Məhkəmə qərarları › İş №1(023)-49/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-49/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-49/2023 14.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Katchakhidze Gogita, Müdafiəçi- Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, X1 iştirakları ilə xx.xx.1983-cü ildə Gürcüstanın Samtrediya şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, ali təhsilli, ailəli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Gürcüstanın Tibilisi şəhəri, Orxevi rayonu, Orxelediyani Çixi küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, PX-in 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Katchakhidze Gogita 22 fevral 2023-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etdiyi çəkisi 1,078 qram olan, narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 bükümdə qablaşdırılmış vəziyyətdə idarə etdiyi “Scania R114” markalı, RB822BB/BB774Q dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasındə gödəkçəsinin sol yan cibində yerləşdirib saxlamış, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisinə daşımış, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən gömrük orqanına bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və 22 fevral 2023-cü il tarixdə saat 14:15 radələrində həmin 1,078 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana gömrük əməkdaşları tərəfindən saxlanıldığı yerdən keçirilmiş gömrük yoxlaması zamanı aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Katchakhidze Gogita ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir müxtəlif şirkətlərdə yük nəqliyyat vasitələrində sürücü olaraq çalışır və tanışına məxsus nəqliyyat vasitəsini idarə edərək müxtəlif ölkələrə yük aparır. Sonuncu dəfə, yəni xx.xx.2023-cü il tarixində idarə etdiyi “Scania R114” markalı, RB822BB/BB774Q nömrə nişanlı yük nəqliyyat vasitəsində Rusiya Federasiyasına göndərilən yükü götürmüş və xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Azərbaycan Respublikasının gömrük sərhədinə daxil olmuşdur. Yük nəqliyyat vasitəsini idxal xəttinə sürüb saxlamış və sənədlərini qeydiyyatdan keçirdikdən sonra nəqliyyat vasitəsini gömrük nəzarətinə təqdim etmişdir. Bu zaman gömrük əməkdaşının nəqliyyat vasitəsinin salonuna baxış keçirtmək üçün avtomobilin salonuna çıxmış və ona nəqliyyat vasitəsində olan mallar barədə suallar vermişdir. Sonra gömrük əməkdaşı kabinədə ona məxsus üst geyiminin sol cibindən bir ədəd büküm aşkar etmişdir. Gömrük əməkdaşı həmin bükümə baxış keçirəndə içərisində marixuana olduğunu müəyyən etmişdir. Bu zaman o, Gürcüstan Respublikasında olanda marixuana istifadə etdiyini, amma Azərbaycan Respublikasında gətirilməsinin qadağan olduğunu bilmədiyini demişdir. Həmin narkotik vasitə ona məxsus olmuş və Gürcüstanda xatırlamadığı tarixdə, xatırlamadığı adamdan və xatırlamadığı yerdən öz istifadəsi üçün almışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2010-cu il may ayında gömrük orqanlarına xidmətə qəbul olunmuş, həmin tarixdən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü" gömrük postunun baş müfəttişi vəzifəsinə təyin olunmuşdur. Xidməti vəzifəsi ölkə ərazisinə gələn yük nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirməkdən ibarətdir. 22 fevral 2023-cü il tarixdə saat 14 radələrində Gürcüstan istiqamətindən “Qırmızı Körpü" gömrük postuna “Scania R114” markalı, RB822BB/BB774Q nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuş, sürücü- adı və soyadı ona sonradan məlum olan Katchakhidze Gogita idarə etdiyi yük nəqliyyat vasitəsini idxal xəttinə sürüb saxlamışdır. Sürücü nəqliyyat vasitəsində daşıdığı yüklərə dair sənədləri vahid pəncərə otağına təqdim edib nəqliyyat vasitəsini gömrük nəzarətinə təqdim etmiş, bundan əvvəl sürücü ilə şifahi olaraq sorğu-sual aparmış və onun idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunacaq hər hansı bir malın olub-olmadığını soruşulmuş, sürücü Katchakhidze Gogita ona verilən sualları cavablandıraraq gömrük nəzərətindən gizlədilmiş və ya mütləq bəyan olunacaq hər hansı bir malının olmadığını bildirmişdir. Sürücünün cavabı ilə qane olmamış və son zamanlar nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilmiş malların gətirilməsi halları tez-tez baş verdiyinə görə onun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirmək qərarına gəlmişdir. Bunun üçün onunla eyni növbədə xidmət aparan Şahid2 iştirakı ilə baxışa başlamış, sonuncu videoqeydiyyat aparmış və ilk olaraq nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirmişdir. Həmin gün, saat 14:15 radələriində kabinədə sürcüyə məxsus üst geyiminin sol cibinə baxış keçirdikdə 01 (bir) ədəd qızılı rəngli bükülü olduğunu müəyyən etmiş, həmin bükülüyə baxdıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi olduğunu görmüşdür. Aşkar olunan bitki kütləsi “Desis” markalı tərəzidə çəkilmiş və çəkisi qablaşdırması ilə birlikdə 1,9 qram olmuş və sonra şəxsin üzərinə baxış keçirildikdə üzərindən heç nə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış və götürülmə haqqında” protokoldan görünür ki, 22 fevral 2023-cü il tarixdə saat 14 radələrində Dövlət Gömrük Komitəsi QƏBİ “Qırmızı Körpü” gömrük postunda, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına “Scania R114” markalı,RB822BB/BB774Q nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsində olan üst geyiminin sol yan cibində 1 (bir) ədəd qızılı rəngli bükülü aşkar olunmuş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi olduğu müəyyən olunmuş, aşkar olunan bitki kütləsi “Desis” markalı tərəzidə çəkilmiş və çəkisinin qablaşdırılması ilə 1,9 qram olduğu müəyyən olunmuşdur. DVD diskə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsində olan üst geyiminin sol yan cibində gömrük orqanına bəyan etmədiyi qızılı rəngli 1 bükülüdə 1,078 qram qurudulmuş marixuana- narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/276 nömrəli məhkəmə ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə təmiz çəkisi 1,078 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi 1,078 qram olmuş, 0,02 qram tədqiqata sərf edilmiş, 1,058 qram qalmışdır). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1661 nömrəli ekspert rəyindən görünür ki, X2 istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Katchakhidze Gogita əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin VAİS altsistemindən götürülmüş məlumatlardan görünür ki, Katchakhidze Gogita Azərbaycan Respublikasının dövlət sərhədini xx.xx.2023-cü il tarixdə 14:15-də Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postundan idarə etdiyi “Scania R114” markalı, RB822BB/BB774Q dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Gürcüstandan Azərbaycan Respublikasına gəlmişdir. 13 aprel 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Katchakhidze Gogita barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsi ilə rədd edilmiş, 1,078 qram qurudulmuş marixuana narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,058 qram qurudulmuş marixuana narkotik vasitəsi cinayət işi üzrə məhkəmənin yekun qərarı çıxarılana qədər saxlanılması üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 4(004)- 162/2023 nömrəli qərarından görünür ki, Katchakhidze Gogita barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Katchakhidze Gogita tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Katchakhidze Gogitaya cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini və səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Katchakhidze Gogitaə Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni hesab edir. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Katchakhidze Gogita Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Katchakhidze Gogitaya azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, DKG-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1,058 qram qurudulmuş marixuana məhv edilməli, Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən o, azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və iş üzrə məhkəmə xərciaparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 manat məbləğində pul Katchakhidze Gogitadan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və Katchakhidze Gogitaya göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Qazax Rayon Vəkil Bürosunun hesabına 66 manat məbləğində pul köçürülməlidir. (Azərbaycan Beynəlxalq Bankın Qazax filialındakı AZ15İBAZ******************** nömrəli hesabı). İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Katchakhidze Gogita Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Katchakhidze Gogita cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Katchakhidze Gogita narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, DGK-nin Əməliyyat-İstintaq baş idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1,058 qram qurudulmuş marixuana məhv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Katchakhidze Gogita azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul Katchakhidze Gogitadan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Katchakhidze Gogitaya göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Qazax Rayon Vəkil Bürosunun hesabına 66 manat məbləğində pul köçürülsün (Azərbaycan Beynəlxalq Bankın Qazax filialındakı AZ15İBAZ******************** nömrəli hesabı). Hökm elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar