Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-47/2025 24.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərəçəkmiş şəxs Qazax rayon İcra Hakimiyyətinin nümayənədəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 259.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs o, təbiətə külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmiş və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə istintaqla müəyyən olunmayan günün müxtəlif saatlarında vahid niyyətlə əhatə olunan qəsdlə Qazax-Əskipara avtomobil yolunun 5-ci kilometrliyində yolun sağ tərəfində yerləşən, Dövlət mülkiyyətində meşə zolağına aid, Qazax rayon İcra Hakimiyyəti tərəfindən dövlət idarəetməsi üzrə istifadəsi və mühafizəsi həyata keçirilən torpaq sahəsində meşə fonduna daxil olmayan 13 ədəd qovaq cinsli, yəni 1 ədəd 120 manat dəyərində d=12 sm olan qovaq cinsli ağacı, 1 ədəd 150 manat dəyərində d=14 sm olan qovaq cinsli ağacı, 2 ədəd 360 manat dəyərində d=18 sm olan qovaq cinsli ağacı, 1 ədəd 180 manat dəyərində d=20 sm olan qovaq cinsli ağacı, 1 ədəd 200 manat dəyərində d=24 sm olan qovaq cinsli ağacı, 4 ədəd 1000 manat dəyərində d=26 sm olan qovaq cinsli ağacı, 1 ədəd 300 manat dəyərində d=30 sm olan qovaq cinsli ağacı, 1 ədəd 300 manat dəyərində d=32 sm olan qovaq cinsli ağacı, 1 ədəd 350 manat dəyərində d=34 sm olan qovaq cinsli ağacı və 27 ədəd qoz cinsli, yəni 1 ədəd 120 manat dəyərində d=12 olan qoz cinsli ağacı, 3 ədəd 540 manat dəyərində d=20 olan qoz cinsli ağacı, 4 ədəd 800 manat dəyərində d=22 sm olan qoz cinsli ağacı, 2 ədəd 400 manat dəyərində d=24 sm olan qoz cinsli ağacı, 2 ədəd 500 manat dəyərində d=26 sm olan qoz cinsli ağacı, 1 ədəd 250 manat dəyərində d=28 sm olan qoz cinsli ağacı, 5 ədəd 1500 manat dəyərində d=30 sm olan qoz cinsli ağacı, 5 ədəd 1500 manat dəyərində d=32 sm olan qoz cinsli ağacı, 2 ədəd 700 manat dəyərində d=34 sm olan qoz cinsli ağacı, 2 ədəd 700 manat dəyərində d=36 sm olan qoz cinsli olmaqla, ümumilikdə 40 ədəd köküstə yaş halda ağacları istintaqa məlum olmayan elektrikli mişar daşı ilə qanunsuz kəsməklə, Qazax rayon İcra Hakimiyyətinə cəmi 9970,00 manat maddi ziyan vuraraq təbiətə külli miqdarda ziyan vurmaqla meşə fondunda daxil olmayan ağacları qanunsuz kəsmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 03 noyabr 2024-cü il tarixdə gecə saat 22 radələrində Qazax rayonu, Çaylı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 Fəramaz oğluna məxsus olan yaşayış evinin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 əl və ayaq zərbələri ilə vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilən sol qulaq seyvanının və sol kürək nahiyəsinin sıyrıqları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, yüngül zərər vurmaya aid edilən sol yanaq nahiyəsinin tikişə ehtiyacı olan (tikilmiş) əzilmiş-cırılmış yarası xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 128 və 259.2.4-cü maddələri ilə elan edilmiş ittihamın mahiyyəti aydındır və özünü həmin cinayət hadisəsində təqsirli bilmir. Zərərçəkmiş şəxs2 Fəramaz oğlu ilə 03 noyabr 2024-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə vurub itələyən zaman Zərərçəkmiş şəxs2 yıxılıb xəsarət almışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayında kəsilən qovaq və qoz ağaclarını onun tərəfindən kəsilməmişdir.Həmin kəsilən ağacların yaxınlığında onun torpaq sahəsi vardır. Həmin cinayət əməlini törətməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ağac kəsmə hadisəsi olduqdan sonra xx.xx.2024-cü il tarixdə ilkin təhqiqat zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində qoz və qovaq ağaclarını kəsməsinə dair etirafedici izahatının olduğu qeyd edilərək həmin izahatı barəsində münasibət bildirməsinə dair verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin izahatda olan əlyazmı ilə olan yazı və imza ona məxsusdur. Lakin həmin izahatda yazılanlardan xəbəri yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs 01 sentyabr 2024-cü il tarixdə şahidin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o13 ədəd qovaq cinsli 27 ədəd qoz cinsli ağacları kəsməsi və həmin hadisə yerini təqdim etməsi barədə olan məsələyə münasibət bildirməsinə dair verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin istintaq hərəkətində iştirak etmiş hadisə yerini göstərmiş, lakin bu hərəkətləri müstəntiqin təkidləri ilə etmişdir. Həmin vaxt müstəntiq ona heç bir problemin yaranmayacağı təminatını verdiyi üçün onunla razılaşaraq onun dediklərini etmişdir. Təqsirləndirilən şəxs sonda günahının olmadığını məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Fəramaz oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, xx.xx.2024-cü il tarixdə təxminən saat 22:30 radələrində yaşadığı evdə olan vaxt Amilin giriş darvazasının qarşısında dayanıb ona səsləndiyini eşitmiş, bundan sonra Amili qarşılamaq üçün evin qarşısına çıxdıqda sonuncunun sərxoş vəziyyətdə olduğunu görmüş, həmin vaxt Amil onu görən kimi onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, daha sonra Amil onun üzərinə gələrək onu vurub yerə yıxmışdır. Yerə yıxılan zaman xəsarət almışdır. Hazırda onunla barışmışdır və ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmış hüquqi şəxsin nümayəndəsi Qazax rayon İcra Hakimiyyəti başçısının aparatının hüquq şöbəsinin müdiri Nümayəndə ifadəsində göstərmişdir ki, Qazax rayon İcra Hakimiyyəti başçısının aparatında hüquq şöbəsinin müdiri vəzifəsində işləyir, Qazax rayonu Çaylı kənd sakini Təqsirləndirilən şəxs tanımır, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində Qazax rayon İcra Hakimiyyətinə aid olan, Qazax-Əskipara avtomobil yolunun 5-ci kilometrliyində yolun sağ tərəfində yerləşən torpaq sahəsində meşə fonduna daxil olmayan, 13 ədəd qovaq cinsli, 27 ədəd qoz cinsli olmaqla ümumilikdə 40 ədəd ağacı qanunsuz olaraq kəsməklə təbiətə və Qazax rayon İcra Hakimiyyətinə 9970 manat məbləğində ziyan vurmuşdur. Maddi ziyan ödənilmədiyindən şikayətçidilər. Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunmuş ifadəsindən görünür ki, yuxarda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs2 Fəramaz oğlu qonşusudur, Təqsirləndirilən şəxs isə həmkəndlisidir, onun Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur, 03 noyabr 2024-cü i tarixdə, saat təxminən 23 radələrində yaşadığı evdə olan evin həyətinə çıxmış, o həmin vaxt küçədə Zərərçəkmiş şəxs2 yaşadığı evin qabağından səs-küy gəldiyini eşitmiş, evdən çıxıb Zərərçəkmiş şəxs2 evinin qabağına çatdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə dalaşdığını görmüş, onların yanına çatdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hasara tərəf sıxışdırıb yumruqla vurduğunu görmüş, tez onlara yaxınlaşıb Amili aralaşdırıb sakitləşdirmiş, bundan sonra Təqsirləndirilən şəxs onların evlərinin qabağından uzaqlaşıb getmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 sifətində qan olmuş, sonra Vəlinin arvadı və xatırlamadığı qohumları gəlmişlər, bundan sonra o çıxıb evlərinə getmiş, həmin hadisə təxminən 3-5 dəqiqə dava etmiş, o yanlarına gedən kimi Təqsirləndirilən şəxs aralaşdırmış və Amil çıxıb getmiş, həmin vaxt ondan başqa heç bir qonşu gəlməmiş, o da evlərinin həyətinə çıxdığı üçün səs eşidib yaxınlaşmış, həmin hadisə vaxtı Amilin əlində heç bir əşya olmamış, Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs2 əlləri ilə vurmuşdur. Məhkəmə istintaqı zamanı Şahid5 verilən suallara cavab olaraq göstərmişdir ki, xatırlamadığı tarixdə axşam saatlarında evə gələn zaman Təqsirləndirilən şəxslə Vəlinin söhbət etdiyi görmüş və daha sonra çəkişdiklərini şahidi olmuşdur. Onların biri-birini vurmasını xatırlamır. Həmin mübahisə vaxtı yaxalaşdıqları zaman onları ayırmışdır. Hadisə vaxtı onları ayıran zaman Vəlinin üzündə qan olmuş, Amilin üst başı cırılmışdır. Polisə verdiyi ifadəsini oxuyub imza etmiş polisdə olan zaman ona bildirilmişdir ki, Amilin barəsində ağac kəsməylə bağlıda iş var. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Qazax rayonu, Kosalar kəndində yaşayır. Hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləmir. Lakin müxtəlif yerlərdə fəhləlik edərək özünə maddi qazanc əldə edir. 17 yanvar 2024-cü il tarixdə Qazax rayon Çaylı kəndində yaşayan tanışı Eldar zəng edərək yaşadığı kənddə kəsilmiş qoz ağacları olduğunu, ondan həmin ağacları odun kimi alıb-almamağını soruşmuşdur. O da Eldarla razılaşdıqdan sonra özünə məxsus Qazel markalı yük avtomobili ilə Eldarın yaşadığı evə getmişdir. Orada Eldarla görüşdükdən sonra Eldar onu Qazax-Əskipara avtomobil yolunun 5-ci kilometrliyində yolun sağ tərəfində yerləşən, Qazax rayon Çaylı bələdiyyəsinə aid olan torpaq sahəsinə, Çaylı kəndində yaşayan Amil adlı şəxsin yanına aparmışdır. Amilin yanına gedən zaman həmin yerdə yolun kənarında iki ədəd qoz ağacının kəsilmiş və doğranmış halda olduğunu görmüşdür. Bundan sonra həmin odunları Amil ilə razılaşdıqdan sonra 100 manata almışdır. Aldıqdan sonra isə həmin günüdə Şəmkir rayon Düyərli kəndinə apararaq tanımadığı şəxsə 200 manat satmışdır. Sonradan eşitmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə və ya xx.xx.2024-cü il tarixdə Qazax-Əskipara avtomobil yolunun 5-ci kilometrliyində yolun sağ tərəfində yerləşən, Qazax rayon Çaylı bələdiyyəsinə aid olan torpaq sahəsində yenidən meşə fonduna daxil olmayan qoz və ya qovaq cinsli ağaclar kəsmişdir. X4 xx.xx.2024-cü il tarixdə və ya xx.xx.2024-cü il tarixdə ona yenidən qoz və ya qovaq cinsli ağaclar kəsdiyini və satmaq istədiyini demiş, lakin o, almamış və həmin ağacları Amilin sonradan kimə satmasını bilmir. Məhkəmə istintaqında verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, kənddə çayxanada olan zaman ona odun lazım olduğunu bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs onda odun olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxslə birlikdə onların həyətinə gedərək ondan quru odunları almışdır. Cəmi 1 dəfə quru ağac almışdır,daha sonra ağac almamışdır. Ağacları aldıqdan 3-4 ay sonra polis şöbəsindən onu çağırmışlar. Ağacların kimin tərəfindən kəsilməsindən xəbəri olmamışdır. Aldığı ağaclar müxtəlif növ tut, qoz və alma ağacları olmuşdur. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs ona zəng edərək yenə ağac kəsdiyini demişdir. Aldığı odunları kəndin daxilində olan evdən almışdır. Həmin vaxtdan uzun müddət keçdiyindən bəzi olanları yadından çıxıbdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub özü imza etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Qazax rayonu, Çaylı kəndində yaşayır. Hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləmir. Lakin dövlət tərəfindən ona verilən təqaüd hesabına öz maddi ehtiyaclarını qarşılayır. Şahid1 təxminən bir ildir ki tanıyır. Belə ki Asiflə tanışlıqları sezon vaxtı kənd sakinlərindən karaliyok yığıb satmaqları ilə olmuşdur. 17 yanvar 2024-cü il tarixdə həmkəndlisi Amil ona zəng edərək torpaq sahəsində olan qoz ağaclarını kəsdiyini, həmin ağacları odun kimi satmağa ona köməklik etməyini istəmişdir. O da, Amilə Qazax rayon Kosalar kəndində yaşayan Asif adlı tanışının olduğununu deyib ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra Asiflə danışmış və kəsilmiş odunları Amildən alması üçün vasitəçi olmuş və Asifə məxsus mobil nömrəni Amilə vermişdir. Həmin günü Asif yaşadığı evə gəlmiş və Asiflə birlikdə Amilin yanına, Qazax-Əskipara avtomobil yolunun 5-ci kilometrliyində yolun sağ tərəfində yerləşən, Qazax rayon Çaylı bələdiyyəsinə aid olan torpaq sahəsində getmiş, bir qədər orada olduqdan sonra isə öz şəxsi işlərini həll etmək üçün oradan uzaqlaşmışdır. Bir neçə saat sonra Amilin olduğu əraziyə gəldikdə Asifin kəsilmiş odunları idarə etdiyi Qazel markalı avtomobilə yükləyərək apardığını görmüşdür. Amil kəsilmiş ağacı Asifə neçiyə satması və Asifin həmin kəsilmiş ağacı hara satması barədə məlumatı yoxdur. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə və ya xx.xx.2024-cü il tarixdə Qazax-Əskipara avtomobil yolunun 5-ci kilometrliyində yolun sağ tərəfində yerləşən, Qazax rayon Çaylı bələdiyyəsinə aid olan torpaq sahəsində yenidən meşə fonduna daxil olmayan qoz və ya qovaq cinsli ağaclar kəsmişdir.. Məhkəmə istintaqında verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, latın qrafası ilə yazıb oxuya bilmir, müstəntiq ona zəng edərək polis şöbəsinə çağırmışdır. Müstəntiqin yanında olan zaman izahatında bildirmişdir ki, Amil ona zəng edərək qapısında quru odun ağaclarının olduğunu istəyən varsa satdığını bildirmişdir. Amildən satdığı odunları haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs odunları həyətindən kəsdiyini bildirmişdir. Daha sonra tanışı Asifə odun lazım olduğu üçün, ona Amilin odun satdığını bildirmiş nömrə verərək özlərinin danışmasını bildirmişdir. Tanışı Asifin odunu Amildən hansı qiymətə almasını bilmir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Həm Qazax rayon prokurorluğuna həmdə polis şöbəsinə onun tərəfindən bir neçə dəfə ümumi olaraq ağac kəsimləri ilə bağlı müraciətləri olmuş, etmiş olduğu müraciətlərin əsas səbəbi obyekt tikintilərinin aparılması olmuşdur. Telefonunda sosial şəbəkəyə daxil olman zaman Şahid4 profilində Qazax rayonu ərazisində ağacların kütləvi kəsilməsi ilə bağlı paylaşımını görüb özü ilə danışdıqdan sonra gedib həmin əraziyə baxmışdır. Həmin ərazi Qazax-Əskipara yolunun sağ tərəfində yerləşir. Həmin vaxt Şahid4 kimin kəsdiyi soruşan zaman kim olduğunu bilmədiyini amma ağacların kəsilməsi ilə bağlı şikayət etdiyini və ona təzyiqlər olduğunu və xahiş etdiklərini bildirdi. Ondan şikayət olunmamasını və paylaşımın silinməsini xahiş etmişlər. Ondan xahiş edən qonşu kənddən Daş Salahlıdan olan şəxslər Eynurun əmisi Nərimandanda xahiş etdiklərini bildirdi. Həmin ərazidə kəsilən ağacların Eynurdan soruşmuş sayının 40 ədəd olduğunu öyrənmişdir. Kəsilən ağaclar qoz və qovağ ağacları olmuşdur.Daha sonra ona məlum olmuşdur ki, həmin ağacları kəsdirən Amil adlı şəxsdir. Amil adlı şəxs müxtəlif şəxslərin vasitəsilə Eynura xahiş etdirmişdir ki, onun barəsində olan şikayətləri geri götüzdürsün. Həmin ağacların Amil tərəfindən kəsilməsini Eynur ona demişdir. Bundan başqa danışıqları zamanı Eynur ona demişdir ki, onun əmisindən bir neçə nəfər xahişə çıxdığı üçün əmisinə görə geri çəkilibdir. Eynura şikayətində qalmasını desədə Eynur çəkinmişdir. Onun bir vətəndaş olaraq mövqeyi ondan ibarətdir ki, heç kim ağac əkməyibdir və ona görədə kəsədə biməz. Məhkəmə istintaqı zamanı Şahid4 Teymur oğlunun ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, Qazax rayonu Çaylı kəndi ərazisində ağacların kütləvi kəsilməsi ilə bağlı paylaşımını görüb gedib həmin yerdə ağacların kəsilməsini görmüş və həmin vaxt Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra isə yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, ağaclar kəsilən əraziyə bitişik torpaq sahəsi Təqsirləndirilən şəxs məxsusdur, ağacları həmin şəxs kəsmişdir. Həmin yerdə 40 ədəd, yəni 13 ədəd qonaq və 27 ədəd qoz ağacları kəsilmişdir. O, ağacların kim tərəfindən kəsilməsini görməmiş, o, artıq ağacları kəsilmiş vəziyətdə görmüşdür. Sonradan ona məlum olmuşdur ki, ağaclar kəsilən əraziyə bitişik torpaq sahəsi Təqsirləndirilən şəxs məxsusdur, ağacları həmin şəxs kəsmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Qazax rayonu, Daş Salahlı kəndində yaşayır. Qazax-Əskipara yolunda avtomobili ilə hərəkətdə olan zaman yolun sağ tərəfində ağacların kütləvi kəsilməsini şahidi olmuş və dərhal DİN 102 xidmətinə məlumat vermiş, daha sonra sosial şəbəkədə paylaşım etmişdir. Həmin ərazidə kəsilən ağacların sayı təxminən 42 ədəd olmuş, müəyyən hissəsi doğranmış müəyyən hissəsidə doğranmamış vəziyyətdə olmuşdur. Daha sonra onun facebook sosial şəbəkəsindən həmin paylaşımı silməyi və şikayəti geri götürməyi əmisi ondan xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Qazax rayonu, Daş Salahlı kəndində yaşayır. Kənd ərazisində olan zaman tanışları Murğuz və Aslan adlı şəxslər onunla rastlaşan zaman ona rəhmətlik Xançobanın oğlu barəsində qardaşı oğlu Şahid4 sosial şəbəkədə ağacların kəsilməsi ilə bağlı paylaşım edərək şikayət etdiyini deyərək, həmin paylaşımı silməyi və şikayəti geri götürməyini xahiş etmişlər. Oda həmin şəxslərin xahişlərini Eynura zəng edərək bildirmişdir. Daha sonra başverənlərlə bağlı məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Qazax rayonu, Daş Salahlı kəndində yaşayır. Ağac kəsilməsi ilə bağlı onun məlumatı yoxdur. Belə ki, Təqsirləndirilən şəxs atası Xançobanla dost olmuşdur. Kənd ərazisində olan zaman Amil ona yaxınlaşaraq şərləndiyini bildirmiş ağacın sınaraq radarın üsdünə düşdüyünü həmin ağacı götürən zaman onu çəkdiklərini və həmin şəxsin Eynur olduğunu bildirmişdir. Daha sonra Amil ona Eynur adlı şəxsin Nərimanın qardaşı oğlu olduğunu bildirdi. Daha sonra X2 xahiş edərək həmin paylaşımın silinməsini və Eynurun şikayətini geri götürməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yanına gələrək ağacların qırılaraq radarın üzərinə düşdüyünü bildirmişdir. Ona Nərimandan qardaşı oğlu Eynurun ağacların kəsilməsi ilə bağlı etdiyi şikayətini geri götürülməsini xahiş etməsini demişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 mart 2024-cü il tarixli, 9/1597 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası ETSN-nin RETSİ tərəfindən tərtib edilmiş hesabat cədvəlinə əsasən Qazax rayonunun Çaylı kənd bələdiyyəsinin mülkiyyətində yerləşən torpaq sahəsində meşə fonduna daxil olmayan 1 ədəd d=12 sm, 1 ədəd d=14 sm, 2 ədəd d=18 sm, 1 ədəd d=20 sm, 1 ədəd d=24 sm, 4 ədəd d=26 sm, 1 ədəd d=30 sm, 1 ədəd d=32 sm, 1 ədəd d=34 sm olan qovaq cinsli və 1 ədəd d=12, 3 ədəd d=20, 4 ədəd d=22 sm, 2 ədəd d=24 sm, 2 ədəd d=26 sm, 1 ədəd d=28 sm, 5 ədəd d=30 sm, 5 ədəd d=32 sm, 2 ədəd d=34 sm, 2 ədəd d=36 sm olan qoz cinsli olmaqla, ümumilikdə 40 ədəd köküstə yaş halda ağacları qanunsuz kəsilməsi (tikinti və abadlaşdırma istisna olmaqla) nəticəsində təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən nəzəri qaydada 9970,00 manat müəyyən edilir. Həmin ağacların adları, diametrləri və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. 01 ədəd d=12 sm qovaq cinsli ağac 120 manat, 01 ədəd d=14 sm qovaq cinsli ağac 150 manat, 02 ədəd d=18 sm qovaq cinsli ağac 360 manat, 01 ədəd d=20 sm qovaq cinsli ağac 180 manat, 01 ədəd d=24 sm qovaq cinsli ağac 200 manat, 01 ədəd d=26 sm qovaq cinsli ağac 1000 manat, 04 ədəd d=30 sm qovaq cinsli ağac 300 manat, 01 ədəd d=32 sm qovaq cinsli ağac 300 manat, 01 ədəd d=34 sm qovaq cinsli ağac 350 manat, 01 ədəd d=12 sm qoz cinsli ağac 120 manat, 03 ədəd d=20 sm qoz cinsli ağac 540 manat, 04 ədəd d=22 sm qoz cinsli ağac 800 manat, 02 ədəd d=24 sm qoz cinsli ağac 400 manat, 02 ədəd d=26 sm qoz cinsli ağac 500 manat, 01 ədəd d=28 sm qoz cinsli ağac 250 manat, 05 ədəd d=30 sm qoz cinsli ağac 1500 manat, 05 ədəd d=32 sm qoz cinsli ağac 1500 manat, 02 ədəd d=34 sm qoz cinsli ağac 700 manat, 02 ədəd d=36 sm qoz cinsli ağac 700 manat. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə mühəndis-texniki ekspertizası tikinti-texniki obyektlərin tədqiqinin 04 fevral 2025-ci il tarixli, 3-16-16/2-1084 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 15 saylı Tovuz ərazi İdarəsinin mühəndisləri X6 və X3 tərəfindən Qazax RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Rəşad Nəbiyev, Qazax RPŞ-nin X12 Bölməsinin sahə rəisi Pərvin Aşurov, Qazax rayonu, Çaylı kənd sakini Təqsirləndirilən şəxs ilə birgə ərazidə baxış keçirilmiş, təqdim edilən ərazi GPS ölçmə aləti vasitəsi ilə ölçülmüş və ƏMDX-nin Elektron Məlumat bazası ilə araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, TEKUİS məlumat bazasına əsasən təqdim olunan ərazi Dövlət mülkiyyətində meşə zolağına aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 04 noyabr 2024-cü il tarixli 441 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Fəramaz oğlunun bədəni üzərində sol yanaq nahiyyəsinin tikişə ehtiyacı olan (tikilmiş) əzilmiş-cırılmış yarsı, sol qulaq seyvanının və sol kürək nahiyyəsinin sıyrıqları, küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gələn xəsarətlər olmuşdur. Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlərdən sol yanaq nahiyyəsinin tikişə ehtiyacı olan (tikilmiş) əzilmiş cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində Qazax-Əskipara avtomobil yolunun 5-ci kilometrliyində yolun sağ tərəfində yerləşən torpaq sahəsində meşə fonduna daxil olmayan kəsilmiş 13 ədəd qovaq cinsli, 27 ədəd qoz cinsli olmaqla ümumilikdə 40 ədəd ağaclar istintaq zamanı müəyyən edilməmiş və götürülməmişdir. Buna baxmayaraq həmin ağacların torpaqda qalan hissələri (kötükləri) iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin nümayəndəsi cinayət işinin materialları ilə tanış olduqdan sonra həmin ağac kötükləri mühafizə edilməsi üçün Qazax rayon İcra Hakimiyyətinin mühafizəsinə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib 400 saat ictimai işlər cəzasına məhkum edilmiş və cəzasını çəkib başa vurmuşdur. Hal-hazırda o, məhkumluğu olmayan şəxsdir. Bundan başqa tələbnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi tətbiq edilərək cinayət işinin başlanması rədd edilmiş, xx.xx.2020-ci il tarixində isə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi tətbiq edilərək cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qazax rayon icra hakimiyyəti başçısının Çaylı kəndi üzrə nümayəndəsindən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Qazax rayon Psixiatriya xəstəxanasından alınmış xx.xx.2024-cü il tarixli 676 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda durmur. Cinayət işinin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətsədə sonradan Zərərçəkmiş şəxs2 Fəramaz oğlu ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Lakin Təqsirləndirilən şəxs bundan əvvəl CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün xx.xx.2020-ci il tarixdə onun barəsində CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edildiyi məlum olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs CM-nin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022ci il tarixli qərarından görünür ki, CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilməsi üçün zəruri olan hərəkətləri icra etməsi CM-nin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada zərərçəkmişlə barışması və ona dəymiş ziyanı ödəyərək bu formada cinayət məsuliyyətindən azad olunması qüvvədə olan cinayət qanunvericiliyinin tələbləri baxımından mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə qeyd edir ki, ibtidai istintaq orqanı 30 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edərək ona yenidən ittiham elan edən zaman qüvvədə olan cinayət qanununu düzgün tətbiq etməyərək, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulan cinayət əməli qanunsuz olaraq ağacların, kolların və ya digər yaşıllıqların kəsilməsi xeyli miqdarda ziyan vurduqda cinayət tərkibini mövcud edir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 259-cu maddəsinin qeyd hissəsinə edilən dəyişikliklə bağlı qanun 29 dekabr 2024-cü il tarixdə qüvvəyə minmişdir. Hazırki cinayət işinin materiallarından aşkar görünür ki, Təqsirləndirilən şəxs dövlət mülkiyyətində olan meşə zolağına aid torpaq sahəsində olan ağacları kəsməklə təbiətə 9970 (doqquz min doqquz yüz yetmiş) manat maddi ziyan vurmuşdur. Qüvvədə olan cinayət qanunvericiliyinin tələbi baxımından həmin məbləğ külli miqdarda deyil, xeyli miqdarda olan ziyan hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsin 259.2.4-cü maddəsindən, həmin məcəllənin 259.1-ci maddəsinə tövsif edilməlidir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128 və 259.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun göstərilən cinayət əməllərini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş , şahid ifadələri və ekspert rəyi ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi isə məhkəməyədək icraat dövründə baş vermiş cinayət hadisəsini ətraflı təsvir etməklə verdiyi etirafedici ilkin izahatı, şahid və təqsirləndirilən şəxs kimi verdiyi etirafedici ifadələri, şahid ifadləri, ekspert rəyi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi etirafedici ifadələri təkzib edərək, sonradan özünü təqsirli bilməməsi barədə verdiyi yeni məzmunlu ifadələri inandırıcı və ağlabatan hesab edilmədiyindən və digər sübutlarla təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Ona görədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və CM-nin 259.1-ci maddələri ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Fəramaz oğlu ilə barışaraq ona dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir və həmin iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinə münasibətdə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmamasını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası və azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası kimi hesablanmalı, ona təyin edilmiş cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 24 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, 13 ədəd qovaq və 27 ədəd qoz ağaclarının torpaqda qalan hissələri (kötükləri) Qazax rayon İcra Hakimiyyətinə verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli ) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 259.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 24 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, 13 ədəd qovaq və 27 ədəd qoz ağaclarının torpaqda qalan hissələri (kötükləri) Qazax rayon İcra Hakimiyyətinə verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE **********000 2088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-47/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-47/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver