Məhkəmə qərarları › İş №1(023)-49/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-49/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-49/2025 23.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Qazax şəhəri Əliağa Şıxlinski küçəsində yerləşən yataqxanada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd üzəri yapışqanlı lentlə bağlanmış sellofan bükümdə təmiz çəkisi 28,45 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib əynindəki qara rəngli parça materialından olan gödəkçənin sağ yan cibində saxlamaqla daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 mart 2025-ci il tarixdə saat 16:28 dəqiqədə Qazax şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq, qeyd edilən tarixdə həmin ünvanda saat 16:28 dəqiqədən 16:36 dəqiqəyədək olan müddət ərzində fasiləsiz videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı əynindəki qara rəngli parça materialından olan gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bükümdə təmiz çəkisi 28,45 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləməsə də, inşaat işlərində fəhləlik edərək maddi qazanc əldə edir. Təxminən 2019-cu ildən narkotik vasitə olan marixuana aludəçisidir. Həmin vaxtdan bu günədək bir müddət narkotik vasitədən uzaqlaşsa da, son bir-iki il ərzində yenidən marixuana istifadə etməyə başlamışdır. Marixuanadan başqa hər hansı digər narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. 2024-cü ilin yay aylarında xatırlamadığı tarixdə və vaxtda Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndinin ərazisindən keçən hissəsində balıq ovlayan zaman təsadüfən çayın kənarında yabanı halda narkotik tərkibli çətənə bitkisinin bitdiyini görmüşdür. İstifadəçisi olduğu üçün həmin çətənə bitkisinin yarpaqlarından bir qədər toplayaraq qurutmuş və hissə-hissə istifadə etməyə başlamışdır. Ailə üzvləri onun narkotik vasitə istifadəçisi olduğunu bilmədikləri üçün o, həmin narkotik vasitəni daima sellofan bükümdə üzərində gəzdirmişdir. 19 mart 2025-ci il tarixdə təxminən saat 16 radələrində Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinin yan hissəsində yerləşən Qazax şəhəri, N.Nərimanov küçəsi ilə piyada hərəkətdə olan zaman gözləmədiyi anda yanında bir ədəd avtomobil dayanmış və avtomobildən bir neçə nəfər mülki şəxs enərək onun saxlamışlar. Həmin şəxslərdən biri özünü təqdim edərək Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, onun üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmiş və videoçəkiliş aparıldığını izah etmişdir. O, videoçəkiliş aparılmasına hər hansı etirazının olmadığımı bildirdikdən sonra həmin polis əməkdaşı ondan üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olub-olmadığını soruşmuş, əgər varsa təqdim etməsini təklif etmişdir. O isə qarşılığında üzərində narkotik vasitə olduğunu deyərək əynindəki qara rəngli parça materialından olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuananı çıxardıb təqdim etmişdir. Həmin bükümün kiçik bir hissəsi polis əməkdaşı tərəfindən açıldıqda içərisində yaşıl rəngli, qurudulmuş halda kütlə olduğu aşkar edilmişdir. Polis əməkdaşı ondan həmin kütlənin nə olduğunu, haradan və hansı məqsədlə əldə etdiyini soruşduqda, o, həmin kütlənin narkotik vasitə olan “nəşə”, yəni marixuana olduğunu, keçən il Kür çayının sahilindən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış və üzəri möhürlənmişdir. O və polis əməkdaşları zərfin üzərini imzalamışlar. Daha sonra polis əməkdaşı ondan təqdim etdiyi kütlədən başqa üzərində hər hansı digər narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş predmet olub-olmadığımı soruşmuşdur. O, olmadığını dedikdə isə polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmişdir. Lakin, digər bir narkotik vasitə və ya qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşı onlarla birlikdə Qazax rayon Polis Şöbəsinə gedəcəyini, şöbədə təhqiqatçı tərəfindən üzərimə baxış keçiriləcəyini, vəkil tutmaq hüququnun olduğunu, maddi vəziyyətinin buna imkan verməyəcəyi təqdirdə dövlət vəsaiti hesabına vəkillə təmin olunacağını izah etmişdir. Daha sonra videoçəkiliş başa çatdırılmış və o, polis əməkdaşları tərəfindən Qazax rayon Polis Şöbəsinə gətirilmişdir. Şöbədə o, təhqiqatçı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına ona Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilərək hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılmış üzəri yapışqan lentlə bağlanmış həmin bir ədəd sellofan bükümə baxış keçirilməyə və üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Təhqiqatçı qablaşdırılmış kağız paketi açaraq içərisindəki sellofan bükümdəki yaşıl rəngli, qurudulmuş halda olan kütlənin nə olduğunu, haradan və hansı məqsədlə əldə etdiyini ondan soruşmuşdur. O isə həmin kütlənin “marixuana” olduğunu, keçən il Kür çayının sahilindən tapıb öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə sellofan bükümdə elektron tərəzi vasitəsilə çəkilmiş və kütlənin sellofan bükümlə birlikdə ümumi çəkisi 33,16 qram təşkil etmişdir. Daha sonra həmin kütlə başqa bir kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Daha sonra təhqiqatçı onun üzərində digər narkotik vasitə və qanunsuz predmetin olub-olmadığını soruşmuşdur. O, olmadığını dedikdə isə polis əməkdaşlarından biri onun üzərində axtarış aparmağa başlamışdır. Axtarış zamanı isə onun üzərindən hər hansı bir digər predmet və əşya aşkar olunmamışdır. Bundan sonra videoçəkilişə baxılması üçün fasilə elan olunmuşdur. Videçəkilişə baxıldıqdan sonra o, etirazının olmadığını bildirmiş və təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. O və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Törətdiyi əməllərdən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirillmiş Şahid1 ifadəsində göstərdi ki, Qazax rayon Polis Şöbəsinin Cinayət-axtarışı bölməsinin rəisi vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət edir. 19 mart 2025-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna üzv kimi Qazax rayon Polis Şöbəsinin Cinayət-axtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X3, Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X2 və Kriminalistik-tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı X4 daxil edilmişlər. O və əməliyyat qrupunun digər üzvləri keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra keçirilmiş tədbirlər nəticəsində o, Şahid2, Şahid3, Həsən Quliyev və Rahil Hüseynov ilə birlikdə 19 mart 2025-ci il tarixdə saat 16:28-də Təqsirləndirilən şəxs Qazax şəhəri, N.Nərimanov küçəsində piyada hərəkətdə olmasını müəyyən edərək onu həmin küçədə saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl Rahil Hüseynov tərəfindən “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onun qaçması ehtimalının qarşısını almaq üçün ilk öncə Şahid3 və Həsən Quliyev, arxasınca isə Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs hər iki qolundan tutmuşlar. Daha sonra o, özünü və digər polis əməkdaşlarını Təqsirləndirilən şəxs təqdim edərək ondan da özü barədə anket məlumatlarını deməsini istəmişdir. Təqsirləndirilən şəxs anket məlumatlarını dedikdən sonra onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirərək saxlanılma səbəbini izah etmişdir. O, Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olub-olmadığını soruşmuş və əgər varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əlini əynindəki parça materialından olan gödəkçənin sağ yan cibinə ataraq 1 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofan bükümü çıxardıb təqdim etmişdir. O, həmin bükümün içərisindəki kütlənin nə olduğunu, haradan və hansı məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin “nəşə”, yəni marixuana olduğunu, keçən il Kür çayının kənarından yığdığını və istifadəçisi olduğundan öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm onun tərəfindən açıldıqda içərisində yaşıl rəngli, kəskin iyili, ilkin baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə olduğunu aşkar etmişdir. Daha sonra həmin büküm onun tərəfindən bir ədəd kağız paketə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 64 saylı zərflər üçün möhürü ilə möhürlənmişdir. Zərfin üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs üzərində hər hansı digər narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarının, həmçinin saxlanılması qadağan olunan digər əşya və predmetin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs olmadığını dedikdə onun tərəfindən üzərinə baxış keçirilmişdir. Lakin, digər qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə aparılacağını, təhqiqatçı tərəfindən videçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağını, həmin vaxt vəkillə təmin olunmaq hüququnun olduğunu, maddi vəziyyəti vəkil tutmağa imkan vermədiyi təqdirdə dövlət tərəfindən müdafiəçi ilə təmin olunacağını izah etmişdir. Əməliyyat tədbiri saat 16:36-da başa çatdırılmışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək saat 16:49-da Növbətçi Hissəyə təhvil verilmişdir. O, əməliyyat tədbirinin nəticəsi barədə rayon Polis Şöbəsinin rəisinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək bir ədəd kağız paketdə qablaşdırılmış büküm və videoçəkilişin köçürüldüyü 1 ədəd disk onun tərəfindən raporta əlavə olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və ona dövlət büdcəsinin vəsaiti hesabına Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qismində təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək bu barədə bildirişlər təqdim olunduqdan sonra həmin gün saat 17:40 radələrində rayon Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda onun, baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkilləri Şahid3 və Həsən Quliyevin, Müdafiəçi iştirakları ilə Qazax şəhəri, N.Nərimanov küçəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilməyə və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Baxış və şəxsi axtarış zamanı Kriminalistik-tədqiqatlar qrupunun baş inspektor-kriminalisti Rahil Hüseynov tərəfindən “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. X5 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Qazax şəhəri, N.Nərimanov küçəsində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş və qablaşdırılmış kütləyə baxış keçiriləcəyini və elektron tərəzi vasitəsilə çəkiləcəyini bildirmişdir. Bundan sonra əməliyyat tədbiri zamanı qablaşdırılaraq üzəri möhürlənmiş bir ədəd kağız paket X5 tərəfindən açılmışdır. Təqsirləndirilən şəxs kağız paketin içərisindən çıxan 1 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bükümün Qazax şəhəri, N.Nərimanov küçəsində onun üzərindən aşkar edilərək götürülmüş büküm olduğunu təsdiq etmişdir X5 bükümü açdıqda içərisində yaşıl rəngli, qurudulmuş halda kütlə olduğunu müəyyən etmiş və Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu, nə vaxt, haradan və hansı məqsədlə əldə edib üzərində saxladığını soruşmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin “marixuana” olduğunu, keçən il Kür çayına balıq tutmağa gedərkən çayın kənarından taparaq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin sellofan bükümdəki kütlə X5 tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və bükümün ümumi çəkisi 33,16 qram təşkil etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən ekspertizaya təqdim olunması üçün digər kağız paketə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 64 saylı möhürü ilə möhürlənmişdir. Kağız paketin üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra X5 Təqsirləndirilən şəxs üzərində hər hansı digər narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının, həmçinin qanunla qadağan olunmuş predmet və əşyanın olub-olmadığını soruşmuş və əgər varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs olmadığını dedikdə baş əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs paltarlarını, bədən səthini yoxlamış, lakin üzərindən digər narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra X5 tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20 mart 2025-ci il tarixli, 16/288 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bükümdə təmiz çəkisi 28,45 qram olan btiki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 aprel 2025-ci il tarixli, 655 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi, şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, 19 mart 2025-ci il saat 17:40dan saat 18:35-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, aşkar edilmiş kütləyə baxış və götürmə aparılan zaman hüquq və vəzifələri izah olunduqdan şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Qazax şəhəri, N.Nərimanov küçəsində saxlanılarkən üzərindən aşkar edilmiş və imzalanaraq qablaşdırılmış kütlənin olduğu zərf X5 tərəfindən açılmış, zərfin içərisində olan 1 ədəd üzəri yapışqan bantla örtülmüş şəffaf rəngli sellofan bükülünün içərisindəki yaşıl rəngli kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və kütlənin sellofanla birlikdə ümumi çəkisi 33,16 qram təşkil etmişdir. Daha sonra həmin kütlə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən 1 ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 64 saylı zərflər üçün möhürü möhürlənmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin “marixuana” adlandırılan narkotik vasitə olduğunu, keçən il Kür çayının kənarından taparaq topladığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 28,45 qram təşkil edən xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün əldə etdiyi müəyyən edilmiş, lakin, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı tarixdə, hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə, psixotrop maddə satması barədə məlumat əldə edilməmişdir. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 24 dekabr 2020-ci il tarixdə cəzasını tam olaraq çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxsdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 21 mart 2025-ci il tarixdə azad edilməklə, cəmi ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. Cinayəy işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, himayəsində azyaşlı uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə onun cəzasını ağırlaşdıran hal mövcud deyildir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərək qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs 2019-cu il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətsədə, həmin maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası olmasına baxmayaraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Lakin Təqsirləndirilən şəxs məhkumluğu ödənildikdən sonra yenidən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün 5 qram qurudulmuş marixuana xeyli miqdar, 500 qram və daha çox qurudulmuş marixuana isə külli miqdar hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 28.45 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananın miqdarı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün nəzərdə tutulan 5 qramdan təxminən 6 dəfə çoxdur. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olur ki, əvvəl təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası onun islah olunması ilə nəticələnməmişdir. Təqsirləndirilən şəxs barəsində təkrarən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədinə xidmət edə bilməz. Ona görədə məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən, onun tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 28,39 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğdə pul ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 28,39 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar