Məhkəmə qərarları › İş №1(023)-45/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-45/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-45/2024 31.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1969-cu ildə Naxçıvan MR Kəngərli rayonu Şahtaxtı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Naxçıvan MR Kəngərli rayonu Şahtaxtı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş 93-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədilə Azərbaycan Respublikası vətəndaşı X1 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstan ərazisinə qəsdən qanunsuz olaraq keçməsinə maneələri aradan qaldırmaqla və gizlətməklə yardım etmək barədə qabaqcadan vəd etməklə həmin cinayətdə köməkçi qismində iştirakçılıqla bağlı razılıq əldə edib cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 24 oktyabr 2023-cü il tarixdə saat 04 radələrində X2 rayonunda yerləşən "Qırmızı Körpü" SNŞ-dən Elşad Cəbiyevi idarə etdiyi Volvo markalı ** AC *** dövlət nömrə nişanlı yük avtomobilinin yük yerində gizlədərək Azərbaycan Respublikasından Gürcüstana keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Naxçıvan MR Kəngərli rayonu Şahtaxtı kəndində qeydiyyatda olsa da Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş 93Elşad Cəbiyevi əvvəllər tanımamışdır. Sürücü işləmiş, “Volvo” markalı ** AC *** dövlət nömrə nişanlı yük avtomobili ilə yük daşımışdır. Asiman adlı tanışı vasitəsi ilə sonradan adının Elşad olmasını bildiyi şəxsi 1800 ABŞ dolları müqabilində Gürcüstana keçirməyi barədə ona təklif edilmiş, o da razılaşmışdır. 24 oktyabr 2023-cü il tarixdə Elşadı qeyd olunan avtomobilinin yük yerində gizlətmiş, həmin gün, saat 04 radələrində “Qırmızı Körpü” gömrük postundan qeyd olunan avtomobillə Azərbaycan Respublikasından Gürcüstana keçmiş, Gürcüstan tərəfdə o, Elşadı avtomobilin yük yerindən düşürmüş, sağollaşıb ayrılmışlar. Bir daha Elşadı görməmişdir. Sonradan Elşadın tutulmasını və onun köməkliyi ilə sərhədi qanunsuz keçməsini bildirdiyini eşitmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. İş üzrə şahid olan Şahid məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, 26 noyabr 2023-cü il tarixdə saat 09.00-dan 20.00-dək DSX “Biləsuvar” sərhəd nəzarəti şöbəsində “Növbə rəisi” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman saat 13 radələrində piyada xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan leytenant Rövşən Əsədov ona İran İslam Respublikasına getmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs pasportunu rəsmiləşdirdiyi zaman lAMAS-da saxla statusu ilə əməliyyat nəzarətinə qoyulması barədə məruzə etmişdir. O, həmin istiqamətdə hərəkət edərək Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs saxla statusu ilə əməliyyat nəzarətinə qoyulduğunu dəqiqləşdirib, bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş aşagıdakı sənədlərdə DSX “Qırmızı Körpü” Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyevin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 2023-cü ilin oktyabr ayında vətəndaş X3 "Qırmızı Körpü" SNŞ-dən Azərbaycan Respublikasından Gürcüstana dövlət sərhədini qanunsuz olaraq keçmişdir. ƏABİ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 04:40-da Volvo makalı ** AC *** dövlət nömrə nişanlı avtomobillə rəsmi qaydada Şıxlı SNŞ-dən Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. Təqsirləndirilən şəxs hazırki iş üzrə 02 gün tutulmuşdur. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş və həmin cəriməni xx.xx.2014-cü il tarixdə tam şəkildə ödəmişdir. Nurəddin Nanayev yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 32.5, 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, tamah məqsədilə başqa şəxsin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçəməsinə köməklik etməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işin hallarını nəzərə alaraq təqsirləndirilən şəxsə cərimə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət nəzərə alınaraq təyin olunmuş cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Naçıvan Muxtar Respublikası Kəngərli rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 318.1ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü madəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilib 2300 (iki min üç yüz) manata endirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Naçıvan Muxtar Respublikası Kəngərli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar