsində eyni şərəf-ləyaqətini alçaldan və onu nüfuzdan salan, şərböhtan xarakterli məlumatları yaymış və orada işləyən şəxslərə də bildirmişdir.Həmin şəxslərdən bir neçə nəfəri ona telefonla zəng edərək bunu bildirmişlər.Onun həmin gün sağlamlığı pozulmuş və səhhəti ağırlaşmış, ağzından burnundan qan gəlmiş və təcili tibbi yardıma da müraciət etmiş və səhhətində yaranmış pozulmalara görə həkimlərə də müraciət edəcək. Bunun nəticəsindən aslı olaraq, mülki icraat qaydasında verdiyi iddia ərizəsi üzrə iddia tələbinin həcmini artıra bilər.Onun azyaşlı övladı vardır və vətəndaş nikahında ailəlidir, özü və ailəsi də Qazax, Ağstafa rayonlarında biabır olmuşlar. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Müdafiəçi çıxış edərək X3 xüsusi ittiham qaydasında məhkəməyə verdiyi şikayətin əsassız olduğunu və həmin xüsusi ittiham qaydasında verilən şikayətin CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığı üçün məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən verilmiş şikayətin forma və məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1 və 293.3.7-ci maddələrinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Təhqir” adlanan 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyasından görünür ki, bu maddələr ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları eləcədə təhqiri, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtan və təhqir cinayət məsuliyyəti yaradan böhtan və təhqiri bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147 və 148ci maddələrinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməli qanunda göstərilən üç üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədilmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin əməlində cinayətin əlamətləri olmadığından, eyni zamanda xüsusi ittiham qaydasında edilən şikayətdə Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan forma və məzmununa düzgün riayət edilmədiyindən həmin xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü və 302.1.6-cı maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6, 302.2.3, 384-385-ci maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar