Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-5/2023 24.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi (atası) X7, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 20 fevral 2021-ci il tarixdə saat 13 radələrində Qazax rayonu Daş Salahlı kəndi ərazisində BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi mülkiyyətində olan Opel Vectra markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ikinci dərəcəli yol olan Daş Salahlı kənd yolunun baş yol olan Qazax-Əskipara avtomobil yolunun 7-ci kilometrliyi ilə kəsişməsində baş yol istiqamətində hərəkət edib yolayrıcına daxil olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməli olduğu halda, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, həmin yol hərəkəti qaydalarını pozub Qazax-Əskipara avtomobil yoluna çıxarkən idarə etdiyi avtomobil ilə Əskipara kəndi istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olan X4 BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi sonuncunun mülkiyyətində olan BMW 523 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində ehtiyatsızlıq dan həmin avtomobildə olmuş sərnişin X1 “ikinci boyun fəqərəsinin sınığı, kəllə tağının sınığı, alt çənənin sınığı, kəllənin və üz sümüklərinin sınığı, başın alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, baş beyinin koma ilə müşayiət olunan əzilməsi” ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Cinayət işi üzrə Qazax Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 1(023)- 05/2023 saylı (hakim: F.Məmmədov) hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qazax Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 1(023)-05/2023 saylı hökmündən təqsirləndirilən şəxs Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 1(023)-05/2023 saylı hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını Gəncə Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxs X2 hökmdən apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini Gəncə Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 1(104)-267/2023 saylı qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3, zərərçəkmiş şəxs Gülbəniz Abdullayeva tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, iş üzrə Qazax Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 1(023)-05/2023 saylı hökmü və 28 mart 2022-ci il tarixli məhkəmə hazırlıq iclası qərarı ləğv edilmiş, cinayət işi birinci instansiya məhkəməsinə məhkəmə hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi xx.xx.2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə daxil olmuş və məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 17:00-a təyin edilmişdir. xx.xx.2023cü il tarixdə təqsirləndirilən şəxsin müdafiəçiləri və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırlıq iclası təxirə salınaraq 24 oktyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçiləri Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 hər biri ayrı-ayrılıqda çıxış edərək cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs çıxış edərək müdafiəçilərin fikri ilə razı olduğunu və barəısində olan cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi (atası) X7 çıxış edərək onlara dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin cinayət işinin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyib, cinayət işinin materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytaılmalıdır. Belə ki, iş materialları əsasında müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 289-cu maddəsinin tələblərinə tam əməl edilməmiş, istintaq orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməklə eyni zamanda Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuş, həmçinin təqsirləndirilən şəxsə münasibətdə ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmişdir. CPM-nin 289.3.1-ci maddəsinə əsasən müstəntiq ittiham aktının təsviri əsaslandırıcı hissəsində cinayətin törədilmə yerini, vaxtını, üsullarını, motivlərini, nəticələrini və digər mühüm halları göstərməli, bu Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatları və cinayət qanununun maddəsini göstərməklə verilmiş ittihamın təsvirini əks etdirməlidir. Həmin Məcəllənin 223.2 və 223.3-cü maddələrinə əsasən bu Məcəlləni 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq tərəfindən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarılır və şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 20 fevral 2022ci il tarixdə saat 13 radələrində Qazax rayonu Daş Salahlı kəndi ərazisində BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi mülkiyyətində olan Opel Vektra markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ikinci qərəcəli yol olan Daş Salahlı kənd yolunun baş yol olan Qazax-Əskipara avtomobil yolunun 7-ci kilometrliyi ilə kəsişməsində baş yol istiqamətində hərəkət edib yolayrıcına daxil olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməli olduğu halda, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, həmin yol hərəkəti qaydalarını pozub Qazax-Əskipara avtomobil yoluna çıxarkən idarə etdiyi avtomobil ilə Əskipara kəndi istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olan X4 BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi sonuncunun mülkiyyətində olan BMV 523 markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində ehtiyatsızlıqdan həmin avtomobildə olmuş sərnişin X1 “ikinci boyun fəqərəsinin sınığı, kəllə tağının sınığı, alt çənənin sınığı, başın alın-təpə nahiyəsinin əzilmş-cırılmış yarası, baş beyinin koma ilə müşayiət olunan əzilməsi” ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisədi törətmişdir. İş materiallarından görünür ki, istintaq orqanı tərəfindən yol-nəqliyyat hadisəsinin baş verməsi mexanizminə uyğun araşdırma aparılmamış, hadisənin baş verməsi şəraiti və mexanizmi ilə bağlı bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, ittiham aktında hadisənin baş verməsi şəraiti və mexanizmi ilə bağlı olan bütün hallar tam və hərtərəfli təsvir edilməmiş, həmin hallar natamam olmaqla təhrif edilmiş şəkildə göstərilmişdir, yəni, ittiham aktında göstərilmiş yol-nəqliyyat hadisəsini baş vermə şəraiti və mexanizmi işin faktiki hallarına uyğun deyildir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi protokolundan və hadisə yerinin sxemindən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Opel Vektra markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə X4 idarə etdiyi olan BMV 523 markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma nöqtəsi Qazax- Əskipara yolunun hərəkət hissəsini ikiyə bölən uzununa nişanlanma xəttindən 1,4 m sol tərəfdə, sol hərəkət zolağında, yəni Opel Vektra markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında olduğu göstərilmişdir. Həmin protokoldan və sxemdən, həmçinin fotoşəkillərdən görünür ki, avtomobillərin ön hissələri toqquşmuşdur. İş materiallarında olan məhkəmə-avtotexniki ekspertizasının 11 iyun 2021-ci il tarixli, HK-1/164 saylı ekspert rəyindən görünür ki, rəyin təsviri əsaslandırıcı hissəsində ekspertiza tədqiqatı aparmış ekspert tərəfindən nədənsə istintaq orqanın qərarında toqquşmanın BMV markalı avtomobilin hərəkət zolağında, hər iki avtomobilin qabaq hissələri arasında baş verməsinin göstərildiyini qeyd etmiş, gəldiyi nəticəni yol-nəqliyyat hadisəsinin bu vəziyyətdə baş verməsindən çıxış edərək əsaslandırmışdır. Halbuki, ekspertizanın təyin edilməsi haqqında qərarda avtomobillərin toqquşma yeri yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi protokolunda və hadisə yerinin sxemində olduğu kimi, yəni Qazax-Əskipara yolunun hərəkət hissəsini ikiyə bölən uzununa nişanlanma xəttindən 1,4 m sol tərəfi, sol hərəkət zolağı göstərilmişdir. İstintaq orqanı tərəfindən iş üçün əhəmiyyətli olan bu hala əhəmiyyət verilməmiş, təkrar məhkəmə-avtotexniki ekspertizası təyin etməklə həmin halın obyektiv araşdırılması təmin edilməmişdir. Bununla belə, istintaq orqanı təqsirləndirilən şəxsə ittiham irəli sürərkən əsas və başlıca sübüt kimi istinad etdiyi məhkəmə-avtotexniki ekspertizasının 11 iyun 2021-ci il tarixli, HK-1/164 saylı ekspert rəyindən görünür ki, istintaq orqanı tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Vektra markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması qeyd edilməklə yanaşı, hərəkət üçün təhlükə yaranan anda BMV 523 markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,9 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması, sürücü Nəsibov hərəkət sürəti 3,24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda yüksək sürətlə idarəetmə şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yon nişanın) tələblərinə uyğunsuzluq olması da qeyd edilmişdir. Məhkəmə-avtotexniki ekspertizanın rəyində qeyd edilən bu hallar nəzərə alınıb istintaq orqanı tərəfindən hazırkı iş üzrə zəruri istintaq hərəkətləri aparılaraq X4 yolnəqliyyat hadisəsinin baş verməsində təqsirinin olub olmamasına hüquqi qiymət verilməli olduğu halda bunu etməyərək əsassız olaraq “Sübutların qiymətləndirilməsi haqqında” 26 fevral 2023-cü il tarixli qərarla onun barəsində araşdırma aparılması üçün material ayrılması qərara alınmışdır ki, bununla da işin obyektiv, tam hərtərəfli araşdırılması ilə bağlı qanunun tələblərinə əməl edilməmişdir. Halbu ki, ekspertin rəyində göstərilmiş X10 tərəfindən yol verilmiş qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə onun yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi protokolundan və hadisə yerinin sxemində əks olunmuş yol-nəqliyyat hadisəsinin baş verdiyi şəraitdə hadisənin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməli idi. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə X4 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olub-olmamasına hüquqi qiymət verilmədən Təqsirləndirilən şəxs hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcud olub-olmaması, onun hadisənin baş verməsində təqsirinin olub-olmaması barədə obyektiv nəticəyə gəlmək mümkün deyildir. X4 hərəkətlərinə hüquqi qiymət verilmədən yol-nəqliyyat hadisəsinin baş verməsinə görə bütün məsuliyyətin Təqsirləndirilən şəxs üzərinə qoyulması obyektiv hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iş üzrə əhəmiyyətli olan bütün halların müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsində və onun təqsirliliyi məsələsinə hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materialları əsasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi 20 fevral 2022-ci il tarixdə baş verdiyi halda, məlum olmayan səbəblərdən iş üzrə məhkəmə-avtotexniki ekspertizanın təyin edilməsi haqqında 24 may 2022-ci il tarixdə qərar qəbul edilərək, 11 iyun 2022-ci il tarixdə ekspert rəyi alınmış, 10 iyul 2022-ci il tarixdə isə, yəni hadisə baş verdikdən 4 ay 20 gün sonra X2, X3, X11 və Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi nəticəsində xəsarət almaları faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Halbu ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 207.1.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, 207.1.3-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidirlər. Lakin ibtidai araşdırma orqanı tərəfindən həmin maddələrin tələblərinə əməl edilməyərək daxil olmuş məlumat əsasında qanunla müəyyən edilmiş müddətdə ilkin yoxlama aparılmaqla vaxtında qanuna müvafiq qərarın qəbul edilməsi təmin edilməmiş, həmin tələblər kobud şəkildə pozulmaqla süründürməçiliyə yol verilmişdir. Bundan başqa iş materialları əsasında müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin iştirakçıları bəlli olduğu halda, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi əsas gətirilərək CPM-nin 53.1.1-ci maddəsinə istinad edilməklə dəfələrlə işin icraatı əsassız olaraq dayandırılmış, iş heç bir səbəb göstərilmədən bir müstəntiqin icraatından alınaraq digər müstəntiqlərin icraatına verilmişdir ki, bu da qanunun tələblərinin kobud şəkildə pozulmaqla istintaqın qeyriobyektiv aparıldığı qənaətinə gəlməyə əsas verir. Bundan başqa, iş materiallarına əlavə edilmiş prosessual qərarlar xüsusi formalı, nömrələnmiş blanklarda tərtib edilməmiş, qərarlarda nömrələr əllə yazılmış, bəzi prosessual qərarlar isə ümumiyyətlə nömrələnməmişdir. Belə ki, CPM-in 52.2-ci maddəsinə əsasən hər bir sənəd cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqələr üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqələrin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların fomaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur. Qanunun həmin müddəaları istintaq hərəkətləri ilə əldə edilmiş məlumatların həqiqiliyinin və obyektivliyinin təmin edilməsi, həmin məlumatların saxtalaşdırılması hallarının qarşısının alınması, bununla da ibtidai araşdırmanın səmərəliliyinə nail olunması məqsədini daşıyır. Bu baxımdan cinayət təqibi üzrə ibtidai araşdırma aparan şəxs tərəfindən qanunun yuxarıda qeyd edilən tələblərinə əməl edilməsi vacib şərtdir. Hazırkı iş üzrə istintaqın aparılması gedişatı, xüsusən də istintaqın aparılmasında süründürməçiliyə yol verilməsi, icraatın əsassız olaraq dəfələrlə dayandırılması, istintaqın yol-nəqliyyat hadisəsinin baş verməsi şəraiti və mexanizmi ilə bağlı olan həqiqi hallarına uyğun obyektiv aparılmaması həmin hadisənin iştirakçısı olan X5 bilərəkdən məsuliyyətdən kənarlaşdırıldığı qənaətinə gəlməyə əsas verir. Məhkəmə bir daha qeyd edir ki, yol-nəqliyyat hadisəsini iştirakçısı olan X4 həmin hadisəsinin baş verməsində təqsirinin olub-olmamasına hüquqi qiymət verilmədən Təqsirləndirilən şəxs hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcud olub-olmaması, onun hadisənin baş verməsində təqsirinin olub-olmaması barədə obyektiv nəticəyə gəlmək mümkünsüzdür. Yuxarıda qeyd edilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda, eləcə də ittiham aktında ittihamın mahiyyəti aydın əks olunmamaqla və həmin ittiham işin faktiki hallarına uyğun olmamaqla CPM-nin 223.3.2 və 289-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuş, ittiham aktı həmin Məcəllənin 289cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Qanunun qeyd edilən tələblərinə əməl edilməsi təqsirləndirilən şəxsin müdafiə hüququnun və ümumiyyətlə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında presedent qismində istinad etdiyi «X9rşı» 05 mart 2013-cü il tarixli qərarında qeyd edilir ki, ittihamın xarakteri və səbəbi barədə məlumatlı olmaq hüququ təqsirləndirilən şəxsin öz müdafiəsini hazırlamaq hüququ baxımından qiymətləndirilməlidir. CPM-nin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hüququdur ki, nədə təqsirləndirildiyini bilsin (ittihamın məzmununu, verilmiş ittihamın faktiki tərəfini və hüquqi tövsifini). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya ittihamın mahiyyətinin dəqiq müəyyən edilməməsi, əhəmiyyətli olan bütün halların ittihamda təsvir edilməməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməməsi, habelə cinayətprosessual qanunvericiliyi ilə bilavasitə hüquqlarını müdafiə etməsi üçün nəzərdə tutulmuş imkanlardan vaxtında və səmərəli istifadə etməməsi təqsirləndirilən şəxsin öz müdafiəsi üçün düzgün dəlillər irəli sürməsini çətinləşdirir ki, nəticə etibarı ilə bu da onun müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir CPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyi ona yönəlmişdir ki, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhəkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalaranı düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış, müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntuya yol verildikdə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməlidir. Beləliklə, cinayət işinin materialları əsasında müəyyən edilmişdir ki, ibtidai araşdırma orqanı hazırkı iş üzrə ittiham aktını CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib etməməklə qanunun bu tələblərinin kobud şəkildə pozulmasına yol vermişdir. Azərbaycan Respublikası CPM-in 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı ümumi hüquqi mövqeyə əsasən, şəxs cinayət təqibi orqanı tərəfindən onun barəsində məhz faktiki araşdırma aparıldığı andan müdafiə hüququna malikdir və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlar təkcə məhkəmə baxışı mərhələsinə deyil, həm də ondan əvvəlki və sonrakı mərhələlərə tətbiq edilir. Cinayət işlərində bu təminatlar polis tərəfindən həyata keçirilən ibtidai istintaqlara şamil olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi– hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Prosessual təminatlar isə həqiqətə nail olmaq üçün lazımi şərait yaradır. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilmə mişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Habelə, ittihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd olunanlar konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. Azərbaycan Respublikası CPM-in 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. CPM-in 289.4-cü maddəsinin tələbinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanunun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuş, eyni zamanda, ittiham aktı CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır ki, bu hallar Azərbaycan Respublikası CPM-in müvafiq olaraq 303.3.1-ci və 303.3.6-cı maddələrinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. Ona görə də Azərbaycan Respublikası CPM-in 303.3.1-ci və 303.3.6-cı maddələrinin tələblərinə əsasən, müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğu, ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiyasını, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanı, Azərbaycan Respublikası CPM-nin 1, 10, 52, 91, 92, 143, 223, 289, 303.3.1, 303.3.6 və 307-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-5/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-5/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver