Məhkəmə qərarları › İş №1(023)-44/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-44/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-44/2025 02.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay,əvvəllər məhkum olunmamış, Qazax rayonu, Aslanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək 13 yanvar 2025-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını talamaq məqsədi ilə Zərərçəkmiş şəxs Qazax rayonu, Aslanbəyli kəndində yerləşən ərzaq mağazasının nəfəsliyini dəmir alətdən istifadə etməklə mexaniki təsir yolu ilə açaraq mağazaya qanunsuz daxil olub həmin vaxt mağazada olan bir qutusu 3.26 manat olan cəmi dəyəri 65.20 manat təşkil edən 20 qutu «X7» siqaretini, bir qutusu 4 manat olan cəmi dəyəri 80 manat təşkil edən 20 qutu «Premier» siqaretini, bir qutusu 3.10 manat olan cəmi dəyəri 93 manat təşkil edən 30 qutu «Winçester» siqaretini, bir qutusu 3.10 manat olan cəmi dəyəri 186 manat təşkil edən 60 qutu «Pallmall» siqaretini, bir qutusu 3.10 manat olan cəmi dəyəri 31 manat təşkil edən 10 qutu «Rothmans» siqaretini, bir qutusu 4.50 manat olan cəmi dəyəri 90 manat təşkil edən 20 qutu «Sobranie» siqaretini, bir qutusu 4 manat olan cəmi dəyəri 80 manat təşkil edən 20 qutu «Vinston» siqaretini, bir qutusu 2.60 manat olan cəmi dəyəri 182 manat təşkil edən 70 qutu «Magna» siqaretini, bir qutusu 3.60 manat olan cəmi dəyəri 144 manat təşkil edən 40 qutu «LD» siqaretini, bir qutusu 2,60 manat olan cəmi dəyəri 338 manat təşkil edən 130 qutu «Viceroy» siqaretini, bir qutusu 2.40 manat olan cəmi dəyəri 48 manat təşkil edən 20 qutu «Bakı» siqaretini, bir qutusu 2.50 manat olan cəmi dəyəri 25 manat təşkil edən 10 qutu «Arqo» siqaretlərini götürərək, ümumilikdə 1362.20 manat dəyərində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, Zərərçəkmiş şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdu, Zərərçəkmiş şəxs yaşadıqları Qazax rayonu Aslanbəyli kəndində mağaza işlədir, 12 yanvar 2025-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı evdə atası Sözalı Kosayev ilə təxminən 500 qram spirtli içki olan araq içmiş, bundan sonra saat təxminən 22 radələrində yaşadığı kənddə fəaliyyət göstərən həmkəndlisi Elxanın kafesinə getmiş, kafedə oturub təxminən 2-3 rumka spirtli içki olan araq içmiş, sonra isə 1 litr pivə almış, pivə aldıqdan sonra 12 yanvar 2025-ci il tarixdə saat təxminən 23 radələrində kafedən çıxıb evlərinə gəlmiş, evdə spirtli içki olan pivəni içdikdən sonra 13 yanvar 2025-ci il tarixdə saat təxminən 01 radələrində etibarnamə əsasında idarə etdiyim VAZ-2107 markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobil ilə çöl yolla Sadayın mağazası istiqəmətində hərəkət etmiş, mağazaya təxminən 300 metr qalmış idarə etdiyi avtomobili saxlayıb piyada mağaza istiqamətində hərəkət etməyə başlamış, o mağazanın pəncərəsini açmaq üçün evdən özü ilə dəmir parçası və tikintidə istifadə edilən əlcəklər götürmüş, maşından düşüb Sadayın mağazası istiqamətində hərəkət edən vaxt həmin əlcəkləri geyinmiş və dəmir parçasını da özü ilə götürmüş, o Sadayın mağazasına çatdıqdan sonra mağaza ilə tikinti materialları satılan yerin arasında olan boş əraziyə girmiş, həmin vaxt zibil yığmaq üçün qoyulmuş dəmir çəlləyi də özü ilə mağazanın pəncərəsinin qabağına aparmış, o dəmir çəlləyin üzərinə çıxıb oradan tikinti materialları satılan mağazanın damına çıxmış, həmin vaxt damdan əlində olan dəmir parçası ilə mağazanın pəncərəsini açmış, mağazanın pəncərəsini açdıqdan sonra əvvəlcə başını pəncərədən içəri soxub pəncərənin qabağının möhkəmliyini yoxlamış, bundan sonra isə ayaqlarını pəncərədən içəri salmış, mağazaya girdikdən sonra əvvəlcə daxıla baxmış və pul olmadığını görmüş, bundan sonra isə vitrindən iki ədəd sellofan torba götürüb mağazada olan karobkalara yığılmış siqaret qutularını həmin sellofanlara doldurmuş, sonra isə götürdüyü siqaretləri pəncərədən sellofanla birlikdə küçəyə atmış, sonra isə yenidən özü pəncərədən küçəyə çıxmış, o həmin içərisində siqaretlər olan sellofanları aparıb maşının arxa yük yerinə qoymuş, həmin vaxt maşını işə düşmədiyi üçün yaxınlıqda yaşayan kirvəsi Raufu çağırmış, sonra Raufun köməkliyi ilə itələyərək maşını işə salmışlar, bundan sonra o yaşadığı evə getmiş, yaşadığı evə çatdıqdan sonra həmin sellofanları götürüb yatdığı otağa aparmış, 13 yanvar 2025-ci il tarixdə səhər saat 06 radələrində Bakı şəhərinə getməli olduğu üçün həmin siqaretlərdən 5 blok (50 qutu) «Viceroy» nazik, 5 blok (50 qutu) «Pallmall» nazik, 2 blok (20 qutu) «Vhincestr», 1 blok «LD» kompakt, 1 blok (10 qutu) «Sobranie» nazik, 1 blok (10 qutu)«LD» nazik, 2 blok (20 qutu) «Magna» cəmi 17 blok yəni 170 qutu siqareti ayırıb çantasına yığmış, bundan başqa bir blok da yəni 10 qutu «Rothmans» siqaretini də əl çantasına qoymuş, qalan siqaretləri isə səhər yığacağıni fikirləşərək yatmış, səhər o yatan vaxt anası Sənəm otağa girib döşəmənin üzərində qalan siqaretləri görmüş, bundan sonra anası Sənəm həmin siqaretləri yığıb onun otağından çıxartmış, o hazırlaşan vaxt anası Sənəm əl çantasında olan bir blok «Rothmans» siqaretini də götürmüş, o bundan sonra özünün əvvəlcədən yığdığı siqaretləri götürüb Bakı şəhərinə getmiş, o Bakı şəhərində 20 yanvar metrostansiyasının yaxınlığında həmin siqaretləri tanımadığım şəxslərə satmış, həmin siqaretlərə görə 280 manat pul qazanmış və həmin pulu öz ehtiyaclarım üçün xərcləmişdir. Zərərçəkmiş şəxs vurmuş olduğu zərəri tam ödəmiş və üzrxahlıq etmişdir. Oğurluq etdiyi üçün əməlindən peşmandır. Ailəsini yeganə dolandıran şəxsdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı Qazax rayonu, Aslanbəyli kəndi ərazisində İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin yaxınlığında ərzaq mağazası var, hər gün səhər saat 08 radələrində həmin mağazanı açır, axsam saat 22 radələrində isə mağazanı bağlayır, 12 yanvar 2025ci il tarixdə axşam saat 22:10 radələrində mağazanın qapılarını bağlayıb evə getmiş, mağazanın qabaq tərəfində olan pəncərələrin dəmir barmaqlıqları olmuş, bundan başqa mağazanın arxa tərəfində eni 60 sm, hündürlüyü 35 sm olan bir ədəd nəfəslikdə isə dəmir barmaqlıq olmamış, həmin nəfəslik mağazanın arxa tərəfində olan xırdafat mallarının satışı ilə məşqul olan mağazanın arxa rərəfinə düşdüyü üçün dəmir barmaqlıq qoydurmamış, 13 yanvar 2025-ci il tarixdə səhər saat 08 radələrində yaşadığı evdən çıxıb mağazaya gəlmiş, o mağazanın qapısında olan kilidi açıb mağazaya daxil olduqda nəfəslik tərəfdə olan vitrindəki kekslərin bir qisminin yerə düşdüyünü görmüş, kekisləri götürüb yerinə qoyduqda satıcı masasında siyirtmənin də yerə düşdüyünü görmüş, bundan sonra arxa tərəfə baxdıqda nəfəsliyin açıq olduğunu görmüş, sonra mağazada olan mallara baxdıqda bir qutu 2.95 manata alıb 3.10 manata satdığı 20 qutu «X7» siqaretinin, bir qutusunu 3.80 manata alıb, 4 manata satdığı 20 qutu «Premil» siqaretinin, bir qutusunu 2.95 manata alıb, 3.10 manata satdığı 30 qutu «Winçester» siqaretinin, bir qutusunu 2.95 manata alıb 3.10 manata satdığı 60 qutu «Pallmall» siqaretinin, bir qutusunu 2,95 manata alıb 3.10 manata satdığı 10 qutu «Rothmans» siqaretinin, bir qutusunu 4.25 manata alıb 4.50 manata satdığı 20 qutu «Sobranie» siqaretinin, bir qutusunu 3,80 manata alıb, 4 manata satdığı 20 qutu «Vinston» siqaretinin, bir qutusunu 2,47 manata alıb 2.60 manata satdığı 70 qutu «Magna» siqaretinin, bir qutusunu 3.30 manata alıb, 3.60 manata satdığı 40 qutu «LD» siqaretinin, bir qutusunu 2.47 manata alıb 2,60 manata satdığı 130 qutu «Viceroy» siqaretinin, bir qutusunu 2.30 manata alıb, 2.40 manata satdığı «20 qutu «Bakı» siqaretinin, bir qutusunu 2,27 manata alıb, 2.40 manata satdığı «Aqro» siqaretlərinin oğurlandığını müəyyən etmiş, bundan sonra bu barədə polisə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını ona dəymiş ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdə Bakı şəhərinə işləməyə gedəcəkdi, o da bu məqsədlə Bakı şəhərində yaşayan qızlarına kənd məhsullarından sovqat hazırlamış, o, 13 yanvar 2025-ci il tarixdə, saat 06 radələrində oğlu Mahmudu oyatmaq üçün onun yatdığı otağa keçmiş, oğlu Mahmudun yatdığı otağa keçdikdə yerdə döşəmənin üzərində çoxlu sayda müxtəlif adlı siqaretlər görmüş, o Mahmudu oyadaraq həmin siqaretlərin nə olmasını soruşmuş, lakin həmin vaxt Mahmud sərxoş olduğu üçün ona heç bir cavab verməmiş, o da bundan sonra oğlu Mahmudun otağında olan siqaretlərin oğurluq olduğunu fikirləşdiyi üçün otaqdan çıxıb bir ədəd boş kisə götürüb yenidən otağa qayıtmış, o Mahmudun otağında döşəmənin üzərində olan siqaretləri özü ilə gətirdiyi boş kisənin içərisinə yığmış, siqaretləri yığdığı kisəni həyətdə ev quşları saxladığı yardımçı tikiliyə aparmış, o həmin kisədə olan siqaretləri odun sobasının yanına qoymuş, sonra yenidən Mahmudun çantasına kəklik otu və bəhməz qoymaq üçün Mahmudun otağına qayıtmış, o Mahmudun çantasını açdıqda çantada da bir blok yəni 10 ədəd qutuda siqaret olduğunu görmüş, o həmin Mahmudun çantasında olan siqareti götürüb yaşadığı evdə saxlamış, bundan sonra Mahmud yuxudan ayılmış və o, Mahmuda otaqda olan siqaretəri götürdüyünü bildirmiş, bundan sonra Mahmudu Bakı şəhərinə yola salmış, sonra isə özü yenidən evə qayıdıb yardımçı tikilidə odun sobasının yanına qoyduğu kisədə olan siqaretləri sobaya ataraq yandırmış, o sobada təxminən 200-250 qutu yəni 20-25 blok siqaret yandırmış, ancaq o sobada yandırdığı siqaretlərin markasını bilməmiş, o sobada müxtəlif markalı siqaretlər yandırmış, bundan təxminən 2-3 gün sonra həmkəndlisi Sadayın ərzaq mağazasından oğurluq olmuş, o da bundan sonra Mahmudun evə gətirdiyi siqaretlərin Sadayın mağazasından oğurlanmış siqaretlər olduğunu başa düşmüş, 20 yanvar 2025-ci il tarixdə o Mahmudu polis əməkdaşlarının saxladığını bildikdən sonra evdə gizlətdiyi bir blok siqareti evdən götürüb həyətdə yerləşən toyuq hininin üzərində olan dəmir borunun içərisinə qoymuşdur. oğlu Təqsirləndirilən şəxs həmin siqaretləri haradan aldığını soruşsada, Mahmud ona «sənlik deyil» deyərək heç bir cavab verməmiş, o da ona görə həmin siqaretləri götürüb sonrada yandırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də satış müvəkkili işləyir, işi Qazax və Ağstafa rayonu ərazisində yerləşən marketlərə şirkət tərəfindən satışı həyata keçirilən siqaretlərin paylanmasını həyata keçirmək olmuş, Qazax rayonu, Aslanbəyli kənd sakini Zərərçəkmiş şəxs uzun müddətdir ki, müştəri kimi tanımış, belə ki, Zərərçəkmiş şəxs Qazax rayonu, Aslanbəyli kəndində ərzaq mağazası işlətmiş, o da həmin mağazaya siqaret vermiş, 07 yanvar 2025-ci il tarixdə Saday onunla əlaqə saxlayaraq mağazasında siqaret azaldığını bildirərək ondan siqaret istəmiş, o da Sadaya Qazax rayonu, Yuxarı Salahlı kəndində marketlərə siqaret payladığımı demiş, həmin vaxt Saday ona Yuxarı Salahlı kəndinə gələrək ondan siqaret götürəcəyini deyərək gözləməsini bildirmiş, bir müddət sonra Saday onunla Yuxarı Salahlı kəndində görüşmüş, həmin vaxt Saday ondan 2 blok yəni 20 qutu göy qalın «Aqro», 20 qutu «X7» compact, 80 qutu «Viceroy», 20 qutu «Bakı», 20 qutu nazik boz rəngli «Vegas», 90 qutu nazik «Magna» siqareti götürmüş, 10 yanvar 2025-ci il tarixdə o yenə Aslanbəyli kəndində yerləşən mağazalara siqaret paylayan zaman Sadayın mağazasına getmiş və Saday ondan 10 qutu «X7» compact, 40 qutu «Viceroy», 01 qutu «Bakı» 10 qutu nazik boz «Vegas», 40 qutu nazik «Magna» siqareti götürmüşdür. Bundan əlavə də Zərərçəkmiş şəxs əvvəllər «Premier» siqareti satmışdır. «Premier» siqaretinin bir qutusunu 3.84 manata onlar satmış, 4 manata da mağazalara pərakəndə satışını həyata keçirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 da eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə istintaqında Şahid1 elan edilmiş ifadəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və oğlu Raulun kirvəsidir, Mahmud ilə yaxın münasibəti olmuş, Zərərçəkmiş şəxs da onun həmkəndlisidir, bir həmkəndli kimi Zərərçəkmiş şəxs ilə də yaxın münasibəti olmuş, onun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur, 13 yanvar 2025-ci il tarixdə gecə saat təxminən 02 radələrində yaşadığı evdə yatan vaxt Mahmudun evin həyətində onu səslədiyini eşitmiş, tez yuxudan ayılıb Mahmudun yanına getmiş, həmin vaxt Mahmudun sərxoş olduğunu görmüş, Mahmud onu görən kimi gecə saatlarında narahat etdiyi üçün üzr istəmiş, sonra Mahmud ona avtomobili qonşuluqda yaşayan Aslan kişinin evinin yaxınlığında qaldığını deyərək ondan avtomobilini işə salması üçün itələməyini istəmiş, o da əvvəlcə avtomobili idarə etməməsi üçün vəziyyətinin yaxşı olmadığını bildirərək səhər açıldıqdan sonra itələməyi bildirmiş, lakin Mahmud ona avtomobilini indi itələyərək işə salmaq lazım olduğunu demiş, o bundan sonra Mahmudla razılaşmış və birlikdə avtomobilin yanına getmişlər, sonra Mahmudla birlikdə idarə etdiyi VAZ-2107 markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobilini itələyərək mühərrikini işə salmışlar, həmin vaxt Mahmud onu də avtomobillə yaşadığı evə aparmağı təklif etmiş, lakin o Mahmuda özü gedəcəyini bildirərək piyada evləri istiqamətində hərəkət etməyə başlamış, Mahmud isə avtomobillə öz yaşadığı ev istiqamətində hərəkət etməyə başlamış, o 13 yanvar 2025-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs mağazasından oğurluq olmasını eşitmiş, bir neçə gün sonra isə Zərərçəkmiş şəxs mağazasından oğurluğu Təqsirləndirilən şəxs etməsini bilmişdir. Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdə saat 02 radələrində sizi avtomobilini işə salmaq üçün çağıran vaxt tək olmuş, ikisi bir yerdə Mahmudun idarə etdiyi avtomobilin yanına gedib avtomobili işə salmışlar, həmin vaxt Mahmudun yanında heç kim olmamış, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı avtomobili itələyərək işə salan vaxt avtomobilin salonunda heç bir kənar əşya görməmiş, Mahmud sərxoş olduğu üçün haradan gəlməsini soruşmamış, Mahmudun özü də ona haradan gəlməsi barədə heç bir söz deməmişdir. Cinayət işinin materiallarında olan 27 yanvar 2025-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 qutu «Rothmans» siqaretini və bir ədəd dəmir parçasını (lom) təqdim edərək həmin siqaretləri 13 yanvar 2025-ci il tarixdə saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs Qazax rayonu Aslanbəyli kəndində yerləşən mağazasından oğurladığını, bir ədəd dəmir parçası ilə isə həmin mağazanın arxa tərəfində yerləşən plastik pəncərəni açmaq üçün istifadə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 14 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı bir daha ifadəsində göstərdiklərini təsdiq edərək Zərərçəkmiş şəxs mağazasına oğurluğa girdiyi yeri və siqaretləri oğurladığı yeri göstərmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/1155 saylı rəyində göstərilmişdir ki, bir qutu «X7» siqareti 3.26 manat dəyərində, bir qutu «Winçester» siqareti 3.10 manat dəyərində, bir qutu «Pallmall» siqareti 3.10 manat dəyərində, bir qutu «Rothmans» siqareti 3.10 manat dəyərində, bir qutu «Sobranie» siqareti 4.50 manat dəyərində, bir qutu «Vinston» siqareti 4 manat dəyərində, bir qutu «Magna» siqareti 2.60 manat dəyərində, bir qutu «LD» siqareti 3.60 manat dəyərində, bir qutu «Viceroy» siqareti 2,60 manat dəyərində, bir qutu «Bakı» siqareti 2.40 manat dəyərində, bir qutu «Arqo» siqareti 2.50 manat dəyərində olmaqla 11 adda göstərilən siqaretlərin 2025-ci ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1282.20 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən 20 qutu «Premil» markalı siqaretin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən alınmış arayışdan görünür ki, bir qutu «Premier» siqaretinin 13 yanvar 2025-ci il tarixə pərakəndə satış qiyməti 4 manat olmuşdur. Cinayət işinin materiallarında olan Qazax RPŞ-dən alınmış əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus mağazadan oğurlamış olduğu siqaretlərin bir hissəsini Bakı şəhərində şəxsiyyətləri məlum olmayan şəxslərə satmış, bir hissəsini isə anası Şahid2 yaşadıqları evdə odun sobasında yandırmışdır. Bundan başqa keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mağazasına özü tək oğurluğa girmiş, həmin vaxt ona heç kim kömək etməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs Qazax RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam olaraq ödənildiyini göstərmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs təqdim etdiyi 10 qutu “Rothmans” siqareti maddi sübut kimi tanınaraq məhkəmə həllinədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış, bir ədəd dəmir parçası (lom) isə saxlanılması üçün Qazax RPŞ-nin saxlama anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qazax rayon İcra Hakimiyyəti başçısının Aslanbəyli kəndi üzrə ərazi icra nümayəndəsindən alınmış xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs özünü kənd əhalisi və yaşıdları arasında nizam-intizamlıaparmış və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət xarakterli ərizələr daxil olmamışdır. Cinayət işinin materiallarında olan Qazax rayon Psxatriya xəstəxanasından alınmış məktubda göstərilmişdir ki, Kosayev X2 xəstəxanasında qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, barışmış və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş ərizədən görünür ki, Kosayev X3 Respublikası vətəndaşı olduğuna görə, maddi imkanının aşağı olduğundan məhkəmə iclasında iştirak edə bilmir və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, ifadəsinin elan olumasını xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, ailəni yeganə doandıran şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə onun cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 07:00dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, İş üzrə maddi sübut olan, 10 qutu “Rothmans” siqareti sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut olan, bir ədəd dəmir parçası (lom) sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, 10 qutu “Rothmans” siqareti sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan, bir ədəd dəmir parçası (lom) sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar